Məhkəmə qərarları › İş №2(103)-3966/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3966/2024

08.07.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3966/2024 08.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinə qarşı mülki iş üzrə (Açar sözlər: işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Cavabdeh direktoru X4 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(011)-2893/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı xx.xx.2001-ci il tarixdə 1 saylı Uşaq İncəsənət məktəbinə fortepiano ixtisası üzrə müəllim təyin edilmişdir.

2. Cavabdeh xx.xx.2023-cü il tarixli 38 nömrəli əmri ilə İddiaçı - fortepiano ixtisası üzrə müəllim, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi ilə dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisinin çalışmanın yaş həddinə çatması ilə əlaqədar xx.xx.2023-cü il tarixdən əmək müqaviləsi ləğv edilərək işdən azad edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh direktoru tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli, 38 nömrəli əmrin ləğv olunması, məktəbdə yenidən “fortepiano müəllimi” kimi işə bərpa olunması və işləmədiyi dövr üçün ödənilməyən əmək haqlarının ona ödənilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1958-ci il tarixdə Şəki şəhərində anadan olmuşdur. 1977-1981-ci illərdə Şəki orta ixtisas musiqi məktəbində fortepiano ixtisası üzrə təhsil almışdır. 1981-ci ildə həmin kolleci fortepiano ixtisası üzrə bitirmişdir. 2000-ci ilə kimi Şəki şəhərində musiqi müəllimi kimi işləmiş, 2000-ci ildən xx.xx.2023-cü il tarixinədək Xətai rayonu, Cavabdehndə fortepiano müəlliməsi işləmiş və xx.xx.2023-cü il tarixində onun əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2023-cü il tarixində 65 yaşı tamam olduğu üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10- 1.1-ci maddəsinə əsasən məktəb tərəfindən xx.xx.2023-cü il tarixli 38 nömrəli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinin ləğv olunması ilə bağlı inzibati qaydada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və digər aidiyyəti qurumlara şikayət göndərmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin cavab məktubunda bildirilmişdir ki, işə bərpa olunmaqla bağlı məhkəməyə müraciət etsin. Halhazırda həyat yoldaşı ilə birgə yaşayır və yoldaşı ağır ürək xəstəsidir. Ailənin gəliri onun və yoldaşının birlikdə aldığı 850 manat əmək pensiyası məbləğindən ibarətdir. İşlədiyi 42 il ərzində qüsursuz, nümunəvi müəllimə kimi fəaliyyət göstərmişdir və dəfələrlə təşəkkürlər almışdır. Həmçinin qeyd edir ki, oğlu X1 Müharibəsi və anti-terror əməliyyatları qazisidir, müharibə veteranıdır. 1 oğlu və 1 qızı var. Oğlu hərbi kapitan rütbəsində həkim kimi Vətən Müharibəsində və anti-terror əməliyyatlarında ön cəbhədə vuruşub və bu xidmətlərinə görə cənab Prezident Ali Baş Komandan, Baş Nazir və Müdafiə Naziri tərəfindən medallarla təltif olunmuşdur. Belə ki, oğlu Cənab Ali Baş Komandan tərəfindən “Fizulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə, Baş Nazir tərəfindən “Vətən müharibəsi iştirakçısı” medalı ilə, Müdafiə Naziri tərəfindən “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli və “Qüsursuz Xidmətə görə” 3-cü dərəcəli medalları ilə təltif olunmuşdur. Anti-terror əməliyyatlarında iştirak edən hərbiçilərin təltif olunması üçün işlər aparılır. Hal-hazırda oğlu kapitan rütbəsində hərbi həkim kimi orduda xidmət edir. İşlədiyi musiqi məktəbində yeganə şəxs iddiaçıdır ki, oğlu müharibələrdə iştirak etmişdir. Heç bir şəxsin övladı ölkə üçün əhəmiyyət kəsb edən son müharibədə iştirak etməmişdir. Beləliklə, 42 il ərzində qüsursuz fəaliyyəti, ailənin maddi vəziyyətinin aşağı olması, oğlu X2 Vətən Müharibəsində və antiterror əməliyyatlarında şücaətlə iştirak etməsini nəzərə alaraq, qazi və veteran anası kimi barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli 38 nömrəli əmrin ləğv olunmasını, yenidən Cavabdehndə işə bərpa edilməsini və işləmədiyi dövr üçün ödənilməyən əmək haqlarının ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş edir.

5. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)- 2893/2024 nömrəli qətnaməsi ilə (hakim A.A.Abdullayeva) iddia təmin edilməmişdir.

6. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı 2001-2023-cü illər ərzində Cavabdehndə fortepiano ixtisası üzrə müəllim vəzifəsində işləmişdir. O, 65 yaşına çatdığından Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir.

7. Məhkəmə hesab etmişdir ki, iddiaçının işdən azad edilməsi qanunvericiliyin tələbləri qaydasında həyata keçirildiyindən və onunla əmək müqaviləsinin uzadılmasının məcburiliyi barədə şərt qanunvericilikdə nəzərdə tutulmadığından, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə iddia tələbləri təmin edilməməlidir

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1, 10-1.2, 10-1.3, 10-1.4, 10-1.5, 10-1.6-cı maddələrinə, 70-ci maddəsinin “e” bəndinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin "e" bəndinə əsasının (çalışmanın yaş həddinə çatması) ona tətbiq edilərək əmək müqavilənin ləğv edilməsinin zəruriliyi əsaslandırılmalıdır. Zərurilik yaş həddinə çatmağı kimi əsaslandırıla bilməz. Çünki çalışmanın yaş həddinə çatmağı əmək müqaviləsinin ləğv edilməsinin əsasıdır. Yəni, o, 65 yaşına çatdığına görə onun əmək müqaviləsinə xitam verilə bilər, amma o iddia qaldırsa, məktəbin direktoru niyə əmək müqaviləsini uzaltmadığına görə zərurliliyi əsaslandırmalıdır. Bu zərurilik, məsələn, 2 faiz məsələsi ola bilər və digər zərurilik ola bilər. Bundan başqa, Əmək Məcəlləsinin 12-ci maddəsinin "f" bəndinə əsasən işəgötürən işçini işdən azad edərkən işçilərə eyni yanaşma və bərabər imkanlar yaratmalıdır. Yəni məktəbin direktoru əmək müqaviləsini uzadan zaman Qanuni əsaslara söykənməlidir. Qısa məzmunda çalışma müddəti uzaldılmış işçinin əmək müqaviləsinə xitam verilmiş işçidən iş baxımından üstün olması direktor tərəfindən aydınlaşdırılmalıdır. Şəxsi istəklərinə uyğun müqavilənin uzaldılması qanunvericilikdə yoxdur. Qətnamədə iddianın təmin edilməməsinə əsas olan Əmək Məcəlləsinin 10-1.5-ci maddəsinin ona tətbiq olunması ilə bağlı Süleyman Ələsgərov adına 1 Saylı Uşaq İncəsənət Məktəbinin ştat sayını sübut edən heç bir sənədin tarixi və nömrəsi qeyd edilməyib. Qətnamədə sözügedən məktəbdə çalışma müddəti əmək müqaviləsi ilə uzaldılmış işçilərin sayını sübut edən heç bir sənəd nömrəsi və tarixi qeyd olunmayıb. Əmək müqaviləsinin uzaldılmasının məcburiliyi barədə şərtin qanunvericilikdə nəzərdə tutulmaması əsasında iddiası təmin olunmayıb ki, qətnamədə bu əsasın əsaslandırılması üçün Əmək Məcəlləsinin 70-ci, 71-ci və 12-ci maddəsinə heç bir yerdə istinad olunmayıb. Halbuki, bu maddələr məcburilik şərtinin bəzi hallarda tətbiqini zəruri edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz verərək qeyd etmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə görə, dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Göründüyü kimi, dövlət büdcəsindən maliyyələşən müəssisənin yaş həddinə çatmış işçisinin çalışma müddətinin mütləq olaraq uzadılması ilə bağlı müəssisə rəhbərinin üzərinə qanunvericiliklə hər hansı bir vəzifə qoyulmamışdır. Yəni müəssisədə 65 yaşla bağlı çalışma müddəti uzadılmış işçilərin olmadığı halda belə, 65 yaşına çatmış bu və ya digər işçinin çalışma müddəti uzadıla və ya uzadılmaya bilər. İddiaçının qaldırdığı digər məsələlərin, o cümlədən Əmək Məcəlləsinin 10-1.5-ci maddəsinin onun işdən azad edilməsinə və ya edilməməsinə heç bir aidiyyəti yoxdur. Yuxarıda qeyd edilənlərə və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən müəllim İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi hər bir halda qanunauyğundur və qanun pozuntusuna yol verilməmişdir. Odur ki, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə qarşı etirazın məzmununa uyğun izahat verərək şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 10-1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Maddə 10-1.2. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Maddə 10-1.3. Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər. Maddə 10-1.4. Bu Qanunun 10-1.2-ci və 10-1.3-cü maddələrinə uyğun olaraq müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışma müddəti uzadılmış işçilərin sayı həmin sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrin işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz. Maddə 10-1.5. Müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən hər bir müəssisənin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq ola bilməz. Müəssisənin işçilərinin sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır. Maddə 11.“b”. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70. “e”. Dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Hazırkı işdə iddia təmin olunmadığından və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin və ona verilmiş etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

19. İşdən müəyyən olunur ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür, o, 2001-2023cü illər ərzində Cavabdehndə fortepiano ixtisası üzrə müəllim vəzifəsində işləmiş və 65 yaşına çatdığından Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir.

20. Əmək qanunvericiliyinin tələblərindən göründüyü kimi, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir və bu yaşa çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər.

21. Göründüyü kimi, 65 yaşa çatmış işçi ilə əmək münasibətlərinin davam etdirilməsi işəgötürən müvafiq dövlət orqanının rəhbərinin vəzifəsi kimi əmək qanunvericiliyində əks olunmamışdır. Əmək qanunvericiliyi işəgötürənin üzərinə yalnız əmək münasibətləri davam etdirilmiş 65 yaşa çatmış işçilərin sayı ilə bağlı məhdudiyyət qoymuşdur.

22. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət edilmiş, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli əmrdə əmək müqaviləsinin ləğv edilməsi əsası göstərilmiş, cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir.

23. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-2893/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar