Məhkəmə qərarları › İş №2(103)-3976/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3976/2024

20.06.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3976/2024 20.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa, qanunsuz işdən çıxarılma dövrü üçün əmək haqqının, işdən çıxarıldığı tarixədək işlədiyi və əmək haqqı hesablanmış dövr üçün əmək haqqının və onun gecikməsinə görə ödəncin, istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin və vurulmuş mənəvi ziyana görə kompensasiyanın ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli qərardadından (qarşılıqlı iddia ərizəsinin geri qaytarılması barədə) cavabdehin nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa, qanunsuz işdən çıxarılma dövrü üçün əmək haqqının, işdən çıxarıldığı tarixədək işlədiyi və əmək haqqı hesablanmış dövr üçün əmək haqqının və onun gecikməsinə görə ödəncin, istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin və vurulmuş mənəvi ziyana görə kompensasiyanın ödənilməsi” tələblərinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (məhkəmə) müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə cavabdehin İddiaçı qarşı “İddiaçı özünə əmək müqaviləsi üzrə nəzərədə tutulmuş məbləğlərdən artıq köçürülmüş istifadə edilməmiş məzuniyyət günləri əvəzinə 04.11.23-cü il tarixində hesabına köçürülən 1200 manat vəsaitin tutulub Cavabdehnə ödənilməsi; İddiaçı əmək müqaviləsi üzrə nəzərdə tutlmuş öhdəlikləri vicdanlı olaraq, hərəkətsizliklə icra etmədiyi müddətlər üçün ödənilmiş əmək haqqının tutulub Cavabdehnə ödənilməsi; kommersiya sirri təşkil edən məlumatları və müəsssə rəhbərliyinə böhtan ataraq işgüzar nüfuza vurulmuş zərərə görə 1 manat məbləğində pul vəsaitinin tutulması və həqiqəti əks etdirməyən məlumatları ünvanladığı qurumlara təkzib ərizəsi ilə müraciət etməsi" tələbinə dair qarşılıqlı iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə daxil olmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmış, Cavabdehnə izah edilmişdir ki, qarşılıqlı iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə öz qənaətini belə əsaslandırmışdır ki, qarşılıqlı iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən tərtib edilmiş, ərizədə Mülki Prosessual Məcəllənin 149.2-ci maddəsində sadalanan məlumatlar öz əksini tapmamış, qarşılıqlı iddia ərizəsinin verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilməmişdir. Cavabdeh nümayəndəsinin həmin qərardaddan verdiyi şikayət məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməyərək mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Cavabdeh nümayəndəsinin qarşılıqlı iddia ərizəsi adlandırdığı ərizədən görünür ki, nümayəndə iddia ərizəsini qanunla nəzərdə tutulmuş forma və məzmuna uyğun tərtib etməmişdir. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə görə isə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, iddia ərizəsi geri qaytarılır. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3362/2024 saylı iş üzrə 29 may 2024-cü il tarixli qərardadı (qarşılıqlı iddia ərizəsinin geri qaytarılması barədə) dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar