Məhkəmə qərarları › İş №2(103)-3965/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3965/2025

22.07.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3965/2025 22.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “intizam tənbehinin qanunsuz hesab olunmaqla ləğv edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 aprel 2025-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, Cavabdeh vəkili (nümayəndəsi) Vəkil və İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdeh Birliyin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 14-2- 1-7/3-1İ-632/2024 nömrəli əmrin ona aid hissəsinin qanunsuz hesab olunaraq, ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Birliyin “28 May” Neft və Qazçıxarma İdarəsində quyuların əsaslı təmiri sahəsinin 6-cı dərəcəli qazmaçısı vəzifəsində işləyir. İşlədiyi dövrdə iddiaçı intizamlı işçi olsa və iş funksiyalarını lazımı qaydada icra etsə də, İdarənin rəhbərliyi tərəfindən iddiaçıya qarşı qərəzli mövqe tutulmuşdur. Belə ki, heç bir əsas olmadan xx.xx.2024-cü il tarixli, 14-2-1-7/3-1İ-327/2024 nömrəli əmrlə iddiaçıya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. Həmin əmrdə töhmətin verilməsi onunla əsaslandırılmışdır ki, iddiaçı, iş yerində nizam-intizam qaydalarını pozaraq sahənin alət üzrə mühəndisi Hilal Verdiyev ilə əsassız olaraq mübahisə etmiş, sonuncunun ünvanına nalayiq ifadələr söyləyərək, onu təhqir etmişdir. Halbuki, iddiaçı bu kimi hərəkətlərə yol verməmişdir. İddiaçı, rəhbərlik ilə münasibətləri gərginləşdirməmək məqsədi ilə bu əmri mübahisələndiməmişdir. Buna baxmayaraq iddiaçıya qarşı qərəzli münasibət davam etmiş və İdarə üzrə xx.xx.2024-cü il tarixdə verilmiş 14-2-1-7/3-1İ-632/2024 nömrəli əmrlə iddiaçıya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Bu əmrdə töhmətin verilməsi isə onunla əsaslandırılmışdır ki, iddiaçı, iş yerində nizam-intizam qaydalarını dəfələrlə pozaraq, iş yoldaşlarına qarşı kobudluq etmiş, onlarla mübahisə edərək, öz hərəkətləri ilə işin normal əhəngini dəfələrlə pozmuşdur. Halbuki, iddiaçı bu kimi hərəkətlərə yol verməmişdir. İddiaçı, ondan alınmış izahatda bu kimi hərəkətlərə yol vermədiyini göstərsə də, izahatı nəzərə alınmamış, rəhbər şəxslərin təqdimatı nəzərə alınmışdır. Hazırda iddiaçı, susmaq fikrində deyil buna görə də, İdarənin xx.xx.2024-cü il tarixli əmrin ona aid hissəsinin qanunsuz hesab olunaraq, ləğv edilməsini xahiş edir. b) cavabdeh tərəfin iddia tələbinə dair münasibəti barədə məlumat

3. Cavabdeh Birliyin vəkili (nümayəndəsi) Vəkil Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, iddiaçı, iddia ərizəsində göstərilənlər heç bir sübuta söykənmir. İntizam tənbehinin verilməsi məhz iddiaçının müəssisədaxili intizam qaydalarının pozulması ilə əlaqədar olmuşdur. İddiaçının xoşagəlməz hərəkətləri barədə rəhbərliyə məlumatları işçilər özləri vermiş və iddiaçı barədə tədbir görülməsini xahiş etmişlər. İddiaçının barəsində daxil olmuş məlumatlar əsasında müəssisədə aparılmış araşdırmalar nəticəsində məlumatların həqiqətə uyğun olması öz təsdiqini tapmışdır. Buna görə də, iddiaçıya xx.xx.2024-cü il tarixli əmrlə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Buna görə də, iddia tələbi əsassız hesab edilməklə rədd edilməlidir. Bundan başqa nəzərə alınmalıdır ki, qeyd edilən əmrin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş iddiaçı iddia müddətini ötürmüşdür ki, bu hal da iddia tələbinin rədd edilməsi üçün əsasdır (Cavabdehin nümayəndəsi “iddia tələbinə iddia müddətinin tətbiq edilməsi haqqında” ərizəni Rayon Məhkəməsinə vermişdir. Bax: iş v. 112). c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. Mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya intizam tənbehi verilərkən işəgötürən tərəfindən qüvvədə olan əmək qanunvericiliyinin tələbləri pozulmamış, verilmiş töhmət tamamilə əsaslı olmuşdur. Bu hal məhkəmə baxışı zamanı dindirilmiş şahidlərin ifadələri və işdə olan sənədlər ilə təsdiq olunur. Buna görə də iddia tələbi əsaslı hesab edilərək, təmin oluna bilməz. Bundan başqa qeyd edilməlidir ki, iddiaçı, pozulmuş hesab etdiyi hüquqlarının bərpası ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən bu kimi mübahisənin həll edilməsi üçün Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüşdür. Belə ki, iddiaçı, barəsində xx.xx.2024-cü il tarixli əmr qəbul edildikdən sonra mediasiya təşkilatına xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Qeyd edilən bu halın mövcudluğu iddia tələbinin rədd edilməsi üçün əsasdır. c) apellyasiya şikayəti və ona etiraz barədə məlumat

6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

7. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd olunmuşdur ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş və əsassız olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçıya intizam tənbehi verilərkən işəgötürən tərəfindən qüvvədə olan əmək qanunvericiliyinin tələbləri pozulmamış, verilmiş töhmət tamamilə əsaslı olmuşdur. Bundan başqa iddianın predmetini təşkil edən əmr xx.xx.2024-cü il tarixdə verilsə də, iddiaçıya xx.xx.2024-cü il tarixdə təqdim edilmiş və iddiaçı, onunla cavabdeh arasında yaranmış əmək mübahisəsinin məhkəmədən kənar həll edilməsi üçün xx.xx.2025-ci il tarixdə mediasiya təşkilatına müraciət etmişdir. Bununla da müddətin axımı “Mediasiya haqqında” Qanunun 35.1-ci maddəsinə əsasən dayanmışdır. Lakin Rayon Məhkəməsi bunu nəzərə almamışdır. d) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin mövqeyi barədə məlumat

8. Apellyator olan iddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdi və şikayətinin məzmununa uyğun izahat verdi.

9. Cavabdeh Birliyin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə məzmununa uyğun izahat verdi. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

10. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

11. Belə ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı, Cavabdeh “28 May” Neft və Qazçıxarma İdarəsində quyuların əsaslı təmiri sahəsinin 6-cı dərəcəli qazmaçısı vəzifəsində işləyir.

12. İdarə üzrə verilmiş xx.xx.2024-cü il tarixli, 14-2-1-7/3-1İ-327/2024 nömrəli əmrdən görünür ki, həmin əmrlə iddiaçıya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. Əmrdə töhmətin verilməsi onunla əsaslandırılmışdır ki, iddiaçı, iş yerində nizamintizam qaydalarını pozaraq sahənin alət üzrə mühəndisi Hilal Verdiyev ilə əsassız olaraq mübahisə etmiş, sonuncunun ünvanına nalayiq ifadələr söyləyərək, onu təhqir etmişdir.

13. İş materiallarından görünür ki, həmin əmrin verilməsi üçün əsas İdarənin ƏM və TT üzrə rəis müavini X3 rəisinə ünvanladığı xx.xx.2024-cü il tarixli təqdimat, təqdimata əlavə edilmiş və İdarənin Alət üzrə mühəndisi Hilal Verdiyevin yazdığı xx.xx.2024-cü il tarixli izahat, qazmaçı İddiaçı xx.xx.2024-cü il tarixli izahat, İdarənin Alət üzrə mühəndisi Hilal Verdiyevin, təmirçi çilingər Rüfət Quliyevin və qazmaçı köməkçisi Ramin Abbasovun birgə tərtib etdikləri xx.xx.2024-cü il tarixli akt olmuşdur.

14. İdarə üzrə xx.xx.2024-cü il tarixdə verilmiş 14-2-1-7/3-1İ-632/2024 nömrəli əmrdən görünür ki, həmin əmrlə (iddiaçıya aid olan hissədə) iddiaçıya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Əmrdə töhmətin verilməsi onunla əsaslandırılmışdır ki, iddiaçı, iş yerində nizamintizam qaydalarını dəfələrlə pozaraq, iş yoldaşlarına qarşı kobudluq etmiş, onlarla mübahisə edərək, öz hərəkətləri ilə işin normal əhəngini dəfələrlə pozmuşdur.

15. İddiaçı, xx.xx.2024-cü il tarixli əmrin ona aid hissəsinin qanunsuz hesab olunaraq, ləğv edilməsini onunla əsaslandırır ki, o, həmin əmrdə qeyd edilən hərəkətlərə yol verməmişdir.

16. İddiaçı, onun iddiasının əsassız olması barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni isə səhv olmasını onunla əsaslandırır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir.

17. Məhkəmə iddiaçının dəlillərini əsassız hesab edir və bununla bağlı bildirir ki, İdarə üzrə xx.xx.2024-cü il tarixdə verilmiş əmrdən görünür ki, həmin əmrin verilməsi üçün əsas İdarənin PUX-nin rəisi T.Ələsgərovun xx.xx.2024-cü il tarixli təqdimatı, Baş mühəndis – rəis müavini Ə.Yusubovun xx.xx.2024-cü il tarixli təqdimatı, QƏ və YTS-nin rəis əvəzi R.Baxışovun xx.xx.2024-cü il tarixli təqdimatı, qazmaçı İddiaçı, qazmaçı köməkçisi S.Hüseynlinin və digər işçilərinin izahatları, sahə işçilərin tərtib etdikləri xx.xx.2024-cü il tarixli akt və “28 May” Neft və Qazçıxarma İdarəsinin Həmkarlar İttifaqı Komitəsi İdarə heyətinin xx.xx.2024-cü il tarixli iclasının 28 saylı protokolundan çıxarış olmuşdur.

18. Həmkarlar İttifaqı Komitəsi İdarə heyətinin xx.xx.2024-cü il tarixli iclasının 28 saylı protokolundan edilmiş çıxarışdan isə görünür ki, HİK-si iddiaçının barəsində tərtib edilmiş və yuxarıda qeyd edilən təqdimatları, izahatları və İdarənin xx.xx.2024-cü il tarixli məktubunu müzakirə edərək, İdarənin müvafiq əməkdaşlarının izahatlarını dinləyərək, qərara gəlmişdir ki, iddiaçının səhhətində yaranmış problemlər nəzərə alınaraq iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilməsin, iddiaçıya bir qədər yüngül intizam tənbehinin verilməsi İdarə rəisindən xahiş edilsin.

19. Həmkarlar İttifaqı Komitəsi İdarə heyətinin xx.xx.2024-cü il tarixli iclasının 28 saylı protokolundan həmçinin görünür ki, iclasda iştirak etmiş iddiaçı bildirmişdir: “mən beləyəm və heç vaxt da dəyişən deyiləm”.

20. Göründüyü kimi, iddiaçının hərəkətləri ilə bağlı tərtib edilmiş təqdimatlarda, aktlarda və izahatlarda göstərilənlər “28 May” Neft və Qazçıxarma İdarəsinin Həmkarlar İttifaqı Komitəsi İdarə heyətinin araşdırmasının predmeti olmuş və həmin məlumatlar öz təsdiqi tapmışdır. İdarə üzrə verilmiş xx.xx.2024-cü il tarixli əmr də Həmkarlar İttifaqı Komitəsi İdarə heyətinin xx.xx.2024-cü il tarixli iclasında qəbul edilmiş qərara uyğun olmuşdur.

21. İşə baxmış Rayon Məhkəməsi də əmrin əsaslı olub-olmamasını araşdırmış və bu zamana təkcə sənədlərin tədqiqi ilə kifayətlənməmiş, həmçinin şahidləri – QƏ və YTSnın mexaniki vəzifəsində işləyən X4 və QƏ və YTS-da sementləmə operatoru vəzifəsində işləyən X2 dindirərək, müəyyən etmişdir ki, iddiaçı, iş yerində nizam-intizam qaydalarını dəfələrlə pozaraq, iş yoldaşlarına qarşı kobudluq etmiş, onlarla mübahisə edərək, öz hərəkətləri ilə işin normal əhəngini dəfələrlə pozmuşdur.

22. Göründüyü kimi işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları araşdırmış və sübutlara əsasən də işin hallarını müəyyən etmişdir.

23. Rayon Məhkəməsinin iş üzrə müəyyən etdiyi hallar apellyasiya baxışının nəticələri ilə də müəyyən edildiyindən Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsində əmək müqaviləsi üzrə işçinin əsas bir neçə vəzifələri müəyyən edilmişdir ki, onlardan biri də əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməkdən ibarətdir (bənd “b”).

24. Əmək Məcəlləsinin tələblərinə görə, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər (maddə 186.; hissə 1.). İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: “a” töhmət vermək; “b” sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; “c” kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; “ç” əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək (maddə 186.; hissə 2.).

25. Qeyd edildiyi kimi, işin hallarından müəyyən edilir ki, iddiaçı, iş yerində nizamintizam qaydalarını dəfələrlə pozaraq, iş yoldaşlarına qarşı kobudluq etmiş, onlarla mübahisə edərək, öz hərəkətləri ilə işin normal əhəngini dəfələrlə pozmuşdur.

26. Yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbindən işin müəyyən edilmiş halına tətbiqi nəticəsində müəyyən edilir ki, iddiaçıya intizam tənbehi verilərkən işəgötürən tərəfindən qüvvədə olan əmək qanunvericiliyinin tələbləri pozulmamış, verilmiş töhmət tamamilə əsaslı və “28 May” Neft və Qazçıxarma İdarəsinin Həmkarlar İttifaqı Komitəsi İdarə heyətinin xx.xx.2024-cü il tarixli iclasında qəbul edilmiş qərara uyğun olmuşdur.

27. Bu baxımdan qəbul edilməlidir ki, Rayon Məhkəməsi eyni nəticəyə gəlməkdə və iddia tələbini həmin səbəbə görə əsassız hesab etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlili əsassızdır.

28. Yuxarıda artıq qeyd edildiyi kimi Rayon Məhkəməsi iddia tələbini həmçinin o əsasla təmin etməmişdir ki, iddiaçı, pozulmuş hesab etdiyi hüquqlarının bərpası ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən bu kimi mübahisənin həll edilməsi üçün Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüşdür. Belə ki, iddiaçı, barəsində xx.xx.2024-cü il tarixli əmr qəbul edildikdən sonra mediasiya təşkilatına xx.xx.2025-ci il tarixdə müraciət etmişdir.

29. Apellyasiya şikayətində qeyd edilir ki, iddianın predmetini təşkil edən əmr xx.xx.2024-cü il tarixdə verilsə də, iddiaçıya xx.xx.2024-cü il tarixdə təqdim edilmiş və iddiaçı, onunla cavabdeh arasında yaranmış əmək mübahisəsinin məhkəmədən kənar həll edilməsi üçün xx.xx.2025-ci il tarixdə mediasiya təşkilatına müraciət etmişdir. Bununla da müddətin axımı “Mediasiya haqqında” Qanunun 35.1-ci maddəsinə əsasən dayanmışdır. Lakin Rayon Məhkəməsi bunu nəzərə almamışdır.

30. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

31. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun ələblərinə görə, əmək münasibətlərindən irəli gələn mübahisələrə mediasiya tətbiq edilir (maddə 3.1.3.). Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur (maddə 35.1.).

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379.1.6-cı maddəsinin tələbinə görə də, tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır.

33. İddiaçının bildirdikləri əsas götürdüldüyü halda müəyyən edilir ki, xx.xx.2024-cü il tarixli əmr iddiaçıya xx.xx.2024-cü il tarixdə təqdim edilmiş və o, onunla cavabdeh arasında yaranmış əmək mübahisəsinin məhkəmədən kənar həll edilməsi üçün xx.xx.2025-ci il tarixdə - iddia müddətinin bitməsinə 3 gün qalmış mediasiya təşkilatına müraciət etmişdir.

34. İş materiallarından görünür ki, mediasiya prosesi xx.xx.2025-ci il tarixdə bitmiş və bununla bağlı mediator tərəfindən həmin tarixdə müvafiq arayış tərtib edilərək, iddiaçıya verilmişdir. İddiaçı iddia ərizəsini Rayon Məhkəməsinə e-kabinet vasitəsi ilə xx.xx.2025-ci il tarixdə təqdim etmişdir.

35. Mülki Məcəllənin 379.4-ci maddəsinə görə, müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir.

36. Qeyd edilən bu normanın tələbi nəzərə alındıqda müəyyən edilir ki, iddiaçı iddia müddətini ötürmüşdür.

37. Müddəti ötürmüş iddiaçı bu halın məhz üzürlü səbəbdən baş verməsini təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir.

38. Göründüyü kimi iddia tələbinə iddia müddətinin tətbiqi baxımından da iddianın təmin edilməməsi haqqında Rayon Məhkəməsinin nəticəsi düzgün olmuşdur.

39. Bu baxımdan qəbul edilməlidir ki, apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlili əsassızdır. f) apellyasiya baxışının nəticəsi

40. Beləliklə də apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

41. Məhkəmə qeyd edir ki, MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

42. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 119, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 29 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar