Məhkəmə qərarları › İş №2(103)-3975/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3975/2020

19.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3975/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı, onun vəkili X4, Baba-zadə İradə Arif qızının iştirakı ilə, İddiaçı Baba-zadə İradə Arif qızına qarşı “kompensasiya ödənilmədən bağ evindən çıxarılma” və Baba-zadə İradə Arif qızının İddiaçı qarşı “yaşamaq və istifadə hüququnun tanınması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı və İradə Baba-zadə tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Xəzər Rayon Məhkəməsində iddia qaldıraraq, İradə Baba-zadənin onun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1033 nömrəli bağ evindən kompensasiya ödənilmədən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İradə Baba-zadə də, həmin məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1033 nömrəli bağ evində yaşamaq və istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə iddia tələblərinə bir icraatda baxılması qərara alınmış və Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə hər iki iddia rədd edilmişdir. İddiaçı, apellyasiya şikayəti verərək, qətnamənin onun iddia tələbinə aid hissədə ləğv edilərək, iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsinin qətnaməsində Mülki Məcəllənin 228.5-ci maddəsinə istinad olunmaqla qeyd edilmişdir ki, qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Bu səbəbdən, İradə Baba-zadənin mübahisəli yaşayış sahəsindən istifadə hüququ vardır. Tərəflər arasında nikah pozulsa da, qətnamə qanuni qüvvəsini almamışdır və buna görə də, İradə Baba-zadə keçmiş ailə üzvü hesab edilə bilməz. Bununla bağlı bildirir ki, apellyasiya instansiya məhkəməsi nikahın pozulması barədə birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Məhkəmə, həmin qətnaməni İradəyə göndərmiş, lakin o, qətnaməni bilərəkdən götürmür ki, əvvəlki statusunu müəyyən müddət qoruyub saxlaya bilsin. Bundan başqa, məhkəmə qətnaməsində İradənin mülkiyyətində bir ev, istifadəsində isə başqa bir ev olduğundan mübahisəli bağ evinə istifadə hüququ yaransa da, yaşayış sahəsinə ehtiyacı olmaması ilə bağlı sübutlar qeyd edilir və bun aspektdən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüquqununa xitam verilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarına istinadı ilə bağlı bildirib ki, İradənin istifadə hüququna xitam verilməsi üçün əvvəla həmin şəxs keçmiş ailə statusuna keçməli, bundan əlavə isə, həmin şəxsin mənzilə ola istifadə hüquqlarına həmin vaxt qüvvədə olan mülki qanunvericiliyin tələblərinə əsasən yalnız kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Məhkəmənin bu mövqeyinin birinci hissəsi, yəni cavabdehin statusu ilə bağlı hissəsi başa düşülən olsa da, işdə olan sübutları və hüquqi istinadı qeyd etməsinə rəğmən hüquqa xitam verilməsinin qanuni yolu ilə razılaşmamasını anlamaq çətindir. Bu yanaşmanın yanlış və qanunvericiliyə zidd olması elə həmin abzasda növbəti cümlələrin birində etiraf olunur. Belə ki, kompensasiya ödənilmədən xitam verilmə halına münasibətdə məhkəmə qeyd edir ki, şəxsin mənzilə olan hüquqlarına kompensasiyasız xitam verilməsi üçün təməl şərt həmin şəxsin hüququn əldə edilməsini zəruri edən əsasın (yaşayış sahəsinə ehtiyac) aradan qalxmasıdır. Beləliklə, istifadə hüququnun əldə edilməsini zəruri edən əsasın, yaşayış sahəsinə ehtiyacın olması nəzərə alındıqda, cavabdehin mülkiyyətində və istifadəsində mənzillərin olmasına dair işdəki sübutlar onun yaşayış sahəsinə ehtiyacının olmamasını təsdiq edir, bununla da, həmin əsas aradan qalxdığından mübahisəli bağ evindən kompensasiya ödənilmədən çıxarılması tam qanuna uyğundur. Eyni zamanda, bir daha bildirir ki, cavabdehlə bir evdə yaşamaq mümkün deyil, o, mülkiyyətində olan bağ evindən, demək olar ki, təyinatına uyğun istifadə edə bilmir. Cavabdeh evi yaşanmaz hala gətirmişdir, evin içində olnlarla it və pişik saxlayır. İradə Baba-zadə də, apellyasiya şikayəti verərək, qətnamənin qismən-onun iddiasının təmin edilməməsi hissəsində ləğv edilməsini, iddiasının təmin olunmasını, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, o, 2003-cü ildə cavabdeh tərəfindən qeyd edilən evə bir ailə üzvü kimi köçmüş və həmin vaxtdan da daimi olaraq orada yaşayır. Bununla da, onun həmin evə yaşamaq və istifadə hüququ yaranmışdır. Məhkəmə tərəfindən bu hallar nəzərə alınmamış, onun iddia tələbinə aid hissədə iş üçün əhəmiyyətli olan hallar aydınlaşdırılmamışdır. Qətnamədə Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, 53 A saylı yaşayış evinin bir hissəsinin onun adına qeydiyyatdan keçirilməsi göstərilmişdir. Hansı ki, onun adına qeydiyyata alınsa da, o, həmin evdə yaşamır, uzun müddətdir ki, oradan istifadə etmir. Həmin hissə bir otaqdan ibarətdir və 20 ildən çoxdur ki, qardaşı ailəsi ilə birlikdə yaşayır. Yəni, onun yaşadığı mübahisəli evdən başqa yaşayış yeri yoxdur, məhkəmə tərəfindən ona aid hissədə qanun normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili, öz apellyasiya şikayətlərinin dəlillərinə uyğun izahat verərək, onun təmin olunmasını, İradə Baba-zadənin şikayətinin isə rədd olunmasını xahiş etdi. İradə Baba-zadə də, öz apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin olunmasını, İddiaçı şikayətinin isə rədd olunmasını xahiş etdi. Kollegiya, tərəfləri dinləyib, apellyasiya şikayətlərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər qismən təmin olunmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına görə, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1033 nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X5 ilə Fatma İslamova arasında xx.xx.1976-cı il tarixli, 2486 saylı müqavilə bağlanmışdır. İcarədarın vəfatından sonra oğlu İddiaçı xx.xx.1987-ci il tarixli ərizəsinə əsasən X3 12 nömrəli, xx.xx.1987-ci il tarixli protokolu ilə sözügedən bağ sahəsi onun adına keçirilmiş və həmin bağ sahəsinin icrayə verilməsinə dair xx.xx.1978-ci il tarixli, 2486 nömrəli müqavilə bağlanmışmış, xx.xx.1997-ci il tarixdə müqavilənin müddəti yenidən uzadılmışdır. xx.xx.2003-ci il tarixdə İddiaçı, İradə Bab-zadə ilə nikaha daxil olmuş, həmin vaxtdan İ.Baba-zadə sözügedən bağ evinə köçmüş və hazırda da həmin bağ evində yaşayır. xx.xx.2009-cu il tarixdə mübahisə predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1033 nömrəli bağ evi, xx.xx.1997-ci il tarixli, 2486 saylı icarə müqaviləsi və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş xx.xx.2009-cu il tarixli Torpaq sahəsinin plan və ölçüsü əsasında İddiaçı adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2013-cü il tarixədə isə Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, 53 saylı fərdi yaşayış evinin bir hissəsi İradə Baba-zadənin adına ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və hazırda onun mülkiyyətindədir. Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə, tərəflərin nikahları pozulmuş və qətnamə qanuni qüvvəsini almışdır. Qeyd olunanlar işin mübahisəsiz halları olmaqla, iddia ərizəsi, tərəflərin izahatları, nikah haqqında şəhadətnamə, Seriya MH, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surəti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli məktubları, Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-1867/2019 saylı qətnaməsinin surəti, Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(102)-2976/2020 saylı qərarının surəti və işdə olan digər sənədlərlə təsdiqlənir. Hazırda İddiaçı, mübahisə predmeti olan bağ evinin onun mülkiyyətində olmasına, İradə Baba-zadə ilə ailə münasibətlərinə xitam verilməsinə və onun mülkiyyətində başqa yaşayış sahələrinin olmasına istinad edərək, İ.Baba-zadənin kompensasiya ödənilmədən həmin evdən çıxarılmasını tələb edir. İradə Baba-zadə isə, uzun müddət həmin evdə yaşamaqla İddiaçıla birgə təsərrüfat apardığını və mülkiyyətində olan digər yaşayış sahəsindən istifadə etmədiyini, orada qardaşının ailəsi ilə birlikdə yaşadığını bildirərək, başqa yaşayış sahəsi olmadığından mübahsiəli evə istifadə huququnun tanınmasını tələb edir. Məhkəmə kollegiyası, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx xxxx 2001-ci il tarixli qərarında qanunun zamana görə qüvvəsini nəzərə alaraq vurğulamışdır ki, 2000-ci il sentyabr 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin qaydalarına uyğun həll edilməlidir. Hazırkı işdə mübahisə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1033 nömrəli bağ evi ilə bağlıdır. Tərəflərin mübahisəli evə dair hüquq münasibətləri isə İradə Baba-zadənin 2003-cü il tarixdə nikaha girməklə həmin evə köçməsi ilə yaranmışdır. İş materiallarından göründüyü kimi, İddiaçı, Cavabdeh köçdüyü tarixdə, yəni 2003-cü ildə mübahisə predmeti olan bağ evinin mülkiyyətiçisi deyil, icarədarı olmuşdur. Həmin evə mülkiyyət hüququnu isə sonradan Cavabdeh ilə birlikdə yaşadığı dövrdə -xx.xx.2009-cu il tarixdə əldə etmişdir. X1 X.Məmmədovun şikayəti üzrə xx xxxx 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinin mükiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anının həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olduğu, bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranmasının Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun uyğun olaraq həll olunmalıdır. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin həmin qərarında mülkiyyət forması dəyişdikdə (dövlət mülkiyyətində olan ev özəlləşdirmə nəticəsində xüsusi mülkiyyətə keçdikdə) xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anının həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olduğu və yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranmasının qeydiyyat adınında qüvvədə olan maddi hüquq normasına uyğun həll edilməsi göstərilmişdir. Bu baxımdan, Kollegiya hesab edir ki, İddiaçı mübahisəi bağ evi üzərində mülkiyyət hüququ xx.xx.2009-cu il tarixdə qeydiyyata alındığından mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsinin müddəaları tətbiq edilir. MM-in 228.1-ci və 228.2-ci maddələrinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər Həmin Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir.Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 228.5-ci maddəsinin şərh edilməsinə dair xx xxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Qeyd edilən qərarda, həmçinin göstərilmişdir ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı MM-in 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, MM-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Göründüyü kimi, mülkiyyətçinin ailə üzvlərinin (əri, arvadı, valideynləri, uşaqları) etibarlı ailə münasibətlərindən irəli gələn yaşayış hüququnun yaranmasının təməl şərtlərindən biri mülkiyyətçi ilə mənzildə yaşayan şəxslərin ailə münasibətləri içərisində birgə yaşamaları faktıdır. Qanunverici, qeyd edilən müddəanı istifadə hüququ sahibinin ev şəraitində yaşama ehtiyacının məhz mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olmasından irəli gələrək müəyyənləşdirmişdir. Baxılan işdə İradə Baba-zadənin 2003-cü ildən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1033 nömrəli bağ evində mülkiyyətçi olan İddiaçı ailə üzvü - arvadı kimi yaşaması işin mübahisəsiz hallarıdır. Bu səbəbdən həmin vaxtda və hazıra kimi mülkiyyətçi ilə birgə yaşayan Cavabdeh mübahisəli evdən istifadə hüququ yaranmışdır. Birinci instansiya məhkəməsi İ.Baba-zadənin iddiasını rədd edərkən, Mülki Məcəllənin 228.5-ci maddəsinə istinadla qeyd etmişdir ki, onun mübahisəli bağ sahəsinə hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan mülki qanunvericiliyə əsasən istifadə hüququ yarandığından mövcud olan hüququn məhkəmə qaydasında yenidən tanınması barədə tələb təmin edilməz. Kollegiya, rayon məhkəməsinin gəldiyi nəticə ilə razılşamayaraq, ilk öncə qeyd etməyi zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsinə görə, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Normanın məzmunundan aydın olur ki, iki halda məhkəmədə mülki işə başlamaq mümkündür: pozulmuş hüququn bərpası üçün və ya qanunla qorunan hüququn yaxud mənafenin təsdiqi üçün. Baxılan iş isə, İ.Baba-zadənin iddiasına münasibətdə xarakteri etibarilə qanunla qorunan hüququn təsdiqi barədədir. Belə ki, iddiaçı, mübahisəli bağ evinə istifadə hüququnun olmasına istinad edərk, həmin hüququnun təsdiq edilməsini xahiş etmişdir. Məhkəmənin istifadə hüququnun olması faktını qəbul etdiyi və hüquq sahibinin evdən çıxarılması ilə bağlı məhkəmə mübahisəsi olduğunu bildiyi halda, bu hüququn tanınması barədə iddianı təmin etməməsi formal xarakter daşımaqla, əsassızdır. Bundan başqa, məhkəmə, İ.Baba-zadənin Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən mübahisəli bağ evinə istifadə hüquqnun yaranması hissəsində düzgün qənaətə gəlsə də, işə baxıldığı vaxt da bu hüququn mövcud olduğunu qeyd etməklə nəzərə almamışdır ki, həmin hüquq sonradan aradan qalxmışdır. Ona görə ki, qanunverici, ailə üzvünün mənzildən istifadə hüququnu mənzil şəraitində yaşama ehtiyacının məhz mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olmasına görə müəyyənləşdirmişdir. Yəni, mənzildən istifadə hüququ qeyd edilən normaya əsasən yaransa belə, sonradan hüququn meydana gəlməsinə səbəb olan hallar (ailə münasibəti, mənzil ehtiyacının başqa yerdə təmin edilməsinin mümkünsüzlüyü və s.) aradan qalxdıqda həmin hüququn özü də itirilir. Bu baxımdan, istifadə hüququnun sahibi, özünün mənzil tələbatını başqa yerdə ödəmək imkanı qazanmışsa, yaxud köçmək üçün ayrıca mənzili varsa onun mənzildən istifadə hüququ aradan qalxmış sayılır. Məhz bu səbəbdən Konstitusiya Məhkəməsinin Plenumu xx xxxx 2016-cı il tarixli qərarında vurğulamışdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Belə ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə görə, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Baxılan işdə isə daşınmaz əmlakın dövlət reyestrində İradə Baba-zadənin adına xx.xx.2013-cü il tarixədən Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, 53 saylı fərdi yaşayış evinin bir hissəsinin xüsusi mülkiyyət kimi qeydə alındığı və hazırda onun mülkiyyətində olması təsdiq olunur. Bu hallar ona dəlalət edir ki, İ.Baba-zadənin mülkiyyətində başqa daşınmaz əşya olmaqla, onun mənzil ehtiyacını qarşılayacaq yaşayış sahələri mövcuddur. Belə olan halda, mübahisəli evə onun istifadə hüququ tanınmaqla İddiaçı mülkiyyət hüququ əsassız məhdudlaşdırıla bilməz. Birinci instansiya məhkəməsi İddiaçı iddiasını rədd edərkən isə, mövqeyini belə əsaslandırmışdır ki, İ.Baba-zadənin istifadə hüququna xitam verilməsi üçün əvvəla həmin şəxsin keçmiş ailə üzvü statusuna keçməli, bundan əlavə isə həmin şəxsin mənzilə olan istifadə hüquqlarına həmin vaxt qüvvədə olan mülki qanunvericiliyin tələbinə əsasən, yalnız kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Hazırkı halda isə göstərilən hallar mövcud deyil. Belə ki, işin faktiki hallarından müəyyən olunur ki, tərəflər hal-hazırda nikah münasibətlərindədirlər, yəni İ.Baba-zadə mülkiyyətçi ilə birgə yaşayış və onun ailə üzvüdür. Kompensasiya ödənilmədən xitam verilmə halına münasibətdə isə məhkəmə qeyd edir ki, şəxsin mənzilə olan hüquqlarına kompensasiyasız xitam verilməsi üçün təməl şərt həmin şəxsin bu hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxmasıdır. Kollegiya, qətnamə ilə bu hissədə də razılaşmır, ona görə ki, qanunverici istifadə hüququna xitam verilməsi haqqında mülkiyyətçi ilə istifadə hüququ sahibi arasında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər qaydasını (Mülki Məcəllə, maddə 228.2.) normanın da məzmunundan aydın olduğu kimi, istifadə hüququnun mövcud olduğu hallar üçün müəyyən etmişdir. Hazırkı işdə isə, məhkəmə kollegiyasının yuxarıdakı qənaətə görə, İ.Baba-zadənin mübahisəli evə istifadə hüququ xx.xx.2013-cü il tarixədən aradan qalmışdır. Belə olan halda, mövcud olmayan istifadə hüququna xitam verilməsi mümkün olmadığı kimi, buna görə kompensasiya ödənməli olması da absurddur. Qeyd olunanlara əsasən, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş faktiki hallarına uyğun deyil. Ona görə də, qətnamə ləğv olunmalı və İ.Baba-zadənin iddia tələbi yuxarıda sadalanan əsaslarla rədd, İddiaçı iddia tələbi isə təmin olunmalıdır. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı və Baba-zadə İradə Arif qızının apellyasiya şikayətləri qismən təmin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3385/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Baba-zadə İradə Arif qızına qarşı “kompensasiya ödənilmədən bağ evindən çıxarılma” tələbinə dair iddia təmin edilsin. Baba-zadə İradə Arif qızıİddiaçı mülkiyyətində olanBakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1033 nömrəli bağ evindən çıxarılsın. Baba-zadə İradə Arif qızının İddiaçı qarşı “yaşamaq və istifadə hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar