Məhkəmə qərarları › İş №2(103)-3966/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3966/2022

09.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3966/2022 09.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair ilkin, Cavabdeh pul tələbinə dair qarşılıqlı iddiası üzrə çıxarılmış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-726/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2020ci il tarixli müqaviləyə əsasən «Mitsubishi» markalı kondisioner almış və nəticədə 655 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti olan 1296 manat (yəni 18 ay x 72 manat + 0 manat ilkin ödəniş) puldan ümumilikdə 655 manat (596 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq hesablanmış 59 manat cərimə pulu) borcu yaranmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixdə kondisionerdən imtina etmiş və məhsul 700 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 700 manat təşkil edir. Cavabdehdən 596 manat ödənilməmiş hissə, 59 manat cərimə borcu, ümumilikdə 655 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Öz növbəsində, iddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı «pul» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək nasaz məhsulun demontajı üçün 100 manat pul məbləği və kondisionerin montajı zamanı kran xidməti üçün 50 manat, demontaj zamanı isə kran xidməti üçün 30 manat, ümumilikdə 180 manat əsassız alınmış pul məbləğinin iddiaçıdan alınaraq ona verilməsi və "xxxx" MMC-nin ona 596 manat ödənilməmiş hissə, 59 manat cərimə borcu, ümumilikdə 655 manat borcu, 30 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə atası X2 iddiaçı "xxxx" MMC ilə müqavilə bağlayaraq 18 ay x 72 manat + 0 manat ilkin ödəniş şərti ilə alqı-satqı qiyməti 1296 manat olan «Mitsubishi» markalı kondisioner almışdır. Razılaşmaya əsasən bu tutulmalar atasının təqaüd kartından aparılmalı idi. X6 əlil olduğundan şəxsən mağazaya gedə bilmədiyinə görə onu təmsil etmək üçün iddiaçıya etibarnamə vermişdir. Lakin qanunsuz olaraq müqavilə onun adına rəsmiləşdirilmişdir. Atası xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Müqavilə bağlanılan zaman iddiaçı heç bir yerdə işləməmişdir, hal-hazırda da işləmir və onun adına müqavilənin rəsmiləşdirilməsi əsassız olmuşdur. Kondisionerin nasaz olduğunu aşkar edib, 14 gün ərzində müraciət edərək məhsulu geri qaytarmaq niyyətində olduqlarını bildirmişlər. Şirkətin məsuliyyətsizliyindən kondisionerin demontajı gecikmişdir və nəticədə demontaj xx.xx.2020-ci il tarixdə həyata keçirilmişdir. Heç bir borcu yoxdur. Eyni zamanda nasaz məhsulun demontajı üçün 100 manat pul məbləği və kondisionerin montajı zamanı kran xidməti üçün 50 manat, demontajı zamanı isə kran xidməti üçün 30 manat, ümumilikdə 180 manat məbləği əsassız olaraq onlardan alınmışdır. Bu ödənişlərlə bağlı qəbzlər də mövcuddur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-726/2022 saylı qətnaməsi ilə ilkin iddia tələbi təmin edilmiş, ilkin iddia üzrə Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 596 (beş yüz doxsan altı) manat ödənilməmiş hissə, 59 (əlli doqquz) manat cərimə pulu, ümumilikdə 655 (altı yüz əlli beş) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq ilkin iddia üzrə iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmiş, qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Qətnamədən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli qətnaməsinin ləğv olunması, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Müqavilə pandemiya dövründə bağlanmış, ən sərt karantin rejiminə düşmüş, istehlakçı məhsulu aldıqdan sonra, elə həmin gün və onun ertəsi günündən başlayaraq, kondisioner məhsulunda ciddi şəkildə nasazlıqlar olduğu məlum olmuş, şəxs bu barədə dərhal ofisə, satış dükanına, servisə və aidiyyəti üzrə lazım olan hər yerə məlumat versə də, (telefon vasitəsi ilə) həmin idarələr ümumiyyətlə telefonları götürməmiş, bütün təşkilatlar hamısı demək olar ki, tam şəkildə bağlı olmuş, fəaliyyət göstərməmişdir. Şəxsin ümumiyyətlə evdən çıxmağa hüququ olmamışdır ki, o, çöllərə düşüb günlərlə, aylarla şikayət etməklə məşğul olsun. Mövcud sərt karantin şəraitində yalnız 2 aydan sonra 1-2 usta gələrək, başdan kənar edərək, təmir görünütüsü yaradaraq çıxıb getmişlər. Məhkəmə bu halların heç birinə lazımi qiymət verməmiş, məhsulun cavabdehdən alınaraq götürülməsini və onun əvəzində hansı tədbirlər görülməsi barədə heç bir sübutu əldə etmədən ilk iddia üzrə cavabdehin əleyhinə qətnamə çıxarmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 726/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə ilkin iddia rədd rədd, qarşılıqlı iddia təmin edilməli və nasaz məhsulun demontajı üçün 100 manat pul məbləği və kondisionerin montajı zamanı kran xidməti üçün 50 manat, demontajı zamanı isə kran xidməti üçün 30 manat, ümumilikdə 180 manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq Cavabdeh ödənilməlidir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 27 iyun 2020ci il tarixli, № 20372952 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, "xxxx" MMC «Mitsubishi» markalı kondisioneri Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 72 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 05 noyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixli müqaviləsi üzrə 596 manat ödənilməmiş hissə, 59 manat dəbbə pulu olmaqla, ümumilikdə 655 manat borcu vardır. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən xx.xx.2020-ci il tarixdə «Mitsubishi» markalı kondisionerdən imtina etmiş və məhsul 700 manat qiymətləndirilib onun borcundan silinməklə, geri qaytarılmışdır. İş materiallarında olan ABC Telecom» MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan «Kontakt Home»un xx.xx.2020-ci il tarixli qəbzin surətindən görünür ki, müştəri Cavabdeh tərəfindən kondisionerin montaj edilməsi üçün 90 manat ödəniş edilmişdir. Məsul şəxs Qəmbərov Elməddin malları təhvil almış, heç bir qüsur aşkar etməmişdir. İş materiallarında olan «Kontakt Home»un xx.xx.2020-ci il tarixli qəbzin surətindən görünür ki, müştəri Cavabdeh tərəfindən kondisionerin demontajı üçün 10 manat ödəniş edilmişdir. Məsul şəxs Səfərəliyev Nicat malları təhvil almış, heç bir qüsur aşkar etməmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, borclu Cavabdeh ilə xx.xx.2020-ci il tarixdə «Mitsubishi SRK25ZSP/SRC25ZSP-W (R32) (inverter)» markalı kondisioner almaqla "xxxx" MMC arasında müqavilə bağlanılmışdır. Cavabdeh müqavilə şərtlərini pozduğuna görə öz razılığı əsasında «Mitsubishi SRK25ZSP/SRC25ZSP-W (R32) (inverter)» markalı kondisioner geri qaytarılmış və birtərəfli qaydada qiymətləndirilmişdir. «Mitsubishi SRK25ZSP/SRC25ZSP- W (R32) (inverter)» markalı kondisioner 700 manat dəyərində qiymətləndirilmiş və ümumi borcundan silinmişdir. Hal-hazırda Cavabdeh "xxxx" MMC-yə ümumilikdə 655 manat əsas borc, 30 manat dövlət rüsumu borcu qalmışdır. İddiaçı iddia edir ki, cavabdeh aldığı kondisionerdən imtina etmiş və məhsul 700 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin müqavilə üzrə digər ödənişləri olmadığından, onun 596 manat ödənilməmiş hissə, 59 manat cərimə olmaqla, cəmi 655 manat borcu vardır. Cavabdeh isə iddiaya etiraz edir və bildirir ki, kondisionerin nasaz olduğunu aşkar etdikdən 14 gün ərzində müraciət edərək məhsulu geri qaytarmaq niyyətində olduğunu bildirib. Şirkətin məsuliyyətsizliyindən kondisionerin demontajı gecikmiş və nəticədə xx.xx.2020-ci il tarixdə demontaj edilmişdir. Onun iddiaçıya heç bir borcu yoxdur. Eyni zamanda nasaz məhsulun quraşdırılması və demontajı üçün ümumilikdə 180 manat məbləğ ondan əsassız olaraq alınmışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600, 601ci maddələrini mübahisəyə tətbiq edərək belə qənaətə gəlmişdir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə qarşılıqlı iddianı rədd edərkən mövqeyini Mülki Prosessual Məcəllənin 14.2, 76, 77-ci maddələri ilə əsaslandırmış və qeyd etmişdir ki, qeyd olunan avadanlığın əvvəldən qüsurlu olduğuna, demontaj pullarının ödənilməsi ilə öhdəliyin iddiaçının üzərinə düşməsinə dair sübutlar təqdim etməmişdir. Məhkəmə həmçinin onu da qeyd etmişdir ki, cavabdeh quraşdırılan avadanlığın nasaz olmasını bildirsə də, yalnız şirkətdən avadanlığın qaytarılmasını təkid etmişdir ki, ilk öncə yaranmış nazaslığın aradan qaldırılıb-qaldırıla bilməməsi ilə bağlı mübahisənin həll olması zəruridir. Bu həll olmadığı təqdirdə quraşdırılan avadanlığın yenisi ilə əvəz olunması və ya qaytarılması məsələsinə baxıla bilərdi. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, ilk iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş müştərinin müraciəti üzrə aparılan hərəkətlərin qeydiyyatının aparılmasına dair çıxarışından görünür ki, cavabdeh xx.xx.2020-ci il tarixdə müraciət edərək kondisionerin ümumiyyətlə soyutmadığını bildirmiş, bununla bağlı həmin ünvana ilk iddiaçı tərəfindən göndərilmiş usta tərəfindən baxış keçirilərək pultda rejimin qarışdığı müəyyən olunmuş və qüsur aradan qaldırılmışdır. xx.xx.2020-ci il tarixdə ilkin iddia üzrə cavabdeh təkrar müraciət edərək kondisionerin sərinlətmədiyini bildirmiş və cihazın dəyişdirilməsini tələb etmişdir. Cihaz 30 dəqiqə yoxlanılaraq qüsur aşkar edilməmişdir. xx.xx.2020-ci il tarixdə isə yenidən müraciət edərək cihazın demontaj olunmağını və ünvandan götürülməsini bildirmiş, bunun üçün 100 manat ödəniş etmişdir. xx.xx.2020-ci ildə də yenidən müraciət etsə də, kran təşkil olunmadığı üçün demontaj baş tutmamışdır. xx.xx.2020-ci ildə də müştəri ilə əlaqə saxlanılmış, kran təşkil edəcəyini bildirmişdir. xx.xx.2020-ci ildə isə cihaz ünvanda yoxlanılmış, qüsur aşkar olunmamış, normal işləmiş, demontaj olunub servisə gətirilmişdir. xx.xx.2021-ci ildə isə avadanlıqda boru sisteminin svarkalanmalı (qaynaq edilməli) olduğu bildirilmiş, müştəri telefon vasitəsilə məhsuldan imtina etmişdir. xx.xx.2021-ci ildə avadanlıqda iç blokda radiator başlıqları yenilənmiş, qaz əlavə olunmuş və bundan sonra kondisioner normal işləmişdir. Bu qeydlərdən belə məlum olur ki, ilk iddiaçının satmış olduğu kondisioner qarşılıqlı iddiaçının yaşadığı ünvanda quraşdırıldıqdan artıq 2 gün sonra qarşılıqlı iddiaçı həmin kondisionerin normal işləməməsi ilə bağlı ilk iddiaçıya müraciət etmiş, kondisionerə baxış keçirilmiş və pultun rejimində nasazlıq müəyyən edilmiş, bundan bir neçə gün sonra qarşılıqlı iddiaçı ikinci dəfə müraciət edərək kondisionerin normal işləməməsindən şikayətlənmiş və onun yenisi ilə əvəz edilməsini xahiş etmişdir. Bundan sonra kondisionerin demontaj edilməsi qərara alınmışdır. Göründüyü kimi, qarşılıqlı iddiaçının niyyəti həmin kondisionerdən imtina edilməsi deyil, həmin kondisionerin normal işləmədiyi üçün yenisi ilə əvəz edilməsi olmuşdur. Lakin ilk iddiaçı kondisionerin demontaj edilməsini guya qarşılıqlı iddiaçının həmin kondisionerdən imtina etməsi ilə izah edir. Halbuki iş materiallarında qarşılıqlı iddiaçının almış olduğu kondisionerdən heç bir səbəb göstərmədən imtina etməsinə dair hər hansı sübut yoxdur. Qarşılıqlı iddiaçının kondisionerin geri qaytarılması ilə bağlı müraciəti isə onun maldan imtina etməsi kimi deyil, həmin malın lazımi keyfiyyətdə olmadığı üçün yenisi ilə əvəz edilməsi ilə bağlı olmuşdur. İlk iddiaçı həmin kondisionerin saz vəziyyətdə olmasını və normal işləməsini bildirir. Lakin onların özləri tərəfindən aparılmış qeydlərdən görünür ki, artıq kondisionerin quraşdırıldığı ikinci gündə onun işləməsində nasazlıqlar mövcud olmuşdur. Bundan sonra keçın qısa müddət ərzində də bununla bağlı qarşılıqlı iddiaçı tərəfindən bir neçə dəfə müraciətlər olmuş və yalnız bundan sonra həmin kondisionerin demontaj edilməsi qərara alınmışdır. Göründüyü kimi, kondisionerin demontaj edilərək geri qaytarılması qarşılıqlı iddiaçının həmin maldan imtina etməsi ilə bağlı yox, bu malın lazımi keyfiyyətdə olmaması ilə bağlı olmuşdur. Belə olan halda, həmin kondisionerin lazımi keyfiyyətdə olmasını sübut etmək yükü ilk iddiaçının üzərinə düşür. İlk iddiaçı öz iddiasının əsası kimi ona istinad etmişdir ki, həmin kondisioner demontaj edildikdən sonra servis mərkəzinə göndərilmiş və onda hər hansı qüsur aşkar edilməmiş, baxışdan sonra kondisioner 700 manat qiymətləndirilərək MMC-nin Outlet bölməsi tərəfindən həmin qiymətə başqa müştəriyə satılmışdır. Lakin ilk iddiaçı bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə, yuxarıda qeyd edilən müştərinin müraciəti üzrə aparılan hərəkətlərin qeydiyyatının aparılmasına dair çıxarışından görünür ki, həmin kondisioner xx.xx.2020-ci ildə demontaj olunduqdan sonra yalnız xx.xx.2021-ci ildə diaqnostika olunmuş və iş blokda radiator başlıqları yenilənmiş, 635 qram R32 qaz əlavə edilmiş və bundan sonra cihaz normal işləmişdir. Bütün qeyd edilənlər onu deməyə əsas verir ki, ilk iddiaçı tərəfindən qarşılıqlı iddiaçıya satılmış kondisioner lazımi keyfiyyətdə olmamış, məhz bu səbəbdən də sonuncunun müraciəti əsasında həmin kondisioner demontaj edilmişdir. İddiaçı avadanlığın başqa şəxsə satıldığını, normal işlədiyini və onda heç bir problem olmadığını bildirsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olduğu təqdirdə, qarşılıqlı iddiaçının almış olduğu saz vəziyyətdə olan kondisionerdən imtina etməsi və onu satıcıya geri qaytarması barədə ilk iddiaçının dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir. Birinci instansiya məhkəməsi ilkin iddia tələbini təmin edərkən tərəflər arasında bağlanmış müqavilə şərtlərinə istinad etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 20372952 saylı müqavilənin 3-cü bəndinə əsasən müştəri bu müqavilənin şərtini pozduğu halda, malı satıcının tələbi ilə geri qaytarmalıdır. Satıcı qaytarılmış malın dəyərini birtərəfli aktla qiymətləndirib müştərinin satıcıya olan borcunun bağlanmasına yönəltmək hüququna malikdir. Müştəri qiymətləndirmə aktı ilə razılaşmadığı halda, o borcu bağlamaq şərti ilə qiymətləndirilmiş malı geri ala bilər. Müqavilənin bu şərtlərindən müəyyən olunur ki, həmin şərtlərin tətbiq edilməsi üçün müştəri müqavilənin şərtlərini pozmalı, satıcı malı müştəridən geri tələb edərək götürməli və onu birtərəfli qaydada qiymətləndirərək müştərinin borcuna yönəltməli, bu qiymətləndirmə barədə müştərini məlumatlandırmalıdır. Çünki müqavilənin həmin şərtləri ilə müştəri qaytarmış olduğu malı geri almaq hüququna malikdir. Lakin hazırkı işin hallarından müəyyən olunur ki, satıcı (ilk iddiaçı) malın qaytarılmasını alıcıdan (qarşılıqlı iddiaçı) tələb etməmiş, əksinə alıcı həmin malın lazımi keyfiyyətdə olmasından narazılıq edərək onun dəyişdirilməsini tələb etmişdir. Bunu tələb edərkən isə alıcının satıcı qarşısında icra edilməmiş hər hansı öhdəlikləri olmamışdır. Bundan başqa, kondisionerin demontaj olunduqdan sonra ilk iddiaçı tərəfindən birtərəfli qaydada qiymətləndirilməsi, qarşılıqlı iddiaçıya bu qiymətləndirmə barədə məlumat verilməsi, həmin qiymətləndirmə ilə razı olub-olmadığını bildirməyə, habelə qaytarılmış malı geri almağa imkan yaradılması iş materialları ilə müəyyən edilmir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin cavabdehin müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etmədiyindən, ilkin iddiaçının yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olması ilə bağlı gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 1-ci bəndinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Mülki Məcəllənin 587-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı (apellyator) öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyindən ilkin iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Qarşılıqlı iddiaya münasibətdə kollegiyanın mövqeyi ondan ibarətdir ki, avadanlığın quraşdırılması və demontajı üçün qarşılıqlı iddiaçının ümumilikdə 180 manat xərcləməsi işin mübahisələndirilməyən halıdır. Müştəri həmin xərcləri tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin 3.10-cu bəndinə əsasən çəkmişdir. Həmin bəndə əsasən müştəri satıcının razılığı ilə müvafiq çatdırılma, quraşdırılma, daşınma, sökülmə xərclərininqarşıladığı halda malı geri qaytara bilər. Göründüyü kimi, bu xərclərin müştəri tərəfindən qarşılanması yalnız həmin malın onun tərəfindən gerı qaytarılması halında nəzərdə tutulmuşdur. Bu bənddə birbaşa göstərilməsə də, aydındır ki, burada söhbət saz vəziyyətdə müştəriyə satılmış malın onun tərəfindən hər hansı səbəbdən geri qaytarılmasından gedir. Hazırkı işin araşdırılan hallarından isə qarşılıqlı iddiaçının almış olduğu malın saz vəziyyətdə olması müəyyən edilməmişdir. Belə olduğu təqdirdə qarşılıqlı iddiaçının tələb etdiyi 180 manat onun lazımi keyfiyyətdə olmayan malın satılması nəticəsində çəkmiş olduğu xərc kimi qiymətləndirilməlidir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 2-ci bəndinə əsasən satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. İri qabaritli və ağırçəkili malların istehlakçıdan satıcıya (icraçıya) qaytarılması və dəyişdirilərək yenidən istehlakçıya çatdırılması satıcının (icraçının) hesabına həyata keçirilir. Göründüyü kimi, adıçəkilən qanunun 7-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən qarşılıqlı iddiaçı kondisionerin demontajı ilə bağlı çəkmiş olduğu xərci qarşılıqlı iddia üzrə cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Ona görə də həmin məbləğ iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən Cavabdeh xeyrinə tutulmalıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qarşılıqlı iddia ilə bağlı gəldiyi nəticə də işin hallarına uyğun olmamışdır. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, həmin Məcəllənin 385.1.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iddianın mübahisələndirilən hissəsi həm ilk, həm də qarşılıqlı iddia tələbləri üzrə 5000 manatdan az olduğundan bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : Apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 726/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair ilkin iddiası rədd edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «pul» tələbinə dair qarşılıqlı iddiası təmin edilsin. Nasaz məhsulun demontajı üçün 100 manat pul məbləği və kondisionerin montajı zamanı kran xidməti üçün 50 manat, demontajı zamanı isə kran xidməti üçün 30 manat, ümumilikdə 180 manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq Cavabdeh ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar