Məhkəmə qərarları › İş №2(103)-3958/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3958/2024

27.08.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3958/2024 27.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X8 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh və onun nümayəndəsi X2, eləcə də cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-783/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Nərimanov rayonu, İsaqzadə qəsəbəsi, Batumi küçəsi, 2/6 saylı evin 1-ci mərtəbəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Laçın rayonundan məcburi köçkün olmuş və sonradan Bakı şəhəri Nizami rayonu ərazisində ailəsi ilə birlikdə yaşamışdır. xx.xx.2015-ci ildə ünvan 1 ünvanında yerləşən 59 saylı mənzili 50000 manata satmış və həmin vəsait əsasında ünvan 2 ünvanda fərdi yaşayış evi tikərək ailəsi ilə birlikdə (X12, X14, X15 və Abbasov Laçın Murad oğlu) həmin evə köçüb yaşamışlar. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 dekabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Bakı Batumi küçəsi 2/6 saylı fərdi yaşayış evi iddiaçıya məxsusdur və onun vəsaiti əsasında inşa edilmişdir. Qətnamə ilə həmçinin müəyyən olunmuşdur ki, 2015-ci ildə "xxxx" ASC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Batumi küçəsi, 2/6 saylı evə dair İddiaçı adına “Texniki şərt” verilmiş və digər kommunal xidmətlər də iddiaçının adına olmuşdur. xx.xx.2017-ci il tarixli akta əsasən X9, X16 və X5 bildirmişlər ki, “İddiaçı məxsus evin bünövəsindən başlayıb tikmişlər və tikinti materiallarını Muradov Abbas alıb təmin etmişdir”. Laçın Rayon İcra Hakimiyyəti başçısının Bozlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 48 №-li xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “2015-ci il ilin fevral-aprel aylarında, özünə məxsus olan mənzili sataraq həmin vəsaitlə ünvan 3 ünvanında ikimərtəbəli, mişar daşından ev tikmiş və həmin vaxtdan ailə üzvləri ilə birlikdə həmin evdə məskunlaşmışlar.” Yaşadıqları ev iki mərtəbəli olmuş və evin ikinci mərtəbəsində ailəsilə birlikdə yaşamış, birinci mərtəbəsindəki otaqların bəzisini qardaşı qızı olan Aynurənin iş yerinə yaxın olsun deyə onun istifadəsinə vermişdir. Lakin sonradan Aynurə ailə quraraq getmiş, bir neçə müddətdən sonra isə qardaşının başqa qızı həmin mənzildə yaşamasına icazə istəmiş, o müvəqqəti yaşaması üçün evin birinci mərtəbəsindəki otağını vermişdir. Evin 1-ci mərtəbəsindəki otaqların birini təsərrüfat məqsədi ilə istifadə etmişlər və hazırda da istifadə edirlər. Qardaşı qızı olan Cavabdeh 2018-ci ildən ünvan 4 ünvanında qeydiyyatda olmuş və orada yaşamışdır. Sonradan onun sərbəst yaşaması və rahat olması baxımından, evin 1-ci mərtəbəsindəki, otaqları onun isifadəsinə vermişdir. X24 Bakı şəhəri Binəqədi rayonun ərazisində çox otaqlı ev tikmiş və hazıra orada yaşayır. Həmçinin evinin yanında qardaşının 1 mərtəbəli evi vardır və hazırda həmin ev başqa şəxslərə kirayə verilmişdir. O, ailə üzvlərinin sərbəst və normal yaşamasının təmini məqsədi ilə cavabdehdən evin 1-ci mərtəbəsini boşaldaraq təhvil verilməsi xahiş etmiş, lakin cavabdeh bundan imtina edir. Cavabdehin istifadəsində olan mənzil onun ailəsinə məxsusdur. Ona görə cavabdeh onun istifadəsinə verilmiş sahəni boşaltmalıdır. Qeyd edilənlə əsasən məhkəmədən iddianın təmin olunması xahiş edilmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək göstərmişdir ki, Laçın rayonundan 1992-ci ildən məcburi köçkün kimi Nərimanov rayonu X4 sanataroiyasında məşkunlaşmışlar. 2015-ci ildə həmin sanatoriya yol çəkildiyi üçün “Azəryolservis” agentliyi tərəfindən plana düşmüş və dövlət onlara 30.000 manat məbləğində kompensasiya ayırmışdır. Valideyinləri 1998-ci ildən yaşadıqları yerin yaxınlığından Elçin İsaqzadə qəsəbəsi, ünvan 5 ünvanında torpaq sahəsi almışlar və 30.000 manat kompensasiya hesabına həmin torpaq sahəsində ev inşa etmişlər. X30 ikinci qrup əlil olduğuna görə və fiziki işlə məşğul ola bilmədiyinə görə həmin vaxt tikinti işlərini qardaşı hazırki iş üzrə İddiaçı həvalə etmişdir. İddiaçı öz dediyinə görə həmin ərazidə olan evini satmış və kirayədə yaşayırdı. Atası onunla danışıb bildirmişdir ki, gəl evi tikməyə kömək et və evin ikinci mərtəbəsində müvəqqəti olaraq yaşaya bilərsən. Ailə olaraq buna etiraz etmişdirlər, çünki hiss etmişlər ki, məsələ bu yerə çatacaq. Ev inşa olunmuş, onlar və iddiaçı öz ailəsi ilə birgə həmin evə köçmüşlər. Evin bir otağını atası gözəllik salonu etmişdir və bir müddət sonra evin sayğacının quraşdırılması vaxtı çatanda əmisi problem yaratmağa başlamışdır. Hesab edir ki, iddia tam əsassızdır. Aralarında əvvəllər məhkəmə mübahisələri olmuş, qüvvədə olan qətnamələr mövcuddur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-783/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) iddia rədd olunmuşdur. İddiaçı məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, mübahisəli mənzilin (Bakı şəhəri, Nərimanov rayonu, İsaqzadə qəsəbəsi, Batumi küçəsi, 2/6 saylı evin) onun tərəfindən tikilməsi, bu halın məhkəmə aktı ilə təsdiq olunması, eləcə də cavabdehin onun qardaşı qızı olması və müvəqqəti həmin evin birinci mərtəbəsində yaşamasına icazə verməsi, hazırda isə cavabdehin atasının başqa evlərinin olması və mübahisəli ünvanda yaşaması üçün əsasın aradan qalxması, birinci instansiya məhkəməsinin bu halı nəzərə almaması və s. göstrəilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatlari: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, daha əvvəl cavabdehin anası X17 cavabdeh İddiaçı və ailə üzvlərinə qarşı “evdən çıxarılma” barədə iddia qaldırmış, həmin iddia tələbi təmin olunmamışdır. Həmin vaxtı məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, mübahisə predmeti olan yaşayış sahəsi İddiaçı məxsusdur, onun tərəfindən inşa olunmuşdur. Cavabdeh ünvan 6 ünvanda qeydiyyatdadır, lakin qanunsuz olaraq iddiaçıya məxsus evin birinci mərtəbəsində yaşayır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir.. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndələri (vəkili) apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişlər ki, iddiaçı tərəfin bildirdikləri həqiqəti əks etdirmir, iddiaçının tələbinin hüquqi əsası yoxdur, mübahisəli ünvandakı ev iddiaçı tərəfindən tikilməmiş, onu valideynlərinin pulu ilə inşa olunmuşdur. Belə ki, əvvəl həmin evə bitişik birmərtəbəli evdə yaşamış, sonra valideynlərinin pulu hesabına hazırki ev inşa olunmuşdur. İddiaçı isə sadəcə evin inşasına köməklik etmişdir. Bu hallar qüvvədə olan məhkəmə qərarları ilə təsdiq olunur. Cavabdehin adına hər hansı daşınmaz əmlak yoxdur, onun yaşamağa başqa yeri yoxdur. Qeyd edilənlərə əsasən, apellyasiya şikayətinin təmin olunmaması və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, cavabdehin iddiaçının qohumu (qardaşı qızı) olması, mübahisə predmeti olan yaşayış sahəsinin özbaşına tikili olması, iddiaçının həmin tikilinin 2-ci mərtəbəsində, cavbadehin isə birinci mərtəbəsində yaşaması işin mübahisə olunmayan hallarıdır. İddiaçı hazırki tələbində - həmin daşınmaz əmlakın ona məxsus olmasını, onun şəxsi vəsaiti hesabına inşa olunmasını, cavabdehə müvəqqəti yaşaması üçün icazə verməsini, hazırda ailəsinin ehtiyacını da nəzərə almaqla, cavabdehin oradan çıxarılmalı olmasını, sonuncunun həmin yaşayış sahəsinə hər hansı hüquqlarının olmamasını və s. bildirmişdir. Cavabdeh isə iddiaçının bildirdiklərini təkzib edərək, həmin yaşayış sahəsinin iddiaçıya məxsus olmamasını, valideynlərinin vəsaiti hesabına inşa olunmasını, qüvvədə olan məhkəmə aktları ilə iddiaçının bildirdiklərinin müəyyən olunmamasını, onun həmin evdə yaşamaq hüququnun olmasını və s. göstərərək, iddianın təmin olunmamasını xahiş etmişdir. İddia tələbini rədd edərkən birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin çıxarılması tələb olunan mənzil (Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqzadə qəsəbəsi, Batumi, 2/6 ünvanında yerləşən fərdi yaşayış evi) özbaşına tikili olmaqla, dövlət qeydiyyatına alınmamış, iddiaçının həmin yaşayış sahəsinə dair üstün əmlak hüquqlarının olmasına əsas verən mötəbər sübutlar mövcud deyildir, cavabdeh isə faktiki həmin ünvanda orada yaşayır. Belə olan halda isə cavabdehin həmin yaşayış sahəsindən çıxarılması qanuni və əsaslı deyildir. Həmçinin, iş materiallarında olan məhkəmə aktlarına əsasən mübahisəli ev iddiaçı ilə X10 (hazırkı iş üzrə cavabdehin anası) birgə vəsaiti hesabına tikilmiş, hazırda da iddiaçı evin ikinci mərtəbəsində, cavabdeh isə anası ilə birgə evin birinci mərtəbəsində yaşayırlar. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmçinin aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 180.1 və 180.2-ci maddələrinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Qeyd edilməlidir ki, mübahisə predmeti olan ev daşınmaz əmlakın dövlət reyestrində hansısa şəxsin adına qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər kimi mövcuddur və yaşayış sahəsi ehtiyacını qarşılayan tikilidir. Ona görə də, mülki hüquq subyektlərinin onun üzərində qanunla qorunan və müdafiə olunan şəkildə sahiblik, istifadə və sərəncam vermək hüquqları yaranmasa da, bu, həmin daşınmaz əşya ilə bağlı onların mövcud haqlı mənafelərinin qorunmasını tələb etmələrinə mane təşkil etmir. MM-nin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə əgər bu, onların mahiyyətinə zidd deyildirsə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). MM-nin 27-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsində göstərilir ki, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası Konsititusiyasının 43-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən hər hansı bir ölkənin ərazisində qanuni surətdə olan hər kəsin həmin ölkənin hüdudlarında sərbəst şəkildə yerdəyişmək və yaşayış yeri seçmək hüquq var. İşdə olan məhkəmə qərarlarından görünür ki, mübahisəli yaşayış sahəsi ilə bağlı daha əvvəl iddiaçı ilə cavabdehin anası X10 arasında analoji mübahisə yaranmışdır. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli, 2(005)- 5334/2017 saylı qətnaməsindən görünür ki, iddiaçı X10 cavabdeh İddiaçı və digərlərinə qarşı “evdən çıxarılma” barədə iddiası təmin edilərək, cavabdehlərin ünvan 6 ünvanda yerləşən evdən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2018-ci il tarixli, 2(103)- 22/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 dekabr 2019cu il tarixli, 2(102)-8078/2019 nömrəli qərarı ilə cavabdeh Abbasov Laçın Murad oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2018-ci il tarixli, 2(103)-22/2018 nömrəli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyun 2020-ci il tarixli 2(103)- 3130/2020 nömrəli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 5334/2017 saylı, 13 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbinin təmin olunmaması qət edilmişdir (həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2021-ci il tarixli, 2(102)-244/2021 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır). Qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyun 2020-ci il tarixli 2(103)-3130/2020 nömrəli qətnaməsi ilə müəyyən olunmuşdur ki, mübahisə Bakı şəhəri, Nərimanov rayonu, İsaqzadə qəsəbəsi, Batumi küçəsində yerləşən evlə bağlıdır. Həmin evin birinci mərtəbəsində iddiaçı, ikinci mərtəbəsində isə cavabdehlər ailə üzvləri ilə birlikdə yaşayırlar. İddiaçı bildirir ki, həmin evin yerləşdiyi torpaq sahəsini satın almaqla, həmin evi öz şəxsi vəsaitləri hesabına inşa etmiş və cavabdehlərə müvəqqəti olaraq həmin evdə yaşamalarına icazə vermişdir. Hazırda cavabdehlər evdə birgə yaşayış qaydalarını pozmaqla, onun və ailə üzvlərinin evdən sərbəst şəkildə istifadə etmələrinə mane olurlar. Ona görə də, cavabdehlərin həmin evdən çıxarılmalarını tələb edir. Cavabdeh İddiaçı iddiaya etiraz edir və bildirir ki, həmin evi o, öz maddi vəsaiti hesabına inşa edib və hazırda ona sahiblik və istifadə hüquqlarından istifadə edərək orada ailəsi ilə birlikdə yaşayır. Belə ki, o, 2015-ci ilin əvvəllərində özünə məxsus olan ünvan 9 ünvanındakı ikiotaqlı mənzili satıb əvəzində nisbətən geniş həyət evi tikmək qərarına gəlmişdir. Həmin ərəfədə münasibətləri yaxşı olan X24 ona bildirdi ki, həyat yoldaşı Sahibə Abbasovanın evinin yanında 1,4 sot sahəsi olan sənədsiz torpaq var, həmin sahəyə müvəqqəti sahiblik edir və orada özünün hər hansı tikinti aparmağa imkanı olmadığına görə onun özü üçün ev tikməyinə etiraz etmir. O, özünə məxsus ikiotaqlı mənzilini satmış, ondan iki gün sonra, yəni 07 fevral 2015-ci il tarixdən 30 aprel 2015-ci il tarixədək müddət ərzində mübahisəli evi inşa etmiş və ailəsi ilə birlikdə oraya köçmüşdür. Həmin vaxtdan orada məcburi köçkün kimi qeydiyyatdadırlar. Birinci instansiya məhkəməsində dindirilmiş və hər iki tərəflə ortaq qohum olan şahidlər X5, X9, X6, X3 və X1 və tikintidə işləyən digər şahid X7 ifadələrinə əsasən isə müəyyən olunur ki, mübahisəli evin tikintisində həm iddiaçının əri X2, həm də cavabdeh İddiaçı vəsaiti xərclənmişdir. Göründüyü kimi mübahisəli ev iddiaçı ilə cavabdeh İddiaçı birgə vəsaiti hesabına ortaq inşa edilmiş və hazırda da birinci mərtəbədə iddiaçı, ikinci mərtəbədə isə cavabdehlər yaşayırlar. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı cavabdehlərin həmin evdən çıxarılmasını tələb etməkdə haqlı deyildir. Ona görə də, iddia tələbləri rədd edilməlidir. Qeyd edilən qətnamə ilə həmçinin müəyyən olunmuşdur ki, mübahisəli evin Bakı şəhəri, Nərimanov rayonu, İsaqzadə qəsəbəsi, Batumi küçəsində yerləşməsi, həmin evin yeni inşa olunması və evin birinci mərtəbəsində iddiaçının, ikinci mərtəbəsində isə cavabdehlərin ailə üzvləri ilə birlikdə yaşamaları işin mübahisəsiz hallarıdır. Ona görə də, prosessual qənaət prinsipi baxımından mübahisəli evin hansı nömrəli ev olmasının araşdırılmasına zərurət yoxdur. Qeyd edilməlidir ki, mübahisəli evin nömrəsinin 2/5, yoxsa 2/6 olması ilə bağlı əvvəlki məhkəmə icraatı zamanı da analoji dəlillər irəli sürülmüş, lakin məhkəmə hər bir halda tərəflərin məhz ikimərtəbəli evdə yaşamasını müəyyən etməklə, prosessual qənaət prinsipi baxımından mübahisəli evin hansı nömrəli ev olmasının araşdırılmasına zərurət görməmişdir. Hazırki vəziyyətdə də iddiaçı eyni dəlillərdən çıxış edərək, cavabdehin ünvan 10 ünvanında birmərtəbəli evdə qeydiyyatda olmasını, 2/6 ünvanında yerləşən ikimərtəbəli evin isə ona məxsus olmasını iddia edir. Tərəflərin izahatlarından və təqdim edilmiş fotoşəkillərdən görünür ki, qeyd edilən ünvanda ikimərtəbəli fərdi yaşayış evinə bitişik birmərtəbəli yaşayış sahəsi mövcuddur. Cavabdehin bildirdiklərinə əsasən əvvəl həmin ünvanda birmərtəbəli yaşayış sahəsi mövcud olmuş, sonra valideynlərinin şəxsi vəsaiti hesabına onun bir hissəsində ikimərtəbəli ev inşa olunmuşdur. İddiaçı tərəf də həmin ünvanda daha əvvəl mövcud olan birmərtəbəli yaşayış sahəsinə bitişik hazırki ikimərtəbəli evin inşa olunmasını mübahisələndirmir, sadəcə ünvanların fərqli olmasını iddia edir. Məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə mübahisə predmeti olan yaşayış sahəsinə hansı nömrənin verilməsi mübahisənin qanuni və ədalətli həlli baxımından xüsusi önəm daşımır. Hər bir halda hazırki mübahisə məhz ikimərtəbəli evlə bağlı yaranmışdır ki, məhz həmin yaşayış sahəsi ilə bağlı əvvəllər yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Həmçinin qeyd edilməlidir ki, cavabdehin anasının iddiaçıya və onun ailə üzvlərinə qarşı eyni yaşayış sahəsindən çıxarılması barədə analoji iddiasının təmin olunmaması halı, hazırki vəziyyətdə mübahisə predmeti olan yaşayış sahəsinin yalnız iddiaçıya məxsus olması anlamına gəlməməklə, onun daha üstün vəziyyətə gətirmir. Belə ki, qeyd edilən məhkəmə aktından da göründüyü kimi, eyni yaşayış sahəsi ilə bağlı yaranmış əvvəlki mübahisə üzrə müəyyən olunmuşdur ki, həmin evin birinci mərtəbəsində iddiaçı (hazırki iş üzrə cavabdehin anası), ikinci mərtəbəsində isə cavabdehlər (hazırki iş üzrə iddiaçı) ailə üzvləri ilə birlikdə yaşayırlar. İddiaçı həmin evi o, öz maddi vəsaiti hesabına inşa etməsini göstərsə də (hazırki iddiasında da eyni hallara istinad edib), məhkəmə tərəfindən bu hal öz əksini tapmamış, əksinə mübahisəli evin tərflərin birgə vəsaiti hesabına ortaq inşa edilməsi və hazırda da birinci mərtəbədə iddiaçının, ikinci mərtəbədə isə cavabdehlərin yaşaması müəyyən edilmişdir. Beləliklə, iddiaçının hazırki iddia tələbində istinad etdiyi analoji dəlillərə (mübahisəli evin onun tərəfindən, şəxsi vəsaiti hesabına inşa olunması, ona məxsus olması və s.) qanuni qüvvədə olan məhkəmə aktları ilə hüquqi qiymət verilmişdir. Bu səbəbdən də eyni halların hazırki icraat çərçivəsində yenidən yoxlanılması prosessual qanunvericiliyin tələbləri ilə uzlaşmır. Belə ki, MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. MPM-in 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. «Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent təcrübəsində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələbləri baxımından “res judicata” prinsipinə hörmət edilməsini ehtiva edən qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının bir qayda olaraq dəyişdirilmədən saxlanılmasını nəzərdə tutan preyudisiallıq və qanunun aliliyinin fundamental aspektlərindən olan hüquqi müəyyənlik prinsiplərinin təmin edilməsinə xüsusi önəm verilmiş, yalnız məhkəmə səhvlərinin düzəldilməsi və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən hallar aşkar olunduqda belə qərarlara yuxarı instansiya məhkəməsi tərəfindən yenidən baxılmasının mümkünlüyü əks olunmuşdur (Xotulyeva Rusiya Federasiyasına qarşı iş üzrə 2009-cu il 30 iyul tarixli, Kondraşov və digərləri Rusiya Federasiyasına qarşı iş üzrə 2009-cu il 8 yanvar tarixli qərarlar). Hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır (Brumaresku Rumıniyaya qarşı” iş üzrə 1999-cu il 28 oktyabr tarixli qərar). Hüquqi müəyyənlik, “res judicata” prinsipinə hörməti (bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyini) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmasını tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədi ilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməsidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə, eyni zamanda, bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır (Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli qərar). Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Eyni zamanda, Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 13 fevral 2007-ci il tarixli və G.İsmayılzadənin şikayəti üzrə 29 noyabr 2016-cı il tarixli qərarlarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırki tələbinin fatkiki və hüquqi əsasları mövcud deyildir. Çünki, avabdeh onun valideyni tərəfindən iddiaçı ilə ortaq inşa etdiyi mübahisəli evin birinci mərtəbəsində yaşamaqla, oradan qanuni əsaslarla istifadə edir. Cavabdehin hər hansı qanuni əsas olmadan həmin yaşayış sahəsindən çıxarılması daxili qanunvericiliklə yanaşı, Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi ilə də uylaşmır. Bu hal, Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi üzrə Avropa Məhkəməsinin president təcrübəsindən irəli gəlir. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi «Gillounun işi»nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə «mənzil» qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardır (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 saylı ərizənin qəbul edilənliyinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar). Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə də razılaşmır. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmiş, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İddiaçının izahatı isə özü-özlüyündə iddianın yoxlanılan hissədə əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası formal mülahizələrə söykənən apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-783/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-783/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar