Məhkəmə qərarları › İş №2(103)-398/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-398/2024

04.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-398/2024 04.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (Binəqədi rayonu X11 və Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə (Açar sözlər: tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması) X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (Binəqədi rayonu X11 və Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə ) “tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-178/2023 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Binəqədi rayonu X4 torpaqların alqı-satqısına dair aktına əsasən X12 xx.xx.2005ci il tarixli müraciətinə bələdiyyə orqanının iclasında baxılaraq, X19 ərazisindən 1500 m2 torpaq sahəsinin satılması barədə xx.xx.2005-ci il tarixli, 1456/1 saylı qərar qəbul edilmişdir.

2. Bakı şəhəri Binəqədi rayonu X4 torpaqların alqı-satqısına dair aktına əsasən X9 torpaq sahəsinin ayrılması barədə müraciətinə bələdiyyə orqanının iclasında baxılaraq, X19 ərazisindən 1 ha torpaq sahəsinin satılması barədə xx.xx.2006-cı il tarixli, 2005 saylı qərar qəbul edilmişdir.

3. Bakı şəhəri Binəqədi rayonu X4 “Torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqlarının keçməsi qaydasında vətəndaş İddiaçı3 adına və istifadəsinə verilməsi haqqnda” xx.xx.2007-ci il tarixli 1157\1 saylı Sərəncamına əsasən X4 ərazi hüdudlarında Bakı şəhər sakinləri X9 və İddiaçı3 razılıq ərizələri və müraciətləri nəzərə alınaraq, birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən sahibkarlıq fəaliyyəti tikintisi üçün nəzərdə tutulmuş 1 ha torpaq sahəsinin 5.000 m2 hissəsini sahiblik və ondan istifadə hüquqları vətəndaş İddiaçı3 adına keçirilmişdir.

4. Bakı şəhəri Binəqədi rayonu X4 “X2 torpaq sahəsinin ayrılması haqqında” xx.xx.2007-ci il tarixli, 1158\1 saylı qərarına əsasən X4 xx.xx.2006-cı il tarixli, 2005 saylı qərarı ilə sahibkarlıq fəaliyyətinin tikintisi üçün vətəndaş X9 istifadəsinə ayrılmış 1 ha torpaq sahəsinin 5.000 m2 hissəsi vətəndaş İddiaçı3, 1.500 m2 hissəsi isə sahibkarlıq fəaliyyətinin tikintisi üçün X12 mülkiyyətinə ayrılmış, vətəndaş X9 mülkiyyətində isə 3.500 m2 saxlanılmış, vətəndaşa qanunvericiliklə müəyyən olunmuş qaydada aldığı torpaq sahəsini rayon X8 Xidmətinə, sahibkarlıq fəaliyyətinin tikintisinin isə qeydiyyatı üçün Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə müraciət etməsi tapşırılmışdır.

5. X4 torpaqların alqı-satqısına dair aktına əsasən X12 xx.xx.2007-ci il tarixli ərizəsinə bələdiyyə orqanının iclasında baxılaraq bələdiyyə ərazisindən 1500 m2 torpaq sahəsinin satılması barədə xx.xx.2007-ci il tarixli, 1477 saylı qərar qəbul edilmişdir.

6. Bakı şəhəri Binəqədi rayonu X4 “Torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqlarının keçməsi qaydasında vətəndaş İddiaçı2 adına və istifadəsinə verilməsi haqqında” xx.xx.2007-ci il tarixli, 1477 saylı qərarına əsasən X4 ərazi hüdudlarında X14 və İddiaçı2 razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən sahibkarlıq fəaliyyətinin tikintisi üçün nəzərdə tutulmuş 1.500 m2 torpaq sahəsinin 500 m2 hissəsini sahiblik və ondan istifadə hüquqları vətəndaş İddiaçı2 adına keçirilmiş, vətəndaşa mülkiyyətinə və istifadəsinə keçirilən torpaq sahəsini rayon X8 Xidmətinə, sahibkarlıq fəaliyyətinin tikintisinin isə qeydiyyatı üçün Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə müraciət etməsi tapşırılmışdır.

7. Bakı şəhəri Binəqədi rayonu X4 xx.xx.2007-ci il tarixli, 1482 saylı qərarına əsasən X4 ərazi hüdudlarında X14 və İddiaçı1 razılıq ərizələri və müraciətləri nəzərə alınaraq, birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən sahibkarlıq fəaliyyətinin tikintisi üçün nəzərdə tutulmuş 1500 m2 torpaq sahəsinin 1000 m2 hissəsini sahiblik və ondan istifadə hüquqları vətəndaş İddiaçı1 adına keçirilmiş, vətəndaşa mülkiyyətinə və istifadəsinə keçirilən torpaq sahəsini rayon X8 Xidmətinə, sahibkarlıq fəaliyyətinin tikintisinin isə qeydiyyatı üçün Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə müraciət etməsi tapşırılmışdır.

8. Bakı şəhəri Binəqədi rayonu X4 “Torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqlarının keçməsi qaydasında vətəndaş Cavabdeh adına və istifadəsinə verilməsi haqqında” xx.xx.2007-ci il tarixli, 122 saylı sərəncamına əsasən X4 ərazi hüdudlarında Bakı şəhər sakinləri X7 və Cavabdeh razılıq ərizələri və müraciətləri nəzərə alınaraq, birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən sahibkarlıq fəaliyyətinin tikintisi üçün nəzərdə tutulmuş 2 ha torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqları Bakı şəhər sakini Cavabdeh adına keçirilmiş, vətəndaşa mülkiyyətinə və istifadəsinə keçirilən torpaq sahəsini X8 Xidmətinə, sahibkarlıq fəaliyyətinin tikintisinin isə qeydiyyatı üçün Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə müraciət etməsi tapşırılmışdır.

9. Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarına əsasən vətəndaş İddiaçı3, İddiaçı1 və İddiaçı2 müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1671 saylı rəyinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən göstərilən sahələrin “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətində olduğu müəyyən edilmiş, mütəxəssis rəyinə əsasən qeyd olunan torpaq sahələrinə dair ilkin cizgilər təqdim edilmədiyindən sahələrin mövqeyini müəyyənləşdirmək mümkün olmamış, faktiki olaraq göstərilən 2.0114 ha torpaq sahəsinin dörd tərəfdən mişar daş hasarla sərhədləndiyi, digər 0.9999 ha torpaq sahəsinin isə 2.0114 ha torpaq sahəsi ilə həmsərhədd olmaqla bir tərəfdən mişar daş hasarla üç tərəfdən isə şərti olaraq göstərildiyi, torpaq sahələrinin üzərində tikilinin mövcud olmadığı, sözügedən 2.0114 ha torpaq sahəsinin üzərindən və bir tərəfindən 4.1-2.1 metr məsafədən yüksək gərginlik elektrik hava xəttinin keçdiyi müəyyən edilmişdir.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/1555 saylı rəyinə əsasən X4 xx.xx.2007-ci il tarixli, 1157/1 nömrəli Sərəncamı ilə İddiaçı3 ayrılmış 5.000 kv.m torpaq sahəsi, X4 xx.xx.2007-ci il tarixli, 1477 nömrəli qərarı ilə İddiaçı2 ayrılmış 500 kv.m torpaq sahəsi, X4 xx.xx.2007-ci il tarixli, 1482 nömrəli qərarı ilə İddiaçı1 Əbüİfəz qızına ayrılmış 1.000 kv.m torpaq sahasi ayrılma eskizlərinə əsasən yanaşı sahələrdir, həmçinin eskizə əsasən X4 xx.xx.2007-ci il tarixli, 122 nömrəli qərarı ila Cavabdeh ayrılmış 2 ha torpaq sahəsinin digər ayrılan sahələrlə müqayisədə yolun digər tərəfində qonşuluqda yerləşir. İddiaçı1 sənəd üzrə 1.000 m2 torpaq sahəsi ayrılmış, faktiki istifadəsində 1.000 m2 torpaq sahəsi vardır. İddiaçı2 sənəd üzrə 500 m2 torpaq sahəsi ayrılmış, faktiki istifadəsində 500 m2 torpaq sahəsi vardır. İddiaçı3 sənəd üzrə 5.000 m2 torpaq sahəsi ayrılmış, lakin faktiki istifadəsində 4.585 m2 torpaq sahəsi vardır. Torpaq sahəsinin azalmasına səbəb ayrılmış torpaq sahəsinin 415 m2 hissəsinin Cavabdeh tərəfindən çəpərlənməsidir. Cavabdeh sənəd üzrə 20.000 m2 torpaq sahəsi ayrılmışdır, lakin faktiki istifadəsində 20.195 m2 torpaq sahasi vardır. Cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin yerləşmə vəziyyətinin, ona ayrılmış torpaq sahəsinin eskizinə uyğun gəlmədiyindən artmanın (195 m2) səbəbini müəyyən etmək mümkün olmadı. İddiaçı3 ayrılmış 5.000 m2 torpaq sahəsinin 415 m2 hissəsi Cavabdeh tərəfindən mişar daşı ilə hasarlanaraq istifadə olunur. Torpaq sahəsinin hansı hissədən istifadə olunması rəyə əlavə olunmuş ortofoto sxemdə öz əksini tapmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

12. İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi şossesi, Zəngəzurun arxasında yerləşən 2007-ci ildən onlara məxsus olmaqla, sahibliklərində və istifadələrində olan torpaq sahəsində cavabdeh və başqa şəxslər tərəfindən inşa edilən hasar və digər tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi və torpaq sahənin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi şossesi (Zəngəzurun arxası) ünvanında yerləşən torpaq sahəsi 2007-ci ildən etibarən onların faktiki və hüquqi olaraq istifadələrindədir. Qeyd olunan torpaq sahəsinin 2007-ci ildə onların sahibliyinə verilməsinə dair qərar verildikdən sonra Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən torpaq sahəsinin kadastr planı əsasında torpağın kordinatları müəyyən edilmişdir. 2022-ci il tarixə qədər qeyd olunan torpaq sahəsi ilə əlaqədar hər hansı bir mübahisə olmamışdır. Binəqədi Bələdiyyəsi tərəfindən 2021-2022-ci illərdə, yaxud başqa vaxtlarda cavabdehə hansı qaydada, hansı ölçüdə torpaq sahəsi həmin ərazidə ayrılması onlara məlum deyildir. Cavabdeh onlara məxsus olan torpaq sahəsinin bir hissəsini, yəni ərazinin 9 sot hissəsini hasarlamaqla onların sahəsini öz torpaq sahəsinə qatmaqla, onlara məxsus olan torpaq sahəsini özününküləşdirmişdir. Əslində qeyd olunan torpaq sahəsi 2007-ci ildən onların sahibliyində olduğundan 2022-ci ildə qeyd olunan torpaq sahəsinin cavabdeh tərəfindən hasarlanması onların hüquqlarını məhdudlaşdırır. Ərazinin sərhədlərinin döngə nöqtələrinin kordinatları DƏDRX-in baza məlumatlarında öz əksini tapmışdır. Qeyd olunan ərazidə 1 ha ölçüdə torpaq sahəsi X4 xx.xx.2006-cı il tarixli, 176/1 saylı qərarı əsasında X15 üçün ayrılmışdır. İlkin sahibin razılığı və ərizəsi əsasında X4 xx.xx.2006-cı il tarixli, 2005 saylı sərəncamı əsasında qeyd olunan torpaq sahəsi X10 adına keçirilmişdir. X10 razılığı və ərizəsi əsasında X4 xx.xx.2007-ci il tarixli, 1157/1 saylı qərarı əsasında qeyd olunan torpaq sahəsinin 5.000 kv.metr hissəsi İddiaçı3 adına keçirilmişdir. Torpaq sahəsinin cizgi planı və torpaqların alqı-satqısına dair akt müvafiq qaydada rəsmiləşdirilmişdir. İddiaçı3 müraciəti əsasında ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən qeyri-yaşayış sahəsinin, yəni torpaq sahəsinin planı tərtib edilmişdir. Tərtib olunmuş plan əsasında torpaq sahəsinin Binəqədi şossesi, Zəngəzurun arxasında yerləşməklə, ərazinin sərhədlərinin döngə nöqtələrinin kordinatları müəyyən olunmuşdur. X4 xx.xx.2007-ci il tarixli, 1482 saylı və xx.xx.2007-ci il tarixli, 1158/1 saylı qərarları əsasında X16 məxsus olmuş 1.500 kv.metr torpaq sahəsinin 1.000 kv.metr hissəsi hər iki tərəfin razılığı ilə İddiaçı1 adına keçirilmişdir. Torpaq sahəsinin cizgi planı və alqı-satqısına dair akt rəsmiləşdirilmişdir. X4 xx.xx.2007-ci il tarixli, 1477 və xx.xx.2007-ci il tarixli, 1158/1 saylı qərarları əsasında qeyd olunan torpaq sahəsinin 500 kv.metr hissəsi X14 adından İddiaçı2 adına keçirilmişdir. Lakin cavabdeh tərəfindən onlara məxsus olan torpaq sahəsində hasar və digər tikililər inşa edilmişdir. Həmin tikililər cavabdehin vəsaiti hesabına sökülməlidir. Belə ki, cavabdeh onlara məxsus olan torpaq sahələrinə özbaşına əsassız müdaxilə etmişdir. Ona görə də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Zəngəzurun arxasında yerləşən 2007-ci ildən iddiaçılara məxsus olmaqla, sahibliklərində və istifadələrində olan torpaq sahəsində cavabdeh və başqa şəxslər tərəfindən inşa edilən hasar və digər tikililər cavabdehin vəsaiti hesabına sökülməli və torpaq sahənin boşaldılmalıdır.

14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 178/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş, iddiaçılardan müştərək qaydada iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə pul tutulmuşdur (hakim X17).

15. Məhkəmə iddianı rədd edərkən qeyd etmişdir ki, dövlət torpaq kadastrının məlumatları bələdiyyələr tərəfindən də torpaqla bağlı hər hansı qərarı qəbul edərkən əsas olmalı olduğundan, X4 özünün deyil, dövlət mülkiyyətində olan torpaq sahələrinə, yəni özünün hüququ olmayan torpaq sahəsinə dair iddiaçıların adına sənəd tərtib etməsi, bu sənədlər əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən həmin torpaq sahələrinin kadastr planı əsasında torpağın kordinatlarının müəyyən edilməsi iddiaçıların ayrılan torpaq sahələrinə hər hansı bir hüquqlarının yaranması anlamına gəlmədiyindən iddiaçıların hazırkı tələblərlə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqları yoxdur. Ona görə də məhkəmə iddia ərizəsinin təmin edilməsini qeyri-mümkün hesab etmişdir.

16. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, cavabdehə də torpaq sahəsi eyni qaydada ayrıldığından hazırkı iddia ərizəsinin təmin edilməməsi cavabdehin torpaq sahəsinə hüququnun yaranması anlamına gəlinməsi üçün əsas ola bilməz.

17. Məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab etmişdir ki, iddia ərizəsi təmin edilmədiyi üçün məhkəmə xərcləri iddiaçılara aid edilməlidir

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Azərbaycan Respublikası Mülki Məcəllənin 139-cu, 139-1-ci, 238-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-68-ci, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 5-7-ci maddələrinə, “Bələdiyyə torpaqlarının “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci, 6.2-ci, 6.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 119.1-ci maddələrinə, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 1-ci, 13-cü, 15-16-cı, 22-23-cü bəndlərinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

19. İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əsassız və qanunsuz qətnamə qəbul edərkən mübahisə predmeti olan torpaq sahəsinin həm onlar, həm də cavabdeh üçün bələdiyyə tərəfindən ayrılması faktını nəzərə almamışdır. Qətnamədə məhkəmə onlar üçün ayrılmış torpaq sahəsinin bir hissəsinin cavabdeh tərəfindən zəbt edilərək, öz torpaq sahəsinə qatılması faktına münasibət bildirmək əvəzinə, mübahisəli torpaq sahəsi ilə əlaqədar mülkiyyət hüququ ilə əlaqədar normalara istinad etmiş və iddianın rədd edilməsini onların subyektiv hüququnun olmaması ilə əlaqələndirmişdir. Bu tamamilə yanlış nəticədir. Məhkəmə tərəflərin təqdim etdikləri iddia tələbindən kənara çıxmayaraq, tərəflərin təqdim etdikləri sübutlar əsasında qətnamə çıxarmalı olduğu halda, bu tələblərə əməl olunmamışdır. Məhkəmə nəzərə almamışdır ki, hər iki tərəfə torpaq ayıran orqan bələdiyyədir. Belə nəticəyə gələrkən məhkəmə mütləq xüsusi qərardad çıxarmalı idi. Məhkəmə nəzərə almamışdır ki, tərəflər arasında mülkiyyət hüququ ilə əlaqədar mübahisə olmamışdır və mülkiyyət hüququ ilə əlaqədar tələb olmamışdır. Məhkəmə mübahisə predmeti ilə əlaqədar olmayan məsələlərə münasibət bildirməklə hüququn tətbiqində səhvə yol vermişdir. Tətbiq edilməli olmayan qanunu, yaxud digər normativ hüquqi aktı tətbiq etmişdir. Həm də qanunu səhv təfsir etmişdir. Məhkəmədə mübahisə predmeti torpaq sahəsinin dövlət, bələdiyyə və xüsusi mülkiyyət növü olması, yaxud hansı dövlət orqanının hansıı səlahiyyətlərinə yönələn mübahisə yoxdur. Hər iki tərəf etiraf edir ki, torpaq sahəsini onlar üçün Binəqədi Bələdiyyəsi ayırıb. Mütəxəssis rəyi ilə təsdiq olunur ki, cavabdeh onlar üçün ayrılmış torpaq sahəsinin müəyyən hissəsini zəbt edərək, öz sahəsinə qatmış və hasarlamışdır. Məhkəmə mübahisə predmetinə dair bu fakta ümumiyyətlə münasibət bildirməmişdir. Subyektiv hüquq ilə əlaqədar məhkəmənin mövqeyi qanuna və AR KM-nin hüquqi mövqeyinə ziddir. Bələdiyyə cavabdeh üçün torpaq ayırıb və cavabdeh Bələdiyyənin verdiyi sənəd əsasında ərazini 2022-ci ildə hasarlayıb. Bu zaman cavabdeh onlara həmin Bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsinin müəyyən bir hissəsini öz torpaq sahəsinə qatır, ancaq məhkəmə hesab edir ki, Bələdiyyə həmin torpağı ayırmağa səlahiyyəti olmadığı üçün, onların cavabdehə qarşı belə bir iddia qaldırmağa subyektiv hüquqları yoxdur. Məhkəmə mübahisə predmetinə münasibət bildirməməklə, faktiki olaraq cavabdeh hüquqazidd hərəkətlərinə göz yumur. Nəticədə cavabdehin xeyrinə və onların mənafeyinə zidd qərar qəbul edilibdir. İş üzrə tərtib edilmiş mütəxəssis rəyi ilə sübut olunur ki, onlar üçün Bələdiyyə qərarı əsasında ayrılmış torpaq sahələrinin koordinatları məlumdur və cavabdeh onlara məxsus sahəni hasarlayaraq öz torpaq sahəsinə qatmışdır. Məhkəmə predmetdən kənara çıxıb mülkiyyət məsələsinə münasibət bildirərkən nəzərə almamışdır ki, səlahiyyətli dövlət orqanı (Əmlak Komitəsinin yerli qurumu) torpağın planını tərtib edərkən bilmişdir ki, bələdiyyə dövlət torpağını qərarla vətəndaşlara veribdir. Belə olan halda, məhkəmə qətnaməsi yanlışdır. Məhkəmə iddia predmetindən kənara çıxmaqla, fikirlərini mülkiyyət hüququ ilə əlaqələndirmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə iclasında iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin, apellyasiya şikayətinin və və xx.xx.2024-cü il tarixli ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

23. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

24. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən üçüncü şəxs Binəqədi rayonu X11 və məhkəmə kollegiyasının təşəbbüsü ilə işə üçüncü şəxs qismində cəlb edilmiş Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; 158.4-ci maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir; 159-ci maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir; 163.1-ci maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur; 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir; 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir; 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir; 165.2-ci maddəsinə əsasən qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir; 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

28. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

29. Hazırki apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddiaçıların iddialarının təmin edilməsi xahiş edildiyindən, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiasının təmin edilməsi üçün hər hansı əsas yoxdur. Bu baxımdan birinci instansiya məhkəməsi həmin iddiaları rədd etməklə düzgün nəticəyə gəlmişdir. Lakin birinci instansiya məhkəməsi İddiaçı3 iddiası üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Həmin iddia üzrə qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən İddiaçı3 apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi onun iddiasının rədd edilməsi hissəsində ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla onun iddiası qismən təmin edilməlidir.

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, habelə iş materiallarında olan sənədləri, o cümlədən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyi də nəzərə alınmaqla tərtib edilmiş ekspert rəylərini əsas götürüb, vurğulayır ki, Bakı şəhəri Binəqədi rayonu X4 xx.xx.2007-ci il tarixli və xx.xx.2007-ci il tarixli Sərəncamları, habelə xx.xx.2007-ci il tarixli qərarları ilə X4 ərazi hüdudlarından müvafiq olaraq 2 ha Cavabdeh, 5.000 kv.m İddiaçı3, 1.000 kv.m İddiaçı1 və 500 kv.m İddiaçı2 istifadə və sahibliyinə verilmişdir. Torpaq sahələri Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şössesi, Zəngəzur şadlıq sarayının arxasında yerləşir.

32. Göstərilən torpaq sahələri üzərində bu şəxslərdən hər hansı birinin mülkiyyət və ya digər əşya hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, lakin istifadə və sahibliyə verildikdən sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən həmin torpaq sahələrinin kadastr planı əsasında torpağın koordinatları müəyyən edilmişdir. Tərtib edilmiş planlarda qeyd olunan döngə nöqtələrinin koordinatlarına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 istifadə və sahibliyinə verilmiş torpaq sahələri yanaşıdır (ümumi sərhədləri var), faktiki ölçüləri müvafiq olaraq 1.000 kv.m, 500 kv.m və 4.585 kv.m təşkil edir. Cavabdehin istifadə və sahibliyinə verilmiş torpaq sahəsi isə bu torpaq sahələrinin qonşuluğunda, yolun digər tərəfində yerləşir. Lakin mövcud vəziyyətdə cavabdeh faktiki olaraq iddiaçılara aid torpaq sahəsi ilə yanaşı yerləşən 20.195 kv.m ölçüdə torpaq sahəsinə sahiblik və ondan istifadə edir. Bu torpaq sahəsi ilə İddiaçı3 aid torpaq sahəsinin bir tərəfdən ümumi sərhədi var.

33. Hazırda iddiaçılar X11 tərəfindən onlara ayrılmış və hazırda istifadə və sahiblikdə olan torpaq sahələrində cavabdeh və digər şəxslər tərəfindən hasar və tikililər inşa edildiyini iddia edirlər və həmin tikililərin cavabdehin hesabına sökülməsini və torpaq sahəsinin boşaldılmasını tələb edirlər. Cavabdeh iddiaları qəbul etmir, ona ayrılmış torpaq sahəsi hüdudlarından kənara çıxmadığını, iddiaçılara aid olan torpaq sahəsinin hər hansı hissəsinə sahiblik və ondan istifadə etmədiyini bildirir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə sahibliyin müdafiəsinə dair normalar tədbiq edilməklə həll edilməlidir.

34. Məhkəmə kollegiyası bu sahəni tənzimləyən qanunvericiliyin yuxarıda göstərilən və digər aidiyyəti normalarına istinadən sahibliyin mahiyyəti və müdafiəsi ilə bağlı ilk növbədə qeyd edir ki, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Başqa sözlə, sahiblik hüquqi vəziyyət olaraq, bir şəxsin əşya üzərində iradəvi şəkildə əməli (faktiki) hakimiyyət qurması, əşyaya fiziki malik olması, yaxud əşyanı özünün təsir dairəsində saxlamasıdır. Şəxs öz iradəsi ilə bu hakimiyyəti tərk edənədək və ya iradəsi xaricində başqa biri onu ələ keçirənədək və ya hakimiyyəti başqa səbəbdən sona çatanadək əşyanın sahibi sayılır. Sahiblik bir şəxsin əşya üzərində faktiki hakimiyyəti özünün iradəsi ilə ilkin olaraq ələ keçirməsi, yaxud başqası tərəfindən sahibliyin ona verilməsi və ya miras yolu ilə qazanıla bilər. Sahiblik bir hüquqi vəziyyət olaraq qanunla qorunur və Mülki Məcəllənin 164.1-ci maddəsi sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayıldığını nəzərdə tutur və bundan sonrakı maddələr sahibliyin müdafiəsinə dair qaydaları tənzimləyir. Mülki Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər.

35. Bu baxımdan mübahisəli torpaq sahələrinin iddiaçıların mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması onların hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmaması kimi qiymətləndirilə və iddiaların rədd edilməsi əsası kimi çıxış edə bilməz. Mütəxəssis və ekspert rəylərinə əsasən bu sahələrin “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətində olması da mövcud vəziyyətdə onların hazırki iddialar üzrə sübyektiv hüquqlarını istisna etmir. Belə ki, həmin torpaq sahələri uzun illərdir ki, iddiaçıların istifadə və sahibliyindədir, onların bu hüquqları ötən illər ərzində aidiyyəti qurum tərəfindən mübahisələndirilməmiş, əksinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərtib etdiyi planlarda həmin sahələrin döngə nöqtələrinin koordinatlarını naturada müəyyənləşdirmişdir. Hüquqi nəticə etibarı ilə iddiaçılar hazırki iddia üzrə tam subyektiv hüquqludur. Digər tərəfdən əks yanaşma yaranmış vəziyyətdən (iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmamasına qüvənilərək) sui istifadə edilməsinə, o cümlədən sərbəst şəkildə belə torpaqların zəbt etməsinə şərait yaratmış olacaqdır ki, bu da yol verilməzdir.

36. Məhkəmə kollegiyası o halı da xüsusilə qeyd edir ki, sahiblik əşya üzərindəki faktiki hakimiyyəti təmin edən və üçüncü şəxslərə açıqlayan vəziyyət olduğu üçün onun pozuntusunun aradan qaldırılması üçün iddianın sürətli şəkildə (dərhal və ya bir il ərzində) qaldırılması tələb olunur. Bu müddət keçdikdən sonra sahiblik vəziyyəti ilə bağlı status-kvo (mövcud vəziyyət) tanınmış olur və pozulmuş hüququn sahibliyə dair qaydalar çərçivəsində müdafiəsi mümkün sayılmır (hüquq nəzəriyyəsində bu müddətin mahiyyət etibari ilə kəsici müddət olduğu göstərilir).

37. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçılar 2022-ci ilin may ayında şikayət ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon Polis idarəsinə müraciət edərək, onlara məxsus olan torpaq sahəsində tikinti işlərinin aparılmasını bildirmişlər. Bununla bağlı, həmin qurum tərəfindən aparılmış araşdırma zamanı İddiaçı3 öz izahatında 2022-ci ilin aprel ayında ona məxsus torpaq sahəsinə baş çəkərkən tanımadığı şəxslər tərəfindən orada tikinti işlərinin aparıldığını qeyd etmişdir. İzahatı alınmış X18 isə cavabdehin qardaşı olduğunu, tikinti işlərinin aparıldığı torpaq sahəsinin onun bacısına məxsus olduğunu qeyd etmişdir. Bununla belə, iddiaçılar onlara münasibətdə sahibliyin pozulması halının 2022-ci ilin aprel ayında, cavabdeh tərəfindən tikinti işlərinin aparılması nəticəsində baş verdiyini iddia edirlər və bu əsasla xx.xx.2022-ci il tarixdə iddia qaldırmışdılar. Cavabdeh tərəf də tikinti işlərinin həmin vaxt aparıldığını qeyd etmişdir. Nəticə etibarı ilə iddiaçılar tərəfindən hazırki iddianın irəli sürülməsi üçün müəyyən edilmiş kəsici müddət də ötürülməmişdir.

38. Məhkəmə kollegiyası iddiaların mahiyyətinə münasibətdə qeyd edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 istifadə və sahibliyinə olan torpaq sahəsi müvafiq olaraq 1000 kv.m və 500 kv.m ölçüdə olmuş və hazırda da bu ölçüdədir. Bu hal iş materiallarında olan sənədlər, o cümlədən məhkəmə kollegiyası tərəfindən mötəbər sübut kimi qəbul edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/1555 saylı rəyi ilə də öz təsdiqini tapır. Başqa sözlə, bu iddiaçılar sahibliklərində olan torpaq sahəsinin hər hansı hissəsindən məhrum edilməmişdilər. Məhkəmə ekspertinin qeyd edilən rəyinə və ona əlavə edilmiş ortofoto sxemə əsasən iddiaçıların və cavabdehin istifadə və sahibliyində olan torpaq sahələrinin ümumiyyətlə ümumi sərhədi yoxdur (hər hansı hissədə sərhəd bölmürlər). Qeyd edilənlər öz növbəsində onların iddialarının əsassız olduğunu təsdiq edir və apellyasiya şikayətlərinin təmin edilməməsini şərtləndirir.

39. Məhkəmə kollegiyası bu iddiaçıların mövqeyi, o cümlədən xx.xx.2024-cü il tarixli ərizəsi ilə bağlı qeyd edir ki, iddiaçılara aid torpaq sahəsi ilə cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi arasında X13 aid olan 3.500 kv.m ölçüdə torpaq sahəsinin yerləşməsi və bu sahəyə aid bütün səlahiyyətlərin sonuncu tərəfindən xx.xx.2021-ci il tarixli etibarnamə ilə xx.xx.2051-ci il tarixədək İddiaçı2 ötürülməsi həmin sahənin hər hansı hissəsinin cavabdeh tərəfindən zəbt edildiyi halda belə (ekspert rəyinə əlavə edilmiş ortofoto sxemdən cavabdehin bu sahənin müəyyən hissəsinin zəbt edildiyi müəyyən edilir) onun zəbt edilmiş sahənin cavabdehdən tələb etmək hüququnu (subyektiv hüququnu) yaratmış olmur. Qanunsuz sahiblik mövcud olduğu halda, ona son qoyulmasını və qanunsuz sahiblikdə olan torpaq sahəsinin qaytarılmasını məhkəmə qaydasında tələb etmək hüququ məhz X13 məxsusdur.

40. Lakin İddiaçı3 sahibliyində olan torpaq sahəsi ilə bağlı fərqli bir vəziyyət müşahidə olunur. Belə ki, qeyd edilən 5.000 kv.m torpaq sahəsindən hazırda onun sahibliyində faktiki olaraq 4.585 kv.m hissəsi qalmış, qalan 415 kv.m hissəsi cavabdehin istifadə və sahibliyindədir. Bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/1555 saylı rəyi ilə də öz təsdiqini tapır. Hazırda cavabdehin faktiki istifadəsində 20.195 kv.m, yəni bildirdiyindən cəmi 195 kv.m artıq ölçüdə torpaq sahəsinin olması isə qeyd edilən 415 kv.m sahənin cavabdehdə olmasının qeyri-mümkünlüyünü deyil, onun özünün istifadəsində 2 ha sahədən daha az ölçüdə torpaq sahəsinin olduğunu təsdiq edir.

41. Hüquqi nəticə etibarı ilə bu iddiaçı iradəsinə zidd olaraq torpaq sahəsinin həmin hissəsinə sahiblikdən cavabdeh tərəfindən məhrum edilmiş, bu hissədə onun sahibliyi pozulmuşdur. Bu səbəbdən cavabdehin həmin hərəkətləri qadağan edilmiş özbaşnalıq kimi qiymətləndirilməli və bu hərəkətlərə son qoyularaq, qeyd edilən sahə onun qanunsuz sahibliyindən alınaraq iddiaçının sahibliyinə qaytarılmalıdır. Sahə hasarlandığından hasar sökülməli və sahə boşaldılmalı və bu işlər cavabdehin vəsaiti hesabına yerinə yetirilməlidir. Bu zaman yarana biləcək hər hansı qeyri-dəqiqliyin qarşısının alınması üçün cavabdehdən xx.xx.2024-cü il tarixli ekspert rəyinə əlavə edilmiş ortofoto sxemində göstərilən sahə alınaraq, iddiaçıya verilməlidir. Belə ki, iddianın mahiyyətinə uyğun olaraq torpaq sahəsinin boşaldılması öz növbəsində həmin sahənin iddiaçıya qaytarılmasını özündə ehtiva edir.

42. Bundan başqa qeyd edilən 415 kv.m sahə üzərində hər hansı tikintinin olduğu müəyyən edilmir. Cavabdeh başqa isə hər hansı digər şəxs cavabdeh qismində müəyyən edilməmişdir. Bu səbəbdən iddia tələbi qalan hissələrdə təmin edilə bilməz.

43. Torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi öz təsdiqini tapdığından ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaiti cavabdeh Manya Haqverdi qızından tutularaq dövlət gəlirlərinə alınmalıdır.

44. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-178/2023 nömrəli qətnaməsi qismən, “İddiaçı3 iddiasının rədd edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmalı, iddia həmin hissədə qismən təmin edilməli, İddiaçı3 məxsus 5000 kv.m ölçüdə torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyində olmaqla hasarlanmış 415 kv.m hissəsi cavabdeh Manya Haqverdi qızının öz vəsaiti hesabına sökülməli və boşaldılaraq, İddiaçı3 qaytarılmalı (xx.xx.2024-cü il tarixli, 10/1555 nömrəli ekspert rəyinə əlavə edilmiş ortofoto sxemə uyğun olaraq), qətnamə onun apellyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaiti cavabdeh Manya Haqverdi qızından tutularaq dövlət gəlirlərinə alınmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları iddiaçıların özünə aid edilməlidir.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-178/2023 nömrəli qətnaməsi qismən, “İddiaçı3 iddiasının rədd edilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə qismən təmin edilsin. İddiaçı3 məxsus 5.000 kv.m ölçüdə torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyində olmaqla hasarlanmış 415 kv.m hissəsi cavabdeh Manya Haqverdi qızının öz vəsaiti hesabına sökülsün və boşaldılaraq, İddiaçı3 qaytarılsın (xx.xx.2024-cü il tarixli, 10/1555 nömrəli ekspert rəyinə əlavə edilmiş ortofoto sxemə uyğun olaraq). Qətnamə İddiaçı3 apellyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdeh Manya Haqverdi qızından tutularaq dövlət gəlirlərinə alınsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar