Məhkəmə qərarları › İş №2(103)-398/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-398/2021

05.02.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-398/2021 05.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X7, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7707/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2990/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: Birinci iş üzrə: İddiaçı Rzayeva Dilarə Hümmət qızı (bundan sonra iddiaçı) cavabdeh Qulamova Sevinc Rafiq qızına (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qulamova Sevinc Rafiq qızının və ailə üzvlərinin onun mülkiyyətində olan, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Qarayev küçəsində 0,0443 ha ərazidə yerləşən 38 saylı fərdi yaşayış evinin “A” tikilisindən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7707/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək qeyd etmişdir ki, rayon məhkəməsi işin faktiki hallarına düzgün qiymət verməmişdir. Belə ki, o, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Qarayev küçəsində yerləşən 38 saylı fərdi yaşayış evinin “A” tikilisini 2004-cü ilin aprel ayında iddiaçı İddiaçı və onun mərhum əri Rzayev Məmmədağa Hacıağa oğlundan almış, lakin həmin vaxt mülkiyyət hüququna dair sənəd olmadığı üçün alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2004-cü il tarixli qəbzdə hansı yaşayış sahəsinin satılması ilə bağlı heç bir məlumat yoxdur. Halbuki, qeyd edilən ünvandakı “A” tikilisinin satılması barədə xx.xx.2004-cü ildə tərtib edilmiş qəbz iş materiallarına əlavə edilmişdir, lakin rayon məhkəməsi həmin qəbzə hüquqi qiymət verməmişdir. xx.xx.2004-cü il tarixli qəbz iə evə görə borclu qaldığı 500 ABŞ dollarının ödənilməsi barədədir. O, 2004-cü ildən həmin evin “A” tikilisinə köçərək orada yaşamışdır. Bundan əlavə, 2004-cü ildən həmin “A” tikilisinin bütün kommunal xərclərini, yəni qaz, su, elektrik enerjisi ilə bağlı xərcləri də o, ödəyir. Həmçinin, həmin ünvana dair çıxarış xx.xx.2019-cu il tarixdə alınmışdır. Hesab edir ki, rayon məhkəməsi maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçı S.Qulamavanın cavabdeh İddiaçı qarşı “alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair 2(001)-2990/2020 saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənə qədər hazırkı iş üzrə icraat dayandırılmışdır. İkinci iş üzrə: İddiaçı Cavabdehlər İddiaçı və Bakı şəhəri 11 saylı Notariat Kontoruna qarşı 11 saylı notariat ofisinin notariusu İ.A.Məmmədov tərəfindən xx.xx.1993-cü ildə ölmüş H.G.Hümbətova məxsus olan Bakı şəhəri Binəqədi rayonu Q.Qarayev küçəsi 38 saylı fərdi yaşayış evi və 0,0443 ha torpaq sahəsi üzərində İddiaçı qanun üzrə vərəsəlik hüququnun tanınması barədə verilmiş xx.xx.2019-cu il tarixli 2V-90 № li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə, onun hüquqi nəticəsi olan daşınmaz əmlakın mülkiyyət hüququ barədə **********3510301 reyestr nömrəli dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərinə əsasən iddia tələblərini dəqiqləşdirərək qeydiyyat nömrəsi ********** olan xx.xx.2019-cu il tarixli dövlət reyestrindən çıxarışa əsasən vahid əmlak kimi cavabdeh İddiaçı mülkiyyətinə verilmiş ünvan 1 saylı fərdi yaşayış evinə və evin yerləşdiyi ümumi ərazisi 0,0443 ha olan torpaq sahəsinə münasibətdə ümumi sahəsi 36,3 m2 olan bir yaşayış otağından, ayaqyolundan və alaqapıdan ayaqaltı adlanan sahəyə qədər olan məsafədə ümumi sahəsi 50 m2 olan həyətyanı sahədən ibarət ayrıca tikilinin ona satılmasına dair cavabdeh İddiaçı və əri X8 ilə onun arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2990/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək bildirmişdir ki, o, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin A tikilisini 2004-cü ilin aprel ayında birgə cavabdeh İddiaçı və onun mərhum əri X3 2500 ABŞ dollarına almışdır. Fərdi yaşayış evinin çıxarışı olmadığı üçün alqı-satqı notarial qaydada rəsmiləşdirilməmişdir. 2004-cü ilin aprel ayından o, aldığı fərdi yaşayış evinin “A” tikilisində yaşamış, cavabdeh İddiaçı isə 2019-cu ilədək ona heç bir iradını bildirməmişdir. İddiaçı 2019-cu ilin yayından mübahisə predmeti olan tikilini mülkiyyətinə qeydiyyata aldırmışdır. İdianı təmin etməyən rayon məhkəməsi qeyd etmişdir ki, iddiaçının 2004-cü ildə dövlət reyestrində qeydə alınmayan evə və torpaq sahəsinə dair, həmin evə və torpaq sahəsinə heç bir hüququ olmayan M.Rzayevlə razılaşması alqı-satqı müqaviləsi kimi qiymətləndirilə bilməz. Hesab edir ki, onun tərəfindən təqdim edilən sübutlar iddia tələbinin təmin edilməsi üçün yetərlidir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti də baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin başqa hakiminin (R.Eyvazov) icraatına verilmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4936/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma və sair” tələbinə dair mülki iş üzrə icraat təzələnmiş, iddiaçı S.Qulamavanın cavabdeh İddiaçı qarşı “alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair 2(103)-7861/2020 mülki iş hazırkı - 2(103)-4936/2020 saylı mülki işlə bir icraatda baxılmaq üçün birləşdirilməsi qərara alınmışdır. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətlərini müdafiə edərək qeyd etdi ki, o, 2004-cü ildə özünə ev almaq istəmiş, makler vasitəsilə evlərə baxmış, baxdığı evlərdən biri də iddiaçının evi olmuş, həmin evi 3000 ABŞ dollarına satdıqlarını bildirmişlər. Əvvəcə onlar razılaşmamış, sonra iddiaçının mərhum əri ona zəng edərək evi 2500 ABŞ dollarına sata biləcəklərini bildirmişdir. Bundan sonra həmin evə dair xx.xx.2004-cü il tarixdə aralarında alqı-satqı müqaviləsi tərtib edib imzalamışlar, razılığa əsasən, o, 2000 ABŞ dolarını dərhal vermiş, 500 ABŞ dollarını isə həmin ilin 1 oktyabr tarixində verməli idi. Həmin vaxt evin mülkiyyət hüququna dair sənəd olmadığı üçün alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi mümkün olmamışdır. O, qalan pulu da xx.xx.2004-cü ildə vermişdir, bunu da yazılı qəbzdə imza edərək təsdiq etmişlər. Bütün bu proseslərdə İddiaçı özü də şəxsən iştirak etmişdir. Bundan sonra 2004-cü ilin may ayından o həmin evə köçərək orada yaşamış, hasar çəkmiş, qaz, su, işıq da onun adına olmuş, kommunla xərcləri də özü ödəmişdir. Həmin evdə 2008-ci ildə onun qızı da anadan olmuşdur. İddiaçının əri öldükdən sonra o, evə 2019-cu ildə çıxarış almışdır, sonra isə ondan evdən çıxmağı tələb etmişdir. O, isə həmin evi satın aldığını, əvəzində 2500 ABŞ dolları pul verdiyini bildirsə də, evdən çıxmasa onu məhkəməyə verəcəklərini bildirmişlər. Halbuki evin alqı-satqısını təsdiq edən və evə görə 2500 ABŞ dollarını verdiyini təsdiq edən müqaviləni məhkəməyə təqdim etmişdir. Bu səbəbdən, apellyaisya şikayətlərinin təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7707/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2990/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətləri ilə razılaşmayaraq qeyd etdi ki, onun anası 2003-cü ildə xəstələnmiş, o da ona baxacaq adam axtarmış, mərhum əri cavabdehin gəlib onlarda kirayəçi kimi qalcağını bildirmiş, o da buna razılaşmışdır. Həmçinin həmin qəbzdə hansı səbəbdən “evin satılması” yazıldığını başa düşmədiyini, əslində isə onların evi beş il müddətinə kirayə verdiklərini qeyd etdi. Eyni zamanda, həmin qəbzin onun mərhum əri tərəfindən imzalandığını bildirdi. Göstərilənlərə əsasən, apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında İddiaçı nümayəndəsi S.Rzayev apellyasiya şikayətləri ilə razılaşmayaraq qeyd etdi ki, onlar həmin evi cavabdehə satmamışlar, kirayə vermişlər, atası öləndən sonra, onlar cavabdehə dəfələrlə evdən çıxmağını bildirmişlər, lakin o, evdən çıxmamışdır. Nümayəndə atasının xəstəliyi ilə əlaqədar olaraq hazırkı məsələ ilə bağlı 2019-cu ilə kimi məhkəməyə müraciət edə bilmədiklərini bildirdi. Qeyd edilənlərə əsasən, apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. Apelyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər tərəf məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: 11 saylı notariat ofisinin notariusu İ.A.Məmmədov tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı X4 vərəsəsidir və ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu ildə X5 verilmiş **********35-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 70 m2 olan fərdi yaşayış evi və həmin ünvanda yerləşən 0,0443 ha torpaq sahəsi İddiaçı miras qalmışdır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Hümbətov Hümbət Gülhüseyn oğlu 03 avqust 1993-cü il tarixdə vəfat etmişdir. Huquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarı-şın surətindən görünür ki, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Qarayev kü-çəsində 0,0443 ha ərazidə yerləşən 38 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Rzayeva Dilarə Hümmət qızına məxsusdur. Texniki pasportun surətindən görünür ki, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Qarayev küçəsində 0,0443 ha ərazidə yerləşən 38 saylı fərdi yaşayış evi “A” və “B” tikilsindən ibarətdir. X2 və alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2004-cü il tarixli daşınmaz əmlakın alqı-satqısı üzrə beh müqaviləsinin surətindən müəyyən olunur ki, tərəflərin dəyərini 2500 ABŞ dolları müəyyən etdikləri mənzilə görə alıcı satıcıya 3 gün müddətində 2000 ABŞ dolları beh vermiş, alıcı tərəfindən razılaşma pozulduğu halda behin geri qaytarılmadığı, satıcı tərəfindən razılaşma pozulduğu halda isə behin ikiqat geri qaytarılması barədə tərflər razılığa gəlmişlər. Müqavilədə aparılan qeyddən müəyyən olunur ki, X1 rayonu Qarayev küçəsi ev 38 ünvanında yerləşən 1 otaq, 1 şüşəbənd, tualet və arxa qapıdan şüşəbəndin ayaqaltısına qədər həyətyanı sahəni Cavabdeh 2500 ABŞ dollarına satmış, həmin məbləğin 2000 ABŞ dollarını xx.xx.2004-cü ildə, qalan 500 ABŞ dollarını isə xx.xx.2004-cü il tarixdə almışdır. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İ № 999662 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 xx.xx.2019-cu il tarixdə ölmüş, bu barədə 182 saylı ölüm akt qeydi tərtib olunmuşdur. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7707/2019 saylı xx.xx.2019-cu il tarixli və 2(001)-2990/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnamələrindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7707/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə münasibətdə təmin edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma və sair” tələbinə dair iddiası rədd edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2990/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayəti isə təmin edilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə, iddiaçı S.Qulamavanın cavabdeh İddiaçı qarşı “alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iş üzrə aşağıdakıları qeyd edir. Həmin iş üzrə Cavabdeh Azərbaycan Respublikası MM-nin 335.2-ci maddəsinin xx.xx.2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına istinad edərək, 2004-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, H.Hümbətova məxsus olmuş evə və torpaq sahasinə dair onunla cavabdeh D.Razayeva və sonuncunun mərhum əri M.Rzayev arasında 2004-cü ildə razılaşdırılmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini xahiş edir. İddiaçı Cavabdeh 2004-cü ildə dövlət reyestrində qeydə alınmayan evə və torpaq sahəsinə dair, həmin evə və torpaq sahəsinə hüququ qeydə alınmayan M.H.Rzayevlə razılaşması alqı-satqı müqaviləsi kimi qiymətləndirilə bilməz. Belə ki, yuxarıda istinad olunan maddi hüquq normasının tələbinə əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün əqd özü qanuna zidd olmamalıdır. Ona görə də rayon məhkəməsi iddianı əsassız hesab edib təmin etməmişdir. Azərbaycan Respublikası MM-nin xx.xx.2005-ci il tarixədək qüvvədə olmuş 335.2-ci maddəsi müəyyən edirdi ki, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2006-cı il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə Mülki Məcəllənin 335.2-ci maddəsinin tələbinə əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Kollegiya bildirir ki, rayon məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı Cavabdeh 2004-cü ildə dövlət reyestrində qeydə alınmayan evə və torpaq sahəsinə dair, həmin evə və torpaq sahəsinə heç bir hüququ olmayan M.Rzayevlə razılaşması alqı-satqı müqaviləsi kimi qiymətləndirilə bilməz. Belə ki, yuxarıda istinad olunan maddi hüquq normasının tələbinə əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün əqd özü qanuna zidd olmamalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən, Kollegiya hesab edir ki, rayon məhkəməsi iddiaçı S.Qulamavanın cavabdeh İddiaçı qarşı “alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iş üzrə düzgün qənaətə gəldiyindən apellyasiya şikayəti Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2990/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinə münasibətdə təmin edilə bilməz. Məhkəmə kollegiyası İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma və sair” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7707/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə isə aşağıdakıları qeyd edir. Kollegiya qeyd edir ki, aşağıdakılar hazırkı işin mübahisəsiz hallarıdır: -hazırkı iş üzrə İddiaçı mərhum X8 ilə ər-arvad olmuşdur; - İddiaçı mərhum əri X8 və alıcı Cavabdeh arasında xx.xx.2004-cü il tarixli daşınmaz əmlakın alqı-satqısına dair beh müqaviləsi bağlanmışdır; - tərəflərin dəyərini 2500 ABŞ dolları müəyyən etdikləri mənzilə görə alıcı satıcıya 3 gün müddətində 2000 ABŞ dolları beh vermiş, alıcı tərəfindən razılaşma pozulduğu halda behin geri qaytarılmadığı, satıcı tərəfindən razılaşma pozulduğu halda isə behin ikiqat geri qaytarılması barədə tərəflər razılığa gəlmişlər; - X1 rayonu Qarayev küçəsi ev 38 ünvanında yerləşən 1 otaq, 1 şüşəbənd, tualet və arxa qapıdan şüşəbəndin ayaqaltısına qədər həyətyanı sahəni Cavabdeh 2500 ABŞ dollarına satmış, həmin məbləğin 2000 ABŞ dollarını xx.xx.2004-cü ildə, qalan 500 ABŞ dollarını isə xx.xx.2004-cü il tarixdə almışdır; - Cavabdeh həmin vaxtdan İddiaçı və onun mərhum əri M.Rzayevin razılığı ilə Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Qarayev küçəsində 0,0443 ha ərazidə yerləşən 38 saylı fərdi yaşayış evinin “A” tikilisinə köçərək orada yaşamışdır; - Cavabdeh 2008-ci ildə qızı anadan olmuşdur; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı işin yuxarıda qeyd edilən hallarından müəyyən edilir ki, cavabdehlə evin alqısatqısına dair müqavilə xx.xx.2004-cü ildə bağlandığından hazırkı məsələyə xx.xx.2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin müvafiq müddəalarını tətbiq edilməlidir. Həmin Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla birgə təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinin birinci hissəsində göstərilir ki, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Göründüyü kimi, icarədar tərəfindən yaşadığı sahəyə başqa şəxsin köçürülməsinin yeganə şərti onunla birlikdə yaşayan ailə üzvlərinin razılığıdır. Beləliklə, işin faktiki halları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.2004-cü ildə evin alqı-satqısına dair müqavilə bağlandıqdan sonra iddiaçının ailə üzvlərinin razılığı əsasında həmin fərdi yaşayış evinə köçərək, orada yaşamış, bununla da, həmin yaşayış sahəsinə onun istifadə hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Rayon məhkəməsi isə işin faktiki hallarına düzgün hüquqi qiymət verməyərək, maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, nəticədə iş üzrə düzgün olmayan qənaətə gəlmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7707/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma və sair” tələbinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7707/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə münasibətdə təmin edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma və sair” tələbinə dair iddiası rədd edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2990/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayəti isə təmin edilməməli, qətnamə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayətlər təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onların verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayətləri vermiş tərəfin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7707/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7707/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma və sair” tələbinə dair iddiası təmin edilməsin. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2990/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2990/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu Cavabdeh onun özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar