Məhkəmə qərarları › İş №2(103)-3974/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3974/2024

17.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3974/2024 17.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi “sənədlərin ona məxsus olması faktının müəyyən edilməsi tələbi barədə” ərizəsinə dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 aprel 2024-cü il tarixli qətnamədən Ərizəçi verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, apellyatorun özünün iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İş üzrə ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hospitalının verdiyi xx.xx.1993-cü il tarixli, 296 nömrəli arayışın, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi tibb şöbəsinin verdiyi xx.xx.1998-ci il tarixli, 30/21 nömrəli məktubun, qərargah rəisinin 22.05.199”9-cu il tarixli bildirişlərinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami Rayon İdarəsinin verdiyi xx.xx.2013-cü il tarixli, 126 nömrəli arayışın ona məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsi və Azərbaycan Respublikası Müdafiə Nazirliyi ərizədə maraqlı şəxs kimi qeyd olunmuşdur.

3. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi, 1978-ci ildən 4 illik hərbi hazırlıq kursunun nəticəsi olaraq leytenant, 1986-cı ildən isə baş leytenantdır. O, 1991-ci ildən Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, İ Qarabağ Müharibəsində tabor (batalyon) komandiri kimi iştirak etmişdir. Ərizəçi, 1993-cü ilin martında Ağdərə bölgəsində tabor komandiri kimi döyüş əməliyyatında ağır baş-beyin travması almış, İ dərəcəli müharibə əlili olmuşdur. Lakin batalyon komandiri vəzifəsində olması “Şəxsi işində” qeyd olunmamışdır. “Şəxsi işdə” qeyd edilmişdir ki, ərizəçi, kimya müdafiə bölüyünün komandir müavinidir. Halbuki o, desant-hücum taborunun komandiri olmuş, kimyəvi hücum döyüşçüsü olmamışdır. Belə vəzifə ümumiyyətlə yoxdur. Ərizəçiyə ilk zabit rütbəsi veriləndə “Hərbi biletində” rus dilində onun vəzifəsi “командир мотострелкового взвода” (komandir motostrelkovoqo vzvoda) yəni, “motoatıcı taqım komandiri” yazılmışdır. Eyni zamanda Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayanda ərizəçini “Hərbi biletini” təhvil vermiş və “Xidməti vəsiqə” almışdır. “Həmin hərbi biletində” vurğuladığı vəzifələr, keçmiş SSRİ ordusunda hərbi toplanışlarda iştirak etməsi barədə qeydlər vardır. Ərizəçinin batalyon komandiri vəzifəsində olmasını Müdafiə Nazirliyi Mərkəzi Hərbi Hospitalının verdiyi xx.xx.1993 tarixli 296 saylı arayış, Daxili Qoşunların hərbi tibb şöbəsinin verdiyi xx.xx.1998 tarixli 30/21 saylı məktub, qərargah rəisinin verdiyi xx.xx.1999 tarixli, 19/299 saylı arayışlar təsdiq edir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Hospitalının verdiyi xx.xx.1993 tarixli 296 nömrəli rusca arayışın notarial qaydada təsdiq edilmiş tərcüməsində yazılıb ki, N saylı h/h baş leytenantı, batalyon komandiri X4 həqiqətən xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixinədək Azərbaycan Respublikası MN MHH-da Azərbaycan Respublikasının stasionar müayinə və müalicədə olmuşdur. DİN DQ-nin qərargah rəisi V.B.Dzarasov DİN müavini, müdafiəsi zamanı baş beynin silkələnməsi ağır dərəcəli qapall kəllə-beyin travması diaqnozu ilə general Əsgər Ələkbərova cavab olaraq arayış verib ki, Daxili Qoşunların sərəncamında olan baş leytenant X3 1993-cü ilin yanvarında Ağdərədə şifahi əmrlə desant-hücum taborunun komandiri təyin olunmuşdur. Ərizəçinin DİN DQ-də həqiqi hərbi xidmətdə olmağını isə bu arayışlardan əlavə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami Rayon İdarəsinin xx.xx.2013-cü il tarixli 126 saylı arayışı sübut edir. Belə ki, həmin arayışda qeyd edilib ki, baş leytenant Ərizəçi Zaqafqaziya Hərbi Dairəsinin Komandanının 06 nömrəli, xx.xx.1986tarixli əmri ilə baş leytenant rütbəsi verilmiş və xx.xx.1991-ci il tarixdən xx.xx.2012-ci il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında həqiqi hərbi xidmət keçmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalının verdiyi xx.xx.1993-cü il tarixli, 296 saylı arayışın, DİN DQ-nin verdiyi xx.xx.1998-ci il tarixli və xx.xx.1999-cu il tarixli bildirişlərin, hərbi komissarlığın verdiyi xx.xx.2013 tarixli, 126 saylı arayışın ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi pensiyanın batalyon komandiri vəzifəsinə uyğun hesablanıb artırılması üçün mühüm əhəmiyyat daşıyır. Hazırda ərizəçinin vəzifə maaşı 530 manatdır ki, bu sıradan əsgərin maaşından da azdır; o, tabeliyində olanlardan da 3 dəfə az pensiya alır. Yəni sənədləri ona məxsus olması faktını maraqlı şəxslər qəbul etmir, etsəydi, pensiyanı sıradan əsgərin maaşından da az hesablamazdı, bunu yalnız məhkəmə qaydasında müəyyən etmək olar. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə ərizənin rədd edilməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki mübahisə ilə bağlı sübutetmə yükü ərizəçinin üzərinə düşür. Belə ki, ərizəçi həqiqətən tələbində sadaladığı sənədlərin ona məxsus olmasını sübuta yetirməli, bununla bağlı sübutları məhkəməyə təqdim etməli olduğu halda, sənədlərin ona məxsus olması ilə bağlı sübutlar təqdim etməmişdir. Həmçinin onun tabor komandiri vəzifəsinə təyin edilməsi barədə Daxili Qoşunların arxivində sənədlərin aşkar olunmadığı müəyyən edilmişdir. Məhkəmə, Müdafiə Nazirliyi Mərkəzi Hospitalının verdiyi xx.xx.1993-cü il tarixli, 296 nömrəli arayışın və DİN DQ-nin hərbi tibb şöbəsinin verdiyi xx.xx.1998-ci il tarixli, 30/21 nömrəli qərargah rəisinin xx.xx.1999-cu il tarixli bildirişlərin mötəbər sübut kimi qəbul etmir, çünki maraqlı şəxsin təqdim etdiyi arxiv arayışı və məhkəmə qərarı ilə müəyyən edilir ki, Daxili qoşunların komandanının xx.xx.1993-cü il tarixli N nömrəli əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 33 nömrəli əmri ilə baş leytenant hərbi rütbəsində Nizami RHK-dan ehtiyatdan çağırılmış hesab edilərək hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilərək, kimya müdafiə bölüyü komandirinin müavini vəzifəsinə təyin edilmiş, Daxili qoşunların komandanının xx.xx.1993-cü il tarixli 376 nömrəli əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 158 nömrəli əmri ilə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının xx.xx.1992-ci il tarixli qanununa əsasən 18-ci maddənin “V” bəndinə (xəstəliyə görə) müvafiq olaraq kimya müdafiə bölüyü komandirinin müavini vəzifəsindən azad edilmişdir. Məhkəmə hesab edir ki, ərizəçinin tələbinin faktiki hallarının sübutu üçün təqdim etdiyi dəlillər kifayət etmir. Maraqlı şəxsin təqdim etdiyi dəlillər isə preyudisiallıq baxımından bu ərizənin əsassız olduğuna dəlalət edir. Məhkəmədə müəyyən edilir ki, ərizəçi uzun müddətdir eyni məqsədə çatmaq üçün məhkəmə müdafiəsindən istifadə edərək müxtəlif məhkəmələrdə iddialar qaldırmış, lakin heç bir tələbində iddia etdiyi dəlillər barədə müsbət nəticə əldə etməmişdir. Məhkəmə xüsusi olaraq yuxarıdakı qərara istinadən qeyd edir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə 2009-cu ildə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş və bu zaman nə ərizəsində, nə də həmin iş qəbul edilmiş qətnamədən verdiyi apelyasiya şikayətinə etirazında tabor komandiri olması barədə məlumat verməmişdir. Göründüyü ki, ərizəçinin müraciətində göstərilən əsaslar sübuta yetmir. c) apellyasiya şikayəti barədə məlumat

6. Ərizəçi həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə verərək, qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməsini xahiş etmişdir.

7. Ərizənin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, işin hallarını səhv müəyyən etmiş, nəticədə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə ərizənin rədd edilməsi barədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. d) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

8. Ərizəçi apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və ərizənin, habelə şikayətin məzmununa uyğun izahat verdi.

9. İşə apellyasiya qaydasında baxılmanın iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş iş üzrə maraqlı şəxslər apellyasiya baxışı iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

10. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

11. Belə ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 126 nömrəli, xx.xx.2013-cü il tarixli “Arayışından” görünür ki, istefada olan baş leytenant Ərizəçi həqiqətən Zaqafqaziya Hərbi Dairəsinin Komandadının 06 nömrəli, xx.xx.1986-cı il tarixli əmri ilə baş leytenant rütbəsi verilmişdir və xx.xx.1991-ci il tarixdən xx.xx.2012-ci il tarixinədək Azərbaycan Respublikası DİN Daxili Qoşunlarında hərbi xidmət keçmişdir. Arayış Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsinin rəisi vəzifəsinin icraçısı polkovnik-leytenant Rövşən Babayev tərəfindən imzalanmış, arayışın verilməsinə əsas 4488 saylı arxiv şəxsi iş və hərbi bilet olmuşdur.

12. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Hospitalının verdiyi xx.xx.1993-cü il tarixli, 296 nömrəli “Arayışından” görünür ki, N saylı h/h baş leytenantı, batalyon komandiri X4 həqiqətən xx.xx.1993 ildən xx.xx.1993 ilədək Azərbaycan Respublikası MN MHH-da Azərbaycan Respublikasının müdafiəsi zamanı stasionar müalicədə olmuşdur.

13. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, 350 nömrəli “Arayışından” görünür ki, arxiv sənədlərinə istinad edilərək verilir ondan ötrü ki, həqiqətən də baş leytenant X2 N () saylı hərbi hissənin tərkibində həqiqı hərbi xidmət keçməsi faktlarını təsdiq edən məlumatlar aşağıdakılardır:

14. Daxili qoşunların komandanının xx.xx.1993-cü il tarixli N nömrəli əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 33 nömrəli əmri ilə baş leytenant hərbi rütbəsində Nizami RHK-dan ehtiyatdan çağırılmış hesab edilərək hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilib, kimya müdafiə bölüyü komandirinin müavini vəzifəsinə təyin edilmişdir; N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 62 nömrəli əmri ilə xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək xidməti ezamiyyətə getmiş hesab edilmişdir (əmrdə ezamiyyət yeri qeyd edilməyib və əmrdə adı Bədəlov M.A. kimi qeyd edilmişdir); N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 92 nömrəli əmri ilə Ağdam bölgəsində ezamiyyət müddəti xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək artırılmışdır (əmrdə adı Bədəlov M.A. kimi qeyd edilmişdir); N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 110 nömrəli əmri ilə xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Bakı şəhərində mərkəzi hərbi hospitalda müalicədə hesab edilmiş, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək xəstəliyinə görə məzuniyyətə getmiş və xx.xx.1993-cü il tarixdə xəstəliyə görə məzuniyyətdən gəlmiş hesab edilmişdir; N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 117 nömrəli əmri ilə xx.xx.1993-cü il tarixdən DİN-in hospitalında müalicədə hesab edilmişdir (əmrdə adı Bədəlov M.A. kimi qeyd edilmişdir); N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 143 nömrəli əmri ilə xx.xx.1993-cü il tarixdə DİN-in hospitalından müalicədən gəlmiş hesab edilmişdir (əmrdə adı Bədəlov M.A. kimi qeyd edilmişdir); N saylı hərbi hissə komandirinin xx.xx.1993- cü il tarixli 147 nömrəli əmri ilə hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə torpaqlarımızın ərazi bütövlüyü uğrunda xx.xx.1993-cü il tarixdən xx.xx.1993- cü il tarixədək Ağdam, Ağdərə və Laçın bölgələrində gedən döyüşlərdə iştirak etdiyinə görə üç qat məbləğində məvacib verilmişdir; Daxili qoşunların komandanının xx.xx.1993- cü il tarixli 376 nömrəli əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 158 nömrəli əmri ilə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının xx.xx.1992-ci il tarixli qanununa əsasən 18-ci maddənin “V” bəndinə (xəstəliyə görə) müvafiq olaraq kimya müdafiə bölüyü komandirinin müavini vəzifəsindən azad edilib, Silahlı Qüvvələrə ehtiyata buraxılmaqla hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılmışdır.

15. İşdə olan sübutlarla müəyyən olunur ki, Ərizəçi hərbi xidmət keçdiyi dövrdə zabit olmuş, onun rütbəsi baş leytenant olmuşdur.

16. Ərizəçi bildirir ki, o, hərbi qulluqçu olarkən kimya bölüyü komandiri yox, desant hücum taborunun-batalyonun komandiri olmuşdur.

17. Ərizəçi hesab edir ki, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Hospitalın verdiyi xx.xx.1993-cü il tarixli, 296 nömrəli “Arayışın”, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsinin hərbi tibb şöbəsinin verdiyi xx.xx.1998-ci il tarixli, 30/21 nömrəli qərargah rəisinin xx.xx.1999-cu il tarixli bildirişlərinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon idarəsinin verdiyi xx.xx.2013-cü il tarixli, 126 nömrəli “Arayışın” ona məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilərsə, pensiyasının yenidən hesablanması üçün əhəmiyyət daşıyacaq, çünki desant hücum taborunun-batalyonun komandiri vəzifəsinin maaşı kimya bölüyü komandirinin maaşına münasibətdə daha çoxdur, bu isə onun pensiyasının yenidən hesablanmasına əsas olacaqdır.

18. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir (bəndə 1.2.). Müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər (bənd 14.).

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.

20. Konstitusiya Məhkəməsi Plenumunun “Q.Məmmədova və digərlərinin şikayəti üzrə” xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir.

21. MPM-in 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(102)- 1452/2021 saylı qərarı ilə müəyyən olunur ki, iddiaçı (hazırkı iş üzrə ərizəçi) Ərizəçi Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək xüsusi təyinatlı qoşunun tabor komandiri vəzifəsinə və polkovnik rütbəsinə uyğun olaraq, hərbi xidmət illərinin Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 saylı qərarına və xx.xx.2000-ci il tarixli 73 saylı qərarına əsasən hesablanmaqla və 1993-cü ildən indeksasiya edilməklə, 2013-cü ildən ərzaq payının 128 manatdan hesablanmaqla təminat xərcliyinin məbləği haqqında yeni hesablama vərəqinin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, işdən çıxarma pulunun, geyim əşya kompensasiyasının, məzuniyyət və ezamiyyət pulunun, sığorta ödənişinin, sanatoriya yollayışının və əvəzində kompensasiyanın qanunvericiliyin tələblərinə uyğun hesablanaraq ödənilməsi, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” qanunun 15v və 23b maddələrinə əsasən minimum pensiyanın müvafiq olaraq 300 və 100 faizi miqdarında əlavənin 1993-dən hesablanmaqla, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000 tarixli 597 saylı sərəncamı və xx.xx.2001 tarixli 613 saylı fərmanı ilə müəyyən edilmiş müvafiq olaraq 14 və 26 manatlıq, toplam 40 manatlıq aylıq müavinətin həmin aktların qəbul edildiyi tarixdən hesablanmaqla pensiyasına hesablanmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun hüquqi marağı pensiyasının artırılmasına nail olmaqdan ibarətdir. Belə ki, onun iddia tələblərinin əsasını mahiyyət etibarı ilə tabor komandiri və polkovnik rütbəsinə uyğun olaraq pensiyasının yenidən hesablanması təşkil etmişdir.

23. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(84)-30/2019 saylı qərardadından görünür ki, həmin qərardadla iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı 1993-cü ildən polkovnik-leytenant rütbəsi, 2003cü ildən polkovnik rütbəsinin verilməsinin təmin edilməsi, 1993-cü ilin əvvəlində Ağdərədə sıra qabağında elan edilən, amma şəxsi işinə yazılmayan tabor komandiri vəzifəsinin şəxsi işinə yazılması, yeni hesablama vərəqinin bu xidmət ilinə, polkovnik rütbəsinə və tabor komandiri vəzifəsinə uyğun tərtib edilməsi, işdən çıxarma pulu, geyim əşya kompensasiyası, ezamiyyət, məzuniyyət pulu, sığorta ödənişi, sanatoriya yollayışı və əvəzində kompensasiyanın da Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 saylı qərarının 3 və 5-ci bəndinə əsasən hesablanması, 6 ildə ayda 64 manat məbləğində artım indeksasiyası tətbiq olunmaqla hesablanıb ödənilməsinin təmin edilməsi, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” xx.xx.1992-ci il tarixli Qanunun 15 “v” maddəsinə uyğun olaraq 300 faizlik və 23 “b” maddəsinə əsasən 100 faizlik yaşa görə minimum pensiya məbləğində əlavənin pensiyasına 1993-cü ildən indeksasiya edilməklə hesablanması, Azərbaycan Respublikası Prezidentin xx.xx.2001-ci il tarixli 613 saylı Fərmanı və xx.xx.2000-ci il tarixli 597 saylı sərəncamı ilə müəyyən edilmiş müvafiq olaraq 26 və 14 manatlıq aylıq müavinətin pensiyasına əlavə olunması, “Əmək pensiyaları haqqında” Qanunun 20.16.1-ci maddəsinə görə müvafiq təminat xərcliyinin 100 faizi qədər müəyyən edilmiş məbləğin 2006-cı ildən indeksasiya edilməklə pensiyasına əlavə edilməsi, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə əsasən qanunun geriyə qüvvəsi olduğundan bu əlavənin indeksasiyasız 1993-cü ildən pensiyasına hesablanmasının təmin edilməsi, həmin Qanunun 19.1.4-cü maddəsinə İ qrup əlillərə və sağlamlıq imkanları məhdud şəxslərə qulluq üçün 11 manat məbləğində aylıq əlavənin 2006-cı ildən indeksasiya edilməklə pensiyasına hesablanması, onun vəzifə maaşının müvafiq rütbə və vəzifəyə (polkovnik tabor komandiri) uyğun olaraq DİN-də ən yüksək səviyyədə təminat alan qurumun (Xüsusi Təyinatlı Qoşunlar ya da X7) təminat xərcliyinə uyğunlaşdırılmasının təmin edilməsi barədə iddiası mümkün sayılmamışdır.

24. Şəki İnzibati-İqtisadi Məhkəməsi iddianı mümkün saymamasının əsası kimi qeyd etmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami Rayon İdarəsinin xx.xx.2019-cu il tarixli 8 saylı arayışından və ona əlavə edilmiş şəxsi işdən, həmçinin DİN Daxili Qoşunlar Baş İdarəsinin xx.xx.2019-cu il tarixli 73 saylı arayışından görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami Rayon İdarəsinin xx.xx.2013-cü il tarixli arayışında texniki səhvə yol verilmiş, səhvən iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2012-ci il tarixə kimi Daxili Qoşunlarda xidmət keçməsi qeyd olunmuşdur. Belə ki, iddiaçı xx.xx.2011-ci ildə ehtiyatda olan zabitlərin son yaş həddinə görə uçotdan çıxarılmışdır. Həmçinin iddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında həqiqi hərbi xidmət keçmişdir. Buna qədər isə xx.xx.1991-ci il tarixindən 1993-cü il tarixinədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etməsi faktı müəyyən edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçının işdən çıxarma pulu, geyim əşya kompensasiyası, məzuniyyət, ezamiyyət pulu, sığorta ödənişi, sanatoriya yollayışı və əvəzində kompensasiya tələbinə dair iddiası 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərardadı ilə mümkün sayılmamış, həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. İddiaçının iddia ərizəsinin 4-7-ci bəndlərində qeyd olunan tələblər isə hazırki cavabdehə qarşı yönələ bilməz. Qeyd olunan tələblər iddiaçının pensiya ödənişini həyata keçirən DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə yönəlməlidir. İddiaçıya məhkəmə tərəfindən müvafiq yardım məktubu göndərilmiş, iddiaçı dəfələrlə iddia ərizəsinə dəqiqləşmələr vermiş və nəticədə cavabdeh kimi Daxil İşlər Nazirliyini göstərmişdir.

25. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(84)-30/2019 saylı qərardadı Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(107)-237/2019 saylı qərardadı ilə dəyişdirilmədən qüvvəsində saxlanılmış, həmin qərardaddan verilmiş kassasiya şikayəti isə Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2-1(102)-444/2020 saylı qərardadı ilə mümkün sayılmamış və qərardad qanuni qüvvəyə minmişdir. Həmin qərardadda qeyd olunmuşdur ki, iddiaçının işdən çıxarma pulu, geyim əşya kompensasiyası, məzuniyyət, ezamiyyət pulu, sığorta ödənişi, sanatoriya yollayışı və əvəzində kompensasiya verilməsi tələbinə dair analoji iddiası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərardadı ilə mümkün sayılmamış və həmin qərardad Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, görünür ki, iddiaçı mahiyyət etibarı ilə tabor komandiri vəzifəsinə və polkovnik rütbəsinə uyğun olaraq pensiyanın yenidən hesablanmasını tələb edir. Lakin bu tələbinə rəğmən iddiaçı xidmət dövründə səlahiyyətli orqan tərəfindən həmin vəzifəyə təyin edilməsini və həmin rütbənin ona verilməsini təsdiq edən hər hansı rəsmi sənədi məhkəməyə təqdim etməmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçının tabor komandiri vəzifəsini icra etdiyini və polkovnik rütbəsinin ona verilməli olduğunu sadəcə iddia etməsi onun tələblərinin təmin olunması baxımından yetərli sayıla bilməz. İddiaçının real olaraq həmin vəzifədə xidmət etdiyi və həmin rütbəyə malik olduğu qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş müvafiq sənədlərlə, o cümlədən onun vəzifəyə təyin olunması və ona rütbənin verilməsi barədə müvafiq əmrlərlə təsdiq olunmalıdır. Yaxud da iddiaçı ən azından həmin sənədlərin mövcudluğuna istinad etməlidir. Lakin iddiaçı həmin vəzifəyə təyin edilməli olduğunu və rütbənin ona verilməli olduğunu bildirməklə kifayətlənmiş və bu zaman hər hansı müvafiq rəsmi sənədlərə istinad etməmişdir. İş üzrə materiallarda da belə sənədlər aşkar edilməmişdir. Onun tabor komandiri vəzifəsinə təyin edilməsi barədə Daxili Qoşunların arxivində sənədlərin aşkar olunmadığı müəyyən edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının həmin vəzifəyə və rütbəyə uyğun olaraq pensiyanın yenidən hesablanmasını tələb etmək hüququ səlahiyyətli orqan tərəfindən onun vəzifəyə təyin edilməsi və ona rütbənin verilməsi barədə əmrlərdən, yəni inzibati aktlardan irəli gəlməlidir. İddiaçı özünün iddia ərizəsində həmin inzibati aktlara (əmrlərə) istinad etməlidir. Konkret mübahisəyə münasibətdə iddiaçının istinad edə biləcəyi inzibati aktların mövcud olmaması səbəbindən onun iddia etdiyi vəzifəyə və rütbəyə uyğun olaraq pensiyanın yenidən hesablanmasını tələb etmək imkanı da istisna edilir.

26. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(102)-1452/2021 saylı qərarı işin araşdırılması üçün xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən MPM-in 82.3-cü maddəsi baxımından qərarda müəyyən edilən hallara istinad etməyə məcburdur.

27. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Hazırki mübahisə ilə bağlı sübutetmə yükü üzərinə düşən ərizəçi həqiqətən tələbində sadaladığı sənədlərin ona məxsus olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin onun tabor komandiri vəzifəsinə təyin edilməsi barədə Daxili Qoşunların arxivində sənədlərin aşkar olunmadığı müəyyən edilmişdir.

29. Məhkəmə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hospitalının verdiyi xx.xx.1993-cü il tarixli, 296 nömrəli arayışa və Azərbaycan Respublikası Daxili Qoşunların hərbi tibb şöbəsinin verdiyi xx.xx.1998-ci il tarixli, 30/21 nömrəli qərargah rəisinin xx.xx.1999-cu il tarixli bildirişlərə qiymət verərək hesab edir ki, həmin sənədlər mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki maraqlı şəxsin təqdim etdiyi arxiv arayışı və məhkəmə qərarı ilə müəyyən edilir ki, Daxili Qoşunların komandanının xx.xx.1993-cü il tarixli N nömrəli əmrinə əsasən hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 33 nömrəli əmri ilə baş leytenant hərbi rütbəsində Nizami Rayon Hərbi Komissarlığından ehtiyatdan çağırılmış hesab edilərək hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilərək, kimya müdafiə bölüyü komandirinin müavini vəzifəsinə təyin edilmiş, Daxili qoşunların komandanının xx.xx.1993-cü il tarixli 376 nömrəli əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 158 nömrəli əmri ilə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının xx.xx.1992-ci il tarixli qanununa əsasən 18-ci maddənin “V” bəndinə (xəstəliyə görə) müvafiq olaraq kimya müdafiə bölüyü komandirinin müavini vəzifəsindən azad edilmişdir.

30. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Rayon Məhkəməsi haqlı olaraq hesab etmişdir ki, ərizəçinin tələbinin faktiki hallarının sübutu üçün təqdim etdiyi dəlillər kifayət etmir. Maraqlı şəxsin təqdim etdiyi dəlillər isə preyudisiallıq baxımından bu ərizənin əsassız olduğuna dəlalət edir.

31. Məhkəmə tərəfindən müəyyən edilir ki, ərizəçi uzun müddətdir eyni məqsədə çatmaq üçün məhkəmə müdafiəsindən istifadə edərək müxtəlif məhkəmələrdə iddialar qaldırmış, lakin heç bir tələbində iddia etdiyi dəlillər barədə müsbət nəticə əldə etməmişdir.

32. Bundan əlavə, iş materiallarına əsasən müəyyən edilir ki, ərizəçi 2009-cu ildə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə müraciət etmiş və bu zaman nə ərizəsində, nə də həmin iş üzrə apelyasiya şikayətinə etirazında tabor komandiri olması barədə məlumat verməmişdir.

33. MPM-in tələblərinə görə, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (maddə 307.1.). Qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir (maddə 307.2.). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (maddə 308.). Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir (maddə 309.1.). Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir (maddə 310.1.).

34. Qeyd olunanlara əsasən müəyyən olunur ki, ərizəçinin müəyyən edilməsini istədiyi fakt öz təsdiqini tapmır. Rayon Məhkəməsi ərizəni təmin etməməkdə haqlı olmuşdur. f) apelyasiyanın nəticəsi

35. Göstərilənlərə əsasən apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur

36. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

37. Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Məhkəmə həmçinin bildirir ki, ərizənin rədd edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, iş üzrə maraqlı şəxslər hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.

39. Ərizəçinin apellyasiya şikayəti təmin edilmədiyindən ərizəçi, MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

40. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Ərizəçi apellyasiya şikayəti təmin edilməsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 aprel 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Ərizəçi hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. İş üzrə maraqlı şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsi və Azərbaycan Respublikası Müdafiə Nazirliyi hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar