Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3975/2022 25.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi İbrahimov İrzababa və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı X1 cavabdeh Bakı şəhəri 9 saylı xüsusi internat məktəbinə (mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti) qarşı “işə bərpa olunması və məcburi iş buraxmaya görə itirdiyi əmək haqqının ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli 2(002)-642/2022 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 cavabdeh Bakı şəhəri 9 saylı xüsusi internat məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 12.07.2021-ci il tarixli 07 saylı əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 15.09.2014-cü il tarixli əmrlə 9 nömrəli xüsusi internat məktəbində müvəqqəti olaraq tibb bacısı vəzifəsinə təyin edilmiş, 13.08.2018-ci il tarixli əmrlə həmin məktəbdə daimi tibb bacısı vəzifəsinə təyin edilmişdir. 12.07.2021-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən guya onun təhsil sənədi dövlət hüquqlu olmadığından əmək fəaliyyətinə xitam verilmişdir. O, 1994-cü il tarixdə Respublika təsərrüfat hesablı «Loğman» tibb məktəbinin müalicə işi şöbəsinə daxil olmuş və 1997-ci ildə feldşer ixtisası üzrə tam kursu bitirmişdir. 10 mart 1997-ci il tarixdə ona feldşer ixtisası verilmişdir. Dörd ildən bir o, test imtahanından keçməklə Səhiyyə Nazirliyindən sertifikatlar almışdır və həmin ixtisas üzrə işləməsi mümkün hesab edilmişdir. Sonuncu dəfə 06.07.2021-ci il tarixdə imtahan vermişdir və imtahandan keçmişdir. Onunla bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra bu barədə X3 müraciət etmiş, həmin təşkilatda araşdırma aparılmış və məktəbin direktoruna verilmiş əmrin ləğv olunması üçün 21.12.2021-ci il tarixdə məktub göndərilmişdir. Onu əsassız olaraq işdən azad etdiyinə görə, məktəb direktoru barəsində İXM-nin 192.6-cı maddəsi ilə işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə qərar qəbul edilmişdir. Lakin məktəb direktoru bütün bunlara əhəmiyyət verməmiş, onun işə bərpa olunmasını təmin etməmişdir. Cavabdehlə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri pozulmuş, habelə onunla əmək müqaviləsi həmin Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydasına əməl olunmadan xitam verilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişlər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli 2(002)- 642/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əsasları iddia ərizəsi ilə eynilik təşkil edən apelyasiya şikayətində göstərilmişdir ki, cavabdeh əmək müqaviləsinə xitam verərkən Əmək Məcəlləsini düzgün tətbiq etməmiş, Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə istinad etmişdir. İşəgötürən yalnış maddəyə istinad etmişdir. X5 müraciəti əsasında araşdırma aparmış və məktəbin direktoruna verilmiş əmrin ləğv olunması üçün 21.12.2021-ci il tarixdə məktub göndərilmişdir. Onu əsassız olaraq işdən azad etdiyinə görə, məktəb direktoru barəsində İXM-nin 192.6-cı maddəsi ilə işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə qərar qəbul edilmişdir. İşəgötürən tərəfindən əmrin surəti verilməmişdir. Onun hansı maddə ilə işdən azad edilməsi bəlli olmur. Atası, əri və oğlu Qarabağ müharibəsi iştirakçısıdır, işəgötürənin ona qarşı münasibətini bildikdən ərinin vəziyyəti pisləşmiş, o isə məcbur olub evdə qalmışdır. 18.12.2021-ci il tarixdə Mərkəzi klinikaya yerləşdirmişlər, 18.01.2022-ci il tarixdə evə buraxılmış, o isə 18.01.2022-ci il tarixdə məhkəməyə müraciət etmək imkanı əldə etmişdir. Üzrlü səbəbdən buraxılmış iddia müddətinin bərpa edilməsi barədə ərizəni məhkəmə qəbul etməmişdir. Məhkəmə mediasiyaya müraciət edərkən iddia müddətinin axımının dayandırılması halını nəzərə almamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Eyni zamanda iddiaçının nümayəndəsi apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Qeyd etdi ki, hər hansı qanun pozuntusuna yol verməmişdir, Təhsil Nazirliyindən məktub gəlmiş, o da müvafiq olaraq əmək müqaviləsinə xitam vermişdir. Üçüncü şəxs Təhsil Nazirliyinin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış digər üçüncü şəxs (nümayəndə) məhkəməyə gəlmədiyinə görə, kollegiya işə onun (nümayəndənin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə aşağıdakılar müəyyən edilir. İşəgötürənlə işçi arasında 15 sentyabr 2014-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Səhiyyə Nazirliyi tərəfindən Təhsil Nazirliyinin tabeliyində olan internat məktəblərində tibb bacısı vəzifəsində çalışanların təhsil haqqında sənədlərinin yoxlanılması istiqamətində araşdırma aparılmışdır. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, 4 nəfərin orta tibb təhsili aldığı barədə arxiv materiallarında məlumat aşkar edilməmiş, 9 nəfərin təhsil haqqında sənədi isə orta ixtisas tibb təhsili müəssisələri tərəfindən verilməmişdir. Qeyd olunan şəxslərin siyahısında E.Quliyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbinin tibb bacısı işləmiş X1 adı da göstərilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 09 iyul 2021-ci il tarixli, 05-09-548/13 saylı məktubunda yuxarıda qeyd olunanlara əsasən təhsil haqqında sənədləri təsdiq olunmamış şəxslərin tibb bacısı vəzifəsində fəaliyyət göstərməsi mümkün hesab edilməmişdir. İşəgötürənin yuxarıda qeyd olunan səbəblərdən 13 iyul 2021-ci il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verilmişdir. Həmin əmrin verilməsindən 1 ay öncə, 10 iyun 2021-ci il tarixdə işəgötürən (internat məktəbin direktoru) tərəfindən işçiyə (iddiaçıya) diplom ilə bağlı işdən çıxarılacağı təqdirdə kiçik texniki işçi vəzifəsi təklif edilmiş, lakin işçi bu təklifi qəbul etməmiş və bununla bağlı tərtib edilmiş aktı imzalamaqdan da imtina etmişdir. İddiaçı (işçi) əmək kitabçasını 12 iyul 2021-ci il tarixdə aidiyyatı qeydiyyat sənədini (tabeli) imzalamaqla qəbul etmiş, həmin tarixdə işdən azad olunduğunu rəsmi şəkildə öyrənmişdir, işdən azad edilmə barədə əmrin tarixi, nömrəsi və əmrin verilməsi əsası əmək kitabçasındakı müvafiq qrafalara işlənmişdir (yazılmışdır). İddiaçı 20.09.2021-ci il tarixdə Azərbaycan Təhsil İşçiləri X4 Qaradağ rayon Komitəsinə, 01.12.2021-ci il tarixdə Mediasiya Şurasına, 18.11.2021-ci il tarixdə elektron qaydada X5 Xidmətinə müraciət etmişdir. Cavabdeh tərəf məhkəməyə ərizə təqdim edərək, iddia müddətinin tətbiq edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə yalnız 18 yanvar 2022-ci il tarixdə, iddia müddətini 4 aydan artıq ötürməklə müraciət etmişdir. Kollegiya hesab edir ki, iddia müddətinin ötürülməsi barədə məhkəmə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddiaçının əsas dəlili əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin düzgün tətbiq edilməməsi və Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə istinad edilməsi ilə bağlı olmuşdur. Kollegiya qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11.02.2022-ci il tarixli Nümayəndə1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdadiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin 24.12.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxılması barədə Qərarı ilə müəyyən edilmişdir ki, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməli olduğu halda düzgün olmayaraq Əmək Məcəlləsinin 68-ci maddəsi 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Həmin qərar ilə inzibati tənbeh vermə haqqında qərar İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqdan sonra verildiyindən ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 3(103)-741/2022 saylı 05.04.2022-ci il tarixli qərarı ilə həmin qərar dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, iddiaçının istinad etdiyi bu hal, yəni əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin düzgün maddəsinə istinad edilməməsi mübahisəsiz haldır. Buna baxmayaraq, həmin hal iddiaçının tələbinin təmin edilməsi qənaətinə gəlməyə əsas vermir, çünki iddiaçı hazırki mübahisə üçün qanunvericiliklə müəyyən edilmiş 1 aylıq iddia müddətini ötürmüşdür. Digər bir dəlil isə mediasiyaya müraciət edilməsinin nəzərə alınmamasıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən əmək kitabçası 12.07.2021-ci il tarixdə alınmış, mediasiya üçün müraciət isə 01.12.2021-ci il tarixdə edilmişdir. Yəni, iddiaçı tərəfindən hüququnun pozulduğunu aşkar etdiyi gündən müraciət etmək üçün müəyyən edilmiş müddət artıq ötürülmüşdür, bu müddət ötürüldükdən sonra mediasiyaya müraciət etməsinin müddətin dayandırılmasına əsas olması barədə apelyasiya şikayətinin dəlili əsassızdır. Kollegiya qeyd edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-642/2022 saylı iş üzrə 16 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3975/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3975/2022
25.05.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver