Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3979/2024 29.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X7, İddiaçı və onun vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-158/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasan işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) oğludur, onunla Quliyeva (Novruzova) Rəna Orucəli qızının xx.xx.1984-cü il tarixdə bağlanmış nikahından doğulmuşdur. Onların arasında bağlanmış nikah xx.xx.1990-cı il tarixdə pozulmuş, bundan sonra xx.xx.1990-cı il tarixdə cavabdeh Quliyeva (İmanova) Nazmilə Hüseyn qızı ilə nikaha daxil olmuşdur. Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsində yerləşən 6 saylı evin, 40 saylı mənzilində pasport qeydiyyatındadır. Həmin mənzil xx.xx.1995-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən iddiaçının babası, cavabdehin atası olan X9 məxsus olmuşdur. xx.xx.2011-ci il tarixli bağışlama müqaviləsinə əsasən X13 həmin mənzili iddiaçıya bağışlamış və xx.xx.2012-ci il tarixdə iddiaçının mənzilə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin iddiaçı ilə babasının münasibəti pisləşdiyindən, babası bağışlanma müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onun iddiası təmin edilsə də, həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş iddia rədd edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2021-ci il tarixli qərarı ilə bu nəticə ilə razılaşmışdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia qaldıraraq, cavabdehin həmin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsini tələb etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-95/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, həmin qətnamədən iddiaçının apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 655/2022 saylı qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. “X17 Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, YDQM 007- 145/2023 nömrəli hesabata əsasən Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, 6 saylı evin 40 saylı mənzilinin bazar dəyəri 119.300 manat, aylıq kirayə haqqı 400 manatdır.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh qarşı iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizələrlə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, 6 saylı evin, 40 saylı mənzilindən istifadə hüququna 12.000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini işin faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, mübahisəli mənzil onun mülkiyyətindədir. Həmin mənzildə ondan başqa babası mərhum X13, arvadı X5, övladı X19 və atası Cavabdeh qeydiyyatdadırlar. O, doğulduğu vaxtdan bu evdə yaşayır və qeydiyyatdadır. Cavabdeh olan atası anası ilə olan nikahı pozulduqdan sonra Quliyeva (İmanova) Nazmilə Hüseyn qızı ilə nikah bağlayaraq qeyd olunan mənzildən köçmüş və ailəsi ilə başqa mənzildə yaşamağa başlamışdır. Bu illər ərzində cavabdehin bu mənzilin saxlanılmasında heç bir iştirakı olmamışdır. Cavabdeh həyat yoldaşı Quliyeva (İmanova) Nazmilə Hüseyn qızının adına, onlar nikahda olduqları dövrdə Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən verilən xx.xx.2004-cü il tarixli, 4789 saylı müqaviləyə və AN 311897 saylı, xx.xx.2010-cu il tarixli “Torpaq sahəsinin planı və ölçüsü’“ sənədinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4789 saylı bağ sahəsində yerləşən 0.1164 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Cavabdehlə həyat yoldaşının birgə mülkiyyəti olan həmin torpaq sahəsinin üzərində cavabdeh ev tikdirmiş və hazırda ailəsi ilə birlikdə orada yaşayır. Onun övladı 2018-ci il təvəllüdlü X19 autizm xəstəliyindən əziyyət çəkir, ona uzunmüddətli və böyük məbləğdə xərc tələb edilən müalicə kursları vacibdir. Bu məbləği əldə etmək üçün o, qeyd olunan mənzili satmaq qərarına gəlmişdir, lakin hazırda mülkiyyət hüquqları məhdudlaşdırıldığından öz mülkiyyəti üzərində sərəncam vermək hüququnu həyata keçirə bilmir. Bu məqsədlə, o, cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bundan başqa babası X13 rəhmətə getdikdən sonra cavabdeh mənzildə qalan ona məxsus 1 ədəd "Samsung” markalı televizoru, 1 ədəd “LG” markalı kondisioneri, 1 ədəd “LG” markalı soyuducunu, stol, stul və 1 ədəd pianinonu mənzildən çıxararaq öz evinə aparmışdır. Bu əşyaları o, öz vəsaiti hesabına əldə etmiş və bu əşyalar ona məxsusdur. Onun tərəfindən cavabdehə kompensasiya təklif olunmuş, lakin aralarında razılıq əldə olunmamışdır.
4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-158/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, 6 saylı evin 40 saylı mənzildən istifadə hüququna 12.000 manat kompensasiya verilməklə xitam verilməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. (hakim X12)
5. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh qeyd olunan mənzildə 1990-cı ilə qədər yaşamış və həmin tarixə kimi mənzildən istifadə hüququ yaranmışdır. 1990-cı ildən isə Quliyeva (İmanova) Nazmilə Hüseyn qızı ilə nikah bağlayaraq, qeyd olunan mənzildən köçmüş və ailəsi ilə başqa mənzildə yaşamağa başlamışdır. Belə olan halda, Cavabdeh 1990-cı ildən artıq sözügedən mənzildə yaşamadığından onun mənzilə olan ehtiyacı aradan qalxmışdır. Lakin, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-95/2021 nömrəli, xx.xx.2021-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-655/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qeyd olunan məsələyə artıq hüquqi qiymət verildiyindən məhkəmə tərəfindən hazırki iddia tələbinə iddiaçının tələbi çərçivəsində hüquqi qiymət verilmiş və cavabdehin ümumilikdə iddia tələbi ilə razı olduğu nəzərə alınaraq, yalnız kampensasiyanın məbləğinin adekvatlığı araşdırılmışdır. Belə ki, iddiaçının məhkəmə baxışı zamanı təklif etdiyi kompensasiya ilə cavabdeh təqribən 03 il müddətinə oxşar yaşayış sahəsi ilə təmin edilmiş olur, bu isə onların mübahisəli mənzildə ümumən yaşadığı dövr nəzərə alındığında ağlabatan kimi qəbul edilə bilər. Həmçinin cavabdehin mübahisəli mənzilin əldə edilməsində hər hansı töhfəsi olmamış, eləcə də onun tərəfindən mənzilin təmirinə və ya yaxşılaşdırılmasına hər hansı xərc çəkildiyinə dair sübutlar da təqdim edilməmişdir. Eyni zamanda, cavabdeh əmək qabiliyyətlidir. İddiaçı tərəfindən təklif olunan məbləğə mənzil almağın mümkün olubolmadığı məsələnin həlli baxımından əhəmiyyətli deyildir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı kompensasiyanın məbləğini təklif edərkən real bazar qiymətlərini, həmin ərazidə oxşar şəraitli mənzilin aylıq kirayəsini, özünün mülkiyyət, cavabdehin isə istifadə hüququnu nəzərə almışdır və cavabdehə 12.000 manat kompensasiya təklif etmişdir. Müstəqil qiymətləndirici tərəfindən mənzilin hazırkı bazar qiymətinin müəyyən olunmasını nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, kompensasiyanın məbləğinin iddiada qoyulan məbləğdə, yəni 12.000 manat məbləğində olması ağlabatan və real qiymətdir, həmin məbləğ, Konstitusiya Məhkəməsinin Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarı ilə sərgilənmiş mövqeyə uyğundur. Təklif olunan kompensasiya məbləği faktiki olaraq sözügedən mənzilin bazar dəyərinin 1/9 hissəsindən artıq təşkil edir.
6. Məhkəmə xərclərinə münasibətdə məhkəmə hesab etmişdir ki, iddiaçı iddia tələbinin sonuncu dəyişdirilməsindən sonra dövlət rüsumunu tələb etmədiyindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cu, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.2-ci, 152-ci, 228.2-ci, Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci 88-ci, 119.1-ci, maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli, “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2004-cü il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, mübahisə predmeti onun ata yurdudur və o, ata olaraq iddiaçı ilə mübahisə etməmək xatirinə həmin mənzilə aralıqla gedib gəlir. İddiaçı xariclərdə özü üçün gəzib dolaşanda, ona əmlak bağışlayan şəxsin dəfnində belə iştirak etməmişdir. O, evdə qeydiyyatda olan ailə üzvüdür. Onun həmin evdən başqa yaşaya biləcəyi yeri yoxdur. Yaşını da nəzərə aldıqda qoca və xəstə halı ilə bu yaşdan sonra işləyib özünə ev alıb güzəran qura bilmir. İddiaçı həmin ata yurdunu satmaqla yenədə xaricə getmək istəyir və bununla da onun Azərbaycan vətəndaşı olaraq hüquqlarını məhdudlaşdırmaq və qeydiyyatsız, yaşayış yeri olmadan yaşamağına şərait yaratmaq niyyətindədir. O, evin satılmasına onun kompensasiyanın ədalətli şəkildə verilməsi ilə razılıq vermişdir. Bu barədə məhkəmədə də bildirsə də, məhkəmə tərəfindən vəsatətlər təmin edilməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsində nəzərdə tutulan 12.000 manat həddən artıq azdır. Evin bazar dəyəri hazırda 170.000 manatdan artıqdır və təqdim edilən rəy qərəzli olduğu üçün tərəfindən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza mərkəzindən rəy alınmasını xahiş etmişdir. Məhkəmə tərəfindən vəsatət təmin edilməyərək, müdafiə hüququ pozulmuş və iddiaçının maraqlarına cavab verən və onun tərəfindən təşkil edilən ekspert (mütəxxəsis) rəyinə əsaslandırılaraq qətnamə çıxarılmışdır. Onun əsas etirazı kompensasiya olaraq təyin edilmiş məbləğin azlığı ilə bağlıdır. Verilmiş vəsatət təmin edilsə idi mənzilin real bazar qiymətini müəyyən etmək mümkün olardı və yekun nəticə olaraq ədalətli qərar qəbul edilməsinə nail olunardı. Lakin məhkəmə tərəfindən müdafiə hüququ pozularaq verilmiş vəsatətlər təmin edilməmiş, evə baxış keçirməmiş və nəticə ədalətli həll edilməmişdir. Onun həmin mənzilə qeydiyyatı var, kompensasiya məbləği almaq üçün onun həmin şəraitdə yaşaya bilməyi üçün münbit şəraitin yaradılması zəruridir. Lakin məhkəmənin gəldiyi nəticə onu bu hüquqlarından məhrum etməyə yönəldilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, kompensasiya qismində ona 18.000 manat verilməsini ədalətli hesab edir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
12. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə etmiş və apellyasiya şikayətinin məzmununa, habelə iddiaçının mövqeyinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasında İddiaçı əvvəlcə apellyasiya şikayəti ilə qismən razı olaraq, kompensasiya məbləği qismində cavabdehə maksimum (ən çox) 14.400 manat verməyə razı olsa da, sonradan cavabdehin kompensasiya məbləği ilə bağlı mövqeyini nəzərə alaraq qeyd etmişdir ki, o kompensasiya məbləğini artırdıqca cavabdeh də kompensasiya məbləğini artırır. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
14. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməmiş, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər; 262.2-ci maddəsinə əsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2 və 228.5-ci maddələrinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “Mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmasını nəzərdə tutduğunu, Mülki Məcəllənin 228.5-ci maddəsinin “həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır” müddəasının Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə uyğun hesab edildiyini, yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlərin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun həll edildiyi göstərilmişdir.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü, 149.2.3-cü və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarında qeyd etmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər.
20. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarına əsasən Mülki Məcəllənin 228.5-ci maddəsinə görə əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun həyata keçirilməməsi halında ona xitam verilməsinin şərtləri qanunvericilikdə müəyyən olunmamışdır. Mülki Məcəllənin 228.2-ci maddəsinin ikinci cümləsinin mənasına görə isə bu hüquqa xitam verilməsi kompensasiya verilməklə mümkündür. Ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu, yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Nəticədə belə qərara gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Habelə keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
22. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
23. Apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini qiymətləndirməkdə səhvə yol verərək, hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə kompensasiya məbləğini, habelə iddianın təmin edilməsi əsasını düzgün müəyyən etməmişdir. Qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia rədd edilməlidir.
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, cavabdeh iddiaçının doğma atasıdır. Cavabdehlə iddiaçının anası arasında bağlanmış nikah 1990-cı ildə pozulmuş, həmin ildə də cavabdeh başqa şəxslə yenidən nikaha daxil olaraq (xx.xx.1990-cı il) həmin mənzildən çıxmış və başqa ünvanda yaşamağa başlamışdır. Mübahisəli mənzil ilk olaraq iddiaçının babasına (cavabdehin atasına) məxsus olmuş, o, həmin mənzili cavabdehin də razılığı əsasında iddiaçıya bağışlamış və həmin mənzilə dair iddiaçının mülkiyyət hüququ xx.xx.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
26. Hazırda iddiaçı cavabdehin mənzildən istifadə hüququnun 12.000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsini tələb edir. Apellyasiya instansiya məhkəməsindəki icraat zamanı iddiaçı yazılı qaydada müraciət etməsə də, şifahi qaydada maksimum (ən çoxu) 14.400 manat məbləğində kompensasiya ödənilməsinə razı olduğunu bildirmiş, lakin sonradan onun tərəfindən məbləğ artırıldıqca cavabdehin də məbləğlə bağlı tələblərini artırmasına istinadən iddia tələbində göstərilən məbləğdən artıq hər hansı məbləği ödəmək üçün maddi imkana malik olmadığını vurğulamışdır.
27. Cavabdehin mübahisəli mənzildən istifadə hüququnun olması və onun bu hüququna kompensasiya məbləği ödənilmədən xitan verilməsinin mümkünsüzlüyü artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən olunduğundan (birinci mübahisə) hazırki icraat çərçivəsində həmin məsələlərə yenidən qiymət verilməsinə hər hansı hüquqi zərurət qalmır. Hazırki iddia üzrə irəli sürülmüş tələblə iddiaçı özü də cavabdehin bu hüququnu tanıyır. Birinci mübahisə üzrə qəbul edilmiş yekun məhkəmə aktının (Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi) qüvvəyə mindiyi tarixdən hazırki iddianın qaldırıldığı (xx.xx.2023-cü il) tarixədək də cavabdehin hər hansı başqa yaşayış sahəsi əldə etdiyi müəyyən edilmir. İddiaçının istinad etdiyi X4 (cavabdehin arvadı) mülkiyyətində olan əmlak isə birinci mübahisə zamanı da onun mülkiyyətində olmuş, hazırda isə ümumiyyətlə ona məxsus deyil. Belə ki, xx.xx.2023-cü il tarixdə X3 bağışlanmışdır (birinci mübahisə zamanı da cavabdeh evin məhz ikinci nikahı üzrə ögey qızına məxsus olduğunu bildirmişdir).
28. Cavabdeh ümumilikdə kompensasiya ödənişi müqabilində mənzildən istifadə hüququna xitam verilməsinə etiraz etmir, sadəcə olaraq yetərli və ədalətli hesab etmədiyindən iddiaçı tərəfindən təklif olunan kompensasiya məbləği ilə razılaşmır və 18.000 manat məbləğində kompensasiyanın ödənilməsini tələb edir.
29. Məhkəmə kollegiyası kompensasiya məbləği ilə bağlı qeyd edir ki, mübahisəli mənzil 2 otaqdan ibarət olmaqla 58,90 kv.m sahəyə malikdir. “X17 Mərkəzi” MMC-nin xx.xx.2024-cü il tarixli, YDQM 007-145/2023 nömrəli hesabatına əsasən mənzilin bazar dəyəri 119.300 manat, aylıq kirayə haqqı 400 manat təşkil edir. Mövcud vəziyyətdə kompensasiya istifadə hüquqlarına xitam verilən şəxsin davamlı surətdə və müəyyən müddət daxilində mübahisəli mənzildə olan şəraitlə müqayisədə oxşar şəraitdə (sahə, otaq sayı və sair) yaşamaq imkanı verən başqa bir mənzilin kirayə haqqı əsas götürülməklə ödənilməlidir.
30. Məhkəmə kollegiyası 29-cu bənddə göstərilənləri, Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərini və Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda istinad edilmiş qərarlarında nümayiş etdirilmiş hüquqi mövqeyi nəzərə alıb, qeyd etməyi zəruri hesab edir ki, kirayə haqqının aylıq 400 manat üzrə hesablandığı təqdirdə təklif edilən kompensasiya məbləği (12.000 / 400 = 30) hesabına yalnız 30 ay ərzində mübahisəli mənzildə olan şəraitə malik başqa bir mənzildə yaşamaq mümkündür.
31. Bu baxımdan təklif olunan kompensasiya məbləğ etibarı ilə cavabdehə davamlı şəkildə bu mənzildə olan şəraitə malik başqa mənzildə yaşamaq imkanı yaratmış olmur. Belə ki, formalaşmış təcrübəyə uyğun olaraq davamlılıq baxımından iddiaçı tərəfindən təklif olunan kompensasiya məbləği cavabdehə 3-5 il ərzində, yəni ən azı 3 il oxşar şəraitli yaşayış sahəsində yaşamaq imkanı verməlidir. Bu hüquqi yanaşma iddiaçı tərəfindən kompensasiya qismində qəti olaraq deyil, ən azı (400 x 36 = 14.400) 14.400 manat məbləğində pulun ödənilməsini şərtləndirir.
32. Məhkəmə kollegiyası 31-ci bənddə göstərilən müddətlər və məbləğlərlə yanaşı mübahisə üzrə mövcud olan bir sıra digər halları da kompensasiya məbləğinə təsir edən hallar kimi qiymətləndirir və bu hallarla bağlı qeyd etməyi zəruri hesab edir ki, mənzil cavabdehin atası (iddiaçının babası) X10 məxsus olmuş və cavabdeh uşaqlıqdan həmin mənzildə yaşamışdır. Mənzil 2012-ci ildə cavabdehin də buna razılığı əsasında onun mülkiyyətçisi (baba) X15 tərəfindən iddiaçıya bağışlanmışdır. Həmin vaxt və bundan sonra da (ölən günə kimi) mənzildə X15 yaşamış, iddiaçı isə ailəsi ilə birlikdə başqa mənzildə yaşamışdır. X8 qayğıya ehtiyacı olduğundan cavabdeh tez-tez onun yanına gəlib-getmişdir (Birinci mübahisə üzrə iddiaçının iddiası rədd edilərkən bu hal cavabdehin mənzili daimi əsaslarla tərk etməməsi kimi qiymətləndirilmişdir).
33. Mənzil bağışlandıqdan sonra, münasibətləri kəskinləşdiyindən (birinci mübahisə zamanı iddiaçı özü də izahatında babası ilə münaqişə yaranması səbəbindən mənzildə yaşamadığını bildirmişdir) 2019-cu ildə X15 bu müqaviləni məhkəmə qaydasında mübahisələndirərək, onun ləğv edilməsini tələb etmişdir. Həmin iddia birinci instansiya məhkəməsi tərəfindən təmin edilsə də, apellyasiya və kassasiya instansiyalarında iddia rədd edilmişdir.
34. Bununla belə, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir və onun bu hüququ mübahisələndirilmir. Lakin onun bu hüququ əldə etməsində cavabdehin razılıq (buna etiraz etməməsi) formasında iştirakı olmuşdur. Hər bir halda, əvvəlki mülkiyyətçinin oğlu və bu baxımdan birinci növbəli vərəsəsi olmaqla həmin mənzildə uşaqlığından 1991-ci ilədək (sonuncu il 1990-cı il) daimi əsaslarla yaşayan, mənzilin onun atası tərəfindən oğluna (nəvəsinə) bağışlanan zaman öz statusuna uyğun olaraq atasının bu iradəsini mübahisələndirməyən və bu barədə əqdin bağlanmasına razılıq verən, mənzil bağışlandıqdan sonra da mütəmadi olaraq həmin mənzilə gəlib atasına qulluq göstərən (iddiaçının babası ilə aralarında olan münaqişə nəticəsində mənzili tərk etdiyi bir halda) cavabdehin istifadə hüququna xitam verilməsi üçün təklif edilən 12.000 manat, hətta 14.400 manat kompensasiya məbləği ədalətli hesab edilə bilməz.
35. Bu səbəbdən məhkəmə kollegiyası 32-34-cü bəndlərdə göstərilənləri və cavabdehin kompensasiya məbləğinə olan münasibətini də nəzərə alıb, belə qənaətə gəlir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququna ən azı 18.000 manat məbləğində kompensasiya müqabilində xitam verilə bilər. Başqa sözlə, məhkəmə kollegiyası mövcud vəziyyətdə ən azı 18.000 manat məbləğində kompensasiyanı ədalətli və yetərli hesab edir.
36. Bu məbləğ (18.000 / 400 = 45 ay) 45 ay, yəni 3 il 9 ay ərzində mübahisəli mənzildə olan şəraitə malik başqa bir mənzildə yaşamaq imkanı yaradır ki, bu müddət də formalaşmış təcrübə ilə müəyyən edilmiş davamlılıq müddətləri daxilindədir. Digər tərəfdən nəzərə alınmalıdır ki, mənzilin müəyyən edilmiş bazar qiymətinin qarşılığında da bu məbləğin məhz istifadə hüququnun xitamı müqabilində ödənilən kompensasiya məbləği kimi qəbul edilməsi mümkündür.
37. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2007-ci il tarixli qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsaslanaraq kompensasiya məbləğinin müəyyən edilməsi zəruri hesab edilmişdir. Kompensasiya məbləği də Nizami rayonunda yerləşən iki otaqlı mənzildən istifadə hüququna xitam verilməsi üçün mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən təklif edilən kompensasiya məbləği ilə bağlı məhkəmə təcrübəsi əsas götürülərək, müəyyən edilmişdir. Eyni zamanda, təklif olunan kompensasiya məbləğinin artırılması iddiaçının iradəsinə bağlı olduğundan məhkəmə kollegiyası kompensasiyanın aşağı məbləğini müəyyən etmişdir.
38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-158/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia rədd edilməlidir. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-158/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.