Məhkəmə qərarları › İş №2(103)-3961/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3961/2021

24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3961/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, X2 və Sadıqova (Hüseynzadə) Samirə Zakir qızına qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli 2(004)-228/2021 saylı qətnaməsindən iddiaçı LPO İddiaçı ASC və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1, X2 və Sadıqova (Hüseynzadə) Samirə Zakir qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada ASC-nin xeyrinə ödənilməmiş 35.767,73 manat əsas, 9.601,70 manat faiz, 2.987,59 cərimə, cəmi 48.357,02 manat məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və ödənilmiş 30 manat dövlət rüsumunun hesablanaraq tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilərək açıq hərracda satılması və borcun mənzilin satışından əldə olunan vəsait hesabına ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, mənzilə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra X1 və həmin mənzildə yaşayan digər şəxslərin həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli 2(004)- 228/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 25.01.2012-ci il tarixli 458/255 saylı kredit müqaviləsi üzrə 35.767,73 manat əsas, 9.601,70 manat faiz, 500 manat cərimə, cəmi 45.869.43 manat məbləğində borc, 30 manat məhkəmə üçün və 30 manat ipotekanın qeydə alınması üçün, cəmi 60 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1, X2 və Sadıqova (Hüseynzadə) Samirə Zakir qızından tutularaq, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsi, ev 5, 12 saylı mənzilə, (ipoteka predmetinin ilkin satış qiyməti 95.000 manat dəyərində qiymətləndirilməklə) yönəldilməsi və açıq hərracda satılması, əldə olunan vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-yə olan borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə çatışmayan məbləğin ümumi qaydada cavabdehlərdən tutulması, iddiaçının tələbi ödənildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin artıq qalan hissəsinin mülkiyyətçilərə qaytarılması, ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində boşaldılması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı və Cavabdeh1 tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya baxışı zamanı iddiaçı tərəfdən ünvanlanmış ərizə ilə iddia tələbindən imtina etdiklərini bildirərək, imtinanın qəbul edilməsi, mülki iş üzrə icraata xitam verilməsi və məhkəməyə təqdim edilmiş sənədlərin əsillərinin geri qaytarılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndə) məhkəməyə gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya iddiaçının iddiadan imtina barədə ərizəsini və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə qəbul edilərək birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə əsasən apelyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apelyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, iddiadan imtina qəbul olunmalı, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə MPM-nin 391-ci maddəsinə əsasən ləğv edilməli və iddia üzrə işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 391, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı tərəfdən verilmiş iddiadan imtina qəbul edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli 2(004)- 228/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar