Məhkəmə qərarları › İş №2(103)-3966/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3966/2021

31.03.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3966/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), və Məmmədov Məmməd Allahverdi oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan evdən payının dəyərinin ona ödənilməsi, bu mümkün olmadıqda açıq hərracdan satılaraq əldə olunmuş pul vəsaitinin bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1012/2021 saylı iş üzrə xx xxxxxx 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan evdən payının dəyərinin ona ödənilməsi, bu mümkün olmadıqda açıq hərracdan satılaraq əldə olunmuş pul vəsaitinin bölünməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 17 saylı evin 86 saylı mənzilində payının müəyyən edildiyi ½ hissəsinin dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi olan Cavabdeh Ənvər oğlu tərəfindən iddiaçıya ödənilməsi, bu mümkün olmadıqda isə mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaitinin aralarında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1012/2021 saylı iş üzrə xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə məhkəmə-qiymətləndirmə ekspertizası təyin olunaraq işin icraatı ekspert rəyi alınanadək dayandırılmış, həmin qərardadın ləğvinə dair Cavabdeh tərəfindən verilmiş şikayət isə birinci instansiya məhkəməsinin xx xxxx 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili şikayətin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində məlumatlandırılmış cavabdeh məhkəməyə gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1012/2021 saylı iş üzrə xx xxxxxx 2021-ci il tarixli qərardadı isə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 395-ci maddəsinə görə işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: bu Məcəllədə göstərilən hallarda; məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Məcəllənin 264.0.7-ci maddəsinə görə isə, ayrıca akt şəklində qəbul edilən qərardadda həmçinin əgər qərardaddan şikayət verilə bilərsə, şikayət vermə qaydası və müddəti göstərilməlidir. Mülki prosessual qanunvericiliyin sadalanan müddəalarının mənasından göründüyü kimi məhkəmənin işə baxarkən qəbul etdiyi bütün qərardadlardan şikayət verilməsi imkanı nəzərdə tutulmamışdır. Yalnız Mülki Prosessual Məcəllədə birbaşa göstərilən hallarda, həmçinin qərardad işin sonrakı hərəkətinə mane olduqda qəbul edilmiş qərardadlardan şikayət verilə bilər. Mülki Prosessual Məcəllənin 97-98-ci maddələrinin mənasına görə, qanunvericilik istər ekspertiza təyin edilməsi, istərsə də ekspertiza təyin edilməsindən imtinaya dair qərardadlardan şikayət verilməsi imkanını təsbit etmir; həmçinin, ekspertizanın təyin olunması barədə vəsatət üzrə qəbul edilmiş qərardad işin sonrakı hərəkətinə mane olacaq xarakterli də deyildir. Bununla yanaşı, ekspertiza təyini zamanı icraat dayandırılmışdırsa məhkəmənin bununla bağlı qəbul etdiyi qərardaddan şikayət verilə bilər; cavabdehin şikayətinin məzmunundan görünür ki, o, həm də icraatın dayandırılmasından şikayət vermişdır və kollegiya qeyd edir ki, hazırkı apellyasiya baxışının predmeti məhz qərardadın həmin hissəsidir. Xüsusilə nəzərə alınmalıdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3966/2021 saylı, xx xxxx 2021-ci il tarixli qərardadı ilə, hazırki qərardadın ekspertiza təyin edilməsi ilə bağlı hissəsindən cavabdehin verdiyi şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilmişdir. Qanunverici məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının qeyri-məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 255.0.5-ci maddəsində nəzərdə tutulan – məhkəmə tərəfindən ekspertizanın təyin olunmasıdır. Bu əsasla işin icraatının dayandırılması, xüsusilə, ekspert tədqiqatının uzunmüddətli olacağı, habelə iş materiallarının ekpertizaya göndərilməli olduğu hallarda, eləcə də, ekspert rəyi alınmadan işin icraatının davam etdirilməsinin məqsədəmüvafiq olmadığı hallarda zəruridir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraatı dayandırmaqda haqlı olmuşdur – xüsusilə ona görə ki, təyin etdiyi ekspertizanın növü baxımından iş materialları ekpertizaya göndərilməlidir; habelə, ekspert rəyi alınmadan işin icraatının davam etdirilməsi məqsədəmüvafiq deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1012/2021 saylı iş üzrə xx xxxxxx 2021-ci il tarixli qərardadı apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Qürbət Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar