Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3962/2025 07.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1357/2025 saylı, 22 may 2025ci il tarixli qərardadından İddiaçı şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təyin etdiyi komissiya sədri və üzvləri tərəfindən tərtib edilib imzalanan xx.xx.2025-ci il tarixli qərəzli, saxtalaşdırılmış və qanunauyğun tərtib olunmayan Attestasiya vərəqəsinin 11-ci bəndində “İxtisas fənnindən tədris etməyə yararlı deyil” tövsiyəsinin ləğv edilməsi və s. tələblərinə dair iddia əriəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1357/2025 saylı, 22 may 2025ci il tarixli qərardadı ilə (hakim Şahin Abdullayev) iddia ərizənin ona əlavə olunmuş sənədlər iddiaya mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından yolverilməz hesab edilərək geri qaytarılması qərara alınmışdır. Məhkəmə qənaətində göstərib ki, attestasiya komissiyası inzibatin orqan olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yaradıldığından və hazırki tələblər komissiyanın qəbul etdiyi aktın (attestasiya vərəqəsinin iddiaçıya aid müvafiq bəndinin) ləğv edilməsi, həmçinin komissiya üzvlərinin iki əleyhinə verilən səsin lehinə dəyişdirilməsi və bununla da inzibati orqan üzərinə qəbul etdiyi aktla bağlı müvafiq vəzifənin qoyulması ilə əlaqədar olduğundan həmin iddia tələblərinə aidiyyəti üzrə ixtisaslaşdırılmış məhkəmədə, yəni inzibati məhkəmədə baxılmalıdır. Bu səbəbdən hakim hesab edib ki, hazırki işə ixtisaslaşdırılmış məhkəmədə, yəni inzibati məhkəmədə baxılmalı olduğundan, bununla da işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmasına yol verilmədiyindən iddia ərizəsi iddianın yolverilməzliyinə görə geri qaytarılmalıdır. Həmin qərardaddan İddiaçı şikayət verərək ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş edib göstərir ki, əmək münasibətlərindən irəli gələn məsələlərə mülki məhkəmədə baxılması qanunla tənzimlənir. Əmək mübahisəsi ilə əlaqədar olan iddiasına mülki məhkəmədə baxılması mümkündür. İddiası ilə əlaqədar olaraq mediasiya prosesini keçirib. İddia ərizəsinə mediasiya arayışı əlavə olunmuşdur. Onun bir müəllim kimi hüquqları pozulmuşdur. Tədris etdiyi ixtisas fənni üzrə şagird yetişdirmək qabiliyyəti və yüksək naliyyətləri olduğu halda onun hüquqlarını məhdudlaşdırmaq üzrə Attestasiya komissiya sədri və üzvləri tərəfindən tövsiyə verilmişdir. O, bununla razı deyil. Ali bakalavr, magistr təhsili, şagird yetişdirib böyük səhnələrə çıxara bilmə göstəriciləri və savadı ixtisas dərsi tədris etməyə yetərlidir. O, müəllim olaraq öz missiyasını layaqətlə yerinə yetirən və yüksək nailiyyətlər əldə etmiş və gələcəkdə də nailiyyətləri olacaqdır. Barəsində düzgün verilməyən qərardan haqlı olaraq şikayət etmiş və hesab edir ki, məhkəmə iddasına baxmalı, pozulmuş hüququnu bərpa etməlidir. Əmək mübahisələri ilə əlaqədar olan, məsələyə məhkəmə qaydasında baxılması və pozulmuş hüquqların bərpa edilməsi birbaşa məhkəmənin səlahiyyəti çərçivəsində olduğu halda iddiasına baxılaraq hüquqlarının bərpasına qanun yol verdiyi halda, hüquqları hakim tərəfindən verilən qərardadla məhdudlaşdırılmışdır. Bu, qanun pozuntusudur və qərardad ləğv olunaraq iddasına mülki qaydada baxılmalıdır. Əmək qanunvericiliyinə əməl olunmasa dövlət nəzarətini həyata keçirən orqanın vəzifəli şəxslərinin qərarlarından və göstərişlərindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər yazılmışdır. Bu da o deməkdir ki, onun bir fiziki şəxs olaraq məhkəməyə şikayət vermək hüququ var. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1357/2025 saylı, 03 iyun 2025ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə iddianın mahiyyəti tam yoxlanılmadan, yəni münasibətlərin ümumi(publik) yaxud xüsusi hüquq sahəsinə aid olub-olmaması dəqiq müəyyən edilmədiyindən düzgün olmamışdır. Belə ki, Əmək Məcəlləsinin 65-ci maddəsinin 5-ci hissəsinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. Həmin Məcəllənin 67-ci maddəsinin 5-ci hissəsinə əsasən işçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 67-ci maddəsinin 6-cı hissəsinə əsasən attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır. Göründüyü kimi, Əmək Məcəlləsinin 67-ci maddəsinin 5-ci hissəsində işçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyriobyektiv hesab edən şəxslərin məhz əmək münasibətləri çərçivəsində məhkəməyə müraciət edə bilməsi təsbit olunub. Üstəlik eyni maddənin 6-cı hissəsində attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılması qeyd olunub. Birinci instansiya məhkəməsi attestasiya komissiyası inzibati orqan olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yaradıldığını qeyd etsə də əvvəla buna dair işdə hər hansı bir sübut mövcud deyil. Üstəlik attestasiya komissiyasının inzibati orqan tərəfindən yaradılması da o demək deyil ki, belə münasibətlər mütləq ümumi(publik) münasibətlər olmalıdır yaxud xüsusi- əmək münasibətləri ola bilməz. Bundan əlavə, iddia tələbinin konkret hansı şəxsə yönəldiyi və iddiaçının həqiqi istəyinin nə olduğu öyrənilmədən vəzifənin inzibati orqanın yaxud attestasiya komissiyasının və ya işəgötürənin üzərinə qoyulmasını müəyyən etmək də hazırkı vəziyyətdə mümkün hesab edilmir. MPM-in 151.2-ci maddəsinə əsasən zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Birinci instansiya məhkəməsi bu imkandan da istifadə edə bilərdi, ancaq etməyib. Ona görə də iddia tələblərinə aidiyyəti üzrə ixtisaslaşdırılmış məhkəmədə, yəni inzibati məhkəmədə baxılmalıdır qənaəti yuxarıda qeyd olunan hallar yoxlanılmadan düzgün nəticə kimi qəbul edilə bilməz. Mülki Prosessual Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 398.0 və 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1357/2025 saylı, 22 may 2025-ci il tarixli qərardadı ləğv edilməli və növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 399, 400-402-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi qəraraaldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1357/2025 saylı, 22 may 2025-ci il tarixli qərardadı ləğv edilsin və növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3962/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3962/2025
07.07.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver