Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3983/2022 07.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi Cəlal Əliyevin iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin verilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin apellyasiya şikayətinə açıq məhkəmə icasında baxaraq müəyyən etdi: Münasibətlər: İddiaçıya məxsus “Mazda CX-9” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu ildə baş vermiş yol-nəqliyyat hadisəsində meaxniki zədə alıb. X1 törədib. O, idarə etdiyi “Subaru İmpreza” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydasını pozaraq iddiaçının avtomobilinə mexaniki zədə yetirib. Təqsirkar sürücünün mülki məsuliyyəti cavabdeh tərəfindən icbari qaydada sığortalandığına görə cavabdehin iddiaçıya sığorta ödənişi vermək vəzifəsi yaranıb. Hazırda mübahisə sığorta ödənişinin məbləği barədədir. Cavabdeh iddiaçıya 2.780 manat sığorta ödənişi verib. İddiaçı isə iddia edir ki, ona daha çox zərər vurulub Tələb: İddia ərizəsində tələb olunub ki, iddiaçının avtomobilin zədələnməsi nəticəsində cavabdeh tərəfindən ödənilməli olan sığorta ödənişinin qalan hissəsi – 2.220 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Tələb onunla əsaslandırılıb ki, "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli qüsur aktına görə, vurulmuş zərərin məbləği 5.777,22 manatdır. Ona görə cavabdeh tam həcmdə sığorta ödənişi, yəni 5.000 manat ödəməlidir. Lakin cavabdeh 2.780 manat ödəmiş, qalan 2.220 manatı ödəməkdən imtina etmişdir. Tələbin həlli: Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, 2.172 manat sığorta ödənişi cavabdehdən alınaraq iddiaçıya verilsin, iddianın qalan hissəsi rədd edilsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Qətnamə onunla əsaslandırılıb ki, məhkəmə icraatı zamanı zərərin məbləğinin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilib. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/8208 nömrəli ekspert rəyinə görə, nəzəri hesablama yolu ilə, "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Mazda CX-9” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4.952 manat müəyyən edilir. 4.952 manatdan (zərərin məbləğindən) 2.780 manat (ödənilmiş məbləğ) çıxıldıqda 2.172 manat qalır. Birinci instansiya məhkəməsi qalan məbləğin tutulmasını qət edib. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Şikayət onunla əsaslandırılıb ki, ekspert rəyi "xxxx" MMC-nin qüsur aktına əsaslanıb, həmin MMC sığorta sahəsində fəaliyyət göstərən müstəqil ekspert deyil, müvafiq reyestrə daxil edilməyib, ona görə də zərəri qiymətləndirməyə hüququ yoxdur, qiymətləndirmiş olsa belə iş üzrə əhəmiyyət kəsb edə bilməz. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Cəlal Əliyev apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil isə apellyasiya şikayətinin əsassız olduğununu bildirdi. Qətnamənin yoxlanılması: Hər iki tərəf məhkəməyə qüsur aktı təqdim edib. İddiaçının təqdim etdiyi qüsur aktı "xxxx" MMC tərəfindən xx.xx.2019-cu ildə verilib, zərərin məbləği 5.777,22 manat müəyyən edilib (iş v. 28). Cavabdehin təqdim etdiyi qüsur aktı “X4” adı ilə fəaliyyət göstərən fiziki şəxs tərəfindən xx.xx.2019-cu ildə verilib, zərərin məbləği 2.780 manat müəyyən edilib (iş v. 96). Birinci instansiya məhkəməsində icraat zamanı Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyi iddiaçının təqdim etdiyi qüsur aktındakı məlumatlara əsaslanıb. Cavabdeh əlavə ekspertiza keçirilməsi barədə vəsatət verib, ekspertizanın cavabdehin təqdim etdiyi qüsur aktındakı məlumatlara əsasən keçirilməsini xahiş edib, lakin birinci instansiya məhkəməsi vəsatəti rədd edib. Apellyasiya icraatı zamanı məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadına əsasən əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilib. Ekspertin qarşısında belə sual qoyulub ki, mülki işdə olan fotoşəkillərdə “Mazda CX-9” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və ya sıradan çıxdığı görünən hissələrin təmir-bərpası üçün tələb olunan xərcin ümumi məbləği nə qədərdir? Həmin fotoşəkilləri cavabdeh məhkəməyə təqdim edib. Əlavə ekspertizanın fotoşəkillərə əsasən keçirilməsi ona görə qərara alınıb ki, avtomobil artıq bərpa olunub, avtomobilə baxış keçirilməklə zərərin məbləğinin ekspert tərəfindən müəyyən edilməsi mümkün deyil. Hər iki tərəf məhkəməyə qüsur aktı təqdim etsə də hər bir tərəf digər tərəfin qüsur aktına etiraz edir. Bu qərardadın əsasında Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixli 9/4406 nömrəli rəy verilib. Rəydə qeyd olunub ki, nəzəri hesablama yolu ilə “X4” tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Mazda CX-9” markalı, **- SL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3.944 manat müəyyən edilir. Göründüyü kimi, ekspert məhkəmənin qərardadında qoyulmuş suala cavab verməyib. Məhkəmə öz qərardadında ekspertizanın fotoşəkillərə əsasən keçirilməsini qərara alsa da, ekspert cavabdehin təqdim etdiyi qüsur aktındakı məlumatlara əsaslanaraq rəy verib. Ona görə də zərərin məbləği müəyyən edilərkən birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş ekspertizanın rəyi əsas götürülməlidir. Həmin rəyə, yəni Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/8208 nömrəli ekspert rəyinə görə, zərərin məbləği 4.952 manat təşkil edir. Bu rəy iddiaçının təqdim etdiyi qüsur aktına əsaslansa da, iki qüsur aktı, yəni iddiaçının və cavabdehin təqdim etdiyi qüsur aktı arasında ziddiyyəti aradan qaldırmaq mümkün olmadı. Belə mübahisələrin həlli zamanı aradan qaldırılması mümkün olmayan ziddiyyətlər, icbari sığortanın təyinatı nəzərə alınmaqla iddiaçının xeyrinə həll olunmalıdır. Beləliklə, məhkəmə “İcbari sığortalar haqqında” Qanunun 16, 17 və 18-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq zərərin məbləğini 4.952 manat müəyyən edib və onun ödənilməyən qalan hissəsinin – 2.172 manatın tutulmasını qət edib. Apellyasiya icraatı zamanı keçirilmiş ekspertizanın xərcinin tərəflərdən tutulmasından imtina edilməlidir. Belə ki, ekspert məhkəmə qərardadında qoyulmuş suallara cavab verməyib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3983/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3983/2022
07.10.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver