Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-396/2020 04.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Vüqar Təvəkgül oğlu Həsənovun sədrliyi və məruzəsilə, Şərafət Asif qızı Məmmədovadan və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Şamxal Mehdi oğlu Ariflinin katibliyi iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı-nin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və mənzilin boşaldılması" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-224/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-224/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh Səidrəhimoviçdən 500000 (beş yüz min) ABŞ dolları məbləğində əsas borc, 264250 (iki yüz altmış dörd min iki yüz əlli) ABŞ dolları faiz borcu omaqla, cəmi 764250 ( yeddiz yüz altmış dörd min iki yüz əlli) ABŞ dolları məbləğində kredit borcu (ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı- nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh Səidrəhimoviçin mülkiyyətində olan ipoteka predmeti kimi təqdim edilmiş Bakı şəhəri, Nərimanov rayonu, V.Mayakovski və A.Orucəliyev küçələri arasındakı, 1934-cü məhəllə, 6-cı alaqapı, 3-cü mərtəbə yerləşən 122 saylı mənzilin və Bakı şəhəri, Nərimanov rayonu, V.Mayakovski və A.Orucəliyev küçələri arasındakı, 1934-cü məhəllə, 6-cı alaqapı, 3-cü mərtəbə 98 nömrəli mənzilə yönəldilməsi, Bakı şəhəri, Nərimanov rayonu, V.Mayakovski və A.Orucəliyev küçələri arasındakı, 1934- cü məhəllə, 6-cı alaqapı, 3-cü mərtəbə yerləşən 122 saylı mənzilin ilkin satış qiyməti 288000 (iki yüz səksən səkkiz min) manat və Bakı şəhəri, Nərimanov rayonu, V.Mayakovski və A.Orucəliyev küçələri arasındakı, 1934cü məhəllə, 6-cı alaqapı, 3-cü mərtəbə 98 nömrəli mənzilin ilkin satış qiyməti 216000 (iki yüz on altı min) manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə ediləcək pul vəsaiti hesabına Cavabdeh Səidrəhimoviçin İddiaçı-nin hesabına ödənilməsi, qalan hissədə iddia tələbinin rədd olunması qət edilmişdir. İddiaçı sözügedən qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbləri əldən çıxmış fayda hissəsində rədd edilmişdir. Sabunçu rayon məhkəməsinin həmin qətnaməsi iddia tələblərinin rədd edilən hissəsində ləğv edilərək iddia tələbləri tam təmin edilməlidir. Cavabdehin qanunsuz olaraq özündə saxladığı pul vəsaitinin qaytarmaması nəticəsində iddiaçı həmin vəsaiti başqa şəxslərə kredit verməklə xx xxxx 2010-cu il tarixli, 337İ saylı kredit müqaviləsi üzrə (investisiya etməklə) 359500 ABŞ dolları məbləğində gəlir əldə etmək imkanından məhrum olduğuna görə əldən çıxmış fayda qismində 359500 ABŞ dolları məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayəti müdafiə etdi və təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehməhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə iddianın əldən çıxmış faydanın tutulmasına dair hissəsində ləğv edilərək həmin hissədə iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər Hazırki vəziyyətdə qətnamə yalnız iddianın təmin olunmayan - əldən çıxmış fayda tələbi ilə bağlı hissəsində mübahisələndirildiyindən yalnız həmin hissədə yoxlanılmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, "X4" ASC ilə Cavabdeh Səidrəhimoviç arasında bağlanmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən ona illik 18 faiz ödəmək şərtilə 36 ay müddətinə 500000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin Cavabdeh Səidrəhimoviç ilə bağlanmış xx.xx.2010-cu il tarixli ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, V.mayakovski və A.Orucəliyev küçələri arasındakı, 1934-cü məhəllə, 6-cı alaqapı, 3-cü mərtəbə mənzil 122 və Bakı şəhəri, Nərimanov rayonu, V.Mayakovski və A.Orucəliyev küçələri arasındakı, 1934-cü məhəllə, 6-cı alaqapı, 3-cü mərtəbə mənzil 98-ə olan sahiblik hüququ bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının əldən çıxmış fayda tələbin rədd edərkən mövqeyini bununla əsaslandırmışdır ki, cavabdeh tərəfindən qaytarmalı olduğu pulların qanunsuz saxlanması, qaytarmaqdan boyun qaçırmaları, ödənilməsini və digər şəkildə gecikdirmələri və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplanması sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq, həmçinin apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Həmin Məcəllənin 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun.. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.1-ci bəndi ilə borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 23068 saylı, xx xxxxxx 2019-cu il tarixli məhkəmə mühasibatlıq ekspertizasının rəyindən müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən cavabdehin xx.xx.2013-cü il tarixə 500000 ABŞ dolları əsas, 264250 ABŞ dolları faiz; xx.xx.2017-ci il tarixə 500000 ABŞ dolları əsas, 373000 ABŞ dolları faiz; xx.xx.2013cü il tarixə 500000 ABŞ dolları əsas, 264250 ABŞ dolları faiz; xx.xx.2017-ci il tarixə 500000 ABŞ dolları əsas, 373000 ABŞ dolları faiz borcu mövcuddur. Həmin rəylə müqavilə müddətinin bitməsindən iddia tələbi irəli sürülən tarixədək illik beş faiz hesablanmaqla faiz məbləğinin 108750 ABŞ dolları olması müəyyən olunur. İddiaçı göstərilənlərdən artıq məbləğdə əldən çıxmış faydanın mövcudluğuna dair hər hansı sübuta istinad etmir. Belə olan halda məhkəmə məhz rəydə göstərilən qaydada hesablanmış əldən çıxmış faydanın tutulmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – “iddianın əldən çıxmış faydanın tutulmasının rədd edilməsinə dair” hissəsində ləğv edilməli və həmin hissədə iddia qismən təmin edilməli, əldən çıxmış fayda qismində 108750 ABŞ dolları məbləğində pul vəsaiti (ödəniş gününə Azərbaycan manatı məzənnəsinə uyğun olaraq) Cavabdeh Səidrəhimoviçdən İddiaçı-in xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 372, 382, 384.0.2, 390, 392, 393, 402- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-224/2019 saylı qətnaməsi qismən – “iddianın əldən çıxmış faydanın tutulmasının rədd edilməsinə dair” hissəsində ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh Səidrəhimoviçdən İddiaçı-in xeyrinə əldən çıxmış fayda qismində 108750 ABŞ dolları məbləğində pul vəsaiti (ödəniş gününə Azərbaycan manatı məzənnəsinə uyğun olaraq) tutulsun. Ləğv olunmuş qalan hissədə iddia təmin olunmasın. Ekspertiza tədqiqatının dəyəri olan145 manat Cavabdeh Səidrəhimoviçdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Hakimlər imzalar: Əsli ilə düzdür Hakim: Vüqar Həsənov
Məhkəmə qərarları › İş №2(103)-396/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-396/2020
04.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver