Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3963/2024 21.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Hüquq və X3” publik hüquqi şəxsinə qarşı əmək kitabçasından iş fəaliyyəti haqqında çıxarışın verilməsi öhdəliyinin qoyulması barədə iş üzrə QƏRARDADİ Açar sözlər: ərizənin geri qaytarılması Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), xxxAbdıyev Fuad Vilayət oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(004)- 2149/2024 nömrəli qərardadından İddiaçı şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Oavdaları”nın 3.8-ci bəndi rəhbər tutularaq, əmək kitabçasından iş fəaliyyəti haqqında çıxarışın iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş edilmişdir.
2. Məhkəmə hazırlıq iclasında İddiaçı iddia tələbi təmin olunduğundan ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını, Azərbaycan Respublikası MPM-nin 259.0 və 259.0.11-ci maddələrinə uyğun olaraq iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(004)- 2149/2024 nömrəli qərardadına əsasən iddia ərizəsi və əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.
4. İddiaçı tərəfindən həmin qərardaddan şikayət verilmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, mülki məhkəmə icraatının gedişində iddia tələbi cavabdeh tərəfindən təmin edildiyindən, iddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni təmin edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad çıxarmışdır. Lakin qəbul edilən qərardadda iddiaçının iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etməsi səbəbləri göstərilməmişdir. Halbuki məhkəmənin 24 aprel 2024-cü il saat 11:45-də keçirilmiş hazırlıq iclası zamanı iddiaçı tərəfindən təqdim olunan 24 aprel 2024-cü il tarixli Ə(2149/2024)-3/2024 nömrəli ərizədə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması ilə bağlı xahişin səbəbi göstərilmişdir. Eyni zamanda o da qeyd olunmalıdır ki, hakim tərəfindən 2(004)- 2081/2024 nömrəli mülki iş üzrə çıxarılan 17 aprel 2024-cü il tarixli qərardadda iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasının səbəbi (məsələnin məhkəmədən kənar qaydada həll olunması) qeyd edilmişdir. Yuxarıda qeyd olunmuş hallar və faktlar rəhbər tutularaq, bildirilir ki, 2(004)-2149/2024 nömrəli mülki iş üzrə çıxarılan 24 aprel 2024-cü il tarixli qərardadda iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasının səbəbləri (mülki məhkəmə icraatının gedişində iddia tələbinin cavabdeh tərəfindən təmin edilməsi) göstərilməli idi.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli, 2(004)- 2149/2024 nömrəli qərardadına əsasən şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Maddə 264.0. Ayrıca akt şəklində qəbul edilən qərardadda aşağıdakılar göstərilməlidir: 264.0.5. məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
8. İddiaçının qərardaddan verdiyi şikayətin hüquqi əsası kimi MPM-nin 264.0 və 264.0.5-ci maddələrinə istinad edilmişdir.
9. Həmin maddənin məzmununa əsasən qərardadda məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi göstərilməlidir.
10. İddiaçının yanaşması ondan ibarətdir ki, qərardadda məhkəmə gəldiyi nəticənin səbəbini qeyd etməmişdir və səbəb kimi tələb təmin olunduğundan iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir.
11. Lakin hazırkı iş üzrə məhkəmənin gəldiyi nəticə - iddia ərizəsinin və əlavə olunmuş sənədlərin geri qaytarılması, səbəb – iddiaçının bu barədə ərizəsidir. Məhkəmə də qərardadın təsviri hissəsinin 2-ci abzasında səbəb olaraq iddiaçının ərizə verdiyini qeyd etmiş, 5-ci abzasında gəldiyi nəticəni hüquqi cəhətdən əsaslandırmış və nəticəvi hissəsinin 2-ci abzasında nəticə qeyd olunmuşdur.
12. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qərardadda iddia ərizəsinin geri qaytarılması barədə ərizənin hansı səbəbdən verilməsinin qeyd olunmaması hər hansı maddi və prosessual hüquq normasının pozulması kimi qiymətləndirilə bilməz.
13. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.
14. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(004)- 2149/2024 nömrəli qərardadından verdiyi şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(004)- 2149/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.