Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3971/2021 07.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 noyabr 2020-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, cavabdehin iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, onun cavabdehə məxsus olan və Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, bina № 40 “A”-da yerləşən 89 №-li mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, cavabdehin qardaşı X1 ilə 14.04.2012-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuş, cavabdehə məxsus mənzilə gəlin köçmüş, özünə məxsus cehiz əmlakını həmin mənzilə apararaq, E.Bəxtiyarov ilə birlikdə həmin mənzildə yaşamış, ümumi təsərrüfat aparmaqla ailə üzvü olmuşdur. Nikahdan 3 övladları var: 03.05.2013-cü il təvəllüdlü Məhəmməd, 25.05.2016-cı il təvəllüdlü Ramal və 08.11.2019-cu il təvəllüdlü İbrahim. Əslində mənzil E.Bəxtiyarov tərəfindən alınsa da, cavabdehin adına rəsmiləşdirilmişdir. Mənzildə yaşadıqları dövrdə mənzilin kommunal xərclərini də məhz onlar ödəmişlər. Bunlara baxmayaraq cavabdeh tərəf iddiaçını hazırda mənzilə buraxmır, baxmayaraq ki, iddiaçıya məxsus əşyalar həmin mənzildə yerləşir və iddiaçının övladları həmin ünvan üzrə uşaq poliklinikasında qeydiyyatdadırlar. Mübahisəli mənzil mülkiyyətdə olan daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, iddiaçı hesab edir yuxarıda göstərilənlərə əsasən o, həmin mənzildə yaşamaq hüququnu əldə etmişdir və mənzilə köçürülməlidir. İş üzrə cavabdehin iddia tələbinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının istinad etdiyi və iddia ərizəsində sadaladığı heç bir hal iddiaçının cavabdehin mülkiyyətində olan mənzilə köçürülməsi və mənzildə yaşaması üçün əsas ola bilməz. Çünki mənzilini iddiaçının əri (cavabdehin qardaşı) E.Bəxtiyarov tərəfindən alınması barədə iddiaçının bildirdikləri həqiqəti əks etdirmir və bu halı təsdiq edə biləcək heç bir sübut mövcud deyil. Bundan başqa iddiaçı cavabdehin mənzildə bir müddət yaşasa da, cavabdehlə birgə təsərrüfat aparmamışdır. Belə ki, cavabdeh həmin mənzildə iddiaçı ilə birlikdə yaşamamışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 23.11.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın təmin olunmasını xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İşə apellyasiya qaydasında baxılmanın iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, iş üzrə iddiaçı apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. İş üzrə cavabdeh apellyasiya baxışında iştirak edərək şikayətin dəlillərini müdafiə etdi və iddiaya etirazın məzmununa, habelə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “xxxx” MTK ilə cavabdeh arasında bağlanmış 21.12.2006-cı il tarixli “xxxx” görünür ki, MTK, onun tərəfindən inşa ediləcək binada (mübahisəli) mənzili inşa edərək kooperativin payçısı olan cavabdehə təhvil vermək, cavabdeh isə mənzilin dəyərini MTKya ödəyərək mənzili qəbul etmək barədə üzərilərinə öhdəliklər götürmüşlər. MTK tərəfindən verilmiş 21.12.2006-cı il tarixli “xxxx” görünür ki, cavabdeh həmin mənzilin dəyərini MTK-ya tam ödəmişdir. Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən 17.03.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, (cavabdehin qardaşı) X1 ilə iddiaçı 14.04.2012-ci il tarixdə nikaha daxil olmuşlar. “Doğum haqqında şəhadətnamələrdən” görünür ki, E.Bəxtiyarov ilə iddiaçının nikahından 3 uşaq doğulmuşdur. “xxxx” MTK tərəfindən verilmiş 23.05.2020-ci il tarixli, 75 saylı arayışından görünür ki, iddiaçı mübahisəli mənzildə 2016-cı ildən 2020-ci ilin yanvar ayına kimi əri və uşaqları birlikdə qeydiyyatsız yaşamışdır. MTK tərəfindən Rayon Məhkəməsinə ünvanlanmış 17.11.2020-ci il tarixli 524 saylı məktubdan görünür ki, mübahisəli mənzil cavabdehə məxsusdur. Mübahisəli mənzilin yerləşdiyi və MTK tərəfindən inşa edilmiş yaşayış binasında iddiaçıya məxsus mənzil yoxdur. Hal-hazırda mübahisəli mənzildə cavabdehin qardaşı Elşən Bəxtiyarov müvəqqəti yaşayır. Göstərilənlərə əsasən müəyyən edilir ki, cavabdehin qardaşı Elşən Bəxtiyarov ilə iddiaçı 14.04.2012-ci il tarixində nikaha daxil olmuşlar. Nikahda onların 3 övladları var. Nikaha daxil olduqdan sonra onlar cavabdehə (iddiaçının baldızına) məxsus olan mübahisəli mənzilə köçmüş və mənzildə yaşamışlar. Daha sonra iddiaçı ilə Elşən Bəxtiyarov arasında münasibətlər pozulmuşdur. Bu səbəbdən iddiaçı həmin mənzili tərk etmişdir. Hazırda iddiaçı mənzilə buraxılmır. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək baldızına məxsus olan mübahisəli mənzilə köçürülməsini xahiş edir. İddiaçı hesab edir ki, o, mübahisəli mənzildə yerləşən yaşayış sahəsindən istifadə etməkdən ibarət hüququ qazanmışdır. Mənzilin sahibi olan cavabdeh isə buna razı olmadığını bildirir və bunu onunla əsaslandırır ki, iddiaçı, istinad etdiyi hüququ qazanmamışdır. Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı bildirir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü “mənzilə köçürülmə tələbi barədə” iddiasının əsaslı olub-olmamasına hüquqi qiymət vermək üçün ilk növbədə yoxlanılmalıdır ki, iddiaçı, mübahisəli mənzildə yerləşən yaşayış sahəsindən istifadə etməkdən ibarət hüququ qazanmışdır ya yox. İddiaçının köçürülmə tələbini irəli sürdüyü mənzil 21.12.2206-cı il tarixdə “xxxx” MTK ilə bağlanmış müqaviləyə əsasən cavabdehə məxsusdur. Bu hal həmin MTK tərəfindən verilmiş arayışla və 21.12.2006-cı il tarixli “Kassa mədaxil orderi” ilə sübut olunur. İddiaçı həmin mənzildə istər özü bildirdi kimi 2012-ci ildən istərsə də, MTK-nın bildirdiyi kimi 2016-cı ildən 2020-ci ilə kimi yaşasa da, mübahisəli mənzildə yerləşən yaşayış sahəsindən istifadə etməkdən ibarət hüququ qazanmamışdır. İddiaçı ilə cavabdeh arasında istifadə hüququnun əmələ gəlməsi ilə bağlı notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma mövcud deyil. Belə olan halda hesab edilməlidir ki, iddiaçının mübahisəli mənzildə yerləşən yaşayış sahəsindən istifadə etmək, həmin mənzildə yaşamaq hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə əsasən yaranmamışdır və cavabdehin iddiaçının mənzildə yaşamasına etiraz etməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178-ci maddəsinin tələbi nəzərə alınmaqla Mülki Məcəllənin 152 və 157-ci maddələrinin tələblərinə uyğundur. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçının iddia ərizəsində bildirdiyi dəlillər: onun uzun müddət ərzində cavabdehin qardaşı olan əri ilə birlikdə mübahisəli mənzildə yaşaması, onunla ümumi təsərrüfat aparması; mənzildə yaşadıqları dövrdə mənzilin kommunal xərclərini də məhz onlar tərəfindən ödənilməsi; ona məxsus əşyaların hazırda da mübahisəli mənzildə yerləşməsi; onun övladlarının həmin ünvan üzrə uşaq poliklinikasında qeydiyyatda olmaları və sair bu kimi dəlilər iddiaçının mübahisəli mənzilə köçməsi üçün əsas deyil. Çünki, qanunverici bu kimi halların, onlar mövcud olduğu halda da, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsinin əsası kimi nəzərdə tutmamışdır. Ən əsası isə nəzərə alınmalıdır ki, iddiaçı, baldızı olan cavabdehin ailə üzvü sayılmır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə, onların bir-birinə münasibətdə aliment öhdəlikləri yoxdur. Belə olan halda da, iddiaçının mübahisəli mənzildə yerləşən yaşayış sahəsindən istifadə etmək, həmin mənzildə yaşamaq hüququ Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən yaranmamışdır və bu səbəbdən iddiaçı həmin mənzilə köçürülə bilməz. İddiaçının istinad etdiyi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanunun müddəaları da, onun həmin mənzilə köçürülməsi üçün zəmin yaratmır. Belə ki, “Uşaq hüquqları haqqında” Qanununun 20-ci maddəsinin 1-ci hissəsinə görə, hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. Mülki Məcəllənin 27.2-ci maddəsinə görə, 14 yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş şəxslərin yaşayış yeri sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsinə görə, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini (uşaqların qardaş və bacılarına, valideynlərindən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Göründüyü kimi, qanunverici, valideynin yaşayış sahəsindən istifadə etməsi hüququnun yaranmasını həmin valideynin yanında yaşayan uşağın bu kimi hüququna deyil, uşağın bu kimi hüququnu yanında yaşayan valideynin hüququna bağlayır. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 noyabr 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3971/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3971/2021
07.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver