Məhkəmə qərarları › İş №2(103)-397/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-397/2022

23.02.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-397/2022 23.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi Cavabdeh qarşı ərazinin bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə məktəbin stadion tərəfində yerləşən hasarının sökülərək əvvəlki yerində bərpa edilməsi, inşa edilən tikilinin sökülməsi və həmin ərazinin məktəbin istifadəsinə qaytarılması öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Əsədova, iş № 2(005)-1106/21) iddia təmin edilməmişdir. Hazırda iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 34 nömrəli tam orta məktəbin ərazisində kənar şəxs tərəfindən tikinti işləri aparılarkən məktəb direktoru nazirliyə müraciət etmiş, məktəbin ərazisində aparılan tikinti işləri ilə bağlı nazirliyin əməkdaşları məktəbdə olmuş, ərazidə aparılan tikinti işləri dayandırılmış və həmin şəxs ərazidən çıxarılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, məktəbə məxsus torpaq sahəsinin bir hissəsinə müdaxilə edilmiş və məktəbin hasarının yeri dəyişdirilmiş və nəticədə 300.0 kv.metr ərazi zəbt edilmişdir. Digər tərəfdən, məktəbə məxsus ərazinin 520.0 kv.metr hissəsində yaşayış binasının inşası aparıldığı müşahidə edilmişdir. Tikinti aparılan torpaq sahəsinin məktəbə məxsus olmasını nəzərə alaraq tikinti işlərinin dayandırlması ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə və Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilmişdir. Səlahiyyətli orqanlara müraciət edilməsinə baxmayaraq tikinti işləri dayandırılmamış və tikintiyə icazə verilməsi barədə Nərimanov Rayon İcra Hakimiyyətinin 06.11.2009-cu il tarixli, 384 saylı sərəncamı ləğv edilməmişdir. Lakin məktəbin texniki pasportuna uyğun olaraq yerində baxış keçirilmiş və məlum olmuşdur ki, məktəbə məxsus torpaq sahəsinin təqribən 820,0 kvm hissəsi (hazırda tikinti aparılan 520.0 kvm və məktəbin arxa tərəfindən hasarboyu 300.0 kvm ərazi) kənar şəxs tərəfindən zəbt edilmişdir. Təhsil qanunvericiliyinə və məhkəmə təcrübəsinə əsaslanaraq, texniki pasporta uyğun olaraq məktəbə məxsus ərazinin mənkəmə qaydasında bərpa edilməsinə zərurət yaranmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 05.11.2020-ci il tarixli, **********86 saylı məktubundan görünür ki, texniki pasportda qeyd olunan torpaq sahəsinin Kaveroçkin küçəsi tərəfindən 520.0 kv.metr, məktəbin stadionu tərəf sərhəd boyu hissəsinin 300.0 kv.metr ərazisi zəbt edimişdir. "Təhsil haqında" Azərbaycan Respublikası Qanununun 37.3-cü maddəsinə əsasən, Təhsil müəssisəsi mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır. Bu Qanunun 37.6-cı maddəsinə əsasən, dövlət mülkiyyətində olan təhsil müəssisəsinin özəlləşdirilməsi qadağandır. 1999-cu il tarixdə qəbul edilmiş Azərbaycan Respublikası “Torpaq Məcəlləsi"nin 44-cü maddəsinə əsasən, “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin vəzifələri - torpaqlardan səmərəli istifadə edilməsi və onların mühafizəsi məqsədilə torpaq qanunvericiliyinin tələblərinə bütün dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin əməl etməsini təmin etməkdən ibarətdir. Bu Məcəllənin 46-cı maddəsinə görə, dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarinın, maşın-sınaq stansiyalarının, dövlət sortsınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; habelə, dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mükiyyətində olan torpaqlar hesab edlir. İlkin sənədlərdən göründüyü kimi, fiziki şəxsin adına rəsmiləşdirilmiş Nərimanov Rayon İcra Hakimiyyətinin sərəncamı; sahə Təhsil Nazirliyinin balansında olmaqla məktəbin ərazisidir. Məktəb dövlət müəssisəsi, məktəbin yerləşdiyi torpaq isə dövlət mülkiyyətində olduğundan onun ərazisinin digər şəxslərin adına sənədləşdirilməsi qanunvericiliyin ciddi şəkildə pozulması kimi qiymətlədirilməlidir. Belə ki, qanunvericilik dövlət müəssisəsi olan təhsil müəssisəsinin özəlləşdirilməsini birmənalı olaraq qadağan edir. Qeyd olunan qanunvericilik aktlarına uyğun olaraq, cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsi geri qaytarılmalı və məktəbin ərazisi tam bərpa olunmalıdır. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi X5 və vəkili X6 məhkəmə iclasında izahat verərək iddia tələbinin əsassız olduğunu bildirmiş və rədd olunmasını xahiş etmişlər. İş materiallarında olan Abşeron rayon 1 saylı Evlər İdarəsinin Bakı şəhər İcra Hakimiyyətinin Başçısı H.Abutalıbova ümvanlanmış 03.12.2005-ci il tarixli 41 №-li məktubundan görünür ki, Nərimanov rayonu Kaveroçkin küçəsi 25-də, 760 saylı məhəllədə bir ticarət obyekti və arxa hissəsində sıra nömrəsi mühasibatlıqda qeydiyyatda olan 26, 27, 28, 29, 29a, 30, 50, 48, 31, 31a nömrəli qarajlar ayrı-ayrı şəxslərə hüquqi sənədlərlə məxsus olmuşdur. Göstərilən ünvanda yerləşən ticarət obyekti və qarajlar ünvan 2ğında qeydiyyatdan keçmiş və Evlər İdarəsinin ərazisində olmuşdur. Ticarət obyekti və qarajların yerləşdiyi ərazinin Nərimanov rayonu 34 saylı məktəbin ərazisinə heç bir aidiyyəti yoxdur. Yuxarıda göstərilən ünvanda mütəxəssislərin iştirakı ilə baxış keçirilmiş, ərazidə zəbt olunma halları olmamış və məktəb ərazisinə heç bir müdaxilə olmadığı müəyyən edilmişdir. Bununla belə ərazidə yaşayan sakinlərin sizə etdiyi 24.06.05 tarixli müraciətdə, yuxanda yazılanlar öz əksini tapmışdır. Müraciətin surəti məktuba əlavə olunur. Nəzərə çatdırılır ki, 1 saylı Evlər İdarəsi Nərimanov rayonu Kaveroçkin küçəsi bina 25-də yerləşir. İşdə olan Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının müavininin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavininə ünvanlanmış 25.06.2020-ci il tarixli 1/415 №-li məktubundan görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müraciətinə əsasən Nərimanov Rayon İcra Hakimiyyətinə (NRİH) ünvanlamış "34 saylı tam orta məktəbin istifadəsində olan torpaq sahəsində”, Kaveroçkin küçəsi 27 ünvanında inşa edilmiş fərdi yaşayış evinin sökülməsi və bununla bağlı NRİH başçısının 06.11.2009-cu il tarixli, 384 №-li Sərəncamının ləğv edilməsi məsələsinə münasibət bildirilməsi barədə məktuba baxılmış və məsələ araşdırılmışdır. Məktubda qeyd edilmiş NRİH başçısının 06.11.2009-cu tarixli, 384 №-li Sərəncamı ilə vətəndaş X4, özünəməxsus çoxsaylı fərdi qarajların (notarial qaydada təsdiq edilmiş etibarnamələr və alqı-satqı müqavilələrinə əsasən əldə olunmuşdur) sökülüb yerində, razılaşdırılmış layihəyə uyğun, fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Lakin bu ev məktubda qeyd edilmiş ünvanda, yəni Kaveroçkin küçəsi 27də deyil, qonşu ərazidəki Sarabski küçəsi 58 ünvanında yerləşir. Kaveroçkin küçəsi 27 ünvanında inşa edilmiş fərdi evə gəldikdə isə bildiririk ki, qeyd olunan ərazidə əvvəllər ayrı-ayrı vətəndaşlara məxsus olmuş, Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən texniki pasportları tərtib edilmiş fərdi qarajları və qeyriyaşayış sahələrini alqı-satqı yolu ilə əldə etmiş vətəndaş Cavabdeh tərəfindən həmin tikililər sökümüş və yerində 2004-cü ildə fərdi yaşayış evi tikilmişdir. Mövcud tikili 2014-cü ildə qüvvəyə minmiş Şəhərsalma və Tikinti Məcəlləsindən öncə inşa edildiyindən NRİH başçısının 03.10.2017-ci il tarixli, 395 №-li Sərəncamı ilə mövcud vəziyyətdə vətəndaş Cavabdeh adına sənədləşdirilmiş və fərdi yaşayış evinin istismarına icazə aktı tərtib edilmişdir. Qeyd etmək istəyirik ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi (hazırda Dövlət Xidməti) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 14.02.2020-ci il tarixli, **********24 №-li sorğu müraciətinə əsasən NRİH-in 18.03.2020-ci il tarixli, 1/203 №-li məktubu ilə məlumat verilmiş, həmçinin həmin fərdi yaşayış evinə dair hüquqların dövlət Bununla yanaşı bildirilir ki, yuxarıda qeyd olunan fərdi evlərin yaxınlığında yerləşən 34 №-li tam orta məktəbin həyətyanı sahəsinin zəbt olunub-olunmaması məsələsi 2005- 2020-ci illər ərzində ayrı-ayrı qurumların nümayəndələri, o cümlədən, Təhsil Nazirliyinin hüquq şöbəsinin göstərişinə əsasən həmin məktəbin rəhbərliyinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin və Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri üzrə Ərazi idarəsinin əməkdaşlarının, ərazi baxımından cavabdeh olan 1 saylı Abşeron Rayon Evlər idarəsi rəhbərliyinin, Polis Sahə müvəkkilinin və sair məsul şəxslərin iştirakı ilə yaradılmış komissiyalar tərəfindən dəfələrlə araşdırılmış, nəticə etibarilə məktəb ərazisində zəbt və müdaxilə halları aşkar edilməmişdir. Yuxarıda göstərilənləri diqqətinizə çatdırır və bu evlərlə məktəb ərazisi arasında uzun müddətdir biri-birilərindən təcrid edən daş hasarın mövcud vəziyyətdə yerləşdiyini nəzərə alaraq, NRİH-in müvafiq sərəncamlarının qanunvericiliyin tələblərinə uyğun olduğunu hesab edirlər. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubovun Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ünvanlanmış 25.09.2020-ci il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanında inşa edilmiş fərdi yaşayış evinin sökülərək 34 saylı tam orta məktəbin istifadəsində olan torpaq sahəsinin kənar müdaxilədən azad olunmasına köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə daxil olmuş 24.08.2020-ci il tarixli 04-16-1231/16 nömrəli müraciətinizə X1 Təşkili üzrə Dövlət Agentliyində baxılmışdır. Müraciətinizdə qeyd olunan məsələ ilə bağlı Bakı Ərazi şöbəsinin işçiləri tərəfindən araşdırma aparan zaman ünvan 5 ünvanında yerləşən Bəhruz Sultanov adına 34 nömrəli tam orta məktəbin ərazisinə baxış keçirilmiş və məktəbin faktiki vəziyyətdə mövcud daş hasarının daxilindəki torpaq sahəsinin zəbt edilməsi faktı aşkar edilməmiş, məktəbin hasarından kənarda aparılan qazıntı işləri xəbərdarlıq edilərək saxlanılmışdır. Eyni zamanda müəyyən olunmuşdur ki, müraciətinizdə qeyd edilən fərdi yaşayış evi Nərimanov rayonu 34 saylı tam orta məktəbin mövcud daş hasarından kənarda yerləşir və Nərimanov Rayon icra Hakimiyyəti başçısının 06.11.2009-cu il tarixli 384 nömrəli sərəncamı əsasında alqı-satqı yolu ilə vətəndaşlardan əldə edilərək sökülən fərdi qarajlarının yerində inşa edilmişdir. Göstərilənləri nəzərə alaraq, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 06.11.2009-cu il tarixli 384 nömrəli sərəncamının qanunvericiliyin tələblərinə uyğunluğu, eləcə də məktəbin ərazisinin kənar müdaxilədən azad olunması məsələlərinə baxılması və nəticəsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məlumat verilməsi barədə Bakı Şəhər İcra Hakimiyyətinə və Nərimanov Rayon İcra Hakimiyyətinə 04 iyun 2020-ci il tarixli **********14 nömrəli məktub göndərilmişdir. Nəzərinizə çatdırırıq ki, “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanının 7.1 və 7.2-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət müəssisə və təşkilatlarının rəhbərlərinə sərəncamlarında olan dövlət əmlakının və onun yerləşdiyi torpaq sahələrinin qorunub saxlanması, eyni zamanda Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin razılığı olmadan dövlət müəssisə və obyektlərinin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və digər quraşdırma işlərinin aparılmasına yol verilməməsi və bu sahədə mövcud pozuntuların aradan qaldırılması üçün qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi tapşırılmışdır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı iddia ərizəsi ilə eyni məzmun daşıyan apellyasiya şikayətini MPM-nin 88, 217, 218-ci maddələrinin tələblərinin pozulması, sübutlara düzgün, obyektiv qiymət verilməməsi, qətnamənin işin həqiqi hallarına uyğun olmaması ilə əsaslandırılmışdır. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, 34 saylı məktəbin ərazisinə dair torpaq ayırma sənədlərini (ayrıc aktı və s.) hazırda təqdim etmək imkanına malik deyillər. Belə ki, dəfələrlə arxivə sorğu verilsə də, həmin sənədləri əldə etmək mümkün olmamışdır. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 08 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, iddiaçının tələbi Cavabdeh üzərinə məktəbin stadion tərəfində yerləşən hasarının sökülərək əvvəlki yerində bərpa edilməsi, inşa edilən tikilinin sökülməsi və həmin ərazinin məktəbin istifadəsinə qaytarılması öhdəliyinin qoyulması barədədir. İddia tələbində göstərilir ki, ünvan 1 ünvanında yerləşən 34 nömrəli tam orta məktəbin ərazisində cavabdeh tərəfindən qanunsuz tikinti işləri aparılmış və nəticədə məktəbə məxsus torpaq sahəsinin bir hissəsinə müdaxilə edilməklə məktəbin hasarının yeri dəyişdirilmiş və 300.0 kv. metr ərazi zəbt edilmişdir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə baxışı zamanı aparılan araşdırmalardan mübahisəli tikilinin inşa edildiyi ərazinin məhz iddiaçının qanuni istifadəsində olan ərazi olması müəyyən edilməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında özü də təsdiq etmişdir ki, ünvan 1 ünvanında yerləşən 34 nömrəli tam orta məktəbin ərazi hüdudlarını müəyyən edən sənəd mövcud deyil, bu barədə müvafiq orqanlara edilən müraciətlər nəticəsiz qalmışdır. Yəni, mübahisəli tikilinin məhz 34 nömrəli tam orta məktəbin istifadəsində olan torpaq sahəsi daxilində inşa edilməsi hər hansı sübutla təsdiq olunmur. Belə olduğu halda sözügedən tikilinin inşa edilməsi ilə 34 nömrəli tam orta məktəbin istifadəsində olan torpaq sahəsinə müdaxilədən, göstərilən məktəbin hüquqlarının hər hansı şəkildə pozulmasından söhbət gedə bilməz. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən Kaveroçkin küçəsi 27 ünvanında inşa edilən fərdi yaşayış evinin tikilməsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icazə alınmış, onun müraciəti əsasında Nərimanov rayon İcra Hakimiyyəti başçısının 03.10.2017-ci il tarixli 395 nömrəli sərəncamı verilmiş və fərdi yaşayış evinin istismarına icazə aktı tərtib edilmişdir. Yəni, Cavabdeh göstərilən fərdi yaşayış evini hər hansı torpaq sahəsini qanunsuz zəbt etməklə inşa etməmişdir. Məhkəmə daha sonra müəyyən etmişdir ki, mübahisəli tikilinin inşa edilməsi ilə məktəb ərazisində olan hər hansı sahənin zəbt edilməsi faktı aşkar olunmamışdır. Belə ki, mülki işin materiallarından göründüyü kimi, Cavabdeh mübahisəli tikilini vaxtilə Dövlət Reyestri Xidməti tərəfindən ayrı-ayrı vətəndaşlara verilmiş qaraj və qeyri-yaşayış sahələrini notarial qaydada almaqla verilən torpaq sahəsini əldə etmiş və qeyd edilən əmlakların sökülərək yerində fərdi yaşayış evini inşa etmişdir. Müvafiq dövlət orqanları tərəfindən aparılan araşdırma zamanı da sözügedən tikilinin inşa edilməsi ilə məktəb ərazisində zəbt və müdaxilə halları müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 4-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq sahəsi - dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Məhkəmə iş üzrə toplanmış sübutları araşdıraraq müəyyən etmişdir ki, Cavabdeh tərəfindən inşa edilən fərdi yaşayış evi 34 nömrəli tam orta məktəbin mövcud daş hasarından kənarda yerləşir. Mülki işin materiallarından da göründüyü kimi, müxtəlif inzibati orqanlar tərəfindən aparılan araşdırma zamanı da 34 nömrəli tam orta məktəbin həyətyanı sahəsinin zəbt və müdaxilə olunması halları aşkar edilməmişdir. Məhkəmə mövqeyini hüquqi cəhətdən Mülki Məcəllənin 170.1, 170.2-ci, MPM-nin 77.1, 88, 217.3, 217.4-cü maddələri və s. normalarla əsaslandırmışdır. Apellyasiya şikayətinin əsas dəlilləri MPM-nin 88, 217, 218-ci maddələrinin tələblərinin pozulması, sübutlara düzgün, obyektiv qiymət verilməməsi, qətnamənin işin həqiqi hallarına uyğun olmaması barədədir. Məhkəmə kollegiyası işin tam, hərtərəfli, obyektiv araşdırılmasını və apellyasiya şikayətinin dəlillərinə düzgün, müfəssəl hüquqi qiymət verilməsini təmin etmək məqsədilə apellyasiya baxışı zamanı məktəb ərazisinin cavabdeh tərəfindən zəbt olunubolunmadığını bir daha aydınlaşdırmaq üçün məhkəmə mühəndis-texniki ekspertizası təyin etmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 yanvar 2022-ci il tarixli rəyində şərh olunan nəticələrə görə ünvan 6 ünvanında yerləşən 34 nömrəli tam orta məktəbin ərazisinin sərhədləri il bağlı mülki iş materialında (torpaq ayırma ayrıc aktı və s.) sənədlər olmadığından torpaq sahəsinin sərhədlərini müəyyən etmək mümkün olmamışdır. Lakin baxış keçirilən zaman tədqiq olunan mübahisəli tikili 34 nömrəli məktəbin sərhəd hasarından kənar inşa olunduğu müəyyən olunur. ünvan 1 ünvanında yerləşən 34 nömrəli tam orta məktəbə aid torpaq sahəsinin ayrılmasına dair mülki iş materialında (torpaq ayırma ayrıc aktı və s.) sənədlər olmadığından torpaq sahəsinin təqribən 820,0 kv hissəsi (hazırda tikinti aparılan 520,0 kv cə məktəbin arxa tərəfindən hasarboyu 300 kv.m ərazi) Cavabdeh tərəfindən zəbt edilmədiyi müəyyən edilir. Cavabdeh tərəfindən aparılan tikinti işlərinin Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti Başçısının 06.11.2009-cu il tarixli, 384 №-li və 03.10.2017-ci il tarixli, 395 №-li sərəncamlarına əsasən aparıldığı və həmin tikililərin əvvəllər yerləşən qaraj və qeyri-yaşayış sahəsinin yerində inşa olunduğu müəyyən edilir. Apellyasiya baxışı zamanı təklif edilsə də iddiaçı tərəfindən ünvan 6 ünvanında yerləşən 34 nömrəli tam orta məktəbin ərazisinin sərhədləri ilə bağlı torpaq ayırma ayrıc aktı və s. kimi sənədlər təqdim edilmədi və bunun mümkün olmadığı qeyd edildi. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq qeyd edir ki, iddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayətində göstərilən hallar barədə apellyasiya baxışı zamanı heç bir mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə birinci instansiya məhkəməsi tərəfindən sübutlar qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 08 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə tədqiqatın dəyəri olan 100 manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X2, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar