Məhkəmə qərarları › İş №2(103)-3963/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3963/2021

04.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3963/2021 04.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Cəmilə Ağayevanın, Cavabdeh, üçüncü şəxs Sevda Ağayevanın iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 06.11.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçı ev Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, ev № 10-da yerləşən 15 №-li mənzilə köçürülsün (bundan sonra – mənzil). Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, iddiaçı mənzilə köçürülsün. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Cəmilə Ağayeva apellyasiya şikayətinin əsassız olduğunu, Cavabdeh və cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sevda Ağayeva apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. Cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən digər üçüncü şəxs Sevil Ağayeva məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Mənzil 4 nəfərin ümumi paylı mülkiyyətindədir: 1) İddiaçı; 2) Cavabdeh; 3) üçüncü şəxs Sevil Ağayeva; 4) üçüncü şəxs Sevda Ağayeva. Mülkiyyətçilər bacı-qardaşdırlar, mənzildə onların hər birinin payı ¼ hissə təşkil edir. Hazırda mənzildə cavabdeh yaşayır, üçüncü şəxslər başqa ünvanda yaşayırlar. İddiaçı mənzilə köçmək istəyir, cavabdeh isə buna etiraz edir. Mülki Məcəllənin 215.4-cü maddəsinə görə hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. İddiaçının (mülkiyyətçinin) mənzilə köçüb oradan istifadə etməsi qalan mülkiyyətçilərin (cavabdeh və üçüncü şəxslərin) hüquqları ilə bir araya sığan dərəcədədir. Ona görə də iddiaçı mənzilə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin 06.11.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar