Məhkəmə qərarları › İş №2(103)-3963/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3963/2022

08.06.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3963/2022 08.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Səfərov Rübayıl Hətəməli oğlunun, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-442/2022 saylı iş üzrə 17 yanvar 2022-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdeh "xxxx" MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Dövlət Əmək Müfəttişliyi Xidmətini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdeh "xxxx" MMC-yə qarşı «əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, H/010-10-02 №li əmrinə əsasən Azərbaycan Respublikas Əmək Məcəlləsinin 68.2ci maddəsinin «a» bəndinə əsasən əmək müqaviləsinə xitam verildiyinə görə, cavabdeh "xxxx" MMC-yə qarşı «əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə aylıq əmək haqqının və mənəvi ziyanın tutulması barədə» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli H/010-19-02 №-li əmrinin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə aylıq əmək haqqının ödənilməsi, cavabdehdən mənəvi ziyana görə 50.000 manat pulu alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 5788/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, H/010-19-02 №-li əmrinin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə aylıq əmək haqqının iddiaçıya ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1347/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-5788/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli zərərin tutulması tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilərək iddianın qismən təmin olunması, "xxxx" MMC-dən mənəvi zərərə görə 1000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3521/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1347/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə icraya yönəlmiş, Nəsimi rayon İcra Şöbəsinin uzun müddətli tələbindən sonra xx.xx.2021-ci il tarixdə işinin icrası üçün MMC-yə təqdim edilmişdir. İşə başlayandan sonra nə məhkəmə qərarı ilə qət olunan məbləği ödədilər, nə də məhkəmə qərarından sonrakı maaşını ödədilər. Şirkətin rəhbəri Eibova Sevda olsa da, faktiki olaraq bütün vəzifələri onun qızı olan Eibova Ramina icra edir. Təqribən 10 gün olardı ki, işə buraxılmadığına görə iddiaçı xx.xx.2021-ci il tarixdə Əmək Müfəttişliyinə şikayət etmək üçün getmiş və orada ona bildirmişlər ki, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «a» bəndinə əsasən əmək müqaviləsinə yenidən xitam verilmişdir. Yəni, yenə də iddiaçının adından saxta ərizə tərtib edilərək əmək müqaviləsinə xitam verilmişdir. Halbuki, iddiaçının əvvəlki maaşları ödənilməmişdir və işə bərpa olunduğundan sonra da ona heç bir məbləğ ödənilməmişdir. Belə olan halda ərizə yazıb işdən çıxa bilməzdi və eyni zamanda iyul ayında getməzdi. Beləliklə, xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinin ləğv edilməsini bildikdə xx.xx.2021-ci il tarixdə Mediasiya Şurasına müraciət etmiş, cavabdeh mediasiya sessiyasında iştirak etmədiyinə görə, «Mediasiya Haqqında» Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsinə uyğun olaraq iddiaçya arayış verilmişdir. Cavabdeh tərəfindən iddiaçıya son haqq-hesab ödənilməmiş və əmək kitabçası ona verilməmişdir. Göründüyü kimi, cavabdeh "xxxx" MMC-nin rəhbəri iddiaçının adından saxta ərizə tərtib edərək imzalamış, həmin ərizə əsasında əmr vermiş, həmin əmrin surətini iddiaçıya təqdim etməmiş və bu barədə ona ümumiyyətlə məlumat verməmişdir. Cavabdeh iddiaçını işdən çıxarılması barədə ona məlumat verməmiş, əmrin surətini ona təqdim etməmiş və onu məlumatlandırmamışdır. İddiaçının 67 yaşı var, bu cür alçaldıcı hərəkətlərə məruz qalaraq onun üçün dözülməzdir. Ona görə də cavabdehin qanunsuz və təqsirli hərəkətləri nəticəsində dost-tanış, qohumlar arasında malik olduğu nüfuz heçə enmiş, bu sarsıntılar iddiaçının və ailəsinin şəxsi səhhətinə olduqca mənfi təsir göstərmiş, müxtəlif xəstəliklərə düçar olmuşdur. Bu hal mənfi psixoloji reaksiyaya səbəb olmuş, mütəmadi olaraq narahatçılıq hissləri keçirmişlər və iddiaçı ilə yaşayan ailə üzvləri psixoloji təsirlərə düçar olmuş və bütün bu hadisələrə görə iztirab çəkərək psixoloji vəziyyətləri kritik həddə çatmışlar. Cavabdehdən onlara vurduğu mənəvi zərərə görə 50.000 manat tutulmalıdır. Göstərilənlərə əsasən cavabdeh "xxxx" MMC-nin 01 iyun tarixli əmrinin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə aylıq əmək haqqının ödənilməsi, mənəvi ziyana görə 50.000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-442/2022 saylı iş üzrə 17 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, "xxxx" MMC-nin İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli, 12 saylı əmrinin ləğv olunması, iddiaçının İddiaçı məcburi işburaxmağa görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək ştat cədvəlinə uyğun əmək haqqı ödənilməklə, o, əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 127 (bir yüz iyirmi yeddi) manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən alınaraq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnaməsinin qismən, mənəvi ziyan hissəsində ləğv edilməsi və iş üzrə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmış ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri onun adından saxta ərizə tərtib edərək imzalamış, həmin ərizə əsasında əmr vermiş, həmin əmrin surətini ona təqdim etməmiş və bu barədə ona ümumiyyətlə məlumat verməmişdir. 67 yaşı var, bu cür alçaldıcı hərəkətlərə məruz qalmaq onun üçün dözülməzdir. Artıq ikinci dəfədir ki, onun adından saxta ərizə tərtib edilərək işdən çıxarılır. Ona görə də cavabdehin qanunsuz və təqsirli hərəkətləri nəticəsində dosttanış, qohumlar arasında malik olduğu nüfuz heçə enmiş, bu sarsıntılar onun və ailəsiinn səhhətinə olduqca mənfi təsir göstərmiş, müxtəlif xəstəliklərə düçar olmuşdur. Bu hal mənfi psixoloji reaksiyaya səbəb olmuş, mütəmadi olaraq narahatçılıq hissləri keçirmiş və onunla yaşayan ailə üzvləri psixoloji təsirlərə düçar olmuş və bütün bu hadisələrə görə iztirab çəkərək psixoloji vəziyyəti kritik həddə çatmışdır. Məhkəmə qətnaməsilə iddia tələbi qismən təmin edilmişdir. Yəni mənəvi ziyan hissəsində iddia tələbi təmin edilməmişdir. Nəzərə almaq lazımdır ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmam hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Məhkəmə nəzərə almamışdır ki, onun işdən qanunsuz və əsassız şəkildə azad edilməyi, (saxta ərizə əsasında) hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmağı özü-özlüyündə onun psixoloji sarsıntı və iztirab keçirməyi, ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktı əlavə sübutlarla təsdiq etməyinə ehtiyac yoxdur. Eyni zamanda, öz xahişi ilə işdən çıxmaq barədə ərizə vermədiyi halda cavabdehin onu bu əsasla işdən azad etməklə, onun adından saxta ərizə tərtib etməklə və imzalamaqla Əmək Məcəlləsinin tələblərini qəsdən və nümayişkəranə şəkildə pozması, mübahisənin davam etmə müddəti, onun yaşı, bu halın ikinci dəfə təkrar olunması, eləcə də cavabdehin qeyd edilən pozuntunu aradan qaldırmaqdan ötrü heç bir tədbir göməməsi nəzərə alınmaqla iddia tələbimin tam təmin olunması ədalətli olar. Onun işdən qanunsuz və əsassız şəkildə azad edilməyi, saxta ərizə əsasında işdən azad olumağım işin mübahisəsiz halı olmasına baxmayaraq məhkəmə bunları nəzərə almamışdır. Onun işdən qanunsuz və əsassız şəkildə azad edilməyi, (saxta ərizə əsasında) hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmağı özü-özlüyündə onun psixoloji sarsıntı və iztirab keçirməyi, ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktı əlavə sübutlarla təsdiq etməyinə ehtiyac yoxdur. Həmin qətnamədən həmçinin cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsini, iddia tələbinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini və xx.xx.2022-ci il tarixli xüsusi qərardadını qanunsuz hesab edilməklə ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmış ki, İddiaçı iddia tələbi “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı və mənəvi ziyanın ödənilməsi” barədə olmuşdur. İddia tələbi ilkin vaxtdan bu formada verilmiş, sonradan tələbin həcminin artırılması/azaldılması və ya dəqiqləşdirilməsi halı baş verməmişdir. “50.000 manat mənəvi zərərə görə pul tutulması” barədə iddia tələbi heç bir halda “əmək fəaliyyəti ilə bağlı digər tələblər” kateqoriyasına aid edilə bilməz, çünki bu tələbin əsasını əmək fəaliyyəti deyil, işdən azad edildikdən sonra keçirilmiş iztirab və sarsıntılara görə pul tutulması təşkil edir. İddiaçı məhkəməyə müraciət etməmişdən öncə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməmişdir. Belə ki, iddia tələbi ilə məhkəməyə müraciət etməzdən öncə mübahisənin mediasiya yolu ilə həll edilməsi üçün cavabdeh MMC-yə hər hansı təklif və mediator tərəfindənhər hansı bildiriş göndərilməmişdir. Ümumiyyətlə, cavabdehin mübahisənin mediasiya yolu ilə həll edilməsi barədə hər hansı məlumatı olmamışdır. Hesab edir ki, hazırki əmək mübahisəsi üzrə iddia verilərkən “Mediasiya haqqında” Qanunun tələbləri üzrə prosedur qaydalarına riayət edilməmişdir. İddiaçı iddia tələbinin qismən təmin edilməsi üçün məhkəmənin qətnamədə istinad etdiyi yeganə əsas əmək müqaviləsinə xitam verilməsinə dair ərizədəki imzanın İddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilməsi və bununla bağlı verilmiş ekspertiza rəyi olmuşdur. Cavabdeh MMC olaraq həmin ekspertiza rəyini iddia tələbinin təmin edilməsi üçün mötəbər sübut hesab etmir. Ümumiyyətlə, mülki iş materialları Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən Nəsimi rayon Məhkəməsinə daxil olduqdan sonra, xx.xx.2021-ci il tarixli qərardadla icraat təzələndikdən sonra, bununla bağlı nə məhkəmənin bildirişi, nə təzələmə qərardadı, nə də ki ekspertiza rəyi cavabdeh MMC-yə göndərilməmişdir. Mülki iş materiallarında (səh. 95) yalnız SMS xəbərdarlıq bildirişinin çatdırılması barədə sənəd vardır ki, bu da heç bir halda ekspertiza rəyinin cavabdeh MMC-yə təqdim edilməsi hesab edilə bilməz. İşə baxan birinci instansiya məhkəməsi xx.xx.2022-ci il tarixli iclas və ekspertiza rəyinin təqdim edilməsi barədə məlumat olmadığı müddətdə işə baxılmasını MPM-in 185.2-ci maddəsinə əsasən təxirə salmalı idi. ƏN Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 4/1719 saylı ekspertiza rəyi ilə səlahiyyətli nümayəndə-vəkil vasitəsi ilə yalnız xx.xx.2022-ci il tarixdə tanış olmaq mümkün olmuşdur. Göründüyü kimi, həmin rəy İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli ərizəsi əsasında qəbul edilmişdir. Məhkəmə xx.xx.2021-ci il tarixdə xətşünaslıq ekspertizası təyin edilməsi barədə qərardadında ekspertlər qarşısında, yalnız xx.xx.2021-ci il tarixli ərizədəki “işçi” qrafasındakı imzanın İddiaçı və ya başqa şəxs tərəfindən icra olunması barədə sual qoymuşdur. Mülki iş materiallarında olan xx.xx.2021ci il tarixli ərizə 02 nüsxədə olmaqla, hər biri iddiaçının özü tərəfindən imzalanmış və imzanın altında kiril əlifbası ilə “İddiaçı o.” sözləri yazılmışdır. Məhkəmə ekspertiza təyin edilməsi barədə qərardadında yalnız “imza”nın iddiaçı tərəfindən icra edilib-edilməməsi barədə sual qoymuşdur. Amma nədənsə, həmin ərizələrdə kiril əlifbası ilə yazılmış “İddiaçı o.” sözlərinin iddiaçı tərəfindən icra edilib-edilməməsi barədə ekspert qarşısında sual qoymamışdır. Bu suala ekspert tərəfindən cavab verildikdə, həmin ərizədəki iradə ifadəsinin iddiaçıya məxsus olduğu aydın olardı. Bundan başqa, İddiaçı iddiasında “əmrin ləğvi və işburaxmaya görəpul tələb edilməsi” barədə tələbin olması əsası işə baxan məhkəmə mülki iş materiallarında olan müxtəlif aylar üzrə “İş vaxtının uçotu Tabellər” ində “İddiaçı” qrafasındakı imzanın iddiaçı tərəfindən icra edilib-edilməməsinin müəyyən edilməsi üçün ekspert qarşısında sual qoymamışdır. Həmçinin, mülki iş materiallarında İddiaçı məxsus AA******* seriyalı şəxsiyyət vəsiqəsinin hər iki tərəfinin surətləri vardır, hansı ki həmin surətlər iddiaçının özü tərəfindən 3 növ imza çəkməklə imzalanmış və yenə də kiril əlifbası ilə “İddiaçıo.”sözləri yazılmışdır. Məhkəmə xx.xx.2021-ci il tarixli qərardadında sadalanan imzaların və yazıların İddiaçı tərəfindən icra edilib-edilməməsinin müəyyən edilməsi üçün məhkəmə ekspert qarşısında sual qoymamışdır. Bütün bu hallar ondan ötrü vacibdir ki, İddiaçı müxtəlif növ imzalardan istifadə etməklə müxtəlif sənədləri imzalaması qeyd edilən sənədlərlə təsdiq olunur və hesab edir ki, işə baxan məhkəmədə xətşünaslıq ekspertizası təyin edərkən bu xüsusatları nəzərə almalı, əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli ərizələrdəki imzaların mülki iş materiallarında olan kifayət qədər əsli olan sənədlərdəki imzalarla eyni olub-olmaması, bütün bu imzaların eyni şəxs tərəfindən icra edilib-edilməməsi barədə ekspert qarşısında sual qoymalı idi. Hətta, hazırki mülki iş materiallarında olan iddia ərizəsində İddiaçı tərəfindən çəkilmiş imza ilə xx.xx.2021-ci il tarixli ərizələrdəki imzalar tamamilə fərqli imzalardır. Həmçinin, tərəflərdən digər sənədlərin əsilləri də məhkəmə kollegiyasına təqdim ediləcək ki, hansı ki, həmin sənədlərdə də İddiaçı müxtəlif imzalardan peşəkar istifadə etməsi açıq-aydın görünür. Məhz bəlkə də, elə buna görə xx.xx.2021-ci il tarixli 4/1719 saylı ekspertiza rəyində ekspert xx.xx.2021-ci il tarixli ərizələrdəki imzaların “səriştəliklə (əvvəlcədən məşq edilməklə) oxşadılmaqla icra olunduğunu” qeyd etmişdir, çünki işdə olan kifayət qədər sənədlərdə İddiaçı hər dəfə müxtəlif imzadan istifadə etməsi təsdiq olunur. ƏN Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 4/1719 saylı ekspertiza rəyinin mötəbər sübut olmamasını təsdiq edən digər sübutlar ondan ibarətdir ki, rəyin 2-ci səhifəsində ekspert Nəsimi Əfəndiyev ekspertiza tədqiqatı üçün sərbəst imza nümunəsi qismində mülki işin 28-ci vərəqindəolan AA******* seriyalı şəxsiyyət vəsiqəsinin kserosurətində əks olmuş imzadan istifadə etdiyini qeyd etmişdir. Göründüyü kimi, sərbəst nümunə kimi şəxsiyyət vəsiqəsinin kserosurətindəki imza əsas götürülüb. Birincisi, mülki işin 28-ci vərəqində olan şəxsiyyət vəsiqəsinin kserosurətindəki imza çox kiçik ölçülü olub, adından da göründüyü kimi “kserosurətdir”. İkincisi, İddiaçı məxsus şəxsiyyət vəsiqəsi yeni nəsil şəxsiyyət vəsiqəsi (ən son) olmaqla, buradakı imza elektron formada imzalanır, yəni vətəndaşa verilmiş yeni nəsil şəxsiyyət vəsiqəsindəki imza elektron imzadır, bu imza hər hansı sənəd üzərinə çəkilmiş imza deyil, elektron tabloya imza edilir, həmin imza scaner vasitəsi ilə köçürülür və çap edilir. Çap və scan edilmə zamanı imzanın olduğu kimi görsənməsi mümkünsüzdür. Üçüncüsü, bütün şəxsiyyət vəsiqələri laminasiya edilir, laminasiya edilmiş sənədlərdəki yazılar imzalar isə ekspertiza təqdiqatı zamanı istifadə edilə bilməz, çünki imzanın əks olunduğu sənədin əsli şəffaf selofan örtüklə örtülü olur. Digər məsələ, ekspert Nəsimi Əfəndiyev mülki iş materiallarının 135-137-ci vərəqələrində olan imza nümunələrindən istifadə etmişdir. Mülki iş ekspertiza tədqiqatına göndərilən və geri – məhkəməyə təqdim edilən zaman 83 vərəqdən ibarət olmuşdur. Hətta, mülki iş materialları İddiaçı apellyasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsinə göndərilərkən 131 vərəqdən ibarət olmuşdur. Sual olunur, ekspertin istinad etdiyi mülki iş materiallarının 135-137-ci vərəqələrində olan imza nümunələri hansılardır və həmin vərəqlər ümumiyyətlə haradadır? Ümumiyyətlə, mülki iş materiallarında İddiaçı məxsus 3 növdə imza nümunəsi olan kifayət qədər sənədlərin əsli varsa, nə üçün iddiaçıdan yalnız 1 növdə imza nümunəsi üzrə ekspertimental imza nümunələri götürülür? Daha bir vacib məqam ondan ibarətdir ki, nə üçün xx.xx.2021-ci il tarixli 4/1719saylı rəyi tərtibedən ekspert Nəsimi Əfəndiyev mülki işin materiallarında olan İddiaçı tərəfindən kifayət qədər imza edilmiş sənədləri (iddia ərizəsini, tabelləri, şəxsiyyət vəsiqəsinin surətində əsli olan imzaları və s.) sərbəst nümunə kimi qəbul etmir, lakin elektron formada imzalanmış və laminasiya olunmuş şəxsiyyət vəsiqəsinin “kserosurətində” əks olunmuş surət imzadan sərbəst nümunə kimi istifadə edir? Ekspert rəydə mülki işin 65-66-cı vərəqələrində olan xx.xx.2021-ci il tarixli ərizələrdəki imzaları tədqiq etdiyini göstərsə də, məhkəmə kollegiyasının diqqətinə çatdırılır ki, xx.xx.2021-ci il tarixli ərizələr mülki işin 64 və 65-ci vərəqələrinə əlavə edilib tikilmişdir. İşin 66-cı vərəqində olan ərizə Nəsimi Rayon İcra Şöbəsinə ünvanlanmış ərizədir ki, bu ərizədəki imzada İddiaçı tərəfindən fərqli şəkildə icra edilmişdir. Ekspertin tədqiq etdiyi mülki işin 66-cı vərəqində olan sənədin məhkəmənin xətşünaslıq ekspertiza təyin edilməsi barədə qərardada və həmin qərardad əsasında keçirilmiş ekspertiza tədqiqatına ümumiyyətlə heç bir aidiyyəti yoxdur. Rəydə ekspert Nəsimi Əfəndiyev iddiaçıya məxsus imza nümunələrini müqayisə etdikdə hətta bir sıra ümumi əlamətlərinin (yazı vərdişində, aralarındakı məsafədə, istiqamətlərində) olmasını göstərmişdir. Rəydə qeyd edilən xüsusi əlamətlərdəki fərqlər (yalnız 4 fərq) sadalanmışdır, hansı ki, həmin fərqlər məhz İddiaçı müxtəlif növ imzalardan müxtəlif formalarda istifadə etməsi nəticəsində əmələ gəlmişdir. Ekspert də məhz fərqləndirici əlamətlərə əsasən mübahisəli ərizələrdəki imzaların iddiaçı tərəfindən icra edilmədiyi qənaətinə gəlmişdir. Bütün bu sadaladıqları bir daha təsdiq edirki, ƏN Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 4/1719 saylı ekspertiza rəyi heç bir halda iddia tələbinin “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı” hissəsində təmin edilməsi mötəbər sübut kimi qiymətləndirilə bilməz. Hesab edir ki, apellyasiya instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən məhkəmə kollegiyası tərəfindən bu ziddiyyətlərin aradan qaldırılması və kifayət qədər hərtərəfli, obyektiv və əsaslandırılmış dəqiq rəy verilməsi üçün əlavə və ya təkrar xətşünaslıq ekspertizası təyin edilməli, təyin edilmiş ekspertiza xətşünaslıq ekspertiza sahəsində kifayət qədər böyük təcrübəsi olan ekspertmütəxəssislərə həvalə edilməlidir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixdə məhkəmə iclasının yekununda qətnamə ilə yanaşı xüsusi qərardad qəbul etməsi ilə bağlı tərəflərindən mülki iş materialları ilə xx.xx.2022-ci il tarixdə tanış olarkən aydın oldu ki, işin 99-101-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixli məhkəmə iclasının protokolu işə sədrlik edən hakim Ramin Xəlilov və məhkəmə iclas katibi Səbinə İsmayılova tərəfindən imzalanmışdır. İclasda yalnız İddiaçı özü iştirak etmişdir. Protokolun sonunda məhkəmə çıxışlarından sonra məhkəmənin müşavirə otağına getdiyi, qayıtdıqdan sonra sədrlik edən qətnaməni elan etdiyi, qətnamədən şikayət vermə qaydasını və s. izah etdiyi qeyd edilmişdir. Göründüyü kimi, məhkəmə (hakim Ramin Xəlilov) müşavirə otağından qayıtdıqdan sonra yalnız qətnaməni elan etmişdir. Məhkəmə iclas protokolunda hakimin xüsusi qərardad elan etməsi ilə bağlı hər hansı qeyd yoxdur. Məhkəmə iclas protokoluna istinadən, əgər sədrlik edən müşavirədən sonra yalnız qətnaməni elan etmişsə və xüsusi qərardadı elan etməmişsə, xüsusi qərardadla bağlı protokolda hər hansı söz-cümlə belə əks edilməyibsə, onda sual olunur, xüsusi qərardad necə, harada elan edilib, nə üçün elan edilməmiş xüsusi qərardad mülki iş materiallarına əlavə edilib və cavabdeh tərəfə göndərilib? Xüsusi qərardadın mövcud olmadığını - elan edilməməsini bir daha göstərməklə, qeyd edilir ki, məhkəmə bu qərardadı keçirilmiş xətşünaslıq ekspertizasının rəyinə istinad edərək qəbul etmişdir. Həmin rəyi qəbul etmədikləri təkrarən bildirməklə, qeyd edilir ki, rəydə imzanın İddiaçı tərəfindən icra edilməməsi əks edilib. Məhkəmə elan etmədiyi xüsusi qərardadında əvvəlcə cavabdeh "xxxx" MMC-nin vəzifəli şəxslərinin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 və 308-ci maddələrinin əlamətləri olduğunu qeyd edir, sonra vəzifəli şəxslərinin hərəkətlərində cinayətin əlamətlərinin olub-olmadığını şübhə altına alır, daha sonra "xxxx" hissəsində göstərir ki, cavabdeh MMC-nin vəzifəli şəxslərinin hərəkətlərində cinayətin əlamətlərinin olmasına dair faktların araşdırılması üçün Baş Prokurorluğa məlumat verilməlidir. Bu baxımdan hesab edilrir ki, işə apellyasiya instansiya məhkəməsi tərəfindən baxılarkən Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli məhkəmə iclasının sonunda məhkəmənin elan etmədiyi, lakin iş materiallarına əlavə etdiyi xüsusi qərardadın hüquqiliyə, əsaslılığına və düzgün qəbul edilib-edilmədiyinədə qiymət verməlidir. İşə baxan Nəsimi Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə xüsusi qərardad elan edilərkən bu barədə hər hansı protokol tərtib edilməmiş, tərtib edilmiş iclas protokolunda xüsusi qərardadın çıxarılması ilə bağlı hər hansı qeyd-şərt yazılmamışdır. Bu isə MPM-in 387.2.7-ci maddəsində nəzərdə tutulan mülki işdə xüsusi qərardadla bağlı məhkəmə iclasının protokolunun olmamasını söyləməyə əsasverir. Hər iki halda, Nəsimi Rayon Məhkəməsi İddiaçı iddia ərizəsini baxılmamış saxlamalı idi. Bu hallar Nəsimi rayon Məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməli və bu pozuntularla çıxarılmış məhkəmə qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Səfərov Rübayıl Hətəməli oğlu tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil1 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə etdiyini, qarşı tərəfin apellyasiya şikayətinin isə qəbul etmədiyini bildirdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməməli, İddiaçı apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-442/2022 saylı, 17 yanvar 2022-ci il tarixli qətnaməsi “mənəvi ziyanın rədd edilməsi hissəsində” ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" MMC-dən 2000 (iki min) manat mənəvi ziyana görə pul tutularaq İddiaçı ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2015-ci il tarixli, 40 saylı əmrin surətindən görünür ki, İddiaçı texnoloq xx.xx.2015-ci il tarixdən etibarən baş mühəndis vəzifəsinə keçirilmiş, aylıq əmək haqqı ştat cədvəlinə uyğun ödənilməsi göstərilmişdir. İş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyinin Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021ci il tarixli məktubun surətindən görünür ki, "xxxx" MMC tərəfindən Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə təqdim olunmuş sənədlərdən İddiaçı cəmiyyətə qarşı «əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə aylıq əmək haqqının və mənəvi ziyanın tutulması» tələbinə dair mülki işə müxtəlif məhkəmələrdə baxılaraq müvafiq qərarlar qəbul edilmiş və işə bərpa olunduğu müəyyən edilmişdir. Sonra isə İddiaçı ilə müəssisə arasında bağlanmış əmək müqaviləsinə işdənçıxma ərizəsinə əsasən xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin «a» bəndinə (tərəflərin birinin təşəbbüsü) əsasən xitam verilmişdir. Eyni zamanda işə bərpa olunduğu dövrdən sonra işə çıxmadığından İddiaçı son haqq-hesab ödənilməmişdir. Həmçinin müraciətdə işdənçıxma ərizəsinin yazılmadığını bildirmişdir. Qeyd olunan məsələdə fərdi əmək mübahisəsi predmeti olduğundan məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)- 5788/2019 saylı qətnamənin surətindən görünür ki, cavabdeh "xxxx" MMC-nin xx.xx.2019cu il tarixli H/010-19-02 №-li əmrin ləğv edilməsi, İddiaçı işə bərpa olunması, məcburi iş buraxmaya görə aylıq əmək haqqının ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1347/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, "xxxx" MMC-nin apellyasiya şikayətinin rədd edilməsi, İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 5788/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsinin mənəvi zərərin tutulması tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilərək iddianın qismən təmin olunması, "xxxx" MMC-dən mənəvi ziyana görə 1.000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi, qətnamənin qalan hissələ dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3521/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-1347/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə İddiaçı tərəfindən Nəsimi rayon İcra Şöbəsinə ünvanlanmış ərizədən görünür ki, o, tələbkar olduğu Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1347/2020 saylı, xx.xx.2020ci il tarixli icra sənədinin icrası ilə əlaqədar bildirmişdir ki, icra sənədi üzrə işə bərpa olmuşdur, fəaliyyətini həyata keçirmişdir, ona çatası əmək haqqı üzrə qarşı tərəf ilə ("xxxx" MMC) ümumi razılığa gəlmişlər. İcra sənədi məhkəməyə icra sənədi məhkəməyə geri qaytarmasını xahiş etmişdir. İş üzrə İddiaçı tərəfindən "xxxx" MMCnin direktoru adına yazılmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə onu işdən öz xahişi ilə azad edilməsini xahiş etmişdir. Bərpa olduğu tarixdən (xx.xx.2021) xx.xx.2021-ci il tarixə qədər işə gəlməmişdir və bununla bağlı heç bir haqq tələb etmir, son haqq hesabından imtina etmişdir. İş üzrə İddiaçı tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, o, məhkəmə qərarı ilə «Şərq Kimya Şirkəti»nə qəbul olmuşdur. Lakin onu işə buraxmırlar. İşə baxılması və təcili tədbirin görülməsi xahiş etmişdir. Dəfələrlə onun adından ərizə yazıblar ki, onu işdən çıxarsınlar. Lakin bunun haqsızlıq olduğuna görə məhkəmə bunu təsdiqləyib. Ordakı işçilər qanunsuz işə gəlib gedirlər. İş üzrə "xxxx" MMC tərəfindən təsdiq edilmiş iş vaxtının uçotu tabellərindən görünür ki, İddiaçı 2021-ci ilin yanvar ayında 18 gün 143 saat, 2021-ci ilin fevral ayında 20 gün 160 saat, 2021-ci ilin mart ayında 17 gün 136 saat, 2021-ci ilin aprel ayında 22 gün 176 saat işləmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 12 saylı əmrlə müəyyən edilmişdir ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış əməq müqaviləsinə xx.xx.2021-ci il tarixdən Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İş üzrə İddiaçı Mediasiya Şurasına xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət edərək, əmək mübahisəsi ilə əlaqədar mediatorun təyin edilməsini xahiş etmişdir. İş üzrə mediator Gülnar Qulizadə tərəfindən tərtib edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2021-ci il tarixli, 2021-001699 nömrəli arayışından görünür ki, arayış İddiaçı tərəfindən təsvir edildiyi kimi, əmək mübahisə üzrə xx.xx.2021-ci il tarixdə, 16.00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasınla "xxxx"xxxx"xxxx" MMC ilkin mediasiya sessiyasının tarixi və saatı barədə 10 gün əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmışdır. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1719 saylı, 15 dekabr 2021-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə əsasən ekspertizaya təqdim olunmuş mülki işin 65-ci, 66-cı vərəqlərində İddiaçı adından olan xx.xx.2021-ci il tarixli ərizələrdə «İşçi (tanış oldum)» qrafalarındakı imzalar – İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən səriştəliklə (əvvəlcədən məşq edilməklə) oxşadılmaqla icra olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə görə tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. İş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası keçirilmiş və ekspert rəyindən görünür ki, mübahisələndirilən əmək müqaviləsinə xitam verilməsinə dair ərizənin üzərindəki imza həqiqətən də İddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilmişdir. Göründüyü kimi mübahisələndirilən ərizənin imzalanması zamanı lazımi subyektin iştirakı şərti pozulmuş və qeyd olunan ərizə qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş şərtlərin kobud şəkildə pozulması ilə tərtib edilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh təşkilatın iddiaçının işdən azad olunmasına əsas kimi təqdim etdiyi xx.xx.2021-ci il tarixli ərizənin iddiaçı tərəfindən imzalanması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır və bu ərizə iddiaçının işdən azad olunmasına əsas ola bilməz, çünki xx.xx.2021-ci il tarixli 12 saylı əmrin verilməsinə əsas olmuş İddiaçı ərizəsi özü tərəfindən imzalanmadığını müəyyən edilmişdir. İşin sadalanan hallarından və yuxarıda qeyd olunan hüquq normalarından da göründüyü kimi işəgötürən – "xxxx" MMC tərəfindən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən vəzifədən azad olunması barədə xx.xx.2021-ci il tarixli 12 saylı əmr açıq-aşkar qanunsuz və əsassız olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci bəndinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə aylıq əmək haqqının ödənilməsi hissəsində iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmiş olsa da, iddia tələbinin mənəvi ziyanın vurulması hissəsində rədd etməkdə qismən haqlı olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi iddianın bu hissəsini rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı, həmin tələbini sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası bu mövqe ilə razılaşmayaraq bildirir ki, Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər, qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Kollegiya qeyd edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Kollegiya hazırkı iş üzrə mənəvi zərərin ödənilməsi tələbinə bu aspektdən yanaşaraq, hesab edir ki, iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi üçün əsas olmuş imza başqa şəxs tərəfindən icra edilməklə iddiaçının qanunsuz və əsassız şəkildə azad edilməsi, iddiaçının hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalması faktları özü-özlüyündə onun psixoloji sarsıntı və iztirab keçirməsi, buna müvafiq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktın əlavə sübutlarla təsdiqinə ehtiyac yoxdur. Kollegiya, mənəvi zərərin hansı miqdarda tutulması ilə bağlı bildirir ki, Ali Məhkəmənin Plenumunun adı çəkilən qərarının 10-cu bəndində görə, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Eyni zamanda, Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır Kollegiya, iddiaçının öz xahişi ilə işdən çıxmaq barədə ərizə vermədiyi halda cavabdehin onu bu əsasla işdən azad etməklə Əmək Məcəlləsinin tələblərini qəsdən və nümayişkəranə şəkildə pozmasını, mübahisənin davam etmə müddətini, iddiaçının yaşını, eləcə də cavabdehin qeyd edilən pozuntunu aradan qaldırmağa çalışmaması və işin digər diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərə görə 2.000 manat pulun tutulması ədalətlidir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi mənəvi ziyanın tutulması tələbinin rədd edilməsi hissəsində ləğv olunmalı, iddia həmin hissədə qismən təmin edilməklə, "xxxx" MMC-dən mənəvi ziyanın əvəzi olaraq 2.000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası, "xxxx" MMC-nin apellyasiya şikayətinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilmədiyindən iddia ərizəsinin baxılmamış saxlanılması barədə dəlili ilə razılaşmır. Belə ki, iş materiallarından göründüyü kimi, "xxxx" MMC birinci instansiya məhkəməsidə nümayəndəsi vasitəsi ilə təmsil olunmuş və həmin hala dair vəsatətlə çıxış etməmişdir. Cavabdeh tərəfindən həmin halın apellyasiya şikayətində mübahisələndirildiyi nəzərə alınaraq, məhkəmə tərəfindən tərəflərə mübahisənin mediasiya prosesinədə həll edilməsi təklif edilmiş, lakin tərəflər bundan imtina etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, qanunda hazırki tələb üçün müəyyən edilmiş tələblər baxımından iddia ərizəsinin baxılmamış saxlanılması iddiaçının qanunla qorunan hüququnun kobud şəkildə pozulması ilə nəticələnmiş olar. Ona görə də kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətində və apellyasiya icraatı zamanı tədim eydiyi vəsatəti cavabdehin yuxarıda göstərilən hərəkətsizliyi ilə hüquqi əhəmiyyətini itirdiyi üçün nəzərə alına bilməz. Məhkəmə kollegiyası həmçinin "xxxx" MMC-nin apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə qey edir ki, apelyasiya şikayətinin dəlilləri yuxarıda göstərilənlərə əsasən formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bu halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməməli, İddiaçı apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-442/2022 saylı, 17 yanvar 2022-ci il tarixli qətnaməsi “mənəvi ziyanın rədd edilməsi hissəsində” ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" MMC-dən 2000 (iki min) manat mənəvi ziyana görə pul tutularaq İddiaçı ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-442/2022 saylı, 17 yanvar 2022-ci il tarixli qətnaməsi “mənəvi ziyanın rədd edilməsi hissəsində” ləğv edilsin. Həmin hissədə iddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 2000 (iki min) manat mənəvi ziyana görə pul tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar