Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3958/2022 16.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən müqavilə üzrə 49.20 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim S.Miriyeva, iş №2(010)-1283/22) iddia rədd olunmuşdur. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 13.10.2014cü il tarixli müqavilə üzrə cavabdehdən kredit borcunun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş, 03.02.2021-ci il tarixli məhkəmə qətnaməsi ilə cavabdehdən cəmi 302,13 manat borcun tutulması qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra iddiaçı "xxxx" MMC ilə bağlanmış 18.01.2021-ci il tarixli “Hüquqi xidmət haqqında” müqaviləyə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmiş, sonuncu borcun tam həcmdə geri ödətdirilməsini təmin etmiş və buna görə də 49.20 manat xidmət haqqı ödənilmişdir. Hal-hazırda həmin pulu cavabdehdən tələb edir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin əsasını məhkəmə aktının bilavasitə "xxxx" MMC tərəfindən icra edilməsi deyil, həmin aktın icrasının təmin edilməsi ilə bağlı tələbkarın səlahiyyətli nümayəndəsi kimi göstərdiyi hüquqi xidmətlərin əvəzinin ödənilməsi təşkil edir ki, bu da məhkəmə tərəfindən qətnamə çıxarılarkən nəzərə alınmamışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İddiaçı iddia edir ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 18.01.2021-ci il tarixli hüquqi xidmət haqqında müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən 09.12.2021-ci il tarixindəki 328 manat məbləğindəki vəsait "xxxx" MMC tərəfindən təmin edilmişdir və bu ödənişlərə görə də iddiaçı tərəfindən "xxxx" MMC-yə 49.20 manat məbləğində xidmət haqqı ödənilmişdir. İddiaçının tələbi hüquqi xidmət haqqının cavabdehdən tutulması barədədir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddia ərizəsinə “X1 Azərbaycan” QSC və "xxxx" MMC arasında bağlanmış hər hansı hüquqi xidmət haqqında müqavilə, həmçinin cavabdehdən məhkəmə qətnaməsi üzrə borcun tutulması məqsədilə iddiaçı tərəfindən "xxxx" MMC-yə 49.20 manat məbləğində xidmət haqqının ödənildiyi təsdiq edən sənəd əlavə edilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının tələb etdiyi pul nə zəruri məhkəmə (icra) xərci, nə də iddiaçı Banka dəymiş ziyandır. Bu baxımdan Bankın həmin pulu cavabdehdən tələb etməsi əsassızdır. İddiaçı heç bir zərurət olmadan, tamamilə könüllü şəkildə bağladığı müqavilə üzrə ödədiyi xidmət haqqını çəkilmiş zəruri icra xərci kimi cavabdehdən tələb edə bilməz. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385., 425.1-ci maddələrinə istinad etmiş və iddianı rədd etmişdir. Apellyatorun mövqeyinə görə iddia tələbinin əsasını məhkəmə aktının icrasının təmin edilməsi ilə bağlı tələbkarın səlahiyyətli nümayəndəsi kimi MMC-nin göstərdiyi hüquqi xidmətlərin əvəzinin ödənilməsi təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı Bank, qətnamənin icraya yönəldilməsindən sonra cavabdehin ödədiyi məbləğlərin məhz "xxxx" MMC-nin fəaliyyəti nəticəsində ödənildiyinə, ümumiyyətlə adı çəkilən MMC-nin həmin iş üzrə bankı təmsil etmiş olduğuna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı bankın cavabdehdən tələb etdiyi pul, mahiyyət etibarilə məhkəmə xərci olmaqla göstərdiyi yardıma görə nümayəndəyə ödənilməli xərc kateqoriyasına aiddir; Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə görə isə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə 10 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3958/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3958/2022
16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver