Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3970/2025 21.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X3 cavabdehlər Cavabdeh1 MMC X9 və Cavabdeh1 MMC X5 direktoru Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-3970/2025 (Açar sözlər: ödənilməmiş əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X10 və X4 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, Cavabdeh1 MMC-nin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC X9 və Cavabdeh1 MMC X5 direktoru Cavabdeh2 qarşı “ziyan” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-719/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 21 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı X11 cavabdehlər Cavabdeh1 MMC X9 və Cavabdeh1 MMC X5 direktoru Cavabdeh2 qarşı “ziyan” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsində nəzərdə tutulmuş iş saatlarından əlavə işləməyinə görə ona ödənilməli olan 7000 manat əmək haqqının və anbardarlıq vəzifəsinin icrası ilə əlaqədar 8000 manat əmək haqqının Cavabdeh1 MMC X2 tutulmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək Cavabdeh1 MMC X6 marketinq mütəxəssisi vəzifəsində çalışmışdır. xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə dəyişiklik edilmiş və rəsmi qaydada Təsərrüfat şöbəsi müdiri vəzifəsinə keçirilmişəm. Lakin dəyişiklik edilmiş əmək müqaviləsi ona təqdim edilməmişdir. 11.21-11.23-cü ilə qədər mühasibatlıq şöbəsində, 11.xx-xx.2024-cü il tarixlərinə qədər insan resursları şöbəsində işçi olmayıb. Bu səbəbdən də ona nə yeni vəzifəsi üzrə əmək funksiyaları, nə də həftəlik iş saatları ilə bağlı məlumat verilmişdir. Ümumiyyətlə, Cavabdeh1 MMC X12 əmək qanunvericiliyinin tələblərini pozmaqla fəaliyyət göstərmişdir. Belə ki, əvvəlcədən heç məlumat verilmədən anbardarlıq (şirkətlərlə danışıqlar aparmaq, lazım olan malları sifariş vermək, qaimələrə imza çəkib malları təhvil alın anbara yerləşdirmək) vəzifəsinin həyata keçirilməsinə qeyri-rəsmi formada cəlb edilmişdir. Hal-hazırda da həmin vəzifəni rəsmi olaraq həyata keçirən işçi olmadığından, başqa işçi həmin vəzifənin həyata keçirilməsinə məcbur edilir. Həmin vəzifənin həyata keçirilməsinə cəlb edilən zaman da hər hansı rəsmiləşdirilmə edilməmişdir. Həmçinin həftəlik 40 saatdan artıq olaraq, o cümlədən qeyri-iş günlərində də işə cəlb edilmişdir. Bununla bağlı narazılığını müəssisə rəhbərliyinə bildirmişdid. Lakin ona həmin müəssisənin təsisçisi olan Aslanov Elçin tərəfindən Cavabdeh1 MMC X5 özəl müəssisə olduğunu və Azərbaycan Respublikası Əmək Məcəlləsinin normalarının bu müəssisədə tətbiq olunmadığını bildirmişdir. Həmçinin işçi tapmaq öhdəliyi də şöbə müdiri kimi onun üzərinə qoyulmuşdur. Bir müddət sonra o, bu işi görməkdən imtina etmiş və insan resursları şöbəsinə işçi tapmağın vacibliyini vurğulamışdır. Lakin müəssisə tərəfindən hər hansı fəaliyyət həyata keçirilməmişdir. Qeyd etmək istəyir ki, 20 ay müddətinə qanunsuz olaraq anbardarlıq vəzifəsindən çalışılmağa məcbur edilmişdir. Bundan əlavə olaraq iş saatlarından kənar əmək fəaliyyətinə, qeyri-iş günlərində əməyə cəlb edilmişdir. Bu baxımdan 20 ay müddətinə anbardarlıq vəzifəsinin icrası ilə əlaqədar 8000 AZN məbləğində əmək haqqının, 7000 AZN məbləğində də əlavə iş saatlarına görə əmək haqqının ödənilməsi zərurəti vardır. Maaşı artıralacağı ümidi ilə bir müddət bu vəzifədə çalışdıqdan sonra şahidi olmuşdur ki, maaşında hər hansı dəyişiklik olmamışdır. Lakin digər işçilərdən xəbər tutduğu qədər başqa şöbə işçilərinin əmək haqlarında müvafiq artımlar olmuşdur. Ancaq o, digər işçilərdən daha təcrübəli və peşəkar olmasına baxmayaraq əmək haqqında yerinə yetirdiyi əmək funksiyasının həcminə mütənasib artım olmamışdır. Buna görə 2023-cü ilin dekabr ayında Elçin Aslanova müraciət edərək əmək haqqının artırılmasını xahiş etmişdir. O isə yanvar ayında əmək haqqının artırılacağını bildirdi. Lakin 2 aydan çox müddət gözlədikdən sonra əmək haqqında dəyişiklik olmadığını gördükdə Elçin Aslanovdan həftəlik iş saatlarını və əmək funksiyalarının nədən ibarət olmasını bilmək üçün əmək müqaviləsinin verilməsini tələb etmişdir. Bundan başqa 2023cü ilin noyabr ayında mühasibatlıq şöbəsində təzə işçi əmək funksiyalarının icrasına başlamışdır. 2024-cü ilin yanvar və fevral aylarında məzuniyyətə çıxmış işçilərdən məzuniyyət pulu tutulduqda işçilər bununla bağlı narazılığını bildirmişdir. Çünki əvvəlki illərdə məzuniyyətə görə işçilərdən hər hansı pul tutulmamışdır. Elçin Aslanov bu məsələ ilə bağlı da qanunvericiliyin tələblərinə uyğun olaraq tutulmanın həyata keçirildiyini bildirmişdir. Belə ki, müəssisə tərəfindən həftəlik iş saatlarından artıq müddətə işə cəlb edilmiş, həmçinin əmək müqaviləsində nəzərdə tutulmayan, əmək funksiyalarına daxil edilməyən işlərin görülməsinə məcbur edilmişdir. Əlaqə saxladıqları və narazılıq bildirdikləri şəxs də müəssisənin təsisçisi Elçin Aslanov olmuşdur. Bu kimi narazılıqlar bildirildikdə Elçin Aslanov da onu əmək müqaviləsinə xitam verilməklə hədələmişdir. Müqavilə təqdim edildikdən sonra əmək müqaviləsində nəzərdə tutulan əmək funksiyaları yerinə yetirəcəyini bildirmişdir. Bununla belə müəssisə rəhbərliyi tərəfindən onun razılığı olmadan əmək müqaviləsinə dəyişiklik edilmişdir. Dəyişiklik müqavilə ona təqdim edilən gün edilmişdir. Belə ki, xx.xx.2024-cü ildə əmək müqaviləsinin iş vaxtı və nahar vaxtı ilə bağlı şərtləri dəyişdirilmişdir. O isə bunu xx.xx.2024-cü il tarixində e-sosial portalından şəxsi kabinetinə baxan zaman görmüşdür. Həmçinin müəssisə tərəfindən ona qarşı edilmiş digər pozuntu isə haqsız olaraq ona töhmət verilməsi ilə bağlı olmuşdur. Belə ki, xx.xx.2024-cü il tarixində mehmanxanada qalan qonaqlardan biri (Veronica Pinchas 1002) otağını təmizləyən xadimədən şikayət etmişdir. Şikayətin səbəbi isə otaqdan bahalı ətirin xeyli istifadə edilməsi və sındırılması olmuşdur. Ətiri istifadə edən və sındıran şəxs xadimə X7 olmuşdur ki, həmin şəxs digər qonaq otaqlarından da ətir və pul oğurlamışdır. Lakin bu hadisə nəticəsində iddiaçıya qanunsuz və əsassız olaraq töhmət verilmişdir. Onun məsuliyyəti məhz otaqların təmiz saxlanmasına görə olmuşdur, qonaqların şəxsi əşyalarının salamatlığının qorunması üçün isə o məsuliyyət daşımamışdır. Elçin Aslanov hesab etdi ki, gələcəkdə şikayət edəcəyi təqdirdə xitamı töhmətlə əsaslandıra bilsin. Təqsirli xadiməyə isə töhmət verilməsinə baxmayaraq, həm vəzifəsi, həm də maaşı artırılmışdır. Halbuki həmin şəxsin qonaqlara qarşı da kobud davranışlarının dəfələrlə şahidi olmuşlar.
3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-719/2025 saylı qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddia təmin edilməmişdir
4. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42.2, 45.1, 54.1, 58.1, 60, 61.2, 89.2, 99.1, 165.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
5. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır. Əlavə olaraq bildirilmişdir ki, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına nəzər yetirilmədən qətnamə qəbul edilmiş və ona qeyri-iş günü hesab edilən günlərdə çalışmasına görə ödənilməli olan ödəncin həqiqətən ödənilməsinin araşdırılmasına dair hər hansı tədbir görülməmişdir.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
7. Apellyasiya baxışı zamanı iddiaçı verilmiş apellyasiya şikayətini müdafiə etmiş, şikayətin dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, öncəki məhkəmə iclasında verdiyi iddia həcminin artırılmasına dair ərizəni geri götürür. Qarşı tərəf ekspertiza tədqiqatına müdaxilə etməyə çalışır. Qeyd olunub ki, guya 2020-ci ilin avqustunda ona məzuniyyət pulu verilib. Yeni ildə, Novruz bayramında da işlədilibş
8. Cavabdeh1 MMc-nin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddia tələbini təsdiq edən sübut yoxdur. Ekspert rəyi də təsdiq edir ki, əlavə cəlb olunmaya görə pul ödənilib.
9. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Kollegiya işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi
10. Maddə 54.1. İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən əmək funksiyasının bu Məcəllə ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsini təmin etməlidir.
11. Maddə 58.1. Əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri sayılır.
12. Maddə 60. İşçi, onun razılığı olmadan istehsalat zəruriyyəti və boşdayanma hallarının qarşısını almaq məqsədi ilə bir ay müddətinə, müvəqqəti olaraq başqa işə keçirilə bilər. Bu halda işçi onun səhhətinə mənfi təsir edən, habelə aşağı ixtisaslı işə keçirilə bilməz. Başqa işə keçirilmə müddətində işçinin əməyi görülən işin müqabilində, lakin əvvəlki orta əmək haqqından aşağı olmamaqla ödənilir.
13. Maddə 61.2. Vakant vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi vakant vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona vakant vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əməkhaqqına əlavə ödənilməlidir.
14. Maddə 89.2. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz.
15. Maddə 99.1. İş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır.
16. Maddə 165.1. İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: - əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; - əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
20. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
23. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
26. Belə ki, iş materiallarında olan əmək müqaviləsi bildirişinin surətindən görünür ki, X11 xx.xx.2019-cu il tarixdə Cavabdeh1 MMC-də təsərrüfat müdirəsi vəzifəsinə işə qəbul edilmişdir.
27. X13 Xidməti Bakı şəhər İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda qeyd edilir ki, təqdim olunan iş vaxtının uçotu cədvəllərindən sizin iş vaxtından artıq işlərin görülməsinə cəlb olunmadığınız müəyyən edilmişdir. 2023-cü ilə dair iş vaxtının uçotu cədvəllərindən AR Əmək Məcəlləsinin 105-ci maddəsinin tələbləri pozularaq xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində sizin işlərin görülməsinə cəlb olunduğunuz öz əksini taparaq hüquq pozuntusu kimi müəyyən edilmişdir.
28. İşin faktiki halları ondan ibarətdir ki, X11 xx.xx.2019 - xx.xx.2024-cü il tarixləri aralığında Cavabdeh1 MMC-də çalışmışdır. xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinin müddətinin qurtarması səbəbindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı əlavə işlədiyi saatların əvəzinin və anbardar vəzifəsində çalışdığı dövrdə əmək haqqısının ödənilmədiyini əsas gətirərək, məhkəməyə müraciət etmişdir.
29. Kollegiya işdəki sübutların tədqiqinə əsasən gəldiyi qənaət çərçivəsində qeyd edir ki, iddiaçı müxtəlif tarix və dövrlərdə öz vəzifəsi üzrə əlavə iş saatlarına, həmçinin öz vəzifəsindən kənar əlavə işlər gördüyünü qeyd etsə də, bunu təsdiq edən hər hansı mötəbər dəlil təqdim etməmişdir. Yalnız X13 xidməti tərəfindən verilən məktuba əsasən iddiaçının Cavabdeh1 MMC tərəfindən də qəbul edilən iş günü hesab edilməyən günlər üzrə (xx.xx.2023-cü il və xx.xx.2023-cü il) əmək fəaliyyətinə cəlb olunduğu qeyd edilmişdir.
30. Apellyasiya baxışı zamanı həmin tarixlər üzrə müvafiq ödəncin verilməsi məsələsinin araşdırılması məqsədilə ekspertiza təyin edilmişdir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/3662 saylı ekspert rəyindən görünür ki, iddiaçı X8 Cavabdeh1 MMC X12 tərəfindən iş günü hesab edilməyən xx.xx.2023 və xx.xx.2023-cü il tarixli günlər və digər istirahət günü (ümumi 3 gün üzrə) üçün 274.80 manat kompensasiya məbləği qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanmış, vergilər və digər tutulmalar çıxıldıqdan sonra ödənilməli məbləğlərinin iddiaçının kart hesabına köçürüldüyü müəyyən olunur. İddiaçı X11 tərəfindən Cavabdeh1 MMC-də işlədiyi dövrdə yuxarıda qeyd edilən günlərdən başqa iş vaxtından artıq işə cəlb olunma halı öz əksini tapmamışdır.
31. Göründüyü kimi, iddiaçı əlavə işlərə cəlb edildiyini iddia etsə də, bu barədə mötəbər dəlil təqdim etməmiş, dövlət orqanı tərəfindən aparılmış araşdırmaya əsasən müəyyən olunan günlər üzrə isə müvafiq ödənclərin edildiyi öz təsdiqini tapmışdır. Nəricədə kollegiya hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddiasının əsaslılığına dair heç bir sübut təqdim etməmişdir.
32. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
33. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
34. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”.
35. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının ödənilməmiş əmək haqqının qaytarılması ilə bağlı iddiasını haqlı olaraq təmin etməmişdir və qətnamənin ləğvi üçün hər hansı əsas mövcud deyildir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
37. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
38. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
39. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
40. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
41. Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin olunmadığından ekspert tədqiqatının dəyəri qismində 200 manat pul iddiaçıdan tutulmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-719/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 200 manat pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev