Məhkəmə qərarları › İş №2(103)-3975/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3975/2024

15.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3975/2024 15.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş (Açar sözlər: «pul, maddi zərər, rominqdən xidməti») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1701/2024 saylı, 06 may 2024cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. İddiaçı X1 Cavabdeh MMC tərəfindən təklif edilən rominq internet xidmətinə qoşulmuşdur.

2. İddiaçı Cavabdeh MMC tərəfindən xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə rominq internet xidmətinin göstərilməməsi nəticəsində ona maddi və mənəvi zərər dəydiyini bəyan edib.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə rominq internet xidmətinin göstərilməməsinə görə tərəfindən ödənilmiş 90 manat xidmət haqqının, 380 ABŞ dolları məbləğində transport xərcinin, yaşadılmış mənəvi və psixoloji sarsıntı nəticəsində dəymiş mənəvi ziyana görə 1500 manat və dövlət rüsumu olaraq ödənilmiş 43 manat, ümumilikdə 2267 manatın Cavabdeh MMC-dən tutulub onun hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Tələbdə göstərir ki, ona məxsus ********** mobil telefon nömrəsi artıq uzun müddətdir ki, Cavabdeh MMC-yə daşınmışdır. Cari ilin yanvar ayının 9-da onun BƏƏ-yə şəxsi səfəri ilə əlaqədar olaraq Cavabdeh MMC-nin rominq xidmətindən yararlanmaq məqsədilə 40 manat Cavabdeh MMC-yə ödəniş etmiş və bunun qarşılığında 3 gün ərzində ona 3 GB internet paketi təqdim edilməli idi. Lakin o, BƏƏ-nin Abu Dabi hava limanında Cavabdeh MMC-nin ona bildirdiyi qaydada rominq internet xidmətinə qoşulmağa çalışsa da, bu mümkün olmamış və sonda ona məlum olmuşdur ki, rominq internet xidməti üzrə 3GB internet xidməti göstərilməməsinə baxmayaraq onun hesabından 39 manat pul vəsaiti əsassız və qanunsuz olaraq silinmişdir. Buna görə də, yenidən 10 manat əlavə ödəniş etmiş, yenə də onun internet rominq xətti açılmamışdır. Cavabdeh MMC-nin müştəri xidmətləri ilə əlaqə saxlanılmış və onun Bakıdakı qanuni nümayəndəsinə bildirilmişdir ki, guya telefonda mobil internet açıq olduğundan vəsait silinmişdir. Baxmayaraq ki, onun mobil telefon cihazı Cavabdeh MMC-nin ona bildirdiyi qaydada internet xidmətinə qoşulu olsa da, internet xidməti göstərilməmişdir. Sual olunur ona rominq internet xidməti göstrilmədiyi halda onun internet paketi necə qurtara bilər və ya pul vəsaiti necə silinə bilər?. Buna görə də, o təkrar olaraq yenidən xx.xx.2024-cü il tarixdə məcbur olub 39 manat məbləğində Cavabdeh MMC-ə ödəniş etmiş və ona 3 GB internet paketinin aktiv olunması barədə bildiriş gəlsə də, yenə də, rominq internet xidməti ona təqdim edilməmişdir. Nəticə etibarı ilə Cavabdeh MMC tərəfindən ondan ümumilikdə 78 manat pul vəsaiti hesabından silinsə də, əsassız olaraq o, rominq üzrə internet xidməti ilə təmin edilməmiş və nəticə etibarı ilə ona xarici ölkədə, maddi, habelə mənəvi və psixoloji sarsıntı yaşadılaraq mənəvi ziyan vurulmuşdur. Onun rominq internet paketindən istifadə etməkdə məqsədi BƏƏ-də ingilis dilini bilmədiyinə görə intenret tərcümə proqramında istifadə etməklə transport xidmətlərindən və digər xidmətlərdən münasib qiymətlə istifadə etmək olmuşdur. Lakin Cavabdeh MMC tərəfindən ona rominq internet paketi təqdim edilməməsi səbəbindən o, internet tərcümə xidmətindən istifadə edə bilməmiş və nəticə etibarı ilə BƏƏ-də çox əlverişsiz vəziyyətə düşərək əlavə transport və digər xərclərə məruz qalmışdır. Belə ki, internet paketi ona vaxtında təqdim olunsa idi internet tərcümə xidmətindən istifadə etməklə sərfəli ictimai nəqliyyat və noviqasiya xidmətindən istifadə edə bilərdi, lakin internet paketi olmadığına görə o, Abu Dabi və Dubay şəhərlərində şəhəri tanımadığına və internet tərcümə proqramını istifadə edə bilmədiyinə görə azmış, güclü psixoloji və mənəvi sarsıntı keçirmişdir, habelə məcburiyyət qarşısında qalıb lüzumsuz yerə taksi xidmətindən istifadə etmişdir və Abu-Dabi və Dubay şəhərlərində taksi xidmətinə görə 380 ABŞ dolları məbləğində əlavə xərc çəkmişdir. Bununla yanaşı, Cavabdeh MMC tərəfindən xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixlərdə yaşadılmış mənəvi və psixoloji sarsınıtı nəticəsində ona 1500 manat məbləğində mənəvi ziyan dəymişdir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1701/2024 saylı, 06 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia təmin edilməmiş və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir.

6. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, xx.xx.2017-ci il tarixli Abunə müqaviləsinə əsasən fakturasız (SimSim) xətt sistemində İddiaçı istifadəsinə verilmiş ***- ***-**-** nömrədə xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək X3 “DU” operatoruna məxsus mobil rabitə şəbəkəsindən istifadə olunmuşdur. Araşdırmalar zamanı Rominq və Mobil İnternet xidmətləri ilə bağlı Cavabdeh MMC-nin mobil rabitə şəbəkəsində hər hansı çətinlik aşkar edilməmişdir. ***-***-**-** nömrəyə xx.xx.2024-cü il tarixi saat 12:55-də Rominq xidməti ilə əlaqədar müvafiq məzmunlu məzmunlu ("BEE-ne xos gelmisiniz! X5 Emirliklerində BUTUN operatorların shebekelerinde 1GB=19.9 AZN ve 400 MB=9.90 AZN internet paketlerinden faydalana bilersiniz! 14 günlük 1GB paketine qoshulmaq uchun *100*1001#YES, 3 gunluk 400MB paketine qoshulmaq uchun *100*401#YES yigin. Rominq tariflerini, istifadeden evvel www.azercell.com/roaming den deqiqleşdirmeyi tövsiye edirik. Seferiniz uğurlu olsun!") məlumat SMS-i də göndərilmişdir. 077 *** ** ** nömrədə "DU" operatorunun şəbəkəsində xx.xx.2024-cü il tarixi saat 12:56-da (4,537 MB) Mobil İnternet xidmətindən istifadə edilmiş və tariflərə müvafiq olaraq da (1 MB üçün 9,9 manat (ƏDV daxil)) haqq (44,92 manat), eyni tarixdə saat 13:23-də (1,01 MB) Mobil İnternet xidmətindən istifadə edilmiş və tariflərə müvafiq olaraq da (1 MB üçün 9,9 manat (ƏDV daxil)) haqq (10 manat) hesablanmışdır. Bundan sonra 077 *** ** ** nömrədə xx.xx.2024-cü il tarixi saat 17:21 və 17:22-də 3GB-lıq Rominq internet paketi aktiv etmək üçün *100*3001#YES kodu yığılmışdır. Lakin ********** nömrənin balansında kifayət qədər vəsait olmadığından müvafiq Rominq İnternet paketinin aktivləşməsi mümkün olmamışdır. Cavab olaraq xx.xx.2024-cü il tarixi saat 17:21 və 17:22-də müvafiq mətnli bildiriş SMS-ləri ("Hormetli Abunechi, bu emeliyyat uchun balansinizda kifayet qeder vesait yoxdur. Balansinizi artirib sorğunuzu bir daha tekrarlayin.") də nömrəyə təqdim edilmişdir. xx.xx.2024-cü il tarixi saat 10:18-də 45 manat məbləğində həyata keçirilmiş ödənişdən sonra eyni tarixdə saat 10:18-də yenidən 077 *** ** ** nömrədə 3 GB -lıq Rominq internet paketi aktiv edilməsi üçün*100*401#YES kodu yığılmış və balansda kifayət qədər məbləğ olduğundan 3 GB-lıq Rominq internet paketi aktiv edilmişdir. Cavab olaraq xx.xx.2024-cü il tarixi saat 10:19-da müvafiq mətnli bildiriş SMS-i ("3GB rominq internet paketi aktiv edildi. 30 gun erzinde istifade ede bilersiniz Olkeler ve mobil operatorlarin siyahisi: https://bit.ly/rmng-az DİQQET:Emin olun ki, rominqde internetxidmetitelefonunuzda aktivdir. Seferden once rominq xidmetini aktiv etmeyi unutmayin! Fakturali xett ucun START yazib 8808 gonderin; Fakturasiz xett ucun ise *135*1#YES yigin.") də nömrəyə təqdim edilmişdir. 3 GB -lıq Rominq internet paketinin qiyməti 39,90 manatdır. 077 *** ** ** nömrəyə təqdim edilmiş 3 GB həcmli Rominq internet paketinin xx.xx.2024-cü il tarixi saat 10:19-dan xx.xx.2024-cü il tarixi saat 08:57-dək 3 GB həcmi "DU" operatoruna məxsus mobil rabitə şəbəkəsində tam istifadə edilmiş və buna dair müvafiq məzmunlu bildiriş SMS-i "3GB rouming internet paketinin 3GB trafikini bitirmisiniz. Yeni internet paketi sifarish etmek uchun bu sehifeye kechid edin: internet.azercell.com" eyni tarixdə saat 08:57-də nömrəyə göndərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilən halları nəzərə alaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, "xxxx" MMC telekommunikasiya xidmətlərini həyata keçirməklə, müqavilə şərtlərinə uyğun olaraq abunəçiyə nömrəni istifadəyə verir, rabitə xəttini açaraq ona xidmət göstərir, xidmət sonlandırılır və bu xidmətin müqabilində xidmət haqqı hesablayır. Müvafiq müqavilə üzrə xidmət haqqının ödənilməsi abunəçinin öhdəliyidir və bu öhdəlik onun tərəfindən icra edilməlidir. 077 *** ** ** nömrə ilə əlaqədar aparılmış əməliyyatlarda, həmçinin zənglərin müddətləri və digər xidmətlərdən istifadəyə əsasən dəyərin hesablanmasında "xxxx" MMC tərəfindən hər hansı səhvə və ya qüsura yol verilməmişdir. Belə ki, iddiaçı təyyarədə olduğu müddət ərzində internet şəbəkəsindən istifadənin mümkünsüz olduğunu buna baxmayaraq bununla bağlı cavabdeh tərəfindən onun hesabından pulun çıxılmasını qeyd etsə də, iş materiallarında olan 077 *** ** ** nömrəsi ilə bağlı "xxxx" MMC-nin elektron məlumat bazasından çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixi saat 12:56-dan saat 13:33-ə qədər olan müddətdə müxtəlif internet xidmətlərindən istifadə edilmişdir. (youtube, watsapp, facebook və s.). İş materiallarında olan aviabiletə dair çıxarışdan görünür ki, İddiaçı Bakıdan Abu Dabiyə olan uçuş saatı 10:15-dən 13:20-yədir. İddiaçı məhz buna əsaslanaraq qeyd edir ki, həmin müddət ərzində o, təyyarədə olduğu üçün internet paketindən istifadə edə bilməzdi. Məhkəmə həmin sübutu mötəbər sübut kimi qəbul etmir. Mövcud təcrübəyə əsasən qeyd etmək olar ki, uçuşların vaxtlarında müəyyən gecikmələr və ya ehtimal olunan zamandan daha əvvəl enişlərin olması mümkündür. Bundan başqa, təyyarə hava limanına eniş etdikdən sonra onun üçün ayrılmış zolağa gedənə qədər müəyyən zaman kəsiyi keçir. Bu müddət ərzində, həmçinin təyyarə eniş edərkən - havada olduğu müddətdə də sərnişinlərin əksəriyyəti telefonu uçuş rejimindən çıxara və internet şəbəkəsindən istifadə edə bilərlər. İş materiallarına əlavə edilmiş 077 *** ** ** nömrəsi ilə bağlı "xxxx" MMC-nin elektron məlumat bazasından çıxarış bu halı təsdiq edir. Bu baxımdan xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə rominq internet xidmətinin göstərilməməsinə görə iddiaçı tərəfindən tələb edilən 90 manat xidmət haqqının cavabdehdən tutulması qanuni və əsaslı deyildir. Məhkəmə həmçinin iddia tələbinin “380 ABŞ dolları məbləğində transport xərcinin, yaşadılmış mənəvi və psixoloji sarsınıtı nəticəsində dəymiş mənəvi ziyana görə 1500 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi bu hissədə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə rominq internet xidmətinin göstərilməməsinə görə 90 manat xidmət haqqının cavabdehdən tutulmasından asılı olduğundan və məhkəmənin yuxarda qeyd edilən qənaəti ilə iddia həmin hissədə təmin edilmədiyindən, həmin hissələrdə də iddia təmin edilə bilməz. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbi əsassız olduğundan təmin edilməməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməsini xahiş etmiş və şikayətində göstərmişdir ki, qətnamə maddi və prosesual pozuntularla qəbul edilib. Belə ki, işə baxan hakim məhkəmə araşdırmasını işin həqiqi halları və tərəfimdən təqdim edilmiş mötəbər sübutlar əsasında deyil, yalnız cavabdeh "xxxx" MMC-nin nümayəndəsinin şifahi mülahizələri və əsassız internet paketi haqqında reklam bildirişləri əsasında həyata keçirmiş, məhkəmə araşdırmasını cavabdeh "xxxx" MMC-nin qəyyumluq və himayəçiliyi üzərində həyata keçirmişdir. Məhkəməyə avia bilet təqdim etməsinə baxmayaraq, hakim cavabdehin nümayəndəsinin əsassız mülahizələrinə əsaslanaraq təyyarənin uçuş vaxtını əsasız ehtimallar ilə iddia tələbinin rədd edilməsi üçün əsas gətirmişdir. Qətnamə maddi və prosessual nomaların tətbiqi baxımından əsaslandırılmamışdır. Həmçinin, onun məhkəməyə təqdim etdiyi "xxxx" MMC-nin əməkdaşı ilə telefon danışıqlarına aid səs yazısı olan yaddaş kartındakı sübut əhəmiyyətli səs yazısı ilə cavabdehin nümayəndəsi ona internet paketinin verilməsində problemin yaşandığını və nəticə etibarı ilə internet paketinin ona təqdim olunmadığını, buna görə də onun tərəfindən rominq internet paketinə görə ödənilmiş vəsaitin ona hissəvi olaraq geri qaytarılması, habelə digər xaricə ölkəyə gedəcəyi halda sərfəli qiymət ilə rominq internet paketinin verilməsini təklif etdiyini, lakin həmin təklifin tərəfindən hazırkı mülki iş üzrə iddia tələbini tam qarşılamadığı səbəbindən qəbul edilmədiyini sübuta yetirsə də, məhkəmə təqdim olunmuş həmin mötəbər sübuta qeyri-obyektiv və subyektiv səbəblərdən qətnamədə münasibət bildirməmişdir. Baxmayaraq ki, həmin sübutun təqdim olunmasını ondan məhkəmə tələb etmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz.

8. Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsilə məhkəməyə təqdim etdiyi və birinci instansiya məhkəməsinin qətnaməsi ilə eyni məzmunda tərtib etdiyi etirazda apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və qətnamənin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

10. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək əsassız olduğunu bildirdi və təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.

14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

16. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

17. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

18. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

20. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.

21. Əlbəttə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

22. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddia edənin üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

23. İddiaçı cavabdehdən xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə rominq internet xidmətinin göstərilməməsinə görə ödədiyi xidmət haqqını və dəymiş maddi və mənəvi zərəri tələb edir, cavabdeh isə iddiaya etiraz edərək iddiaçıya ödədiyi xidmət haqqı məbləğinə uyğun xidmətin göstərildiyini bəyan edir. 24.Tərəflər arasında internet xidmətləri göstərilməsindən irəli gələn müqavilə üzrə mülki hüquq münasibətləri yarandığı işin mübahisəsiz halıdır və bu faktı tərəflər mübahisələndirmir. Mübahisələndirilən hal ödəniş olunsa da cavabdehin iddiaçıya bu xidməti göstərməməsi ilə bağlıdır.

25. Ancaq iddiaçı bu halı yalnız bəyan edir, yəni xidmətin göstərilməməsi ilə bağlı təqdim edilməsi mümkün olan hansısa sübut təqdim etmir. Cavabdehin əməkdaşının səs yazısı da iddianın və şikayətin əsaslı olduğuna dəlalət etmir. Əksinə cavabdeh tərəfindən həm birinci, həm də apellyasiya instansiyası məhkəməsinə iddiaçının bu xidmətdən istifadə etməsinə dair elektron məlumat bazasında əks olunmuş məlumatları təqdim etmişdir. Həmin məlumatlarda da iddiaçının bu internet xidmətindən istifadə etməsi təsdiq olunur.

26. Bu cür vəziyyətdə cavabdehin müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirməməsi təsdiq olunmadığından mülki hüquqi məsuliyyətə cəlb edilə bilməzdi.

27. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 1701/2024 saylı, 06 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1701/2024 saylı, 06 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar