Məhkəmə qərarları › İş №2(103)-3960/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3960/2020

18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3960/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı “xxxx” MMC-yə qarşı “əmlakın yenidən qiymətləndirilməsi, hərracın ləğv edilməsi və alqı-satqı müqaviləsinin etibarsız hesab olunması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri 13-cü mikrarayonda istifadədə olan 0,2351 ha torpaq sahəsində yerləşən, 211,7 kv.metr ümumi, 102,1 kv. metr əsas, 109,6 kv.metr köməkçi sahədən ibarət 60/4 nömrəli, 1 mərtəbəli qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə yenidən ekspert qiymətləndirilməsinin təyin edilməsi, “xxxx"' MMC tərəfindən keçirilmiş hərracın protokolunun ləğv edilməsi və hərracın yekunları üzrə bağlanılmış alqı satqı müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Sumqayıt şəhər Məhkəməsinin xx xxxxx 2010-cu il tarixli qətnaməsinə əsasən “xxxx” ASC-nin iddiası təmin edilmiş, “xxxx” Firmasından cəmi 107 858 manat borcun və 20 manat dövlət rüsumunun tutularaq banka ödənilməsi, tutmanın kreditin təminatı kimi bank qarşısında yüklü edilmiş, ona məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayonda istifadədə olan 0,2351 ha torpaq sahəsində yerləşən, 211,7 kv.metr ümumi, 102,1 kv.metr əsas, 109,6 kv.metr köməkçi sahədən ibarət 60/4 nömrəli, 1 mərtəbəli qeyri-yaşayış sahəsinə yönəldilməsi qərara alınmış, qətnamədən “xxxx” Firması tərəfindən verilən apelyasiya şikayəti Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Qətnamə icraya yönəldildikdən sonra Sumqayıt şəhər İcra şöbəsi hərracın keçirilməsi üçün “xxxx” MMC-nə sifariş göndərmiş, hərrac təşkilatı tərəflərə hərracın keçirilmə yeri və vaxtı barədə bildiriş göndərmiş, xx xxxx 2011-ci il tarixdə sonuncu hərrac keçirilmiş və “xxxx’' MMC ilə “xxxx“ ASC arasında xx xxxx 2011-ci il tarixli alqı-satqı müqaviləsi bağlanılmışdır. Keçirilən hərracların heç birində iştirakı təmin olunmamış, ümumiyyətlə müvafiq bildirişlər ona çatdırılmamışdır. Məhkəmə qətnamələrinin məzmunundan isə aydın olur ki, məhkəmələr tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün qiymətləndirmə ekspertizası təyin olunmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv olunmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, işin faktiki hallarını araşdırmadığını, sübutetmə yükü ilə bağlı prosessual qanunvericiliyin tələblərinə əhəmiyyət vermədiyini irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, cavabdehin, habelə üçüncü şəxslər “xxxx” ASC-nin və Sumqayıt şəhər icra və probasiya şöbəsinin nümayəndələri isə məhkəməyə gəlməmişlər. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq kollegiya hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı, əmlakının real qiymətindən daha aşağı qiymətlə hərraca çıxarıldığını və hərracın qanun pozuntusu ilə keçirildiyini iddia edərək hazırkı apellyasiya baxışının predmeti olan iddia tələblərini irəli sürmüş, iddiasının faktiki əsası kimi həm də, hərracın ona məlumat verilmədən keçirildiyinə istinad etmişdir. İşin müəyyən olunmuş hallarına görə, Sumqayıt şəhər Məhkəməsinin xx xxxxx 2010-cu il tarixli qətnaməsinə əsasən “xxxx” ASC-nin iddiası təmin edilmiş, “xxxx” Firmasından cəmi 107 858 manat borcun və 20 manat dövlət rüsumunun tutularaq banka ödənilməsi, tutmanın kreditin təminatı kimi bank qarşısında yüklü edilmiş, İddiaçı məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayonda istifadədə olan 0,2351 ha torpaq sahəsində yerləşən 211,7 kv.metr ümumi, 102,1 kv.metr əsas, 109,6 kv.metr köməkçi sahədən ibarət 60/4 nömrəli, 1 mərtəbəli qeyri-yaşayış sahəsinə yönəldilməsi qərara alınmış, qətnamə icraya yönəldildikdən sonra Sumqayıt şəhər İcra şöbəsi hərracın keçirilməsi üçün “xxxx” MMC-nə sifariş göndərmiş, adı çəkilən MMC (hərrac təşkilatı) ilkin satış qiyməti 120 000 manat müəyyənləşdirilən əmlakla bağlı hərrac proseduruna başlamış, xx xxxx 2011-ci il tarixdə sonuncu hərrac keçirilmiş və əmlak ilkin satış qiymətindən 25% aşağı qiymətlə, yəni 76 500 manata banka satılaraq bu barədə “xxxx’' MMC ilə “xxxx“ ASC arasında alqı-satqı müqaviləsi bağlanılmış, sonradan qətnamədən “xxxx” Firması tərəfindən verilən apelyasiya şikayəti Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, işin hallarından iddiaçının əmlakının onun cavabdeh qismində göstərdiyi “xxxx” MMC tərəfindən qiymətləndirilmədiyi aydın olur; çünkü hərrac təşkilatçısının vəzifəsi sifarişçinin sifarişi əsasında hərracın keçirilməsindən ibarətdir və hərraca çıxarılan əmlakın ilkin satış qiymət qiymətləndirici tərəfindən müəyyənləşdirilməklə bu qiymətin real olub-olmadığına hərrac təşkilatı məsuliyyət daşıya bilməz. Bu baxımdan kollegiyanın qənaətinə görə, iddiaçının “əmlakın yenidən qiymətləndirilməsi” tələbinə qiymət verilməsi, bu tələb ona cavab verməli olan subyektə qarşı yönəldilmədiyindən mümkün deyildir. Keçirilmiş hərracın və bunun nəticəsində əmlakın tələbkara satılmasının qanunsuzluğu ilə əlaqədar apellyatorun irəli sürdüyü arqumentlərlə bağlı isə kollegiya aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə görə, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən, əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. “İpoteka haqqında” Qanunun 43.3-cü, 43.4-cü, 43.5-ci, 43.6-cı və 43.7-ci maddələrinə görə isə, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Yuxarıda qeyd olunduğu kimi, mübahisələndiriln hərrac xx.xx.2011-ci il tarixdə, yəni təxminən 9,5 il əvvəl keçirilmiş, hərracın keçirilməsinə əsas təşkil edən qətnamədən iddiaçının borcu üçün əmlakını ipoteka ilə yüklü etdiyi “xxxx” Firması həmin dövrdə məlumatlı olmuş, hətta sonradan qətnamədən apellyasiya şikayəti də vermişdir. Bu mənada kollegiya hesab edir ki, “xxxx” Firmasının qətnamə barədə iddiaçıya məlumat verməməsinin riskini məhz iddiaçı daşıyır və hər hansı şəxsin 2008-ci ildə ipotekaya qoyduğu əmlakın taleyindən 10 ildən artıq müddət ərzində xəbərdar olmaması inandırıcı olmamaqla, ağlabatan mühakimə əsasında onun keçirilmiş hərracdan məlumatlı olması qənaətinə gəlinməsi daha məntiqlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, iddiaçı, məhkəmənin əks nəticəyə gəlməsinə imkan verəcək heç bir sübut təqdim etməmiş, məhkəmənin öz təşəbbüsü ilə müvafiq hərrac işini əldə etmə cəhdi isə hərracın uzun illər əvvəl keçirilmiş olması səbəbi ilə nəticəsiz qalmışdır - baxmayaraq ki, məhkəmə iddiaçının (xüsusilə, peşəkar hüquqşünasla təmsil olunan iddiaçının) əvəzinə sübut toplamaq vəzifəsi daşımır və mülki prosessual qanunvericiliyin əsas prinsiplərindən olan dispozitivlik, habelə formal həqiqət prinsiplərinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilməklə, hakim tərəflərin məhkəməyə bildirdiyi və təqdim etdiyi faktiki halları və sübutları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”(sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Göstərilənlərə əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq hesab edir ki, əmlakının satılması ilə bağlı keçirilmiş hərracın ondan gizlin keçirilməsi barədə apellyatorun arqumentləri inandırıcı deyildir. Kollegiya, “F. Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyriməhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanunun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Mülki Məcəllənin 416-cı maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının pozuntusu müəyyən edilmədiyindən iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da ədalətli və qanunidir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-757/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar