Məhkəmə qərarları › İş №2(103)-398/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-398/2022

13.09.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-398/2022 13.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MTK-nın Cavabdeh qarşı tikintiyə müdaxilənin qadağan edilməsi və mənzildən köçürülmə tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı MTK-ya qarşı tikintinin sökülməsi, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-nın nümayəndəsi Vəkil, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı tikintiyə müdaxilənin qadağan edilməsi və mənzildən köçürülmə tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı MTK-ya qarşı tikintinin sökülməsi, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 2(005)-293/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Mülkiyyətdə olan torpaq sahəsində yaşayış binalarının tikintisinin layihələndirilməsi haqqında” 24 oktyabr 2014-cü il tarixli 505 nömrəli, sərəncamına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2014-cü İl tarixli PHS-1897 saylı razılıq məktubunu, İddiaçı Mənzil Tikinti Kooperativinin xx.xx.2014-cü il tarixli 26 saylı müraciətini və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli ******* saylı çıxarışını nəzərə alaraq, ünvan 1 ünvanda mülkiyyətdə olan 0,14 ha və ona bitişik torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin Kooperativə icazə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsinin qanunvericiliyə əsasən İddiaçı MTK tərəfindən həll edilməsi qərara alınmışdır.

2. Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Bakı Şəhər İcra Hakimiyyətinin layihələndirmə ilə əlaqədar sərəncamını nəzərə alaraq İddiaçınə tikintiyə icazə verilməsi haqqında” 22 dekabr 2015-ci il tarixli 505 nömrəli sərəncamına əsasən, İddiaçı MTK-ya ərazinin və obyektin şəhərsalma sənədlərinin hazırlanması və təqdim edilməsi göstərişi verilmişdir.

3. İddiaçı Mənzil Tikinti Kooperativi sərəncamda göstərilən tələbləri yerinə yetirmiş və göstərilən ünvanda tikintisi nəzərdə tutulan bloklardan birincisinin sənədlərini qanunun tələblərinə uyğun olaraq hazırlamış və tikintiyə başlanılması barədə icazənin alınması üçün müraciət etmişdir.

4. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş sənədlər hərtərəfli öyrənilmiş və tikiləcək birinci blokun şəhərsalma və tikinti normalarına cavab verdiyini müəyyən etdikdən sonra, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 22 dekabr 2015-ci il tarixli 550 nömrəli sərəncamı ilə göstərilən ünvanda birinci blokun tikintisinə icazə verilmişdir.

5. İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən tikinti altına düşən və tikinti sahəsini əhatə edən yaşayış evlərinin sakinləri və mülkiyyətçiləri ilə razılığa gəlinərək qarşılıqlı razılıq əsasında onlara məxsus mənzil və evləri sökülmüş və sakinlər köçürülmüşdür. Beləliklə də, tikintisi nəzərdə tutulan coxgirişli binalardan birinci “A” bloku tikilərək sakinlərə təhvil verilmişdir. Hazırda birinci blokda sakinlər tam məskunlaşmışdır. Bundan sonra tikiləcək ikinci blokun sənədləşdirilməsi və müvafiq dövlət orqanları tərəfindən yoxlanılması və tikintiyə icazənin alınması işinə başlanmışdır. İkinci blokun tikinti sahəsinə düşəcəyi ehtimalı olan mənzillərin bir qismi birinci “A” blokunun tikintisi zamanı, yəni əvvəlcədən sahiblərinin qarşılıqlı razılaşması ilə sökülmüş və onlar köçürülmüşdür. Tikiləcək “B” blokunun tikintisi üçün müvafiq olaraq dövlət orqanlarından aşağıdakı rəylər alınmışdır: tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğun olması barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin 12 sentyabr 2019-cu il tarixli 02/852 nömrəli rəyi; tikinti layihəsinə dair ekspertiza mütəxəssisinin 28 oktyabr 2019-cu il tarixli 28318 tarixli rəyi; Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin 23 oktyabr 2019-cu il tarixli ER-22/507 nömrəli rəyi; Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinin 27 sentyabr 2019-cu il tarixli YTNƏŞ0605 nömrəli rəyi; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin 13 noyabr 2019-cu il tarixli 184 nömrəli rəyi. Qeyd edilən rəylər alındıqdan sonra, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 24 oktyabr 2014-cü il tarixli sərəncamı əsasında Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 30 dekabr 2019-cu il tarixli 132 nömrəli obyektin tikintisinə icazə verilmişdir. Tikilməsinə müvafiq icazə alınmış “B” blokunun tikinti sahəsinə düşən ərazidəki sakinlərlə qarşılıqlı razılığa gəlinmiş və onların mənzilləri Mənzil Tikinti Kooperativi tərəfindən sökülərək tikinti üçün meydança hazır vəziyyətə salınmışdır. Mənzilləri sökülmüş sakinlərə tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzillərlə təmin ediləcəkləri barədə İddiaçı Mənzil Tikinti Kooperativi öhdəlik götürmüşdür. Hazırda tikinti sahəsinə düşən mənzillər söküldükdən sonra “B” blokunun tikintisinə başlanmışdır. Artıq “B” blokunun zirzəmi və birinci mərtəbəsinin tikintisi başa çatmış və sonrakı mərtəbələrin tikintisi davam etdirilir.

6. Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin verdiyi ÖM seriyalı 147706 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri Mayakovskiy küçəsi 7 saylı evin 12 kv.m. yaşayış sahəsindən ibarət bir otaqlı 4 saylı mənzili Cavabdeh adına 27 mart 2003-cü il tarixində xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir.

7. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının “Mayakovski küçəsi 7/3 və 7/4 saylı evlərin sökülüb yenidən tikilməsinə icazə verilməsi haqqında” 11 sentyabr 2006-cı il tarixli 418 nömrəli sərəncamına əsasən Cavabdeh özünə məxsus Mayakovski küçəsi 7/3 və 7/4 saylı evlərin sökülüb, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun yenidən tikilməsinə icazə verilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı Cavabdeh qarşı tikintiyə müdaxilənin qadağan edilməsi və mənzildən köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı Mənzil Tikinti Kooperativinin apardığı tikintiyə istənilən formada törətmiş olduğu maneələrin ona qadağan edilməsi, cavabdehə məxsus qəzalı vəziyyətdə olan ünvan 2 ünvanında yerləşən mənzildən əvəzi bazar qiymətinə uyğun olaraq ödənilməsi şərti ilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İlk iddia belə əsaslandırılmışdır ki, hazırda tikinti sahəsinə düşən mənzillər söküldükdən sonra “B” blokunun tikintisinə başlanmışdır. Artıq “B” blokunun zirzəmi və birinci mərtəbəsinin tikintisi başa çatmış və sonrakı mərtəbələrin tikintisi davam etdirilir. ünvan 3 ünvanının sahibi olan Cavabdeh müxtəlif üsul və vasitələrlə binanın tikintisinə müdaxilələr edərək, tikintinin aparılmasına maneçilik göstərir. MTK cavabdehə mənzilinin bazar qiymətinə uyğun MTK-ya satılması və ya mənzilin əvəzində digər sakinlər kimi tikilən binadan müasir tələblərə cavab verən mənzillə təmin olunması, mənzil tikilib başa çatan zamana qədər isə ona kirayə haqqının MTK tərəfindən cavabdehə ödəniləcəyi və ya mənzilin bazar qiyməti dəyərində, ona premium klas hazır binada çıxarışla təmin edilmiş lüks mənzil təklif edir, ya da istədiyi başqa yerdən ona mənzil alınması kimi real təkliflərlə dəfələrlə cavabdehə müraciətlər etmişdir. MTK cavabdehə məxsus mənzilin olduğu ərazinin tikilən binanın gələcəkdə ətrafının abadlaşdırılması və yaşıllaşdırılması zərurətinin yaranacağı ehtimalını nəzərə alaraq, cavabehlə dəfələrlə qeyd edilən təkliflər barəsində qarşılıqlı razılığa gəlinməsi üçün çoxsaylı və ətraflı danışıqlar aparılmışdır. Cavabdehin mənzili digər mənzil sahibi olan sakinlərdən fərqli olaraq, tikinti sahəsinə düşmədiyi halda özünü digər mənzil sahiblərindən üstün tutaraq, mənzilinə görə bazar qiymətindən dəfələrlə artıq və fantastik pul tələb edir. Cavabdehə məxsus olan mənzilə aid təqdim etdiyi qeydiyyat vəsiqəsində mənzilin sahəsinin 12 kv.metr olduğu müəyyən edilmişdir. Cavabdehə məxsus mənzil 1924-cü ildə tikilmişdir və istismar müddəti başa çatmışdır. Bundan başqa, cavabdeh mənzilini müasir sanitariya normalarına uyğun saxlamadığna görə, hazırda sanitar qaydalara cavab vermir və antisanitar vəziyyətdədir. Cavabdehin mənzili Bakı şəhərinin müasir vəziyyətinə cavab vermir və şəhərin görkəminə xələl gətirir. Baxmayaraq ki, cavabdehin mənzilinin yanındakı mənzil sahibləri qeyd edilənləri nəzərə alaraq mənzillərinin sökülməsi barədə Mənzil Tikinti Kooperativi ilə razılığa gəlmişlər. Həmin sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözləyirlər. Lakin cavabdehin qanuna zidd əməlləri həmin sakinlərin haqlı mənafelərini və mülkiyyət hüquqlarını kobud surətdə pozur.

10. Cavabdeh isə İddiaçı Mənzil Tikinti Kooperativinə qarşı tikilinin sökülməsi, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən Bakı şəhəri Nərimanov rayonu İ.Hidayətzadə küçəsi, 130 ünvanında ona məxsus ünvan 4 evinə bitişik olmaqla, ara məsafəsinin tələblərini və tikintinin təhlükəsiz şəkildə aparılması qaydalarını pozmaqla aparılan tikinti işlərinin qanunsuz hesab edilərək İddiaçı MTK tərəfindən sökülməsi, ona məxsus yaşayış evinin bərpa olunması üçün 50000 manat və mənəvi zərərin əvəzi olaraq 50000 manat, eləcə də ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdeh İddiaçındən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayonu Mayakovski küçəsində yerləşən 7 nömrəli evin 4 saylı mənzili 27 mart 2003-cü il tarixli Qeydiyyat vəsiqəsinə əsasən onun mülkiyyətindədir. Ev şəraitinin darısqal olduğu nəzərə alınaraq, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 11 sentyabr 2006-cı il tarixli 418 nömrəli sərəncamı ilə ona özünə məxsus həmin evin sökülüb, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun tikilməsinə icazə verilmiş, qeyd olunan eskiz layihəsi və sərəncam əsasında tikinti işlərinə başlayıb, ümumi sahəsi təxminən 450 kv.metr olan 3 mərtəbəli mansardlı fərdi yaşayış evi inşa etmişdir. Qeyd olunan ərazidə onun kimi yaşayan qonşuların mülkiyyətində fərdi yaşayış evləri mövcud olmasına baxmayaraq, yaşayış və qeyri-yaşayış mülkiyyətçilərinin əvvəlcədən razılığı olmadan, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 24 oktyabr 2014-cü il tarixli 505 nömrəli sərəncamı ilə ünvan 5 ünvanda mülkiyyətdə olan 0,14 ha və ona bitişik torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihələndirlməsi üçün həmin kooperativə icazə verilmiş, sərəncama əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsinin İddiaçı tərəfindən həll edilməsi qərara alınmışdır. Bundan sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısının 22 dekabr 2015-ci il tarixli 550 nömrəli sərəncamı ilə ünvan 5 ünvanda 18 mərtəbəli 1 bloklu yaşayış binasının tikintisi üçün İddiaçınə icazə verilmişdir. Cavabdeh MTK verilən sərəncamlara və Memarlıq və Şəhərsalma, Tikinti Norma və Qaydalarına əməl etməyərək istifadəsinə və icarəsinə verilən torpaq sahəsində yerləşən mülkiyyətçilərlə alqı-satqı müqaviləsi bağlayaraq ərazini boşaltdıqdan sonra tikinti işlərinə başlamalı olduğu halda, bu normalara əməl etməyərək qanunsuz tikinti işləri apararaq onun şəxsi mülkiyyətində olan fərdi yşayış evinin qəzalı vəziyyətə düşməsinə səbəb olmuşdur. Cavabdeh təşkilat hər hansı formada qanuni əsas olmadan müvafiq sərəncam əsasında inşa etdiyi fərdi yaşayış evindən təxminən 1,5 metr aralıda hündür mərtəbəli yaşayış evinin tikintisinə başlamış, bununla da onun mülkiyyətindəki fərdi yaşayış evinin özülünün qəzalı vəziyyətə düşməsinə, eləcə də evinin təbii günəş işığından məhrum olmasına və digər mənfi nəticələrə səbəb olmuşdur. Məhz cavabdehin qanunsuz hərəkətlərinin davam etdirilməsi nəticəsində mənəvi sarsıntı keçirmiş, əsəb və sarsıntı keçirməyi ilə bağlı səhhəti pisləşmişdir ki, mənəvi zərərin əvəzini 50000 manat dəyərində qiymətləndirmişdir. Eləcə də, fərdi yaşayış evinə vurulan maddi zərərin məbləğinin müəyyən edilməsi xüsusi bilik tələb olunur ki, bu məbləği ekspertiza rəyi ilə müəyyən etmək daha məqsədəmüvafıq olar. Hazırki vəziyyətdə isə zədəli vəziyyətə salınmış evinin özülünün və digər hissələrinin bərpası üçün çəkilməli xərcləri təxminən 50000 manat dəyərində qiymətləndirmişdir.

12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 2(005)-293/2021 saylı qətnaməsi ilə ilk iddia təmin edilmiş, Cavabdeh məxsus qəzalı vəziyyətdə olan ünvan 3 ünvanında yerləşən mənzildən əvəzi İddiaçı tərəfindən bazar qiymətinə uyğun 265000 manat ödənilməsi şərti ilə köçürülməsi, Cavabdeh İddiaçı apardığı tikintiyə törətdiyi maneələrin qadağan edilməsi, iddiaçı Cavabdeh İddiaçınə qarşı tikintinin sökülməsi, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. (hakim X2)

13. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən aparılan hündür mərtəbəli yaşayış binasının tikintisi tikinti norma və qaydalarına uyğun aparılmış, lakin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin mütəxəssisi tərəfindən tərtib olunmuş 25 dekabr 2020ci il tarixli mütəxəssis rəyinə əsasən 1924-cü ildə inşa olunmuş birmərtəbəli yaşayış evinin sərəncam üzrə sökülüb əsaslı şəkildə yenidən tikilməli olduğu halda, tikinti norma və qaydalarına əməl edilmədən, sökülməli olan tikilinin üzərində inşa edilmiş əlavə iki mərtəbə və mansard əsassız və izafi yüklülük yaratdığından tikinti norma və qaydalarının pozulması hallarını nəzərə alaraq, Bakı şəhəri Nərimanov rayonu Mayakovski küçəsi 7 saylı evin 4 nömrəli fərdi yaşayış evinin dayanıqlığına zəmanət verilmədiyi müəyyən edilir. Həmçinin cavabdehin mülkiyyətində olan fərdi yaşayış evinin və onun yerləşdiyi (həyətyanı və tikintialtı) torpaq sahəsinin Bakı Şəhər İcra Hakimiyyəti başçısının 24 oktyabr 2014-cü il tarixli 505 nömrəli sərəncamı ilə ünvan 5 ünvanda mülkiyyətdə olan 0,14 ha və ona bitişik torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün İddiaçı Mənzil Tikinti Kooperativinə icazə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilir. Məhkəmə qeyd etmişdir ki, mütəxəssis rəyləri ilə müəyyən olunduğu kimi, cavabdehə məxsus birmərtəbəli yaşayış evi sərəncam üzrə sökülüb əsaslı şəkildə yenidən tikilməli olduğu halda, tikinti norma və qaydalarına əməl edilmədən, sökülməli olan tikilinin üzərində inşa edilmiş əlavə iki mərtəbə və mansard əsassız və izafi yüklülük yaratmış və həmin evin dayanıqlığına zəmanət verilmir. Göstərilənləri nəzərə almaqla cavabdehin həmin evdə yaşamağa davam etməsi onun həyat və sağlamlığına ciddi təhlükə olmaqla yanaşı, cavabdehin kooperativin təklifini qəbul edərək yaşayış sahəsindən çıxmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdehin yaşayış və insan həyatı üçün təhlükəli vəziyyətdə olan fərdi yaşayış evindən çıxarılması ilk növbədə onun üçün həyati vacib məsələdir. Hansı ki, fərdi evi boşaltdıqları halda, yaşadığı evin bazar qiyməti ilə dəyərinin ədalətli şəkildə ödənilməsi vəzifəsini kooperativ yerinə yetirməkdən imtina etmir, əksinə iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsinədək və hazırkı iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehə əlverişli təkliflər etmişdir. Belə ki, cəmiyyət tərəfindən cavabdehə məxsus fərdi yaşayış evi mütəxəssis rəyi ilə 245000 manat müəyyən edildiyi halda, iddiaçı kooperativ həmin məbləğdən əlavə 20000 manat ödəməyə hazır olduğunu məhkəmə iclasında bildirmişdir. Buna görə də işə baxan birinci instansiya məhkəməsi ilk iddianı əsaslı hesab edib təklif olunan 265000 manat kompensasiya məbləğini ədalətli hesab etmişdir. Qarşılıqlı iddia ilə bağlı məhkəmə hesab etmişdir ki, cavabdeh "xxxx" MTK tərəfindən Cavabdeh maddi və mənəvi zərər vurulması sübut olunmadığından, habelə MTK-nın apardığı tikinti işləri qanuni olduğundan, qarşılıqlı iddia rədd edilməlidir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 1097-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

15. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələblərinin təmin edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ilk iddianı təmin edib qarşılıqlı iddianı rədd edərkən iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normalarını pozmuşdur. Məhkəmə ilk iddianı təmin edərkən Cavabdeh məxsus olan evin faktiki sahəsini, habelə həmin evin yerləşdiyi ərazinin MTK-ya tikinti üçün ayrılmış əraziyə aidiyyətinin olmadığını, ilk iddianı qaldıran təşkilatın kommersiya qurumu olmaqla Bakı Şəhər İcra Hakimiyyəti və ya Nərimanov Rayon İcra Hakimiyyətinin strukturuna daxil olmadığını, tikinti işlərinin pilot layihə əsasında həyata keçirilmədiyini, tikinti işləri aparılarkən mülkiyyət hüquqlarına müdaxilənin yolverilməz olduğunu nəzərə almamışdır. Bundan əlavə, "xxxx" MTK tərəfindən Cavabdeh maddi və mənəvi zərər vurulması sübut olunduğu halda, məhkəmə əsassız olaraq qarşılıqlı iddianı təmin etməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-nın nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsassız olduğunu bildirərək şikayətin təmin olunmamasını xahiş etdi. Bundan əlavə, Vəkil ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək bildirmişdir ki, Cavabdeh mənzili MTK tərəfindən tikilən çoxmərtəbəli binanın tikinti sahəsinin altına düşən yerdə deyil, MTK onun mənzilinin olduğu yerin digər ərazi ilə birlikdə abadlaşdırılmasının həyata keçirilməsi məqsədilə boşaldılması üçün məhkəməyə müraciət etmişdir. MTK tərəfindən onun qəzalı mənzilinin inşaat işləri ilə əlaqədar alınması zərurəti yoxdur. Hazırda MTK Cavabdeh mənzilinin olduğu ərazidən kənardakı, yəni tikintisi başa çatmış və sakinlərlə məskunlaşmış binanın ətraf ərazilərinin abadlaşdırılması üçün hazırlıq işləri aparır. Buna görə də cavabdehə məxsus mənzil barəsində MTK ilə bağlı hər hansı mübahisə qalmamışdır. 16 mərtəbəli binanın inşaat işləri başa çatmış, dam örtüyü bağlanmış və sakinlər mənzillərini təmir edərək mənzillərdə yaşayışları təmin edilmişdir. Binanın zəruri olan kommunikasiya xətləri quraşdırılmışdır. Qeyd olunanları nəzərə alaraq İddiaçı MTK iddiadan imtina edir və iddiadan imtinanın qəbul edilərək işə xitam verilməsini xahiş edir.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 sentyabr 2022-ci il tarixli 2(103)- 398/2022 saylı qərardadı ilə ilk İddiaçı MTK-nın iddiadan imtinası qəbul edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 2(005)-293/2021 saylı qətnaməsi ilk iddianın təmin olunması hissəsində ləğv edilərək həmin hissədə mülki işin icraatına xitam verilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1 Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

20. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunub ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin olunması xahiş olunsa da, məhkəmə kollegiyası hesab edir ki, ilk iddiaçı iddiadan imtina etdiyinə görə qətnamənin ilk iddianın təmin olunması hissəsində ləğv edilərək həmin hissədə mülki işin icraatına xitam verilməsi nəzərə alınmalıdır. Buna görə də apellyasiya baxışının predmetini qətnamənin qarşılıqlı iddianın rədd edilməsinə dair hissəsi təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı təmin etməməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin qarşılıqlı iddia ilə bağlı hissədə ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

23. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 30 aprel 2021-ci il tarixli 10/3753 nömrəli rəyindən görünür ki, Bakı şəhəri Nərimanov rayonu Mayakovski küçəsi, 7 saylı evin 4 nömrəli fərdi yaşayış evi üzrə texniki pasportda nəzərdə tutulmayan yenidənqurma işləri aparılmaqla əlavə tikililər inşa edildiyi və həmin tikililərin inşası zamanı inşaat norma və qaydalarına riayət edilmədiyi müəyyən edilir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin mütəxəssisi tərəfindən tərtib olunmuş 25 dekabr 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən, 1924-cü ildə inşa olunmuş birmərtəbəli yaşayış evinin sərəncam üzrə sökülüb əsaslı şəkildə yenidən tikilməli olduğu halda, tikinti norma və qaydalarına əməl edilmədən, sökülməli olan tikilinin üzərində inşa edilmiş əlavə iki mərtəbə və mansard əsassız və izafi yüklülük yaratmışdır. Yeni tikilən mərtəbələr və mansarda, 2-ci mərtəbənin arxa yükdaşıyan divarında mişarlanmış əhəng daşlarından qalınlığı 20 sm olan xarici divarın təxminən 2 m2 hissəsində olan dağıntılar və eləcə də birinci suala verilmiş cavablarda göstərilən tikinti norma və qaydaların pozulması hallarını nəzərə alaraq, yaşayış evinin dayanıqlığına zəmanət verilmir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri Nərimanov rayonu Mayakovski küçəsi, 7 saylı evin 4 nömrəli fərdi yaşayış evinin və onun yerləşdiyi (həyətyanı və tikintialtı) torpaq sahəsinin Bakı Şəhər İcra Hakimiyyəti başçısının 24 oktyabr 2014-cü il tarixli 505 nömrəli sərəncamı ilə ünvan 5 ünvanda mülkiyyətdə olan 0,14 ha və ona bitişik torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün İddiaçı Mənzil Tikinti Kooperativinə icazə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin mütəxəssisi tərəfindən tərtib olunmuş 25 dekabr 2020ci il tarixli mütəxəssis rəyinə əsasən, İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunması nəzərdə tutulan hündürmərtəbəli yaşayış binası ilə Bakı şəhəri Nərimanov rayonu Mayakovski küçəsi, 7 saylı evin 4 nömrəli fərdi yaşayış evi arasındakı məsafə Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun olduğu müəyyən edilir. Rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 505 saylı sərəncamına əsasən, ünvan 6 ünvanda mülkiyyətdə olan 0,14 ha və ona bitişik torpaq sahəsində (icarə əsasında) İddiaçı Mənzil Tikinti Kooperativinə çoxmərtəbəli yaşayış binalarının tikintisinə icazə verildiyini, eləcə də Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2015-ciil tarixli 550 saylı sərəncamına əsasən, həmin ünvanda İddiaçı Mənzil Tikinti Kooperativinə 18 mərtəbəli, bir bloklu yaşayış binalarının tikintisinə icazə verildiyini və torpaq sahəsinin ayrılmasına dair 14/288 saylı ayrıc akt tərtib edildiyini, 132 nömrəli tikintiyə icazə sənədinə əsasən, həmin obyektin layihəsinin "xxxx" MMC tərəfindən tərtib edildiyi, tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğun olması barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixli 02/852 saylı, tikinti layihəsinə dair ekspertiza müəssisəsi tərəfindən xx.xx.2019-cu il tarixli 28318 saylı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli ER-22/507 saylı, Fövqəladə Hallar Nazirliyi X3 Xidməti tərəfindən xx.xx.2019-cu il tarixli YTNƏŞ-0605 nömrəli, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən xx.xx.2019cu il tarixli 184 saylı rəylər verildiyini, həmçinin mütəxəssis rəyində qeyd olunanları nəzərə alaraq, İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən aparılan hündürmərtəbəli yaşayış binasının tikintisinin tikinti norma və qaydalarına uyğun aparıldığı müəyyən edilir. Bakı şəhəri Nərimanov rayonu Mayakovski küçəsi, 7 saylı evin 4 nömrəli fərdi yaşayış evinin 2-ci, 3-cü mərtəbələrində və mansard hissəsində təmir işləri tam başa çatmadığından, eləcə də ayrı-ayrı tikililərə ziyan dəyməsi müəyyən edilmədiyindən, bu sual üzrə tədqiqat aparılmadı.

24. Beləliklə, məhkəmə araşdırması zamanı İddiaçı tərəfindən aparılan tikinti işlərinin tam qanuni olması təqdim edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Göründüyü kimi, İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən aparılan hündürmərtəbəli yaşayış binasının tikintisinin tikinti norma və qaydalarına uyğun aparıldığı müəyyən edilir. Həmçinin rəydə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin mütəxəssisi tərəfindən tərtib olunmuş 25 dekabr 2020-ci il tarixli mütəxəssis rəyi nəzərə alınmaqla İddiaçı tərəfindən inşa olunması nəzərdə tutulan hündürmərtəbəli yaşayış binası ilə Bakı şəhəri Nərimanov rayonu Mayakovski küçəsi, 7 saylı evin 4 nömrəli fərdi yaşayış evi arasındakı məsafə Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı Bakı şəhəri Nərimanov rayonu Mayakovski küçəsi, 7 saylı evin 4 nömrəli fərdi yaşayış evinə maddi ziyan dəyməsi müəyyən olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 30 aprel 2021-ci il tarixli, 10/3753 nömrəli rəyi ilə eyni zamanda müəyyən edilir ki, Bakı şəhəri Nərimanov rayonu Mayakovski küçəsi 7 saylı evin 4 nömrəli fərdi yaşayış evinin 2-ci, 3-cü mərtəbələrində və mansard hissəsində təmir işləri tam başa çatmamış və eləcə də ayrı-ayrı tikililərə ziyan dəyməmişdir. Cavabdeh Rəşid Cəlilova məxsus Bakı şəhəri Nərimanov rayonu Mayakovski küçəsi, 7 saylı evin 4 nömrəli fərdi yaşayış evinin Nərimanov RİH başçısının xx.xx.2006-cı il tarixli 418 saylı sərəncamına və Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinin 08 sentyabr 2006-cı il tarixli 18/03-8/5299 saylı qeydiyyat nömrəsi ilə razılaşdırılmış eskiz layihəsinə uyğun inşa edilmədiyi apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 18 fevral 2022-ci il tarixli, 10/7188 nömrəli rəyi ilə də təsdiq olunmuşdur.

25. Beləliklə, məhkəmə araşdırması zamanı İddiaçı tərəfindən Cavabdeh maddi və mənəvi zərər vurulması sübut olunmadığından, habelə habelə MTK-nın apardığı tikinti işləri qanuni olduğundan birinci instansiya məhkəməsi qarşılıqlı iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir.

26. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın rədd olunması hissəsində Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır.

27. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 2(005)- 293/2021 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə qarşılıqlı iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar