Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3982/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının vəkili Vəkil1, İddiaçının nümayəndəsi X1, Cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh "X5” MMC-nə qarşı “təmir xərclərinin və kirayə haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1900/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "X5” MMC-nə qarşı “təmir xərclərinin və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “X5'” MMC tərəfindən əla təmirli mənzilin verilməsi ilə bağlı müqavilə şərtlərinə əməl edilmədiyinə görə tərtib olunmuş smeta sənədlərinə əsasən, ünvan 1 ünvanında inşa olunmuş 16 mərtəbəli yaşayış binasında ümumi sahəsi 138.7 kv.metr olan 3-cü bina, 5-ci blok, 14-cü mərtəbədə yerləşən 60 nömrəli 3 otaqlı mənzilin əla təmirinin dəyəri olan 89.210 ( səksən doqquz min iki yüz on ) manat pulun və mənzilin təmiri qurtarana kimi müvəqqəti yaşadığı mənzilin kirayə haqqının bir aylıq 600 manat olmaqla cavabdeh “X5” MMC tərəfindən ona ödəilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 99 saylı evin 26 saylı mənzilinin mülkiyyətçisidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli Qərarına əsasən Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti başçısının 09.08.2016-cı il tarixli 264 nömrəli sərəncamına və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 09.08.2016-cı il tarixli 02/05-1176 nömrəli rəyinə əsasən Nərimanov rayonu Təbriz, F.Yusifov, Ağa Neymətulla, F.X.Xoyski küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğularının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün 7,5 ha torpaq sahəsi " X5 ” MMC-nin istifadəsinə verilmişdir. Göstərilən sənədlərə əsasən, ona məxsus mənzilin yerləşdiyi bina sökülmüş və ona məxsus mənzilin əvəzinə yeni inşa ediləcək binada ona mənzil verilməsi barədə" X5” MMC ilə onun arasında 24.10.2017-ci il tarixdə müqavilə bağlanaraq notariat qaydasında təsdiq edilmişdir. Müqavilənin predmeti ondan ibarətdir ki, 1.1. bu müqaviləyə əsasən "Sakin” mülkiyyətində olan, ünvan 1 ünvanındakı yaşayış binasında yerləşən ümumi sahəsi 65,65 kv.metr (faktiki - 111 kv.metr) olan 26 saylı mənzili "MMC”-yə təhvil verir. 1.2. MMC isə həmin mənzilin əvəzinə ünvan 1 ünvanında inşa olunacaq 16 mərtəbəli yaşayış binasında ümumi sahəsi 138,7 kv.metr olan 3-cü bina, 5-ci blok, 14-cü mərtəbədə yerləşən 60 nömrəli 3 otaqlı əla təmirli mənzili 18 ay müddətinə "xxxx"ə təhvil verir. Mənzilin təmirində döşəməyə əla növ palıd parketdən istifadə olunacaqdır. Binanın tikintisi başa çatmış və mənzilin təmirinə başlanan andan "xxxx" müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Belə ki, təmirdə istifadə edilən materiallar aşağı keyfiyyətli materiallardır. Dəfələrlə cavabdehə müraciət edərək təmir işlərinin smeta sənədlərinin tanış olaraq razılaşdırmaq üçün təqdim edilməsini xahiş və tələb etsələr də, smeta sənədləri onlara təqdim edilmir. Bu hal isə əla təmirli mənzilin təhvil verilməsini sual altında qoyur. Onun tərəfindən mənzilin əla təmiri ilə bağlı smeta sənədi hazırlanmış və təmirin dəyəri 89.210 manat müəyyən edilmişdir, yəni 1 kv.metrin qiyməti 641 manat edir. Mənzildə müqavilədə göstərildiyi kimi, əla təmir aparılmadığından cavabdeh tərəfindən təmirin aparılmasına icazə vermir. Bu barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Təmir onun tərəfindən aparılacaqdır. Hesab edir ki, mənzilin təmir xərci - 89.210 ( səksən doqquz min iki yüz on ) manat cavabdeh tərəfindən ona ödənilməlidir. Bundan başqa mənzil "Sakin”ə təhvil verilənə kimi MMC kirayə haqqı ödəməlidir, lakin 2020-ci il yanvarın 01-dən kirayə haqqı da ödənilmir. Halbuki, müqavilənin 2.1.2-ci bəndinə əsasən, əla təmirli mənzil inşa edilib başa çatanadək və "Sakin”nin istifadəsinə verilənədək, MMC "Sakində müvəqqəti yaşadığı mənzilin kirayə haqqını aylıq 600 manat olmaqla ödəyir. Hesab edir ki, əla təmirli mənzil inşa edilib başa çatanadək və onun istifadəsinə verilənədək, cavabdeh " X5 ” MMC müvəqqəti yaşadığı mənzilin kirayə haqqını aylıq 600 manat olmaqla ona ödəməlidir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh "X5 ” MMC tərəfindən müqavilə şərtlərinə əməl edilmədiyindən o, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1900/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə heç bir araşdırma aparmadan göstərilən nəticəyə gəlmişdir. O, məhkəməyə əla təmir üçün smeta sənədlərini təqdim etmişdir. Məhkəmə qarşı tərəfdən də smeta sənədlərini tələb etmiş və cavabdeh məhkəməyə həmin mənzilin 4 dəfə az məbləğdə dəyərləndirilmiş smeta sənədini təqdim etmişdir. Məhkəmədə artıq 2 smeta sənədi olduğu və bunlar bir-biri ilə ziddiyət təşkil etdiyindən məhkəmə tərəfindən əla təmirin məbləğinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməli idi. Lakin, məhkəmə tərəfindən ekspertiza keçirilməsindən imtina edilmişdir. Cavabdehin smeta sənədlərini təqdim etdiyi məhkəmə iclasında isə məhkəmə iddiaçıya smeta sənədləri ilə tanış olmasına imkan yaratmadan ekspertiza keçirilməsi barədə qərardad çıxarmağa hazır idi. Lakin, smeta sənədləri ilə tanış olmaq barədə təkidli tələblərindən sonra məhkəmə iclası təxirə salınmışdı. Növbəti iclasda isə məhkəmə ekspertiza təyin etməkdən imtina etdi. Kirayə haqqı ilə bağlı məsələdə də məhkəmə araşdırma aparmamış və səhv nəticəyə gəlmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 və iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edildi ki, 14.10.2017-ci il tarixli müqavilə ilə bu müqaviləyə əsasən "xxxx" mülkiyyətində olan, ünvan 1 ünvanındakı yaşayış binasında yerləşən ümumi sahəsi 65,65 kv.metr (faktiki - 111 kv.metr) olan 26 saylı mənzili "xxxx"xxxx"xxxx" isə həmin mənzilin əvəzinə ünvan 1 ünvanında inşa olunacaq 16 mərtəbəli yaşayış binasında ümumi sahəsi 138,7 kv.metr olan 3-cü bina, 5-ci blok, 14-cü mərtəbədə yerləşən 60 nömrəli 3 otaqlı əla təmirli mənzili 18 ay müddətinə "xxxx"ə təhvil verir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində istifadədə olan 0.095 ha torpaq sahəsində yerləşən 99 nömrəli, 4 mərtəbəli binada yerləşən 65,65 kv.m ümumi, 48 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 26 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 604 nömrəli reyestr kitabının 55515 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş tərəflər arasında olan məktub yazışmalarından aydın olur ki, iddiaçının təkidi ilə cavabdeh tərəfindən ona ayrılmış mənzil üzrə aparılmalı olan təmir işləri 2020-ci ilin yanvar-fevral aylarından dayandırılmışdır. Məhkəmə kollegiyasına təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəsinin 10/2152 saylı 03.09.2021-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında inşa olunmuş 16 mərtəbəli 3-cü binanın, 5-ci blok, 14-cü mərtəbədə yerləşən 60 nömrəli 3 otaqlı mənzildə arakəsmə divarların məsaməli hörgü bloklar (qazobeton) ilə hörüldüyü və gips əsaslı birbaşa astar suvağı ilə suvandığı müəyyən olunur. Faktiki vəziyyətdə divarlara vurulmuş suvaq qatında hər hansı qüsur aşkar olunmadı. ünvan 2 ünvanında inşa olunmuş 16 mərtəbəli 3-cü binanın, 5-ci blok, 14-cü mərtəbədə yerləşən 60 nömrəli 3 otaqlı mənzilidə dəhliz, sanitar qovşağı daxil olmaqla bütün tikililərinin elektrik xətləri çəkilmişdir. Elektrik xəttinin çəkilməsinə dair layihə təqdim olunmadığından sualın ikinci hissəsi barəsində tədqiqat aparılmadı. ünvan 2 ünvanında inşa olunmuş 16 mərtəbəli 3-cü binanın, 5-ci blok, 14-cü mərtəbədə yerləşən 60 nömrəli 3 otaqlı mənzilidə iki ədəd 2x2 metr ölçüdə və iki ədəd 2,7x3 metr ölçüdə plastik materialdan olan pəncərənin quraşdırıldığı müəyyən olunmuşdur. Qeyd olunur ki, təmir zamanı istifadə olunan materialların keyfiyyətinin müəyyən olunması tikinti-texniki ekspertizanın predmetinə aid deyil. ünvan 2 ünvanında inşa olunmuş 16 mərtəbəli 3-cü binanın, 5-ci blok, 14-cü mərtəbədə yerləşən 60 nömrəli 3 otaqlı mənzilin tavanında və döşəməsində hər hansı təmir işlərinin görülmədiyindən, eyni zamanda divarlarında suvaq işi tam olaraq görülmədiyindən həmin mənzilin divarlarında və tavanın düzlüyünün müəyyən olunması barədə tədqiqat aparmaq mümkün olmamışdır. Qeyd olunur ki, faktiki olaraq mənzilin divarlarında və tavanın düzlüyündə ciddi qüsurların mövcud olmadığı müəyyən olunur. Mənzildə təmir işləri başa çatdıqdan sonra tavanın, döşəmənin, divarların düzlüyü və təmir işlərinin keyfiyyətli aparılıb-aparılmaması müəyyən oluna bilər. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, tərəflər arasında bağlanmış 14 oktyabr 2017-ci il tarixli müqavilə ilə iddiaçıya məxsus mənzilin sökülməsi ilə bağlı cavabdeh iddiaçıya yeni inşa edilən hündürmərtəbəli tikilidə əla təmirli mənzilin verilməsi öhdəliyini öz üzərinə götürdüyündən, iddiaçının məhz həmin öhdəliklərin icra edilməsi tələb etmək hüququ vardır. Başqa sözlə, yeni tikilən mənzilin təmirinin aşağı səviyyədə olması belə, əla təmirin dəyərinin cavabdehdən tələb edilməsi anlamına gəlmir. Odur ki, məhkəmə 89.210 manat pulun cavabdehdən tutulması ilə bağlı iddia tələbini əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Digər iddia tələbi təmir qurtarana kimi kirayə haqqının iddiaçıya ödənilməsi ilə bağlıdır. Məhkəmə hesab edir ki, bu tələb öz mənasına görə təmir pulunun cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bilavasitə bağlı olduğundan, əsaslı hesab edilə bilməz və rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin dəymiş ziyanla bağlı rədd edilməsi hissəsində gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddədən görünür ki, “öhdəliyini icra etməyən borclu” ifadəsindən istifadə olunub, yəni borclu öhdəliyi icra etmədiyi halda zərərin əvəzini ödəməlidir. İş materialları ilə müəyyən edilir ki, cavabdehin təmirlə bağlı öhdəliyini icra etməməsi, iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Ekspert rəyindən də, göründüyü kimi, mənzilin təmirində ciddi qüsurların mövcud olmadığı müəyyən edilmişdir. Təmir işlərinin dayandırılması isə iddiaçının tələbi ilə olmuşdur. Belə olan halda, təmir işlərinin keyfiyyətsiz aparılması sübuta yetirilmir. Buna görə də, birinci instansiya məhkəməsi iddia tələbini bu hissədə rədd etməklə düzgün nəticəyə gəlmişdir. İddia tələbinin digər hissəsi kirayə haqqının ödənilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh müqavilə ilə mübahisəli mənzil iddiaçıya təhvil verilənədək, aylıq 600 manat olmaqla kirayə haqqı ödənilməsi öhdəliyini üzərinə götürmüşdür. Təmir işləri iddiaçının təkidi ilə cavabdeh tərəfindən dayandırıldığından, hal-hazırda kirayə haqqı tutula bilməz. Lakin, məhkəmə kollegiyası hesab edir ki, müqavilə şərtlərinə uyğun olaraq mübahisəli mənzildə təmir işləri bərpa olunduğu vaxtdan mənzilin iddiaçıya təhvil verildiyi günədək hər ay 600 manat məbləğində kirayə haqqı iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 100 manat İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəsinin hesabına ödənilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianı tamamilə rədd etməklə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia tələbi kirayə pulunun tutulması hissəsində qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1900/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilsin. ünvan 1 ünvanında inşa olunmuş 16 mərtəbəli yaşayış binasında ümumi sahəsi 138.7 kv.metr olan 3-cü bina, 5-ci blok, 14-cü mərtəbədə yerləşən 60 nömrəli 3 otaqlı mənzildə təmir işləri bərpa olunduğu vaxtdan mənzilin İddiaçı təhvil verildiyi günədək, hər ay 600 manat məbləğində kirayə haqqı cavabdeh “X5” MMC-dən tutularaq İddiaçı ödənilsin. Məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 100 manat İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəsinin hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-3982/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3982/2021
30.11.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver