Məhkəmə qərarları › İş №2(103)-3970/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3970/2022

25.10.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3970/2022 25.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 2(006)-939/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, 2012-ci il tarixdən 1-ci qrup Hərbi Xidmət Dövründə Əlillik statusu ilə sığorta pulunun alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda həqiqi hərbi xidmətə Mingəçevir şəhər Hərbi Komissarlığı tərəfindən 1999-cu il aprel ayı tarixində çağırılmışdır. Həmin tarixdən Azərbaycan Respublikası ərazisi uğrunda erməni işğalçı ordusuna qarşı Naxçıvan bölgəsində N saylı hərbi hissənin tərkibində həqiqi hərbi xidmət keçmişdir. Naxçıvan kəndlərinin erməni işğalçı ordusundan qorunmasında fəal iştirak etmişdir. Həqiqi hərbi xidmət müddətdə hərbi Xidməti Vəzifəsini yerinə yetirərkən 2000-ci il sentyabr ayı tarixində Naxçıvan bölgəsində ağır travma aldı. O, travma aldıqdan sonra Naxçıvan Hərbi Qospitalına apardılar və ilkin cərrahiyyə əməliyyatı etdikdən sonra müalicəni davam etdirmək üçün Bakı şəhər mərkəzi hərbi Qospitala göndərdilər. Üç aya yaxın müalicə olunmağına baxmayaraq nəticədə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən Xəstəlikdir Hərbi Xidmət Dövründə alınmışdır qərar veriblər. 2012-ci il tarixdən 1-ci qrup Hərbi Xidmət Əlili olmağına baxmayaraq ona qanunla veriləsi sığorta pulunu almamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 2(006)-939/2022 saylı qətnaməsi ilə (hakim Səməd Cəfərov) iddia təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 8800 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın rədd oluqmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh, apellyasiya şikayətini – birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddiaçıya xidmətdən təxris edildiyi gündən 10 ildən sonra əlllik verilməsi, «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununa əsasən isə 3 il müddətində əlillik təyin olunduqda sığorta haqqının ödənilməli olması, bu halın məhkəmə tərəfindən nəzərə alınmaması, iddianın rədd edilməli olması və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, o, 1999-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağrılmış, 2001-ci iln yanvar ayında hərbi xidmətdən təxris olunmuşdur. Hərbi xidmətdə olduğu dövrdə xəstələnmiş, orada müalicə olunmuş, hərbi xidmətdən tərxis olunduqdan sonra hərbi həkim komissiyasının qərarı ilə ona 21 may 2015-ci il tarixdə İ qrup əlillik təyin edilmişdir. O, hərbi xidmətdən təxris olunduqdan sonra 3 il müddət ərzində ona əlilliyin verilməsi ilə bağlı heç bir orqana müraciət etməmiş, keçən müddət ərzində böyrəkləri ilə bağlı müalicələr almış, əlilliyi isə yalnız 2015-ci ildə almışdır. Hazırda birinci qrup əlildir. Hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı, iddia rədd edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 189 saylı Qərarının surətindən görünür ki, Mingəçevir ŞHK tərəfindən 1999-cu ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə aldığı və xx.xx.2000-ci ildən xx.xx.2000-ci ilə kimi Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müayinə və müalicə olunduğu xəstəlik – diaqnoz: “kəskin diffuz qlomerulonefrit, ödemli hipertonik formalı. Kəskin böyrək çatışmazlığı. Herpez Zoster” (Mingəçevir ŞHK-nın xx.xx.2011-ci il tarixli 359 nömrəli arayışı, göndərişi, Silahlı Qüvvələrin Baş Klinik Hospitalından verilmiş xx.xx.2000-ci il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəssisi-terapevtin rəyi ilə təsdiq edilir), “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosisal Ekspert Komissiyasının məlumatından görünür ki, xx.xx.1980-ci il təvəllüdlü İddiaçı müddətsiz İ qrup əlillik dərəcəsi verilmişdir. Əlilliyin səbəbi hərbi xidmət dövrü ilə əlaqədardır. İşdə olan Mingəçevir ƏSMM tərəfindən təqdim edilmiş 052795 nömrəli vəsiqəsinin surətindən görünür ki, şəxsə ilk dəfə 21 may 2015-ci il tarixində müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün hərbi qulluqçulara (sığorta olunanlara) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının şəxsi heyəti, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər. Həmin Qanunun 3-cü maddəsinə əsasən hərbi qulluqçuların sığortaçısı dövlət sığorta orqanıdır. Həmin Qanunun 5-ci maddəsinin «ç» bəndinə əsasən hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda o sığorta məbləğini almaq hüququna malildir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 18 iyul 2022-ci il tarixli qərardadından göstərmişdir ki, «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş, əlilliyin həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gündən üç il müddətində təyin olunması şərti imperativ norma olmaqla, baş vermiş hadisənin sığorta hadisəsi hesab olunması üçün bu müddətin gözlənilməsi zəruri hesab edilmişdir. Nəzərə alınmalıdır ki, bu müddətin eyni kateqoriyaya aid olan hərbiçilərin bir qismində (Qanun qüvvəyə mindikdən sonra yaranan münasibətlərə) tətbiq edilməsi, digər qisminə isə ümumiyyətlə tətbiq edilməməsi Konstitusiyanın 25-ci maddəsinin tələbləri və bu maddə ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi baxımından problemli görünür. Bu səbəbdən hər bir konrket iş üzrə alınmış xəsarətə (yaralanma, travma, kontuziya) və ya xəstəliyə görə əlilliyin dərəcəsinin müəyyən edilməsi üçün Qanunda nəzərdə tutulmuş üç illik müddətin üzrlü və ya üzrsüz səbəblərdən buraxılması faktı araşdırılmalı və nəticəsindən asılı olaraq Qanunun tələblərinə uyğun qərar qəbul edilməlidir. İşin faktiki hallarından və qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, iddiaçı 09.041999-xx.xx.2001-ci illərdə həqiqi hərbi xidmətdə olmuş, xidmət dövründə aldığı və xx.xx.2000-ci ildən xx.xx.2000-ci ilə kimi Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müayinə və müalicə olunmuş, hərbi xidmətdən tərxis olunduqdan sonra hərbi həkim komissiyasının qərarı ilə ona sığorta hadisəsi baş verdiyi gündən 3 il müddət keçdikdən sonra, yəni 21 may 2015-ci il tarixdə ilk dəfə əlillik təyin edilmişdir. Halbuki, qeyd edildiyi kimi sığorta ödənişinin həyata keçirilməsi hərbi xidmət zamanı alınmış xəstəliklə (xəsarətlə) əlaqədar əlillik dərəcəsinin hərbi qulluqçu ehtiyyata və ya istefaya buraxıldığı gündən 3 ilədək müddətdə alınması ilə şərtləndirilmişdir. İddiaçıda isə bu müddət təqribən 14 il təşkil etmişdir. İddiaçı izahatında hərbi xidmətdən təxris olunduqdan sonra 3 il müddətində ona əlilliyin verilməsi üçün heç bir orqana müraciət etməməsini bildirmiş, müddətin üzrlü səbəblərdən ötürülməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, həmçinin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla (işin müəyyən olunmuş faktiki halları ilə) Qanunda nəzərdə tutulmuş üç illik müddətin üzrlü səbəblərdən buraxılması faktı müəyyən olunmamışdır. Göründüyü, iddiaçı sığorta ödənişini almaq hüququnu itirmişdir. Hazırki vəziyyətdə iddiaçı müvafiq tələb hüququna malik deyildir. Cavabdehin imtinası əsaslıdır. Birinci instansiya məhkəməsi isə qeyd edilən halları nəzərə almamış, cavabdehin də bildirməsinə baxmayaraq Qanunda qeyd edilən 3 illik müddətin keçməsi ilə bağlı məsələyə münasibət bildirməmiş, maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə olan halda isə qətnamə qanuni və əsaslı sayıla bilməz. Apellyasiya şikayətinə əsasən ləğv olunmalıdır. Beləliklə, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmalıdr.. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 2(006)-939/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 2(006)- 939/2022 saylı qətnaməsi ləğv olunsun, iddia təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar