Məhkəmə qərarları › İş №2(103)-3967/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3967/2020

16.06.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3967/2020 16.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-157/2020 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus əşyaların iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şosesi, 58-ci km, 110B ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması, həmin qeyri-yaşayış sahəsindən istifadə etməyinə cavabdeh tərəfindən edilən qanunsuz müdaxilələrə son qoyulması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(002)- 157/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi və vəkili Vəkil isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şosesi, 58-ci km, 110B ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətində və cavabdehin sahibliyindədir. İddiaçı bildirir ki, cavabdeh qanunsuz olaraq onun mülkiyyətində olan həmin qeyriyaşayış sahəsini zəbt edərək əşyalarını oraya yerləşdirmişdir. O, dəfələrlə cavabdehə xəbərdarlıq edərək qeyri-yaşayış sahəsinin boşaldılmasını tələb etmiş, lakin heç bir nəticə əldə olunmamışdır. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, həmin qeyri-yaşayış sahəsi əvvəllər dövlət mülkiyyətində olmaqla Dövlət Neft Şirkətinin balansında olmuş və onun ikinci qrup əlilliyi nəzərə alınaraq 2013-cü ildə bağlanmış müqavilə əsasında ona icarəyə verilmişdir. Daha sonra onun kifayət qədər maddi imkanı olmadığı üçün icarə haqqını mütəmadi olaraq ödəyə bilməmiş, yığılan icarə borcunun ondan tutulması barədə qətnamə qəbul edilmişdir. 2014-cü ildən sonra həmin qeyri-yaşayış sahəsi ƏMDK-nin balansına verilmiş, həmin dövrdə maddi imkansızlığı səbəbindən onu özəlləşdirə bilməmişdir. Sonradan keçirilmiş hərrac barədə ona ƏMDK tərəfindən məlumat verilməmiş və qeyri-yaşayış sahəsinin iddiaçıya satıldığını bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, yalnız bu üç şərtin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər, Hazırkı işdə də həmin şərtlər mövcuddur. Belə ki, mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçının mülkiyyətində olması və həmin sahənin cavabdehin sahibliyində olması işin mübahisəsiz hallarıdır. Eyni zamanda həmin sahiblik qanunsuzdur. Çünki cavabdehin həmin qeyri-yaşayış sahəsinə hər hansı bir hüququ mövcud deyildir. Cavabdehin istinad etdiyi dəlillər isə əsassızdır. Belə ki, onunla Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında bağlanmış xx.xx.2013-cü il tarixli icarə müqaviləsinin 9.1-ci bəndinə görə müqavilə xx.xx.2014-cü il tarixədək qüvvədə olmuşdur. Həmin tarixdən sonra müqavilə müddətinin uzadılması barədə isə hər hansı sübut təqdim edilməmişdir. Eyni zamanda mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçının adına qanuni olaraq özəlləşdirilib-özəlləşdirilməməsi və ya hərracın qanuni əsaslarla keçirilibkeçirilməməsinin mübahisənin həllinə heç bir təsiri yoxdur. Çünki həmin hallar hazırki mübahisənin predmeti deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı mülkiyyətində olan qeyriyaşayış sahəsindən cavabdehin çıxarılmasını və müdaxilələrə son qoyulmasını tələb etməkdə haqlıdır və birinci instansiya məhkəməsi düzgün olaraq iddianın təmin edilməsi nəticəsinə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-157/2020 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar