Məhkəmə qərarları › İş №2(103)-3974/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3974/2022

08.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3974/2022 08.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu X14 nümayəndəsi X2 iştirakları ilə Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” ərizəsinə dair Bakı şəhəri Xəzər Rayon Мəhkəməsinin 2(003)-200/2022 saylı, 10 fevral 2022-ci il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə və ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 1973-cü ilin sentyabr ayından 1976-cı ilin noyabr ayınadək Şuşa şəhər 1 N-li orta məktəbdə laborant vəzifəsində, 1979-cu ilin yanvar ayından 1986-cı ilədək həmin Şuşa şəhər 1 N-li orta məktəbdə riyaziyyat müəllimi vəzifəsində, 1986-cı ildən 1992-ci ilin may ayının 8-dək Şuşa şəhər 2 N-li internat məktəbinin direktoru vəzifəsində işləməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 1973-cü ilin sentyabr ayının 1-dən 1976-cı ilin fevral ayına qədər Şuşa rayon, 2 saylı orta internat məhkəbində laborant vəzifəsində işləmişdir. 1976-cı ilin noyabr ayına qədər həmin məktəbdə riyaziyat müəllimi, 1976-1978ci illərdə keçmiş Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1978-ci ildən 1992-ci ilə kimi qeyd edilən məktəbdə müəllim işləmişdir. 1986-cı ildən həmin məktəbdə direktor vəzifəsində çalışmışdır. 1992-ci ilin sentyabr ayından hazırkı vaxta kimi Mərdəkanda yerləşən Şuşa 5 saylı orta məktəbdə direktor vəzifəsində işləyir. Şuşa şəhəri işğal olunandan sonra onun əmək kitabçası orada qalmışdır. O, Azərbaycan Respublikası Təhsil Nazirliyi Şuşa rayon Təhsil Şöbəsinə ərizə ilə müraciət etmişdir. Şüşa rayon təhsil şönəsindən alınmış xx.xx.2021-ci il tarixli N-02/ 01 saylı arayışda qeyd edilir ki, “Şüşa rayon təhsil şöbəsi 1973-cü ilin sentyabr ayından 1992-ci ilin may ayının 8-dək Şuşa şəhər 2 nömrəli internat məktəbində işləməsinin təsdiq edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli ərizənizə cavab olaraq bildirir ki, ermənistan ordusu tərəfindən Şuşa rayonunun işğal edilməsi ilə əlaqədar olaraq bütün arxiv sənədləri işğal altında qalmışdır. Bakı şəhəri Xəzər Rayon Мəhkəməsinin 2(003)-200/2022 saylı, 10 fevral 2022-ci il tarixli qətnaməsi ilə ərizənin təmin edilməsi, Ərizəçi 1973-cü ilin sentyabr ayından 1976-cı ilin noyabr ayınadək Şuşa şəhər 1 N-li orta məktəbdə laborant vəzifəsində, 1979-cu ilin yanvar ayından 1986-cı ilədək Şuşa şəhər 1 N-li orta məktəbdə riyaziyyat müəllimi vəzifəsində, 1986-cı ildən 1992-ci ilin may ayının 8-dək Şuşa şəhər 2 N-li internat məktəbinin direktoru vəzifəsində işləməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iki şahid tərəfindən təsdiqlənə biləcək dövr yalnız ərizəçinin Şuşa şəhər 1 N-li internat məktəbində işlədiyini iddia etdiyi 1973-1976 və 1979-1986-cı il tarixləri (12 il) əhatə edir. ərizəçi məhkəməyə 21 sentyabr 2021-ci il tarixdə (inzibati orqana müraciət etmədən) müraciət etmiş və işlədiyi dövrün xüsusi icraat qaydasında təsdiq etdirməkdə məqsədi ona yaşa görə əmək pensiyasının təyin edilməsi olmuşdur. Lakin ərizəçinin pensiya hüququ 65 yaşı tamam olduğu 15 oktyabr 2021-ci il tarixdə yarandığından, ona həmin tarixdən avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılmışdır. Beləliklə, avtomatlaşdırılmış təyinat zamanı iddiaçının xx.xx.2006-cı il tarixədək olan iş stajı qanunvericiliyə uyğun şəkildə 25 il kimi hesablanmışdır. xx.xx.2006-cı il tarixədək olan iş stajı müddəti 25 ildən artıq olduğu halda, vətəndaş həmin stajı təsdiq edən əlavə sənədlərlə (əmək kitabçası, diplom, hərbi bilet) inzibati orqana müraciət edərək təyin edilmiş pensiyanın yenidən hesablanmasını xahiş edə bilər. İnzibati orqan tərəfindən ərizəçiyə imtina cavabı verildiyi halda, həmin münasibətlər artıq inzibati məhkəmənin yurisdiksiyasına aid olacaqdır. Lakin ərizəçinin maraqlı şəxsə sözügedən məzmunlu müraciəti olmamışdır. İş materiallarından göründüyü kimi, ərizəçinin məhkəmə qaydasında mübahisələndirdiyi dövrlərə dair əmək kitabçası mövcud olmadığı halda, məhkəməyə dəvət olunan və ərizəçi ilə birgə işləyən hər beş şahidin əmək kitabçası vardır. Bu isə ərizəçinin əmək kitabçasının üzrlü səbəbdən təqdim edə bilməməsini əsaslandırmır. Həmçinin şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. Hazırki “Əmək pensiyaları haqqında” Qanunun 7-ci bəndinə əsasən yaşa görə əmək pensiyası hüququn yaranması üçün azı 25 il sığorta stajı olmalıdır. Demək ki, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi zamanı ərizəçiyə şahid ifadələrinin əsasında 12 il 6 aydan çox müddət iş stajı kimi hesablana bilməz. Bundan başqa şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu X14 nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsi baxışı zamanı ifadəsi alınmış şahidlər ərizəçi ilə fərqli müddətlərdə Şuşa şəhər 1 N-li orta məktəbdə işləmişlər, digər tərəfdən əmək pensiyası hüququnun yaranması üçün 25 il sığorta stajı olmalıdır, lakin faktın müəyyən edilməsi zamanı ərizəçiyə şahid ifadələri əsasında 12 il 6 aydan artıq müddət iş stajı kimi hesablana bilməz. Digər tərəfdən ərizəçiyə 15 oktyabr 2021-ci il tarixdən avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılmışdır. Ərizəçi hesab etsə ki, onun iş stajı 25 ildən artıqdır, bu barədə təmsil etdiyi inzibati orqana müraciət etməli, imtina cavabı aldıqda isə həmin imtinanı inzibatı qaydada mübahisələndirə bilərdi, lakin birinci instansiya məhkəməsi işin qeyd olunan hallarına qiymət verməmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, 1973-cü ildən Şuşa şəhər 1 N-li orta məktəbdə və Şuşa şəhər 2 N-li internat məktəbdə müxtəlif vəzifələrdə işləmişdir. Hazırda pensiya yaşı çatsa da müddəti uzadılmaqla Şuşa şəhər 5 N-li tam orta məktəbdə direktor işləyir. Lakin qeyd etdiyi dövlərdə işləməsini təsdiq edən arxiv sənədləri işğal altında qalmışdır. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maraqlı şəxsin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını tam yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Birinci instansiya məhkəməsi baxışı zamanı şahid qismində ifadə vermiş X5 bildirmişdir ki, o, 1980-ci il tarixdən 3 saylı internat məktəbində hərbi müəllimi işləmişdir. 1981-ci il tarixdən isə Şuşa şəhər 2 N-li internat məktəbində işləməyə başlamış və 1989cu ilədək həmin məktəbdə işləmişdir. Ərizəçi isə əvvəllər Şuşa şəhər 1 N-li orta məktəbdə işləmiş, 1986-ci ildə isə onun işlədiyi Şuşa şəhər 2 N-li internat məktəbin direktoru təyin edilmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı şahid qismində ifadə vermiş X10 bildirmişdir ki, o, Şükürlə 1974-cü il tarixdə X1 bir oxumuşdur. 1980-1992-ci il tarixlərdə Şuşa şəhərində yaşamışdır. 1982-ci il tarixdə Şuşa şəhərində əyani-qiyabi orta məktəbində işləmiş, xx.xx.1986-cı il tarixdə o Şuşa şəhər 2 N-li internat məktəbə direktor təyin edilmişdir. Həmin vaxtı Şükür Şuşa şəhər 1 N-li orta məktəbdə riyaziyyat müəllimi vəzifəsində işləmişdir. 1986-cı ilin son aylarında o, direktor vəzifəsindən azad edilmiş və bundan sonra Şuşa şəhər 2 N-li internat məktəbin direktoru vəzifəsinə Şükür təyin olunmuşdur. Şükür Şuşa şəhəri işğal olunanadək həmin məktəbdə direktor vəzifəsində işləmişdir. Belə ki, onlar həmyerli və dost olmuşlar. Ona görə də Şükürün 2 N-li internat məktəbin direktoru vəzifəsində işləməsinin şahidi olmuşdur. Birinci instansiya məhkəməsi baxışı zamanı şahid qismində ifadə vermiş X7 bildirmişdir ki, Şuşa şəhərində yaşdıqları vaxtı ərizəçi Şükürlə qonşu olmuş və onları tanımışdır. Ona görə də ərizəçinin 1986-cı ildən Şuşa şəhər 2 N-li internat məktəbin direktoru vəzifəsində işləməsinin şahidi olmuşdur. Özü isə 1978-1990-cı illərdə Şuşa şəhər 4 nömrəli orta məktəbdə işləmişdir. 1990-cı ildən isə Şükürün hazırda da direktor işlədiyi Şuşa şəhəri 2 N-li internat məktəbdə işləməyə başlamışdır. Birinci instansiya məhkəməsi baxışı zamanı şahid qismində ifadə vermiş X6 bildirmişdir ki, o, 1972-ci ildən Şuşa şəhəri işğal olunanadək, yəni 1992-ci ilədək Şuşa şəhər 1 N-li orta məktəbdə fizika müəllimi işləmişdir. Şükür isə 1973-cü ildən tanımışdır. Belə ki, Şükür 1973-cü ildə onun işlədiyi Şuşa şəhər 1 N-li orta məktəbdə lobarant vəzifəsində işə düzəlmiş və 1986-cı ilədək həmin məktəbdə işləmişdir. Şükür 1973-cü ildən 1976-cı ilin sonunadək həmin məktəbdə laborant vəzifəsində işləmişdir. Daha sonra Şükür hərbi xidmətə getmiş və hərbi xidmətdən qayıtdıqdan sonra 1979-cu ildən 1986-cı ilədək məktəbdə riyaziyyat müəllimi vəzifəsində çalışmışdır. O, həmin məktəbdə işlədiyindən bunun şahidi olmuşdur. 1986-cı ilin son aylarında isə Şükür 2 N-li internat məktəbin direktoru vəzifəsinə təyin edilmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı şahid qismində ifadə vermiş X4 bildirmişdir ki, o, 1973-cü il tarixdən Şuşa şəhər 1 N-li orta məktəbə pioner baş dəstə rəhbəri təyin olunmuş, ele həmin vaxtda da Şükür həmin məktəbdə lobarant vəzifəsində işə düzəlmişdir. Həmin vaxtdan Şükürü tanımışdır. Həmin məktəbdə Şükür onunla birlikdə 1986-cı ilədək işləmiş, həmin ildə Şuşa şəhər 2 nömrəli internat məktəbinə direktor təyin olunduğundan Şükür məktəbdən çıxmışdır. Özü isə Şuşa şəhər 1 N-li orta məktəbdə ixtisası üzrə müəllim vəzifəsində işləmişdir. Həmçinin bildirmişdir ki, ərizəçi, 1976-cı ilin sonunadək həmin məktəbdə laborant vəzifəsində işləmiş, daha sonra hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra isə 1979-cu ildən 1986-cı ilədək Şuşa şəhər 1 N-li orta məktəbdə riyaziyyat müəllimi vəzifəsində çalışmışdır. İş materiallarında olan Şuşa rayon təhsil şöbəsinin ərizəçiyə ünvanladığı məktubundan görünür ki, Şuşa Rayon Təhsil Şöbəsi 1973-cü ilin sentyabr ayından 1992-cı ilin may ayının 8-dək Şuşa şəhər 2 nömrəli internat məktəbində işləməsinin təsdiq edilməsi ilə bağlı 24 avqust 2018-cı il tarixli ərizəsinə cavab olaraq bildirilmişdir ki, Ermənistan ordusu tərəfindən Şuşa rayonunun işğal etməsi ilə əlaqədar olaraq bütün arxiv sənədləri işğal altında qalmışdır. Bu səbəbdən də onun 1973-cü ildən 1992-ci iin may ayının 8-dək olan dövrdə Şuşa şəhər 2 nömrəli intemat məktəbində işləməsini təsdiq edən qeydlərin yazılması mümkün deyildir. Odur ki məhkəmə orqanlarına müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa Rayon Bölməsinin xx.xx.2021-ci il tarixli 172 nömrəli arayışından görünür ki, 1956-cı il təvəllüdlü Şuşa rayon sakini Ərizəçi xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək SSRİ SQ-də həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabelyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialının ərizəçiyə ünvanladığı xx.xx.2022-ci il tarixli yaşa görə əmək pensiyasının yenidən hesablanmasından imtina olunması haqqında məktubundan görünür ki, əmək kitabçası olmaması ilə əlaqədar əmək fəaliyyəti barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qərarı təqdim edildikdən sonra ona yaşa görə əmək pensiyasının yenidən hesablanması məsələnin baxılmasının mümkün olacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunun mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında qeyd edilmişdir ki, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Birinci instansiya məhkəməsi ərizəçinin və şahidlərin verdiyi ifadələr, habelə təqdim olunmuş sübutlarla müəyyən etmişdir ki, ərizəçi 1973-cü ilin sentyabr ayından 1976-cı ilin noyabr ayınadək Şuşa şəhər 1 N-li orta məktəbdə laborant vəzifəsində, 1979-cu ilin yanvar ayından 1986-cı ilədək həmin Şuşa şəhər 1 N-li orta məktəbdə riyaziyyat müəllimi vəzifəsində, 1986-cı ildən 1992-ci ilin may ayının 8-dək Şuşa şəhər 2 N-li internat məktəbinin direktoru vəzifəsində işləmişdir, ona məxsus əmək kitabçası Şuşa şəhəri işğal edilərkən orada qalmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yangın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsinə dair Qaydaların 3.2.1 və 3.2.2 bəndlərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası ilə, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilir. Göründüyü kimi hazırki iş üzrə hüquqi faktın müəyyən edilməsində məqsəd yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün iş stajının müəyyən edilməsidir, həmçinin ərizəçi işləmə faktının müəyyən edilməsinə dair sənədi başqa qaydada almasının mümkün olmadığına görə hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq ərizəçiyə lazım olan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinin başqa qaydada mümkün olmaması nəticəsinə gəlmişdir; çünki ərizəçi, müvafiq dövr üçün iş stajının nəzərə alınması üçün aidiyyəti dövlət orqanına müraciət etsə də, onun müraciəti müsbət həll olunmamış, həmçinin o, bunu təsdiq edəcək sənədləri də əldə edə bilməmişdir. Apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmuşdur, belə ki, maraqlı şəxs apellyasiya şikayətində “xx.xx.2006-cı il tarixədək olan iş stajı müddəti 25 ildən artıq olduğu halda, vətəndaş həmin stajı təsdiq edən əlavə sənədlərlə (əmək kitabçası, diplom, hərbi bilet) inzibati orqana müraciət edərək təyin edilmiş pensiyanın yenidən hesablanmasını xahiş edə bilər. İnzibati orqan tərəfindən ərizəçiyə imtina cavabı verildiyi halda, həmin münasibətlər artıq inzibati məhkəmənin yurisdiksiyasına aid olacaqdır. Lakin ərizəçinin maraqlı şəxsə sözügedən məzmunlu müraciəti olmamışdır” göstərsə də bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilindən də görünür ki, ərizəçi iş stajının hazırda mübahisələndirdiyi dövləri də əhatə etməsini sübut edə bilmədiyindən, yəni ona məxsus əmək kitabçasının Şuşa şəhəri işğal edilərkən orada qalması səbəbindən haqlı olaraq hazırki ərizə ilə xüsusi icraat qaydasında məhkəməyə müraciət etmişdir. Bundan başqa qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci bəndinə əsasən yaşa görə əmək pensiyası hüququn yaranması üçün azı 25 il sığorta stajı olmalıdır. Lakin həmin qanunda hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi zamanı ərizəçiyə 12 il 6 aydan çox müddət iş stajı kimi hesablanması məhdudlaşdırılmamışdır. Digər tərəfdən iş materiallarında olan əmək kitabçalarına əsasən şahidlərin Ərizəçi işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri mövcuddur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu X16 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Мəhkəməsinin 2(003)-200/2022 saylı, 10 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar