Məhkəmə qərarları › İş №2(103)-3974/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3974/2023

08.08.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3974/2023 08.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (üçüncü şəxslər – X6 və X7) qarşı “ailə üzvləri ilə birlikdə fərdi yaşayış evindən çıxarılma və sair” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “ailə üzvləri ilə birlikdə fərdi yaşayış evindən çıxarılma və sair”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili, üçüncü şəxs X1 vəkili Vəkil2 iştirakları ilə, Xəzər Rayon Məhkəməsinin 2(003)-1221/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər-X6, X7) ailə üzvləri ilə birlikdə fərdi yaşayış evindən çıxarılma və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən əmlakının da olduğu fərdi yaşayış evindən çıxarılması və mənzilin boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Lerik Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli 2(048)-532/2021 saylı qətnaməsi ilə onun azyaşlı uşağı 02 sentyabr 2016- cı il təvəllüdlü X8 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən X2 istifadəsində olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Bundan qabaq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən, X5 məxsus fərdi həyət evinə gəlin köçmüş, nikahları pozulduqdan sonra ona məxsus əmlakları həmin evdə qalmışdır. Lerik rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(048)-531/2021 saylı qərardadı ilə fərdi həyət evində qalmış əmlak üzərinə həbs qoyulmuş, əmlakdan istifadə keçmiş əri X5 və digər şəxslərə qadağan edilmişdir. Qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-442/2022 saylı qətnaməsi ilə Lerik rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədənn saxlanılmışdır. Məhkəmə qətnamələri icraya yönəldilmiş və müvafiq icra hərəkətləri edilmişdir. İcra hərəkətləri edildiyi zaman aşkar olunmuşdur ki, fərdi həyət evində hazırki Cavabdeh anası ilə birlikdə yaşayır və bildirmişlər ki, evi onlar X7 və anasından almışlar. İcra məmuru bu barədə akt tərtib etmiş, icra sənədinin icra edilməsinin mümkün olmayacağı bildirilmişdir. Davam edən məhkəmə mübahisələri zamanı X7 bildirmişdir ki, əmlak ona məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozundakı fərdi həyət evindədir. Mübahisələrin davam etdiyi müddət ərzində əşyalarının qaldığı fərdi həyət evinin hansı əsaslarla özgənikləşdirilməsini araşdırdıqda məlum olmuşdur ki, həmin evi Bakı şəhəri 35 saylı Notariat ofisində X6 40000 manata Cavabdeh satmışdır. Notarat ofisindən alınmış cavabla müəyyən olunur ki, alqı-satqı müqaviləsi olmamış, yalnız ərizədəki imza ilə təsdiq edilmişdir. Cavabdeh əmlakının da yerləşdiyi həyət evini boşaltmağı bildirsə də heç bir nəticəsi olmamışdır. Mübahisəyə məhkəmə müstəvisində hüquqi qiymət verilməsi üçün hazırki iddia tələbi ilə müraciət edir. Hesab edir ki, məhkəmə qərarı ilə onun mübahisəli yaşayış evinə körpə övladı ilə köçürülməsi qət edildiyindən həmin evə yaşayış hüququ təsbit olunmuş, cavabdeh isə əmlaka qeyri-qanuni yiyələnmişdir. Keçmiş qaynanası X6 ilə əri olmuş X2 birgə düşünülmüş planları ilə o, yenidən körpə övladı ilə küçələrdə qalmalı olmuşdur. Hesab edir ki, cavabdeh ailə üzvləri ilə birlikdə hüququ tanındığı evdən çıxarlmalıdırlar.

3. Xəzər Rayon Məhkəməsinin 2(003)-1221/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim İlham Cəfərzadə) iddia ərizəsi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

4. İddiaçı apelyasiya şikayətini verərək, qeyd etmişdir ki, rayon məhkəməsi tərəfindən işin faktiki halları araşdırılmamış, sübutlara düzgün qiymət verilməmişdir, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Azərbaycan Respublikasının vətəndaşları mülki hüquq münasibətlərinin subyekti kimi çıxış etmək hüquna malikdirlər. Fiziki şəxsin mülki hüquq münasibətlərinin iştirakçı qismində çıxış etməsinə əsas onun sosial-hüquqi imkanları olan hüquq subyektliyi adlanır. Lerik Rayon məhkəməsinin 2(048)-532/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onun azyaşlı övladı X8 ilə birlikdə X2 istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Binə südçülük sovxozunda yerləşən evinə köçürülmə və yaşamaq hüququ təmin edilmişdir. Məhkəmə qətnaməsi qüvvəyə minmiş, icra hərəkətləri edildiyi zaman məlum olmuşdur ki, fərdi yaşayış evi qeyri-qanuni yolla digər şəxsin adına özgəninkiləşdirilmişdir (etibarnamə əsasında). Bu halı müəyyən etdikdən sonra məhkəmədə iddia qaldırmış, lakin məhkəmə əsassız olaraq onun iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmamağı qənaətinə gəlmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

5. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə və nümayəndəsi və vəkili Vəkil1 ayrılıqda apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uygun izahat verərək qeyd etdi ki, iddianı subyektiv hüququn olmaması əsası ilə rədd etmişdir. Bununla razı deyil, belə ki, evə köçürülməyə dair Lerik Rayon Məhkəməsində baxılan iddia tələbi təmin edilmişdir. Hesab edirlər ki, köçürülməyə subyektiv hüquq olubsa, hazırkı halda da subyektiv hüququ var. Cavabdehlər bildirir ki, iddiaçıya məxsus əmlaklar onun evindədir. Bununla da aydın olur ki, ev xanımın istifadəsində olub, onun əşyaları evdə ola ola ev 40000 manata satılmışdır, bu iddiaçının evdən istifadəsinin qarşısını almaq məqsədi ilə qabaqcadan düşünülmüş oyundur, çünki hazırda Cavabdeh ailəsi ilə həmin evdə yaşayır. Qeyd edilənlərə əsasən apellyasiya şiakyətinin təmin edilməsini xahiş etdi.

6. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili, üçüncü şəxs A.Əliyevanın vəkili Vəkil2 apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətin əsassız olduğunu bildirdi və təmin edilməməsini xahiş etdi.

7. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, üçüncü şəxs Ə.Əliyev məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.

8. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Sübutların tədqiqi: Mülki iş materiallarında olan:

9. Lerik Rayon Məhkəməsinin 2(048)-532/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X3 cavabdeh X5 qarşı evə köçürülmə, yaşayış və istifadə qaydasının müəyyən edilməsi tələbinə dair iddiası qismən təmin edilərək X3 xx.xx.2016-cı il tarixdə doğulmuş X8 adlı azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi südüçülük sovxozunda yerləşən cavabdeh X2 istifadəsində olan fərdi yaşayış evinə köçürülmələri, yaşayış evi X2 adına DƏDRX-də rəsmi qeydiyyata alınmadığından X3 həmin evdən istifadə hüququnun tanınmaması qət edilmişdir.

10. Lerik Rayon Məhkəməsinin 2(048)-531/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X3 cavabdeh X5 qarşı əmlak tələbinə dair iddiası qismən təmin edilmişdir.

11. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-442/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Lerik Rayon Məhkəməsinin 2(048)-531/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. 10.06.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, X6 faktiki istifadəsində olan Abşeron rayonu Hövsan Südçülük sovxozu ünvanı ərazisində yerləşən torpaq sahəsini və yaşayış evini qanunvericilikdə nəzərdə tutulmuş qaydada özəlləşdirilməsi ilə bağlı zəruri hərəkətlərin edilməsini Cavabdeh etibar etmişdir, etibarnamənin müddəti 10.06. 2102-ci ilədək müəyyən olunmuşdur.

13. Abşeron rayon Hövsan Südçülük sovxozu üzrə xx.xx.2000-ci il tarixli 16 N-li əmrdən çıxarışın surətindən görünür ki, X4 fərdi ev tikmək üçün 003 hektar torpaq sahəsinin ayrılmısdır.

14. İddiaçının Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə ərizə ilə müraciət edərək hazırda azyaşlı uşağı ilə birlikdə Lerik rayonunun Şingədulan kəndində atasına məxsus fərdi yaşayış evində yaşadığını, övladının həmin kənd məktəbində təhsil aldığını bildirmiş və Lerik Rayon Məhkəmsinin 2(048)-532/2021 saylı qətnaməsi ilə onun evə köçürülməsi barədə icra işinin dayandırılaraq Lerik Rayon Məhkəməsinə göndrilməsini xahiş etmişdir.

15. X1 notarial qaydada təsdiq edilmiş ərizəsinin surətindən və “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, sonuncu Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozu ünvanı ərazisində yerləşən faktiki istifadəsində olan 300 kv.m torpaq sahəsi üzərində tikilmiş 120 kv.mdən ibarət olan özəl tikilmiş fərdi yaşayış evini Cavabdeh 40000 manat satdığını, həmin məbləği tam olaraq aldığını, gələcəkdə həmin əmlaka dair heç bir iddia və tələbinin olmayacağını bildirmişdir. Tətbiq edilən maddi hüquq normaları:

16. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

18. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikili sayılır.

19. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Tətbiq edilən prosessual hüquq normaları:

20. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

21. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

22. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

23. İddia tələbini təmin etməyən rayon məhkəməsi qeyd etmişdir ki, iddiaçının mübahisə predmetinə köçürülməsi ilə bağlı mövcud olan məhkəmə qətnaməsi ilə ona yalnız həmin mübahisə predmeti olan tikilidə yaşamaq hüququ müəyyən edilmiş və mübahisə predmetinə daxil olan tikiliyə hər hansı bir mülkiyyət hüququnun (sahiblik, istifadə etmək və sərəncam vermək hüququ) verilməsi müəyyən edilməmişdir. Odur ki, iddiaçı, mübahisə predmetinə daxil olan tikili ilə bağlı iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidir.

24. Məhkəmə kollegiyası qeyd edir ki, işin mübahisəsiz halı kimi müəyyən olunmuşdur ki, iddia ərizəsində cavabdehin çıxarılmağı tələb edilən ev özbaşına tikili olmaqla əvvəllər iddiaçının keçmiş qaynanası A.Əliyevaya məxsus olmuş, sonradan isə A.Əliyeva həmin fərdi yaşayış evini hazırkı mülki iş üzrə Cavabdeh satmış və halhazırda həmin evdə Cavabdeh ailəsi ilə birlikdə yaşayır.

25. Kollegiya qeyd edir ki, mülki iş materiallarında olan Lerik Rayon Məhkəməsinin 2(048)-532/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X3 cavabdeh X5 qarşı evə köçürülmə, yaşayış və istifadə qaydasının müəyyən edilməsi tələbinə dair iddiası qismən təmin edilərək X3 xx.xx.2016-cı il tarixdə doğulmuş X8 adlı azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi südçülük sovxozunda yerləşən cavabdeh X2 istifadəsində olan fərdi yaşayış evinə köçürülmələri, yaşayış evi X2 adına DƏDRX-də rəsmi qeydiyyata alınmadığından X3 həmin evdən istifadə hüququnun tanınmaması qət edilmişdir.

26. Həmin qətnamə qanuni qüvvəsini almış, icraya yönəldilmiş, icra mərhələsində məlum olmuşdur ki, həmin ev A.Əliyeva tərəfindən etibarnamə əsasında hazırkı cavabdehə satılmışdır. Buna görə də icra məmuru tərəfindən bu səbəbdən qətnamənin icra edilməməsi barədə akt tərtib edilmişdir. Məhz bundan sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

27. Kollegiya hazırkı mülki işin müəyyən olunmuş halları baxımından xüsusi olaraq qeyd edir ki, Lerik Rayon Məhkəməsinin 2(048)-532/2021 nömrəli, xx.xx.2021ci il tarixli hazırda qüvvədə olan qətnaməsi ilə X3 xx.xx.2016-cı il tarixdə doğulmuş X8 adlı azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi südüçülük sovxozunda yerləşən cavabdeh X2 istifadəsində olan fərdi yaşayış evinə köçürülmələri qərara alındığından və həmin qətnamənin icrası mərhələsində qeyd edilən evin üçüncü şəxsin sahibliyinə keçməsi (satılması) həmin qətnamənin icra edilməməsi üçün əsas ola bilməz.

28. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin birinci hissəsinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin maddənin ikinci hissəsinə görə məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

29. MPM-in 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

30. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur.

31. Belə olan halda müəyyən olunur ki, iddiaçı həmin mənzilə köçürülməsinə dair Lerik Rayon Məhkəməsinin 2(048)-532/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hazırda qüvvədə olan qətnaməsinin icrasını arzu etdiyi halda, buna icra sənədinin təkrar icraya yönəldilməsi qaydasında nail olmalı və həmin qətnamənin icrasını tələb etməlidir.

32. Hazırkı tələblə bağlı isə kollegiya qeyd edir ki, X1 notarial qaydada təsdiq edilmiş ərizəsi əsasında fərdi yaşayış evi Cavabdeh satıldığından- verildiyindən və həmin fərdi yaşayış evinə (onun özbaşına tikili olmasına baxmayaraq) əldə edənin- Cavabdeh sahibliyi qanuni olduğundan, onun mənzildən çıxarılmasına dair S.Əliyevanın hazırkı iddia tələbi əsassızdır və təmin edilə bilməz.

33. Beləliklə, rayon məhkəməsi hazırkı iddia tələbi ilə bağlı mahiyyət etibarı ilə düz qənaətə gəldiyindən apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Eyni zamanda, iddiaçıya izah olunmalıdır ki, o, həmin mənzilə köçürülməsinə dair Lerik Rayon Məhkəməsinin 2(048)-532/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hazırda qüvvədə olan qətnaməsinin icrasını arzu etdiyi halda, buna icra sənədinin təkrar icraya yönəldilməsi qaydasında həmin qətnamənin icrasını tələb etməklə nail ola bilər. Nəticə:

34. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

35. Prosessual qanunun tələbinə görə də (Maddə 385.2.) birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

36. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Xəzər Rayon Məhkəməsinin 2(003)-1221/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Eyni zamanda, iddiaçıya izah olunsun ki, o, həmin mənzilə köçürülməsinə dair Lerik Rayon Məhkəməsinin 2(048)-532/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hazırda qüvvədə olan qətnaməsinin icrasını arzu etdiyi halda, buna, icra sənədinin təkrar icraya yönəldilməsi qaydasında həmin qətnamənin icrasını tələb etməklə nail ola bilər. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar