Məhkəmə qərarları › İş №2(103)-3957/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3957/2023

13.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3957/2023 13.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi dövlət qulluğu müddəti faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: dövlət qulluğu stajının müəyyən edilməsi, iddiadan imtina Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Ərizəçi dövlət qulluğu müddəti faktının müəyyən edilməsi tələbinə dair ərizəsi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 2(001)- 2015/2023 nömrəli qərardadından ərizəçinin şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X2 dövlət qulluğu müddəti faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 2(001)- 2015/2023 nömrəli qərardadına əsasən ərizənin icraata qəbul edilməsindən imtina olunmuşdur.

3. Məhkəmə qeyd etmişdir ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarının: - 13.2- ci bəndinə əsasən əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. -13.3- ci bəndinə əsasən əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Ona görə də, ərizəçiyə izah olunmalıdır ki, ərizəsində göstərdiyi məsələ üzrə ilk növbədə qanunvericiliyin tələblərinə əsasən müvafiq orqana rəsmi müraciət etsin. Həmin orqanın onun müraciətini təmin etmədiyi (imtina etdiyi) halda, həmin orqana qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Lakin ərizəçi bu qaydaya riayət etmədən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Həmçinin qeyd edilməlidir ki, ərizəçi məhkəməyə müraciət edərkən, ərizə formasına düzgün riayət etməmiş, hazırkı tələb üzrə maraqlı şəxs qismində hansı orqana qarşı öhdəliyin qoyulmasını qeyd etməmişdir.

4. Ərizəçi qərardaddan şikayət verərək ləğv olunmasını xahiş etmişdir. Şikayətin dəlillərinə görə, sözügedən qərardad qəbul olunan zaman hakim müəyyən etməmişdir ki, onların tələbi sadəcə mərhum həyat yoldaşının təhsil müddətini iş stajına hesablanması faktının müəyyən olunması olmuşdur. Bu halda isə cavabdeh hər hansə bir dövlət orqanı deyil. Qərardad qəbul olunan zaman iştirakları təmin olunmamış, məsələ ilə bağlı fikirlərimiz öyrənilməmiş, iddianın əsaslandırmağa şərait yaradılmamışdır.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2(001)- 2015/2023 nömrəli qərardadı ilə şikayət təmrin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Maddə 151.1. İddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; Maddə 151.2. Zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər; Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: Maddə 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir; Maddə 306.2. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır.

7. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli Qərarı: - 13.2. Əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir; - 13.3. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli Qərarı: - 2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir; - 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir; - 12. İnzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

9. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın yolverilməzliyinə görə, iddia ərizəsini icraata qəbul etməkdən imtina etməkdə haqlı olmuşdur.

10. Məhkəmə kollegiyası ərizəçinin şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli Qərarının 13-cü bəndi əmək stajı ilə bağlı münasibətləri tənzimləyir, hazırkı ərizədə də dövlət qulluğu stajının müddətinin hesablanması mübaisələndirilir.

11. İddia ərizəsinin məzmunundan görünür ki, tələb mərhum X2 dövlət qulluğu müddəti faktının müəyyən edilməsi barədədir və ərizə onunla əsaslandırılır ki, müraciət etdiyi qurumlar mərhum E.V.Səfərovun dövlət qulluğu stajını müxtəlif cür hesablayırlar.

12. Belə olduğu təqdirdə ərizəçiyə izah olunmalıdır ki, mərhum həyat yoldaşına dövlət qulluqçusu kimi nəzərdə tutulan imtiyazlardan istifadə etməsi üçün müvafiq orqana rəsmi qaydada müraciət etməli, həmin orqanın rəsmi cavabını aldıqdan sonra isə razı olmadığı təqdirdə bunu inzibati qaydada mübahisələndirməli və təqdim olunan sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir.

13. Qərardad qəbul olunan zaman ərizəçinin iştirakının təmin olunması barədə də mülki prosessual qanunvericilikdə hər hansı imperativ norma yoxdur. MPM-in 151.2-ci maddəsinin tələbinə əsasən, zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Hazırkı işdə isə belə bir zərurilik müəyyən edilməmişdir.

14. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

15. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Ərizəçi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 2(001)-2015/2023 nömrəli qərardadından verdiyi şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 2(001)- 2015/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar