Məhkəmə qərarları › İş №2(103)-3976/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3976/2021

18.06.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3976/2021 18.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə (bundan sonra – DƏDRX Əİ) qarşı “torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi, daşınmaz əmlakın dövlət reyestrində düzəliş edilməsi və verilmiş sənədlərin etibarsız hesab edilməsi tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 yanvar 2021-ci il tarixli qətnamədən cavabdehlər Cavabdeh4 və Cavabdeh2 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən işə, iddiaçının özünün, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə, cavabdehlər Cavabdeh3 və onun vəkili (nümayəndəsi) X3, Cavabdeh2, Cavabdeh4 nümayəndəsi (əri) X5 və vəkili (nümayəndəsi) X8, iş üzrə üçüncü şəxs olan Cavabdeh6 vəkili X6 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Badamdar qəsəbəsi ərazisində yerləşən və onun mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin, Badamdar qəsəbəsi ərazisində yerləşən və Cavabdeh3 mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin koordinatlarının ilkin torpaq ayırma sənədi olan Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 12.12.1994-cü il tarixli, 4147 saylı sərəncamına və ona əlavə edilmiş “Plan-cizgi sxeminə” uyğunlaşdırılması; mövcud olmayan sərəncam əsasında cavabdeh DƏDRX Əİ tərəfindən “daşınmaz əmlakın dövlət reyestrində” aparılmış qeydiyyat əsasında Cavabdeh1 adına 17.03.2014-cü il tarixdə verilmiş RX seriyalı, ******* saylı “Reyestrdən çıxarışın”, həmin “Çıxarış” əsasında Cavabdeh1 və Cavabdeh4 arasında bağlanmış 19.03.2014-cü il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin” və bu müqavilə əsasında DƏDRX Əİ tərəfindən “daşınmaz əmlakın dövlət reyestrindən” Cavabdeh4 17.04.2014-cü il tarixdə verilmiş **********35 reyestr nömrəli “Çıxarışın”, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 19.03.2014-cü il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin” və bu müqavilə əsasında DƏDRX Əİ tərəfindən Cavabdeh2 03.04.2014-cü il tarixdə verilmiş **********81 reyestr nömrəli “Çıxarışın” etibarsız hesab olunmaqla bunun əsasında aparılmış düzgün olmayan qeydin daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı, cavabdeh DƏDRX-nin mütəxəssislərinin vəzifə öhdəliklərinin icrası zamanı yol verdikləri hərəkətlərində cinayət əlamətləri olduğundan cavabdehlər barəsində xüsusi qərardad çıxarılaraq prokurorluğa məlumat verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri RİH başçısının “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” 12.12.1994-cü il tarixli, 4147 saylı sərəncamı əsasında iddiaçıya Badamdar qəsəbəsində 600 kv.m. torpaq sahəsi ayrılmış, tikinti işlərinin başa çatdırılması barədə 2 illik müddət müəyyən edilmiş, qeyd edilən müddətdə tikinti işləri başlanmazsa, RİH tərəfindən torpaq sahəsinin geri alınması nəzərdə tutulmuşdur. Torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair JN-1309H saylı (kod ********) şəhadətnamə tərtib olunaraq bir nüsxəsi iddiaçıya verilmişdir. Torpaq sahəsinin hüdudları aidiyyəti dövlət orqanı tərəfindən ona göstərilərək tanıdılmış, cizgi sxemi də tərtib edilmişdir. Cizgi sxemində qeyd olunur ki, iddiaçıya ayrılmış torpaq sahəsi “400” nömrəlidir. İddiaçı, orada 1995-ci ildən ev inşa etmiş və ailə üzvləri ilə birgə orada yaşayır. Həmin ev və onun qarşısındakı torpaq sahəsi 26 ildir ki, iddiaçının istifadəsi və sahibliyindədir. Torpaq sahəsinin ətrafını bütövlükdə hasarlanmışdır. Daha sonra iddiaçı evinin sağ tərəfində yerləşən və torpaq sahəsinin yarısını təşkil edən, yəni 300 kv.m. hissəsini satmaq qərarına gəlmişdir. 30.10.2004-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən göstərilən torpaq sahəsinin 300 kv.m. hissəsini hazırki iş üzrə üçüncü şəxs olan Cavabdeh6 satmış, alğı-satqıdan sonra Cavabdeh6 satdığı hissənin hasarını sökərək özünə saxladığı hissənin kənarı ilə çəkmişdir. Bundan sonra, Cavabdeh6 iddiaçıdan aldığı və ya orada boş vəziyyətdə olan torpaq sahəsinin kimə, nə vaxt satması barədə məlumatı olmamışdır. İddiaçı Cavabdeh3 cavabdehlər (hazırki iş üzrə iddiaçı) İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, A.Xasiyevə və DƏDRX Əİ-yə qarşı “çıxarışların, alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, qanunsuz tikililərin sökülməsi və maddi zərərin ödənilməsi tələbi barədə” iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etdikdən sonra iddiaçıya məlum olmuşdur ki, Cavabdeh6 11.08.2005-ci il tarixli alğı-satqı müqaviləsi əsasında 0,03 ha torpaq sahəsini Cavabdeh3 satmış və sonuncuya daşınmaz əmlakın dövlət reyestrindən torpaq sahəsinə dair 02.02.2008-ci il tarixli çıxarış verilmişdir. O, 2004-cü ildə alqı-satqı edərkən torpaq sahəsinin evinin sağında yerləşən hissəsini satmış və satdığı hissəsini ayıraraq alıcıya vermişdir. Həmçinin torpaq sahəsinin bölgü planı da müqaviləyə əlavə edilmişdir. Lakin Cavabdeh3 2005-ci ildə aldığı torpaq sahəsinə 2008-ci ildə çıxarış və plan və ölçü alarkən onun 300 kv.m. torpaq sahəsinin koordinatları onun özünə məxsus həyətinə, daha dəqiq, evinin pilləkənin, qabaq hissəsinin bir qisminin və zəruri istifadə sahəsinin yerləşdiyi yerə və ən əsası hasarının içində olan və 1994-cü ildən onun qanuni istifadəsində olan torpaq sahəsinə işlənilmişdir. Bunun nəticəsində hazırda elə bir görüntü yaranmışdır ki, sanki iddiaçı, evinin pilləkənin, qabaq hissəsinin yerləşdiyi yeri satmışdır. Bu belə olmamış, iddiaçı, torpaq sahəsinin sağ hissəsini bölərək satmışdır. Aidiyyəti orqanın əməkdaşı kadastr, ölçü işləri apararkən yüklü sahəyə heç bir zaman torpaq döngə nöqtələrini, koordinatlarını vura bilmədiyi halda, iddiaçının hasarının daxilində 26 illik istifadəsində olan sahəni koordinatlara vuraraq, sənədləşdirərək şəxsə təqdim etmişdir. Bunun nəticəsində iddiaçının əmlak hüquqları pozulmuşdur. Cavabdeh1 isə iddiaçının Cavabdeh3 satdığı torpaq sahəsinə son bir neçə ildə daş tökərək bildirmişdir ki, bura onundur. Bunu onunla əsaslandırır ki, torpağı Səbail RİH başçısının 30.12.1998-ci il tarixli, 1975 saylı sərəncamı ilə əldə etmişdir. Həmin sərəncamın əlavəsi olan sxemində qeyd olunur ki, iddiaçıya ayrılmış torpaq sahəsi “415” nömrəlidir. Arxiv sənədləri ilə maraqlananda məlum olub ki, Səbail RİH Aparatı işçiləri tərəfindən tərtib olunmuş sənədlərin həqiqiliyinə şübhə var və Səbail RİH başçısının 30.12.1998-ci il tarixli, 1975 nömrəli sərəncamının məzmunu Cavabdeh1 torpaq sahəsinin ayrılmamasını ifadə edir. Belə ki, Milli Arxiv İdarəsi 14.08.2013-cü il tarixli məktubunda göstərilmişdir ki, Səbail RİH Başçısının 1975 nömrəli sərəncamı saxlama vahidində bir neçə şəxslə yanaşı Cavabdeh1 da torpaq sahəsi ayrılması barədə, sərəncamların qeydiyyatı kitabında hazırki iş üzrə tərəf olmayan X1 torpaq sahəsi ayrılması kimi qeyd olunmuşdur. Bu fakt bir daha həmin sərəncamın həqiqiliyinə şübhə yaradır. Heç həmin torpaq sahəsinin ilkin cizgi sxemi ilə sonradan verilən plan və ölçüdə qeyd edilən koordinatları üst-üstə düşmür. Ümumiyyətlə Cavabdeh1 torpaq sahəsinin ayrılması barədə həmin sərəncam mövcud deyildirsə, hansı plan və ölçüdən, koordinatlardan söz gedə bilər. Bundan əlavə onun sərəncamında torpaq sahəsi 600 kv.m. göstərilsə də, plan və ölçüdə 300 kv.m. göstərilmişdir. Sərəncamda qeyd olunur ki, 2 il müddətinə tikinti işləri aparılmazsa, torpaq sahəsi geri alınmalıdır. Əgər Cavabdeh1 1998-ci ildə torpaq sahəsini almışdısa, 2014-cü ildə tikintiyə başlamaq üçün daş tökürsə, bu o deməkdir ki, “ona ayrılmış torpaq sahəsi” artıq başqa vətəndaşa verilmişdir. Hansı yol ilə ona məxsus olmuş və sonradan satdığı torpaq sahəsinə koordinatları vuraraq nəticədə süni şəkildə torpaq sahələrinin koordinatlarının sürüşməsini yaratmışlar. Bundan sonra isə Cavabdeh1 300 kv.m. torpaq sahəsinin 200 kv.m. hissəsini Cavabdeh2, 100 kv.m. sahəsini Cavabdeh4 satmışdır. Nəticədə iddiaçının evinin qarşısı və hasarının içərisi olan 1994-cü ildən istifadəsində olan torpaq sahəsi digər şəxslərin torpaq sahəsinin koordinatları kimi müəyyən edilmişdir. Halbuki, o, evinin altını şəxsə necə sata bilərdi. Bu absurddur. Yaranan vəziyyət olduqca acınacaqlıdır. Bu problem uzun illər zəncirvari şəkildə məhkəmə çəkişmələrinə gətirib çıxarır. Əslində problemin kökündə saxta əldə edilmiş sərəncam və səhlənkarlıq edib yerli baxış keçirmədən torpaq sahəsinin plan və ölçüsünün koordinatlarını elə kabinetindəcə müəyyən edən mütəxəssislərin hərəkətləri dayanır. Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28.04.2016-cı il tarixli qətnamə ilə Badamdar qəsəbəsində yerləşən torpaq sahəsinə dair İddiaçı adına verilmiş JN- 13094H nömrəli 00400016 kodlu şəhadətnamənin, İddiaçı ilə R.Xasıyev arasında 36 saylı Notariat Kontorunda bağlanmış AN-İ seriyalı, ******* nömrəli, 30.10.2004-cü il tarixli, reyestrdə 4Ə-03-561 nömrə ilə qeydə alınmış alğı-satqı müqaviləsinin, habelə Cavabdeh6 ilə Cavabdeh3 arasında Bakı şəhəri 14 saylı Notariat Kontorunda bağlanmış AN-İ seriyalı, ******* nömrəli, 11.08.2005-ci il tarixli, reyestrdə 4Ə/422 nömrə ilə qeydə alınmış alğı-satqı müqaviləsinin, DƏDRX tərəfindən “daşınmaz əmlakın dövlət reyestrindən” Cavabdeh3 adına verilmiş 29.01.2008-ci il tarixli 002457 nömrəli torpaq sahəsinin planı və ölçüsünün, habelə 02.02.2008-ci il tarixli ******* nömrəli çıxarışın Cavabdeh2 və Cavabdeh4 məxsus torpaq sahələri ilə üst-üstə düşən 57 kv.m. hissəsində etibarsız hesab edilməsi qət olunmuşdur. Səbail Rayon Məhkəməsinin 14.06.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı öz hesabına qanunsuz olaraq zəbt edib tikililər apardığı Cavabdeh3 mülkiyyətində olan 2,43 ha torpaq sahəsindən tikililərin İddiaçı öz vəsaiti hesabına sökülərək çıxarılması, Cavabdeh6 42.000 ABŞ dolları məbləğində pulun tutularaq Cavabdeh3 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.01.2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin olunmuş, Rayon Məhkəməsinin 28.04.2016-cı il tarixli, habelə 14.06.2016-cı il tarixli qətnamələri ləğv edilmiş və hər iki mülki iş bir icraatda birləşdirilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq ilkin iddia tələbləri qismən təmin olunmuş, Cavabdeh1 17.03.2014-cü il tarixdə verilən RX seriyalı ******* saylı çıxarış, 02.02.2008-ci il tarixli, MH seriyalı, ******* nömrəli çıxarış əsasında Cavabdeh3 mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsi ilə üst-üstə düşən 57 kv.m. hissədə, Cavabdeh1 və Cavabdeh4 arasında bağlanan 19.03.2014-cü il tarixli, AN-İ seriyalı, ******* saylı “daşınmaz əmlakın alğı-satqı müqaviləsi” və bu müqavilə əsasında Cavabdeh4 “daşınmaz əmlakın dövlət reyestrindən” 17.04.2014-cü il tarixdə verilmiş **********35 reyestr nömrəli çıxarış, 02.02.2008-ci il tarixli MH seriyalı, ******* nömrəli çıxarış əsasında Cavabdeh3 mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsi ilə üst-üstə düşən 54 kv.m. hissədə; Cavabdeh1 və Cavabdeh2 arasında bağlanan 19.03.2014-cü il tarixli AN-İ ******* nömrəli “daşınmaz əmlakın alğı-satqı müqaviləsi” və bu müqavilə əsasında Cavabdeh2 daşınmaz əmlakın dövlət reyestrindən 03.04.2014-cü il tarixdə verilmiş **********81 reyestr nömrəli çıxarış, 02.02.2008-ci il tarixli, MH seriyalı, ******* nömrəli çıxarış əsasında Cavabdeh3 mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsi ilə üst-üstə düşən 3 kv.m. hissədə etibarsız hesab edilməsi, 02.02.2008-ci il tarixli, MH seriyalı, ******* nömrəli çıxarış əsasında Cavabdeh3 mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsinin İddiaçı tərəfindən zəbt edilmiş 243 kv.m. hissəsində İddiaçı tərəfindən aparılmış tikililərin onun öz vəsaiti hesabına sökülərək adı çəkilən şəxsin oradan çıxarılması qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15.10.2018-ci il tarixli qərarı ilə Cavabdeh3 kassasiya şikayətinin qismən təmin edilməsi, cavabdeh İddiaçı kassasiya tam təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.01.2018-ci il tarixli qətnaməsinin İddiaçı 243 kv.m. torpaq sahəsindən çıxarılması və həmin sahədə aparılmış tikililərin onun özünün vəsaiti hesabına sökülməsi hissəsində ləğv edilməsi və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04.02.2020-ci il tarixli qətnaməsi ilə Rayon Məhkəməsinin 14.06.2016-cı il tarixli qətnaməsinin “İddiaçı 243 kv.m. torpaq sahəsindən çıxarılması və həmin sahədə aparılmış tikililərin onun özünün vəsaiti hesabına sökülməsi hissəsində” ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, 02.02.2008-ci il tarixli, MH seriyalı, ******* nömrəli çıxarış əsasında Cavabdeh3 mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsinin İddiaçı tərəfindən zəbt edilmiş 243 kv.m. hissəsində İddiaçı tərəfindən aparılmış həyət tikilisi onun öz vəsaiti hesabına sökülərək adı çəkilən şəxsin oradan çıxarılması qərara alınmışdır. Qeyd edilən məhkəmə aktları qanuni qüvvəsini almamışdır. Göründüyü kimi, ondan 26 illik hasarının daxilində olan qanuni sahibliyində olan torpaq sahəsi qanunsuz hərəkətlər nəticəsində zəbt kimi qiymətləndirilməsinə səbəb olmuşdur. Halbuki, zəbt anlayışı özündə “sonradan gəlib yiyələnmə” mənasını versə də, faktiki olaraq onun heç kəsin torpaq sahəsini tutma halı mövcud deyildir. Torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi zamanı yerində yoxlanmaqla verilməməsi nəticəsində daşınmaz əmlakın dövlət reyestrində düzgün olmayan qeyd aparılmışdır. Həmin qeydlərə düzəlişin edilməsi zəruridir. Bundan başqa qeyd edilənlərə əsasən Cavabdeh1 adına verilmiş ilkin sənəd mövcud olmadığından onunla “mövcud olmayan sənəd” əsasında Cavabdeh4 və Cavabdeh2 arasında bağlanmış müqavilələr etibarsız hesab edilməlidir. Onların “mövcud olmayan sənəd” əsasında plan və ölçüsünü aldıqları yerin koordinatlarını da səhv olaraq əslində ilkin olaraq ona məxsus olmuş, sonra Cavabdeh6 satdığı, sonuncunun da Cavabdeh3 satdığı 300 kv.m. torpaq sahəsinin koordinatlarının yerinə işlənmişdir. Nəticə etibarı ilə daşınmaz əmlakın dövlət reyestrindəki həmin qeydlər də düzgün aparılmamışdır. Daha sonra qeyd edilməlidir ki, mübahisəli 0,06 ha torpaq sahəsinin şəhadətnaməsi ilkin cizgi plana uyğun tərtib edilməmişdir. Nəticədə hazırda istifadəsində olan 0,03 ha torpaq sahəsi İddiaçı ilkin torpaq ayırma sənədinə uyğun olduğu halda, satdığı 0,03 ha torpaq sahəsinin koordinatları ilkin torpaq ayırma sənədlərinə uyğun olmamışdır. Daha sonra satdığı 0,03 ha torpaq sahəsinin koordinatlarının uyğunsuzluğu Cavabdeh3 adına verilmiş 29.01.2008-ci il tarixdə torpaq sahəsinin plan və ölçüsündə koordinatlarının səhvinə səbəb olmuşdur. Bu da təsdiq edir ki, həmin qeydin düzəlişinə zərurət var. Həmçinin mütəxəssis rəyi ilə məlum oldu ki, Cavabdeh1 adına verilmiş ilkin torpaq ayırma sənədlərində torpaq sahəsinin koordinatları qeyd edilməmişdir. 2013-cü ildə kadastr planını hazırlayan mütəxəssisin “koordinatları” necə müəyyən etməsi çox maraqlıdır. Çünki 400 və 415 nömrəli torpaq sahələrinin hər ikisinin ilkin torpaq ayırma sənədlərində “415” nömrəli torpaq sahəsinin yeri göstərilməmişdir. “400” nömrəli torpaq sahəsinin yeri sxemdə qeyd edilmişdir. Həmin torpaq sahəsinin qonşuluğunda 415 nömrəli torpaq sahəsinin qeyd edilməsi müəyyən olunmur. Bundan başqa Səbail RİH-nə verilmiş sorğuya cavab olaraq 28.09.2020-ci il tarixli 3/10-818 saylı məktubu ilə Cavabdeh1 adına torpaq sahəsinin ayrılmasına dair 30.12.1998-ci il tarixli 1975 saylı sərəncamın və sxemin Səbail RİH-nin arxivində aşkar edilmədiyi bildirilmişdir. Müəyyən olunur ki, həqiqətən də Cavabdeh1 adına hər hansı sərəncam verilməmiş, qeyri-qanuni sənəd əsasında torpaq sahəsi əldə etmişlər. Ən əsası isə İddiaçı ilkin sxem əsasında satdığı sahəsi hasarın içərisində olduğu halda yüklü yerə kadastr işlənmiş, torpaq sahəsinin plan və ölçüsü alınmışdır. İddiaçı hüquqlarının kobud şəkildə pozulması aşkardır. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh1 adına verilmiş sənədlər qanunsuz verilmiş, DƏDRX-nin mütəxəssisləri vəzifə səhlənkarlığına yol verərək torpaq sahəsinə plan və ölçü verərkən yerli baxış keçirməli olduğu halda yüklü yerə sənədlər vermiş, qeyri-dəqiq ölçmə işləri apararaq səhv koordinatlar müəyyən etmişlər. Sənədlər verilən zaman “Google earth” proqramı ilə baxanda da həmin yerlərin yüklü, hasara alınmış olduğu aydın görünür. Lakin DƏDRX-nin mütəxəssislərinin yol verdiyi qanunsuzluq nəticəsində iddiaçının mülkiyyət hüququ pozulmuşdur. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 29.01.2021-ci il tarixli qətnamə ilə iddianın tam həcmdən təmin edilməsini, Badamdar qəsəbəsi ərazisində yerləşən və İddiaçı mülkiyyətində olan 0,03 ha torpaq sahəsi, Badamdar qəsəbəsi ərazisində yerləşən və Cavabdeh3 mülkiyyətində olan 0,03 ha torpaq sahəsi koordinatlarının ilkin torpaq ayırma sənədi olan Səbail RİH başçısının 12.12.1994-cü il tarixli, 4147 saylı sərəncamına və ona əlavə edilmiş “Plan-cizgi sxeminə” uyğunlaşdırılmasını; Cavabdeh1 verilmiş 17.03.2014-cü il tarixli, RX seriyalı, ******* saylı “Reyestrdən çıxarışın”, onun əsasında Cavabdeh1 ilə Cavabdeh4 arasında bağlanılmış 19.03.2014-cü il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin”, bu müqavilə əsasında Cavabdeh4 adına verilmiş 17.04.2014-cü il tarixli, **********35 reyestr nömrəli “Reyestrdən çıxarışın”; Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanılmış 19.03.2014-cü il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsini”, bu müqavilə əsasında Cavabdeh2 adına verilmiş 03.04.2014-cü il tarixli, **********81 reyestr nömrəli “Reyestrdən çıxarışın” etibarsız hesab olunması və bunun əsasında aparılmış düzgün olmayan qeydlərin daşınmaz əmlakın dövlət reyestrindən çıxarılmasını qət etmişdir. İş üzrə cavabdehlər Cavabdeh4 və Cavabdeh2 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişlər. Cavabdeh4 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 torpaq sahəsinin ayrılmasına dair sərancamın etibarlılığı hazırki iş üzrə mübahisə predmeti deyil və hazırki iş üzrə buna hüquqi qiymət verilə bilməz. Cavabdeh2 isə apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə tərəflər arasında uzun müddət məhkəmə mübahisələri olmuşdur. Hesab edir ki, həmin işlər üzrə qəbul edilmiş qətnamələr hazırki iş üzrə preyudisial xarakter daşıyır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 04.02.2020-ci il tarixli qətnaməsi ilə Rayon Məhkəməsinin 14.06.2016-cı il tarixli qətnaməsinin “İddiaçı 243 kv.m. torpaq sahəsindən çıxarılması və həmin sahədə aparılmış tikililərin onun özünün vəsaiti hesabına sökülməsi hissəsində” ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, 02.02.2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarış əsasında Cavabdeh3 mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsinin İddiaçı tərəfindən zəbt edilmiş 243 kv.m. hissəsində İddiaçı tərəfindən aparılmış həyət tikilisinin onun öz vəsaiti hesabına sökülələrək adı çəkilən şəxsin oradan çıxarılması qərara alınmışdır. Apellyasiya baxışı iclasında iştirak etmiş Cavabdeh2 qətnamədən verdiyi apellyasiya şikayətin müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. Cavabdeh4 nümayəndələri (əri və vəkili) təmsil etdikləri şəxsin apellyasiya şikayətini müdafiə etdilər və şikayətin məzmununa uyğun izahat verdilər. Cavabdeh3 və onun vəkili (nümayəndəsi) hər iki apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdilər. İddiaçı və onun vəkili (nümayəndəsi) hər iki apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdilər. İş üzrə üçüncü şəxs olan Cavabdeh6 vəkili apellyasiya baxışında iştirak edərək Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. İş üzrə digər Cavabdeh1 və DƏDRX Əİ-nin nümayəndəsi işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə ilk növbədə qeyd edir ki, apellyasiya icraatı zamanı Məhkəmənin 18.06.2021-ci il tarixli qərardadı ilə Rayon Məhkəməsinin 29.01.2021-ci il tarixli qətnaməsinin qismən, yəni “Badamdar qəsəbəsi ərazisində yerləşən və İddiaçı mülkiyyətində olan 0,03 ha torpaq sahəsi, Badamdar qəsəbəsi ərazisində yerləşən və Cavabdeh3 mülkiyyətində olan 0,03 ha torpaq sahəsi koordinatlarının ilkin torpaq ayırma sənədi olan Səbail RİH başçısının 12.12.1994-cü il tarixli, 4147 saylı sərəncamına və ona əlavə edilmiş “Plan-cizgi sxeminə” uyğunlaşdırılması barədə” tələbin təmin edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Həmin qərardadla İddiaçı izah edilmişdir ki, o, eyni iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Məhkəmə, apellyasiya baxışının qalan hissəsi ilə bağlı apellyasiya şikayətlərinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışında qalmış hissədə ləğv edilməli və həmin hissədə iddia tələbləri təmin edilməməlidir. Belə ki, Səbail RİH başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30.03.2018-ci il tarixli arayışdan görünür ki, Səbail RİH başçısının “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” 4147 saylı, 12.12.1994-cü il tarixli sərəncamında 20 yanvar küçəsi vətəndaş İddiaçı yaşayış ünvanı kimi göstərilmişdir. Belə bir küçə Badamdar qəsəbəsində mövcud olmamış və həmin ünvanın sözügedən sərəncamla Badamdar qəsəbəsi, 9-cu döngədə ayrılmış torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin JN-17225D, KOD 00400016, 27.12.2004-cü il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsi” ilə mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi fərdi evin ünvanı 1-ci yaşayış massivi (9-cu döngə) Həbib bəy Mahmudbəyov küçəsi 400-dür. Səbail RİH başçısının 12.12.1994-cü il tarixli, 4147 saylı sərəncamın kserosurətindən görünür ki, Badamdar qəsəbəsində 600 kv.m. fərdi ev tikmək üçün İddiaçı (20 yanvar küçəsi, ev 13) ayrılmışdır. Tikinti işlərinin ciddi olaraq təsdiq edilmiş layihə əsasında aparılması, tikinti işlərinin başa çatdırılması müddəti sərəncamın qəbul olunduğu gündən 2 il hesab edilməsi, qeyd olunan müddətdə tikinti işlərinin başlanmazsa və ya layihədən ölçülərə əməl olunmazsa, verilmiş torpaq sahəsinin RİH tərəfindən geri alınaraq müvafiq qayda üzrə başqa vətəndaşa verilməsi qərara alınmışdır. Səbail RİH tərəfindən verilmiş “Torpaq sahəsinin yerləşmə cizgisindən” görünür ki, RİH-nin 12.12.1994-cü il tarixli sərəncamı ilə Badamdar qəsəbəsi, 400 №-li sahədə yerləşən 600 kv.m. torpaq sahəsi İddiaçı ayrılmışdır. JN-13094H KOD 00400016 nömrəli, 17.06.2004-cü il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən” görünür ki, Səbail RİH başçısının 12.12.1994-cü il tarixli, 4147 saylı sərəncamı ilə 0,06 ha torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün İddiaçı mülkiyyətinə verilmişdir. JN-17225D KOD 00400016 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən” görünür ki, 36 saylı Notariat Kontorunun 30.10.2004-cü il tarixli, 4Ə-03- 561 saylı “Alğı-satqı müqaviləsi” ilə 0,03 ha torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün İddiaçı mülkiyyətinə verilmişdir. Səbail RİH tərəfindən verilmiş “Torpaq sahəsinin yerləşmə cizgisindən” görünür ki, RİH-nin 30.12.1998-ci il tarixli 1975 №-li sərəncamı ilə Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 9-cu döngə, 415 №-li sahədə yerləşən 600 kv.m. torpaq sahəsi Cavabdeh1 ayrılmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən verilmiş 14.08.2013-cü il tarixli məktubdan görünür ki, Səbail RİH-nin 30.12.1998-ci il tarixli, 1975 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin qeyd olunan bu sərəncamın həqiqiliyinə şübhə vardır. Belə ki, Səbail RİH-nin 30.12.1998-ci il tarixli, 1975 saylı sərəncamı saxlama vahidində bir neçə şəxslə yanaşı Cavabdeh1 da torpaq sahəsi ayrılması barədə olsa da, sərəncamların qeydiyyatı kitabında X1 torpaq sahəsi ayrılması kimi qeyd edildiyindən xahişlərini müsbət həll etmək mümkün deyildir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən Cavabdeh1 verilmiş arxiv çıxarışından görünür ki, Səbail RİH başçısının 30.12.1998-ci il tarixli, 1975 №-li sərəncamı ilə Badamdar qəsəbəsində 600 kv.m torpaq sahəsi fərdi evin tikintisi üçün Cavabdeh1 ayrılmışdır. Tikinti işlərinin ciddi olaraq təsdiq edilmiş layihə əsasında aparılması, tikinti işlərinin başa çatdırılması müddəti sərəncam qəbul olunduğu gündən 2 il hesab edilməsi, qeyd olunan müddətdə tikinti işlərinə başlanmazsa və ya layihidəki ölçülərə əməl olunmazsa verilmiş torpaq sahəsi RİH tərəfindən geri alınaraq müvafiq qayda üzrə başqa vətəndaşa verilməsi qeyd edilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsündən” görünür ki, Səbail RİH başçısının 30.12.1998-ci il tarixli, 1975 saylı sərəncamı ilə Cavabdeh1 Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 415 saylı fərdi yaşayış evi tikintisi üçün ayrılmış 600 kv.m. torpaq sahəsi ilə bağlı planı və ölçüsü tərtib edilmişdir. X11 kitabında 29.11.2013-cü il tarixdə 36581 nömrə ilə uçota alınmışdır. Bakı şəhəri 14 saylı Notariat Kontorunda təsdiq edilmiş 11.08.2005-ci il tarixli, ANİ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsindən” görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh6 Badamdar qəsəbəsində yerləşən 0,03 ha olan torpaq sahəsini Cavabdeh3 satmışdır. Rayon Məhkəməsinin sorğusuna cavab olaraq DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 06.05.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 ona məxsus olmuş və Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 9-cu döngə, 415 saylı 0,03 ha torpaq sahəsindən 0,02 ha hissəni 4Ə/-01-62 reyestr nömrəli, 19.03.2014-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2, 0,01 ha hissəni 4Ə/-01-63 reyestr nömrəli, 19.03.2014-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh4 satmışdır. DƏDRX Əİ tərəfindən “daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* nömrəli “Çıxarışa” əsasən Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 9-cu döngə, 415 saylı sahə ünvanında yerləşən 0,03 ha torpaq sahəsi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 17.03.2014-cü il tarixdə qeydiyyata alınmışdır. 28 saylı Notariat kKontorunda təsdiq edilmiş 19.03.2014-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsindən” görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh1 adından etibarnamə əsasında çıxış edən X2 qəsəbəsi, 1ci yaşayış massivi, 9-cu döngə, 415 saylı sahə ünvanında yerləşən 0,03 ha olan torpaq sahəsindən 0,01 ha torpaq sahəsini Cavabdeh4 satmışdır. DƏDRX tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli “Çıxarışdan” görünür ki, həmin 0,01 ha torpaq sahəsi xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi 17.04.2014-cü il tarixdə Cavabdeh4 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 28 Notariat Kontorunda təsdiq edilmiş 19.03.2014-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsinə” əsasən Cavabdeh1 adından etibarnamə əsasında çıxış edən V.Quliyev Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 9-cu döngə, 415 saylı sahə ünvanında yerləşən 0,03 ha olan torpaq sahəsindən 0,02 ha torpaq sahəsini Cavabdeh2 satmışdır. DƏDRX Bakı şəhər Əİ tərəfindən “daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* nömrəli “Çıxarışa” əsasən Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 9cu döngə, 415 saylı sahənin bir hissəsində yerləşən 0,02 ha torpaq sahəsi xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi 03.04.2014-cü il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04.02.2020-ci il tarixli qətnaməsindən görünür ki, Səbail Rayon Məhkəməsinin 28.04.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh3 cavabdehlər Cavabdeh1 və başqalarına qarşı “çıxarışların, alğısatqı müqavilələrinin etibarsız hesab edilməsi tələbi barədə” iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin olunaraq Badamdar qəsəbəsində yerləşən torpaq sahəsinə dair İddiaçı adına verilmiş JN-13094H nömrəli, 00400016 kodlu şəhadətnamənin, İddiaçı ilə A.Xasiyev arasında 36 saylı Notariat Kontorunda bağlanmış AN-İ ******* nömrəli, 30.10.2004-cü il tarixli, reyestrdə 4Ə-03-561 nömrə ilə qeydə alınmış alğı-satqı müqaviləsinin, habelə A.Xasiyev ilə Cavabdeh3 arasında 14 saylı Notariat Kontorunda bağlanmış AN-İ ******* nömrəli, 11.08.2005-ci il tarixli, reyestrdə 4Ə/522 nömrə ilə qeydə alınmış alğı-satqı müqaviləsinin, daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh3 adına verilmiş 29.01.2008-ci il tarixli, 002457 nömrəli torpaq sahəsinin planı və ölçüsünün, habelə 02.02.2008-ci il tarixli ******* nömrəli çıxarışın Cavabdeh2 və Cavabdeh4 məxsus torpaq sahələri ilə üst-üstə düşən 57 kv.m. hissəsində etibarsız hesab edilməsi, qarşılıqlı iddianın qalan hissələrdə təmin olunmaması qət olunmuşdur. Səbail Rayon Məhkəməsinin 14.06.2016-cı il tarixli qətnaməsi ilə isə Cavabdeh3 İddiaçı və A.Xasiyevə qarşı “tikililərin sökülməsi və zərərin ödənilməsi tələbi barədə” iddiası təmin olunmuş, İddiaçı öz hesabına qanunsuz olaraq zəbt edib tikililər apardığı Cavabdeh3 mülkiyyətində olan 2,43 ha torpaq sahəsindən tikililərin İddiaçı öz vəsaiti hesabına sökülərək çıxarılması, Cavabdeh6 42.000 ABŞ dolları məbləğində pulun tutularaq Cavabdeh3 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 04.02.2020-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Səbail Rayon Məhkəməsinin 14.06.2016-cı il tarixli qətnaməsinin İddiaçı 243 kv.m. torpaq sahəsindən çıxarılması və həmin sahədə aparılmış tikililərin onun özünün vəsaiti hesabına sökülməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamənin qəbul edilməsi, 02.02.2008-ci il tarixli, MH seriyalı, ******* nömrəli çıxarış əsasında Cavabdeh3 mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsinin İddiaçı tərəfindən zəbt edilmiş 243 kv.m. hissəsində İddiaçı tərəfindən aparılmış həyət tikilisi onun öz vəsaiti hesabına sökülərək adı çəkilən şəxsin oradan çıxarılması qət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirli Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən iş üzrə Rayon Məhkəməsinə verilmiş 19.11.2020-ci il tarixli, 10/2035 №-li məhkəmə tikintitexniki ekspertizası rəyindən görünür ki, 1) İddiaçı Səbail RİH başçısının 12.12.1994-cü il tarixli 4147 saylı sərəncamı ilə ayrılmış 0,06 ha torpaq sahəsinin JN-13094H (kod ********) torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamədə qeyd edilmiş cizgisi həmin “400” nömrəli torpaq sahəsinin ayrılmasına dair sərəncama əlavə edilmiş ilkin torpaq ayırma sxeminə (cizgisinə) uyğun hazırlanmamışdır. Bu uyğunsuzluq ondan ibarətdir ki, İddiaçı ilkin torpaq ayırma sxemində 0,06 ha torpaq sahəsi hal-hazırda onun həyətyanı sahəsinə giriş hissəsinin qarşısından keçən yola paralel 20 metr, yola perpendikulyar 30 metr ölçülərdə qeyd edilmişdir. JN13094H (kod ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanarkən isə ilkin torpaq ayırma sxemində qeyd edilmiş ölçülər dəyişdirilərək hal-hazırda onun həyətyanı sahəsinə giriş hissəsinin qarşısından keçən yola paralel 30 metr, yola perpendikulyar 19,35 metr ölçülərdə qeyd edilmişdir. Şəhadətnamədə qeyd edilən cizgi trapesiya formasında qeyd edildiyi üçün 30 metrlik hissəsinin qarşı tərəfi 32 metr göstərilmişdir. İddiaçı inşa etdiyi fərdi yaşayış evi ilkin torpaq ayırma sxeminə əsasən satdığı torpaq sahəsində deyil, öz mülkiyyətində qalmış 0,03 ha torpaq sahəsində yerləşir. 2) İddiaçı 12.12.1994-cü il tarixli, 4147 saylı sərəncamı ilə ona ayrılmış 0,06 ha torpaq sahəsinin 0,03 ha hissəsi 30.10.2004-cü ildə satılarkən həmin 0,06 ha torpaq sahəsinin cənub hissəsi satmışdır. Həmin 0,03 ha torpaq sahəsi satılarkən hazırlanmış bölgü cizgisi naturaya (torpaqdan faktiki istifadə vəziyyətinə uyğun) uyğun hazırlanmamışdır. Bu uyğunsuzluq ondan ibarətdir ki, alğı-satqı yuxarıda da qeyd edildiyi kimi, ilkin torpaq ayırma sxeminə uyğun hazırlanmamış JN-13094H (kod ********) saylı şəhadətnaməyə əsasən aparılmışdır. 3) 30.10.2004-cü il tarixdə İddiaçı satdığı 0,03 ha torpaq sahəsi hal-hazırda faktiki daş hasara alınıb istifadə etdiyi torpaq sahəsinin hüdudları daxilində deyil, cənub hissədə İddiaçı daş hasarına bitişik boş sahədir. 4) Cavabdeh1 Səbail RİH başçısının 30.12.1998-ci il tarixli, 1975 saylı sərəncamı ilə ayrılmış “415” nömrəli 0,06 ha torpaq sahəsinin ilkin torpaq ayırma sxeminə əsasən yerini müəyyən etmək mümkün olmadığından həmin torpaq sahəsinin İddiaçı məxsus olmuş 0,06 ha torpaq sahəsinə nisbətdə harada yerləşməsini müəyyən etmək mümkün olmadı. “400” nömrəli torpaq sahəsinin yeri müəyyən olunub, həmin torpaq sahəsinin 0,03 hektarlıq hissəsindən hal-hazırda İddiaçı daş hasara alaraq fərdi yaşayış evi tikərək istifadə edir, digər 0,03 hektarı isə boşdur. “415” nömrəli torpaq sahəsinin harada yerləşməsini isə müəyyən etmək mümkün olmadı. Məhkəmə iddia tələblərinin apellyasiya baxışında qalan hissəsi ilə bağlı qeyd edir ki, hazırki məhkəmə baxışı zamanı həmin tələblərə qiymət verilməsi mümkün deyil. Çünki məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, apellyasiya baxışında qalan mübahisə iddiaçıya ayrılmış torpaq sahəsinə dair şəhadətnamə hazırlanarkən torpağın yerləşməsinə dair koordinatların düzgün qeydə alınmaması səbəbindən yaranmışdır. Belə ki, ekspert rəyi ilə müəyyən olunur ki, iddiaçıya ayrılmış torpaq sahəsinə dair şəhadətnamə hazırlanarkən, torpağın yerləşməsinə dair koordinatlar Səbail rayon İcra Hakimiyyətinin 12.12.1994-cü il tarixli 4147 saylı sərəncamına və ona əlavə edilmiş plancizgi sxemə uyğun qeydə alınmamışdır. Bu səbəbdən də əvvəl Cavabdeh6, daha sonra Cavabdeh3 faktiki satılmış və hazırda onun mülkiyyətində olan 0,03 ha torpaq sahəsinə dair şəhadətnamələr və dövlət reyestrində aparılmış qeydiyyat düzgün olmamışdır. Cavabdeh3 adına dövlət reyestrində qeydiyyata alınmış ərazi iddiaçının faktiki satmadığı və hazırda da iddiaçının mülkiyyətində olan sahədir. Cavabdeh3 faktiki aldığı və onun hazırda mülkiyyətində olan 0,03 ha torpaq sahəsi isə Cavabdeh1 adına verilmiş çıxarışda göstərilən torpaq sahəsinin yerləşmə koordinatları ilə üst-üstə düşür. Belə ki, Cavabdeh1 sərəncam əsasında ayrılmış 415 nömrəli torpaq sahəsinin faktiki yerini müəyyən etmək mümkün olmamışdır. İddiaçı, Cavabdeh1 adına 17.03.2014-cü il tarixdə verilmiş RX seriyalı, ******* saylı “Reyestrdən çıxarışın” etibarsız hesab edilməsi barədə tələbinin əsası kimi ona istinad etmişdir ki, mübahisəli sahə Səbail RİH başçısının 12.12.1994-cü il tarixli, 4147 saylı sərəncamına əsasən iddiaçıya ayrılmışdır, lakin sonradan həmin sahənin ona məxsus olmasına baxmayaraq, həmin sahə Cavabdeh1 adına ayrılmışdır. İşə baxmış Rayon Məhkəməsi Cavabdeh1 adına verilmiş çıxarışın və sonradan onun tərəfindən digər cavabdehlərə həmin torpaq sahəsinin satılmasına dair alqı-satqı müqavilələrinin və çıxarışların etibarsız hesab edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının birinci iddia tələbi əsaslıdır və həmin tələb təmin olunaraq ona Səbail RİH-nin sərəncamı və plan-cizgi sxeminə uyğun olaraq ayrılmış torpaq sahəsinin koordinatları uyğunlaşdırıldıqdan sonra Cavabdeh3 satılmış torpaq sahəsinin 0,03 ha hissəsi Cavabdeh1 adına qeydiyyata alınmış torpaq sahəsinin koordinatları ilə üstüstə düşəcək. Bu səbəbdən də Cavabdeh1 müvafiq sərəncam əsasında ayrılmış 0,03 ha torpaq sahəsi üzərində qeydiyyata alınmış hüquqları əsassızdır. Göstərilənlərə əsasən Məhkəmə qeyd edir ki, Cavabdeh1 mübahisəli torpaq sahəsinə qeydiyyata əsaslanan hüquqların daşıyıcı olub-olmaması məsələsi icraatına xitam verilmiş hissədən asılı olduğu və həmin məsələlərə dair müvafiq məhkəmə (inzibati) qərarı olmadığı üçün apellyasiya baxışında qalan hissədə iddia tələbləri təmin oluna bilməz. Eyni zamanda Məhkəmə iddiaçıya izah edir ki, gələcəkdə müvafiq məhkəmə (inzibati) qərarı mövcud olduğu təqdirdə hazırki qətnamə həmin tələblərlə bağlı yenidən məhkəmədə mülki qaydada iddia qaldırmağa mane olmur. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddianı apellyasiya baxışında qalan hissədə də təmin etməklə iş üzrə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Şərh olunanlara və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq Məhkəmə hesab edir ki, hər iki apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli, apellyasiya baxışında qalan hissədə də iddia tələbləri təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Hər 2 apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 yanvar 2021-ci il tarixli qətnamə apellyasiya baxışında qalmış hissədə, yəni “Cavabdeh1 17.03.2014-cü il tarixdə verilən RX seriyalı, ******* saylı çıxarış, onun əsasında Cavabdeh1 və Cavabdeh4 arasında bağlanılmış 19.03.2014-cü il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi” və bu müqavilə əsasında Cavabdeh4 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” 17.04.2014-cü il tarixdə verilmiş **********35 reyestr nömrəli çıxarış; Cavabdeh1 və Cavabdeh2 arasında bağlanılmış 19.03.2014-cü il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi” və bu müqavilə əsasında Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” 03.04.2014-cü il tarixdə verilmiş **********81 reyestr nömrəli çıxarış etibarsız hesab edilməsi və bunun əsasında aparılmış düzgün olmayan qeydlər daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması barədə tələblərin təmin edilməsi hissəsində” ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilərək həmin tələblər təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar