Məhkəmə qərarları › İş №2(103)-3963/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3963/2023

13.07.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3963/2023 13.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: evə köçürülmə, istifadə hüququ, özbaşına tikili, qanunun anologiyası) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, Cavabdeh və qətnamənin maraqlarına toxunduğunu irəli sürən Maraqlı şəxs, onların nümayəndələri (vəkilləri) Vəkil2 Abı oğlunun iştirakı ilə İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh və qətnamənin maraqlarına toxunduğunu irəli sürən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. X10 ilə Cavabdeh xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikahdan sonra arvada “Abdullayeva” soyadı verilmiş, nikahlarından xx.xx.2010-cu il tarixdə Hüseyn adını verdikləri uşaqları dünyaya gəlmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli qətnaməsi əsasında nikahları pozulmuşdur.

2. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış, lakin həmin evə dair 1974-cü ildə Əzizbəyov rayon İcraiyyə Komitəsində təsərrüfat kitabı açılmışdır.

3. Həmin təsərrüfat kitabında X4, Maraqlı şəxs Sahib oğlunun və X1 adları qeydə alınmışdır.

4. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, 2022ci ilin aprel ayında ailə münasibətlərinin pozulması səbəbilə uşağı ilə birlikdə evdən getmişdir.

5. Cavabdeh ünvan 2 ünvanında, İddiaçı isə ünvan 3 ünvanında pasport qeydiyyatındadırlar.

6. Maraqlı şəxs Cavabdeh atasıdır və o da ünvan 1 ünvanında pasport qeydiyyatındadır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, övladı - 21 iyul 2010-cu il təvəllüdlü X3 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir.

8. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə 18 noyabr 2008ci il tarixdə nikaha daxil olmuş, nikahlarından 21 iyul 2010-cu il tarixdə Hüseyn adını verdikləri uşaqları dünyaya gəlmişdir. Ailə qurduqdan sonra münasibətləri bir müddət normal olsa da sonradan kəskinləşmiş, aralarında dəfələrlə mübahisə yaranmışdır. 2022ci ilin aprel ayından ayrı yaşayırlar, belə ki, cavabdeh birlikdə yaşadıqları fərdi yaşayış evindən onu və övladını döyərək zorla çıxarmış, yalnız əynindəki paltarı ilə evdən getməyə məcbur olmuşdur. Hazırkı tarixədək bütün cehiz əmlakları həmin ünvandadır və cavabdehin səhlənkarlığı ucbatından, baxımsızlıqdan korlanmaq üzrədir. Yaşamaq üçün başqa yaşayış yeri yoxdur. Birgə təsərrüfat apardıqları dövrdə evin ikinci mərtəbəsini əsaslı təmir etmişlər, təmirdə onun və valideynlərinin maddi dəstəyi daha çox olmuşdur. Şəhid ailəsidir, qardaşı X12 2-ci Qarabağ müharibəsində şəhid olmuşdur.

9. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, İddiaçı ilə 18 noyabr 2008-ci il tarixdə nikaha daxil olmuş, nikahları dövründə evin artırmalarını (ikinci mərtəbə) təmir etmişlər. Evin çıxarışı yoxdur, lakin ev onların deyil, atasınındır. Həmin evdə onlardan başqa qardaşı da ailəsi ilə birlikdə yaşayır. İddiaçı yaşayış evini tərk edib gedərkən bütün əşyalarını da aparmışdır və indi atasının evində yaşayır. Nikahları dövründə atası mübahisəli yaşayış evinin ikinci mərtəbəsini inşa etdirmişdir. Aralarında ər-arvad münasibətləri yenicə pozulmuşdur və evdə bir yerdə yaşamaları mümkün deyil.

10. Məhkəmənin şahid qismində dindirdiyi X8 ifadəsində göstərmişdir ki, tərəflərlə təxminən 8 ilə yaxındır qonşuluqda yaşayır. Aliyə Tamerlanla ailə qurandan sonra ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüşdür. Bildiyinə görə mübahisəli ev Tamerlanın atasının evidir, amma evin sənədi yoxdur. Onlar evi təmir ediblər. Onları yaxşı ailə kimi tanıyır.

11. Məhkəmənin şahid qismində dindirdiyi X11 ifadəsində bildirmişdir ki, tərəflərlə təxminən 8 ilə yaxın qonşuluqda yaşamış, onları yaxşı ailə kimi tanımışdır. Onda olan məlumata görə tərəflər evi birgə təmir etdirmiş, evdə yaşaya-yaşaya ikinci mərtəbədə artırmalar etmiş, tualet və alavə otaq tikmişlər. Evin ikinci mərtəbəsində ancaq Aliyə və Tamerlan uşaqları ilə birlikdə yaşayıblar.

12. Məhkəmənin şahid qismində dindirdiyi X13 ifadəsində göstərmişdir ki, xalasının nəvəsi olan Aliyə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür və boşandıqdan sonra atasına məxsus evdə valideynləri və iki bacısı ilə birlikdə yaşayır. Dəfələrlə mübahisəsi gedən evi qonaq getmişdir, tərəflər evi birgə təmir etdirmiş, evdə yaşaya-yaşaya ikinci mərtəbədə artırmalar etmiş, tualet və alavə otaq tikmişlər. Evin ikinci mərtəbəsində ancaq Aliyə və Tamerlan uşaqları ilə birlikdə yaşayıblar. Aliyənin atası tikinti işləri gedəndə köməklik etmişdir.

13. Birinci instansiya məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.

14. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 27-ci, 152.5-ci, 135.4-cü, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci, “Uşaq hüquqları haqqında” Qanunun 1-ci və 20-ci, Mülki Prosessual Məcəllənin 14-cü, 77.1-ci, 106.1-ci maddələrinə istinadla belə əsaslandırmışdır ki, ona mənsub əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək yalnız mülkiyyətçinin hüququ olduğundan, cavabdehin isə mübahisəli evə dair mülkiyyətçi hüquqları yaranmadığından, mübahisəli mənzil iddiaçının və mənafeyi üstün tutmalı olan uşağının yaşayış yeri sayıldığından, cavabdehin uzun müddət həmin evdə yaşamış və başqa yaşayış sahəsi olmayan iddiaçının həmin evə köçməsinə maneə törətməsi qanunsuz olmuşdur.

15. Qətnamədən işdə iştirak etməyən, lakin qətnamənin hüquq və vəzifələrinə toxunduğunu irəli sürən Maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, adı çəkilən şəxs birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı əsasında qətnamə ilə maraqlarına toxunulan şəxs kimi tanınaraq onun apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

16. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə iddiaçının köçmək istədyi evin kimə məxsus olmasını, orada kimlərin qeydiyyatda olduqlarını və yaşadıqlarını araşdırmamış, iddiaçı ilə cavabdeh arasında ailə münasibətlərinə 2022-ci ilin aprel ayından xitam verildiyini nəzərə almamış, işə cəlb olunması barədə vəsatətlərinə əhəmiyyət verməmişdir. Belə ki, ev Cavabdeh atası olaraq ona məxsusdur, evi vaxtilə atası inşa edib, ev atasından ona qalıb, evin təsərrüfat kitabçası vardır və özü orada pasport qeydiyyatındadır. İddiaçı gəlin köçərkən onunla evdən istifadə barədə hər hansı müqavilə bağlanmamış və evdə yaşamasına dair müvafiq kitabçada qeydiyyat aparılmamışdır. Qüvvədə olan Mənzil Məcəlləsinin müddalarına görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanılmır.

17. Eyni məzmunlu apellyasiya şikayəti cavabdeh tərəfindən də verilmiş, qətnamənin ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir.

Apellyasiya şikayətinə qarşı yazılı etiraz

18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası, verilən izahat

19. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs apellyasiya şikayətini müdafiə edərək izahatında həmçinin göstərmişdir ki, İddiaçı gəlin köçərkən həmin ev mövcud olmuş, o, evin tikilməsində və təmirində iştirak etməmişdir. Evin ikinci mərtəbəsində əsaslı təmir işləri aparılmamış, yalnız kiçik həcmli artırma həyata keçirilmiş, bu iş də şəxsən özünün vəsaiti hesabına edilmişdir.

20. Məhkəmə iclasında iştirak edən Cavabdeh da apellyasiya şikayətini müdafiə etdiyini bildirmiş, birinci instansiya məhkəməsində verdiyi izahatla eyni məzmunda izahat vermişdir.

21. Apellyatorların məhkəmə iclasında iştirak edən nümayəndələri (vəkilləri) Vəkil2 Abı oğlu da şikayətlərin məzmunlarına uyğun izahat vermiş, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

22. İşə baxılmasının vaxtı (yeri) barəsində dəfələrlə məlumat verilməsinə baxmayaraq, iddiaçı səbəbini bildirmədən məhkəməyə gəlməmişdir.

23. Apellyatorların vəkilləri tərəfindən məhkəmə kollegiyasına birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X6 notarial təsdiqli ərizəsi təqdim olunmuş, ərizədə göstərilmişdir ki, onun, Cavabdeh və Maraqlı şəxs Sahib oğlu ilə heç bir qonşuluq əlaqəsi yoxdur. Eyni zamanda evlərində aparılmış təmirlə bağlı heç bir məlumatı yoxdur.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

24. Maddə 43 (1-ci hissə). Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

“X17 haqqında” Azərbaycan Respublikasının Qanunu

25. Maddə 1.0.11. hüququn analogiyası - yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsiplərin tətbiq edilməsi deməkdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

27. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 81. Qanuna və ya digər X17a əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

35. Məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi müvafiq nəticəyə tərəflərin qarşılıqlı münasibətlərinin mahiyyətini səhv qiymətləndirməsi səbəbindən gəlməklə işin faktiki hallarına və sübutlara düzgün hüquqi qiymət verməmiş, gəldiyi nəticə işin hallarına uyğun olmamışdır.

36. Belə ki, iddiaçının tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evlə bağlıdır və ölkə qanunvericiliyində özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması mövcud deyildir. Bununla belə qeyd olunmalıdır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur.

37. Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alqı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahəsindən istifadə hüququ Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və Azərbaycan Respublikasının Mənzil Məcəlləsində (1 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş və 1 oktyabr 2009-cu il tarixindən qüvvədə olan) və Mülki Məcəllədə əks olunmuşdur (Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr, X.Məmmədovanın şikayəti üzrə 2014-cü il 11 iyul tarixli və s. Qərarları).

38. Özbaşına tikililərə köçürülmə tələbi ilə bağlı mübahisələrin həlli ilə əlaqədar vahid məhkəmə təcrübəsinin yaranmasına zərurət var və Azərbaycan Respublikası Ali Məhkəməsinin bənzər işlərlə bağlı formalaşdırdığı mövqeyə görə, bunun üçün başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması üstün tutulmalıdır. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Müasir dünyada hüququn inkişafı bu istiqamətdədir, ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır.

39. Bununla yanaşı qeyd olunmalıdır ki, özbaşına tikili hesab olunan evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrıayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir.

40. Bundan başqa qeyd olunmalıdır ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X18rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.

41. Məhkəmə qərarının ədalətli olması şərtlərindən birincisi tərəflər arasında ədalətli tarazlığın qorunmasıdır.

42. Hazırkı işdə müəyyən olunan hallar odur ki, Aliyə Əhmədova (Abdullayeva) ilə Cavabdeh 2008-ci ildə ailə qurmuş, iddiaçı həmin vaxt inşa edilmiş vəziyyətdə olan hazır evə gəlin köçüb orada yaşamağa başlamış, 2022-ci ildə ailə münasibətləri pozulmuş, xx.xx.2022-ci il tarixli qətnamə əsasında nikahlarına xitam verilmişdir.

43. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı gəlin köçdüyü evin ikinci mərtəbəsinin əsaslı təmirində özünün və valideynlərinin iştirak etdiyini irəli sürmüş, apellyatorlar isə evin ikinci mərtəbəsində təmir işlərinin aparıldığını təsdiq etsələr də, bu təmirdə iddiaçının iştirak etmədiyini bildirmişlər.

44. Kollegiyanın qənaətinə görə, iddiaçı, köçürülməsini istədiyi fərdi yaşayş evinin genişləndirilməsində iştirak etdiyini irəli sürsə də, bu halı təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:

Apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2377/2022 saylı iş üzrə 19 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbi təmin edilməsin. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri apellyatorların özlərinə aid olunsun. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar