Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3959/2021 15.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 (o, həm də digər qarşılıqlı iddiaçı Cavabdeh2 və Cavabdeh1 nümayəndəsidir) iştirakı ilə İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi” barədə ilkin, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsindəki 0,0243 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 167,2 kv. metr, yaşayış sahəsi 49,2 kv.metr olan 8 otaqlı, 10 saylı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə 14/42 hissəsini Cavabdeh2 xx xxxxxx 2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında satın aldığını, xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakla bağlı adına çıxarış verildiyini, xx.xx.2019-cu il tarixinə qədər qeydiyyatdan çıxmağı və evi boşaldılaraq təhvil vermək öhdəliyi götürmüş evin keçmiş sakinləri olan adı çəkilən şəxslərin öhdəliklərini yerinə yetirmədiklərini bildirmiş, buna görə də onların sözügedən evin 14/42 hissəsinə istifadə hüquqlarının itirilməsi və evdən çıxarılmaları, eləcə də 330 manat məhkəmə xərclərinin onlardan xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, Cavabdeh2 ilə İddiaçı arasında xx xxxxxx 2019-cu il tarixdə bağlanmış “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Qarşılıqlı iddiaçılar iddia tələblərini belə əsaslandırmışlar ki, 2019-cu ilin avqust ayında Ukraynada yaşayan ailə üzvlərinin maddi çətinlikləri ilə əlaqədar ona köməklik göstərmək üçün pula ehtiyacları yaranmış, tanışları Rasim Məmmədovun vasitəsilə İddiaçıla tanış olmuş, sonuncu yalnız girov müqabilində faizə pul verməyə razı olmuş, borc müqaviləsinin rəsmləşdirilməsinə razılıq vermədiyindən məcbur qalıb evin alqı-satqısını rəsmləşdirmiş, Rlmar Zeynalovdan 18 000 manat borc almışlar. Bundan sonra əldə olunmuş şifahi razılaşmanın şərtlətinə uyğun olaraq 7 ay ərzində hər ay 630 manat tanışları Səfər Səfərzadə, İsmayılov Samir, Əliyev Cavid vasitəsilə İddiaçı ödənilmiş, lakin 2020-ci ilin aprel ayında aylıq faizlərini ödəyə bilmədiklərinə görə İddiaçı zəng vuraraq 18 000 manatın hamısını qaytarmalarını tələb etmişdir. Pulu yalnız hissə-hisə ödəyə biləcəklərini bildirmələrinə baxmayaraq İddiaçı razı olmayaraq evdən çıxarılmaları ilə onları hədələmiş, sonra isə məhkəməyə müraciət etmişdir. Beləliklə, İddiaçıla bağlanmış alqı-satqı müqaviləsi heş bir hüquqi nəticə yaratmayan etibarsız əqddir və etibarsızlıq tanınaraq ilkin iddia tələbi rədd edilməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi qət olunmuşdur. Qətnamədən qarşılıqlı iddiaçılar apellyasiya şikayəti verərək onun ləğv olunmasını və ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətlərini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin işin hallarına və sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları aydınlaşdırmadığını irəli sürmüşlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 (o, həm də digər qarşılıqlı iddiaçıların nümayəndəsidir) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, İddiaçı isə ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verməklə şikayətin əsassız olduğunu bildirmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına görə, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsindəki 0,0243 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 167,2 kv. metr, yaşayış sahəsi 49,2 kv.metr olan 8 otaqlı, 10 saylı fərdi yaşayış evinin 14/42 hissəsi paylı mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olmuş, onunla (nümayəndəsi qismində Cavabdeh3 ilə) İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin ev (evin müvafiq hissəsi) sonuncuya 25 000 manata satılmış, müqavilə rəsmiləşdirilərkən evin digər paylı mükliyyətçiləri, eləcə də evə hüququ olan Cavabdeh1 onun İddiaçı satılmasına etiraz etmədiklərinə dair notarial təsdiqli ərizələr vermiş, əmlakın razılaşdırılmış dəyəri notariusun bankda açılan depozit hesabı vasitəsilə satıcıya ödənilmiş, satıcı(lar) daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə xx.xx.2019-cu il tarixinədək alıcının faktiki sahibliyinə və istifadəsinə verməyi, eləcə də evdən qeydiyyatdan çıxmağı öhdə(lər)sinə götürmüş, əmlak xx.xx.2019-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İşin müəyyən olunmuş halı həmçinin ondan ibarətdir ki, hazırda həmin evdə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşamaqla ilkin iddiaçının mənzilə sahibliyinə maneə yaratmaqdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. İşin müəyyən olunan hallarından göründüyü kimi, ilkin iddia üzrə cavabdehlərin mübahisəsi gedən ev üzərində hər hansı hüquqları qalmamışdır və onların ilkin iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan evdə mülkiyyətçinin iradəsinin əleyhinə yaşamaları, hüquqi əsaslar olmadan oradan istifadə və evdən çıxmaqdan imtina etmələri sonuncunun sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. İlkin iddia üzrə cavabdehlərin müdaxiləsi nəticəsində ilkin iddiaçı öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur, buna görə də birinci instansiya məhkəməsi ilkin iddia tələblərini haqlı olaraq təmin etmişdir. Kollegiya, qarşılıqlı iddia tələbi üzrə gəlinən nəticəni də qanuni hesab edir; belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Qarşılıqlı iddiaçılar öz iddialarını, alqı-satqı müqaviləsinin həqiqi iradələrini ifadə etmədiyi və əslində borc müqaviləsini pərdələmək məqsədilə bağlandığını irəli sürməklə əsaslandırmış, tələblərinin hüquqi əsası kimi Mülki Məcəllənin 337-ci və 347-ci maddələrinə istinad etmişlər. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Mülki Məcəllənin 347-ci maddəsinə görə isə, şəxsin razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəməsi, bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etməsi və tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri halların mövcud olmaması vacib əhəmiyyətli yanılma sayılır; vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd isə belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, alqı-satqı müqaviləsinin bağlanmasına qədər rəsmiləşdirilən sənədlərə, eləcə alqı-satqı müqaviləsinə bilavasitə tərəflər imza etmiş, müqaviləyə dair hüquqi proseslər barəsində onların hər ikisinin müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində onlar, tam sərbəst iradələri ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıqları ilə müəyənləşdirilmiş, ilkin iddiaçı öz öhdəliyini lazımınca icra etmiş, qarşılılqı iddiaçı Cavabdeh1 arvadı notariat qaydasında ərizə verməklə mübahisəli əmlakın satılmasına etiraz etmədiyini bildirmiş, əmlakın tərəflərin iradəsi ilə razılaşdırılmış dəyəri satıcıya ödənilmiş, notarial qaydada müqavilə bağlandıqdan sonra ilkin iddiaçının bu əmlaka sahiblik, istifadə, dövlət reyestrində qeydiyyata alındığı vaxtdan isə sərəncam vermək hüququ yaranmışdır; beləliklə də hər hansı aldatmadan, yaxud vacib əhəmiyyətli yanılmadan bəhs etmək mümkün deyildir. Xüsusilə qeyd olunmalıdır ki, əgər tərəflərin həqiqi niyyəti borcun təminatı müqaviləsi bağlamaq olsaydı, onlar notariusda iradələrini sərbəst şəkildə ifadə edib əmlakı ipoteka ilə yüklü edə bilərdilər. Çünkü işin faktiki hallarından aydın olur ki, belə bir müqavilə bağlamaq üçün tərəflərə maneə törədə biləcək heç bir səbəb olmamış, ilkin iddiaçı, satıcını məhz alqı-satqı müqaviləsi bağlamağa vadar edəcək hər hansı təsirə və ya təzyiqə məruz qoymamışdır. Apellyasiya baxışı zamanı qarşılıqlı iddiaçılara, alqı-satqı müqaviləsinin borcun təminatı üçün görünüş üçün bağlandığını təsdiq edəcək sübutlar təqdim etmələri təklif olunsa da, qarşılıqlı iddianın inandırıcılığına dəlalət edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Qarşılıqlı iddiaçıların, şahid ifadələrinə düzgün qiymət verilmədiyi arqumentinə münasibətdə kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə görə tərəflər arasında borc münasibətinin mövcudluğu yalnız müəyyən sübutetmə vasitələri ilə sübut olunmalıdır və MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Müqavilə bağlandığı zaman evin real bazar qiymətinin daha yüksək olmasına baxmayaraq, alqı-satqının 25 000 manat müqabilində rəsmiləşdirilməsinin onun formallığına dəlalət etməsi ilə bağlı apellyatorların dəlilinə münasibətdə kollegiya qeyd edir ki, həmin hal, müqavilənin etibarsız hesab olunmasına əsas vermir; çünkü əmlak sahibi əmlakının qiymətini müəyyənləşdirməkdə sərbəstdir və yaranmış zərurətlə əlaqədar əmlakını real dəyərindən aşağı qiymətlə satması sonradan müqavilənin etibarsız sayılmalı olması mənasına gəlmir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianı təmin, qarşılıqlı iddianı isə rədd etməklə mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2909/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorlara aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-3959/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3959/2021
15.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver