Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3987/2022 25.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi-vəkili Nümayəndə, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişi və zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 360/2022 saylı, 24 fevral 2022-ci il tarixdə qəbul etdiyi qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişi və zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək və daha sonra iddia tələbinin həcminin artıraraq onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin icbari sığortası üzrə 24.750 manat məbləğində yekun sığorta ödənişi, həmin fərdi yaşayış evində ev əşyalarının istifadəyə yararsız vəziyyətə düşməsi nəticəsində iddiaçıya dəymiş maddi zərərin əvəzi olan 7.000 manatın, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi olan 50.000 manatın, iddiaçının ödədiyi dövlət rüsumunun əvəzi olan 30 manatın və iddiaçının vəkilə ödədiyi hüquqi yardım haqqının əvəzi olan 100 manatın, cəmi 81.800 manatın cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında 27.12.2019cu il tarixində RAA********** saylı sığorta müqaviləsi bağlanaraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini sığorta etdirmiş, bununla əlaqədar cavabdeh tərəfindən ona daşınmaz əmlakın icbari sığorta şəhadətnaməsi verilmişdir. 25.06.2020-ci ilin tarixində baş vermiş güclü külək nəticəsində yaşadığı evin dam örtüyünün bir hissəsi uçub tökülmüşdür. Bundan sonra o, cavabdehə müraciət edərək evini təmir etdirmək üçün sığorta ödənişini həyata keçirməsini xahiş etmişdir. AR ETSN yanında Milli Hidrometerologiya Xidmətinin 20/27 saylı 14.01.2021-ci il tarixli məktubuna əsasən 25.06.2020-ci il tarixdə Binə hidrometeorloji stansiyasında müşahidə olunan hava şəraiti haqqında məlumatda qeyd edilir ki, külək şimal-qərb istiqamətli, maksimum sürəti 19 m/san (9 bal) olmuşdur, bofort şkalasına əsasən 9 ballıq külək çox möhkəm küləkdir. 22.07.2020-ci il tarixində evinin yerləşdiyi torpaq sahəsində sürüşmə-çökmə prosesi olduğu üçün evinin müxtəlif hissələrində, o cümlədən dam örtüyündə çatlar əmələ gəlmiş və həmin çatlar tədricən böyümüşdür. Cavabdehin əmakdaşları onun evinə baxış keçirdikləri zaman həmin çatların olduğunu qeydə almışlar. AR ETSN yanında Milli Geoloji Kəşfiyyat Xidmətinin 18/259 saylı 18.12.2020-ci il tarixli məktubu təqdim olunmuş ünvan 1 ünvanının yerləşdiyi ərazinin mühəndis geoloji şəraiti haqqında arayışda göstərilir ki, İddiaçı məxsus ərazi mailiyi 20- 220 olan yamacda 400 *** **** 490 *** **** koordinatlarında yerləşir. Ərazidə aparılan visual araşdırma zamanı müəyyən olunmuşdur ki, qeyd olunan ünvan, bu sahədə mövcud olan qırılma xəttinin təsir dairəsində yerləşir, mövsümi yağıntıların və texnogen amillərin təsirindən ərazidə sürüşmə-çökmə prosesi, torpaq qatında isə deformasiyalar müşahidə edilir, təbii və texnogen amillərin təsirindən prosesin dinamikasında aktivləşmə proqnozlaşdırılır. Cavabdehin AS-21/118 saylı 02.02.2021-ci il tarixli məktubuna əsasən 25.06.2020-ci il və 22.07.2020-ci il tarixlərində baş vermiş hadisə nəticəsində zərər dəymiş evə baxış keçirilmiş və hesablama aktı tərtib olunmaqla qeyd olunan fərdi yaşayış evinə dəymiş ziyanın məbləği 940.50 manat məbləğində müəyyən edilmişdir, lakin evə dəymiş maddi zərərin məbləği həmin məbləğdən xeyli artıq olmuşdur. Həmçinin, Bakı şəhəri Qaraçuxur Bələdiyyəsinin157 saylı 24.09.2020-ci il tarixli məktubuna əsasən Qaraçuxur qəsəbəsi, Y/Günəşli yaylası, döngə 2, ev 46 ünvanına həmin bələdiyyənin əməkdaşları tərəfindən baxış keçirilmiş və evin qəzalı vəziyyətdə olduğu müəyyən edilmişdir. Cavabdeh süründürməçiliyə yol verərək ona sığorta ödənişi vermədiyi üçün 17.11.2020-ci il tarixədək evini təmir etdirə bilməmişdir. Odur ki, evin bir hissəsində dam örtüyü olmadığına və evin müxtəlif hissələrində, o cümlədən dam örtüyündə çatlar olduğuna görə 17.11.2020-ci il tarixində leysan xarakterli yağış yağdığı zaman evini su basaraq fərdi yaşayış evinə daha çox zərər dəymiş, həmçinin evdəki ev əşyaları yarasız hala düşmüşdür. Həmçinin, bu hadisədən sonra evində onunla birlikdə yaşayan anası Q.Rəsulovun soyuqdəymə nəticəsində ağ ciyərlərində iltihab əmələ gəlmişdir. AR ETSN yanında Milli Hidrometerologiya Xidmətinin 20/1093 saylı 18.12.2020-ci il tarixli məktubuna əsasən, 17.11.2020-ci il tarixdə Binə hidrometeorloji stansiyasında müşahidə olunan hava şəraiti haqqında məlumatda qeyd edilir ki, 17.11.2020-ci il tarixdə saat 1025 -dən- saat 1400 dək leysan xarakterli yağış yağmış, düşən yağıntının miqdarı 7,2 mm olmuşdur. Cavabdehin AS-21/250 saylı 04.03.2021-ci il tarixli məktubuna əsasən 17.11.2020-ci il tarixlərdə baş vermiş hadisə nəticəsində zərər dəymiş, evə baxış keçirilmiş və 250 manat azadolma məbləği çıxılmaqla 1810 manat məbləğində yekun sığorta ödənişi müəyyən edilmişdir. Lakin, evə dəymiş maddi zərərin məbləği həmin məbləğdən xeyli artıq olmuşdur. Nəhayət, cavabdehin AS-21/840 saylı 30.07.2021-ci il tarixloi məktubuna əsasən cavabdehin mütəxəssisləri tərəfindən zərər dəymiş fərdi yaşayış evinə texniki baxış keçirilməklə hesablanmış 6300 manat zərər məbləğindən sığorta şəhadətnaməsində qeyd olunan 250 manat azadolma məbləği çıxılmaqla 6050 manat məbləğində yekun sığorta ödənişi müəyyən edilmişdir. Lakin, evə dəymiş maddi zərərin məbləği 6050 manatdan xeyli artıqdır. Belə ki, tərəfindən dəymiş zərərin qiymətləndirilməsi ilə əlaqədar mütəxəssis V.Fətəliyevə müraciət olunmuşdur. Mütəxəssis V.Fətəliyev tərəfindən tərtib olunmuş evin əsaslı təmiri və bərpası üçün lazım olan tikinti materialları və görüləcək işlərin ilkin siyahısı barədə 19.11.2020-ci il tarixli rəyə əsasən evinə dəymiş maddi zərərin əvəzi cəmi 29943 manat və leysan xarakterli yağışdan sonra maddi zərər dəymiş ev əşyalarının təmiri və bərpası üçün lazım olan material və görüləcək işlər barədə 20.11.2020-ci il tarixli rəyə əsasən dəymiş maddi zərərin əvəzi 1680 manatdır. Onu da qeyd edir ki, o, cavabdehə 15.07.2021-ci il tarixli ərizə ilə müraciət edərək cavabdeh tərəfindən evinin təmir olunub əvvəlki vəziyyətinin bərpa olunmasını xahiş etmiş,lakin cavabdeh tərəfindən evinin təmir olunub əvvəlki vəziyyətinin bərpa olunmasını xahiş etmiş, lakin cavabdeh onun bu xahişini də yerinə yetirməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-360/2022 saylı, 24 fevral 2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC-dən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin icbari sığortası üzrə 24750 manat məbləğində yekun sığorta ödənişi, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və iddiaçı tərəfindən vəkilə ödənilən hüquqi yardım haqqının əvəzi olan 100 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində ekspertiza xərci cavadeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın 7860 manat hissəsində təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Xidməti tərəfindən Cəmiyyətə təqdim edilmiş rəydə də aydın şəkildə görünür ki, mütəxəssislərin hadisə yerinə baxışı və verilmiş rəy 18 iyun 2021-ci tarix üçün nəzərdə tutulmuşdur. Nəsimi Rayon Məhkəməsinin 24.02.2022-ci il tarixli, 2(006)- 360/2022 saylı qətnaməsində qeyd olunan rəyə istinad edilərkən məhkəmə bu tarixi nəzərə almamışdır. Çünki əmlaka dəymış əsas və ilk zərər tarixi, yəni İddiaçı Cəmiyyətə müraciət etdiyi tarix 25.06.2020-ci il tarixə təsadüf edir. Əlavə olaraq Nəsimi Rayon Məhkəməsinin 2(006)-5953/2021 saylı, 07 10.2021-ci il tarixli qərardadı ilə məhkəməəmtəəşünaslıq və məhkəmə-tikinti texniki ekspertizası təyin edilmiş və ekspert rəyi təqdim edilənədək icraat dayandırılmışdır. Məhkəmə baxış iclasında tərəflərindən yazılı təqdim edilmiş suallar nə qərardad da, nədə ki ekspert rəyində öz əksini tapmamışdır. Çünki belə olan halda məhkəmə-əmtəəşünaslıq və məhkəmə-tikinti texniki ekspertizası rəy verərkən ilk hadisənin sığorta hadisəsi olmaması halını nəzərə almalı və 25 06.2020-cı il tarixdə baş verən hadisə nəticəsində əmlaka dəyən zərər çıxılmaqla rəy verilməli idi. Əlavə olaraq bildirmək istəyirlər ki, 20.12.2021-ci il tarixdə, saat 17:00-da zərər dəymiş əmlaka baxışın keçirilməsi ilə bağlı Cəmiyyətə bildiriş daxil olmuşdur. Qeyd olunan vaxtda Cəmiyyətin əmkdaşları bildirişdə göstərilən ünvanda olduqları halda ekspertlərin iştirakı olmamış lakin buna mayaraq rəy verilmişdir. Bu hal ilə bağlı məhkəmə baxış iclasında hakimə etiraz bildirilərək təkrar ekspertizanın təyin olunmasını xahiş etsələr də məhkəmə vəsatəti təmin etməmişdir. Əlavə olaraq Nəsimi Rayon Məhkəməsinin qeyd olunan ərazidə 3 dəfə fərqli hadisənin və müraciətin olmasını 24.02.2022-ci il tarixli, 2(006)-360/2022 saylı qətnaməsində təsdiq etsə də hər hadisə üzrə tərəflər arasında bağlanmış sığorta müqaviləsində nəzərdə tutulan azadolma məbləğini yekun zərərdən 1 dəfə çıxmaqla yekun məhkəmə aktı qəbul etmişdir. Bu hal özlüyündə məhkəmənin 25.06.2020-cı il tarixdə baş vermiş hadisəni sığorta hadisəsi kimi qiymətləndirilməsinə gətirib çıxarır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.2-ci maddəsinə əsaslanır, yəni sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Nəsimi Rayon Məhkəməsinin 24.02.2022-ci il tarixli, 2(006)-360/2022 saylı qətnaməsində həmin maddəyə istinad etdiyini görmək olar. Tərəflərindən məhkəmə baxış iclasında dəfələrlə 1-ci hadisənin “İcbari Sığortalar haqqında” Qanunun 36.1.8cımaddəsinə əsasən sığorta müqaviləsi üzrə təminat verilmiş sığorta risklərinə daxil olmadığı bildirilmişdir. Apellyasiya məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya qeyd edir ki, hazırkı apellyasiya baxışı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin, qətnamənin iddianın qismən təmin edilərək 24750 manat məbləğində sığorta ödənişinin ondan alınaraq iddiaçıya verilməsi, habelə məhkəmə xərclərinin ondan tutulması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması məzmunlu şikayəti əsasında başlanılmış, qətnaməni iddiaçı ümumiyyətlə mübahisələndirməyərək, əksinə qüvvədə saxlanılmasını xahiş etmişdir. Başqa sözlə, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmədiyi hissələrdə mübahisələndirilməmişdir və cavabdeh qətnamənin ləğvini xahiş etsə də, əslində onun şikayəti qətnamənin iddianın təmin olunan hissəsi ilə bağlı ləğvinə yönəlmişdir. Bununla yanaşı kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 372.7ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası izahatları bu kontekstdə dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə, 25.06.2020-ci ilin tarixində baş vermiş güclü külək nəticəsində iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzilin dam örtüyünün bir hissəsi uçub tökülmüşdür. Bundan sonra 22.07.2020-ci il tarixində evinin yerləşdiyi torpaq sahəsində sürüşmə-çökmə prosesi olduğu üçün evinin müxtəlif hissələrində, o cümlədən dam örtüyündə çatlar əmələ gəlmiş və həmin çatlar tədricən böyümüşdür. Bundan sonra iddiaçı 17.11.2020-ci il tarixədək evini təmir etdirə bilməmiş, evin bir hissəsində dam örtüyü olmadığına və evin müxtəlif hissələrində, o cümlədən dam örtüyündə çatlar olduğuna görə 17.11.2020-ci il tarixində leysan xarakterli yağış yağdığı zaman evini su basaraq fərdi yaşayış evinə daha çox zərər dəymişdir 01664818№-li Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y/Günəşli yaylası, döngə 2-də istifadədə olan 0,02475 ha torpaq sahəsində yerləşən 1 ədəd 1 və 1 ədəd 2 mərtəbəli, 5 otaqlı, 85.8 lv.m yaşayış, 201.9 kv.m köməkçi sahədən ibarət 46 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı B tikilisi 3 otaq-ü/s 188.6 kv.m adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 920 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsindən görünür ki, ünvan 1 ünvanı 27.12.2019-cu il tarixdə sığorta olunmuşdur. Bakı şəhəri Qaraçuxur Bələdiyyəsi tərəfindən cavabdeh "xxxx" ASC-yə ünvanlanan məktubdan görünür ki, Qaraçuxur qəsəbəsi, Y/Günəşli yaylası, döngə 2, ev 46 ünvana əməkdaşlar tərəfindən baxış keçirilmiş və evin qəzalı vəziyyətdə olduğu müəyyən edilmişdir. Həmin qəza vəziyyətinin hansı səbəbdən və hasnı tarixdə baxş verməsi barədə bələdiyyədə heç bir məlumatın olmadığı qeyd olunmuşdur. AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən cavabdeh "xxxx" ASC-yə ünvanlanan məktubdan görünür ki, ünvan 1 ünvanında 2021-ci il 18 iyun tarixində vizual mühəndis-geoloji tədqiqat işləri aparılmış və müvafiq arayış tərtib olunmuşdur. Həmin arayışa əsasən, ərazidə vizual araşdırma zamanı müəyyən olunmuşdur ki, həmin ərazidə sürüşmə-çökmə prosesi, torpaq qatında isə deformasiyalar müşahidə edilir. Təbii və texnogen amillərin təsirindən prosesin dinamikasında aktivləşmə proqnozlaşdırılır. Cavabdeh "xxxx" ASC-nin 30.07.2021-ci il tarixli məktubundan görünür ki, "xxxx" ASC-nin mütəxəssisləri tərəfindən zərər dəymiş fərdi yaşayış evinə texniki baxış keçirilməklə hesablanmış 6.300,00 manat zərər məbləğindən sığorta şəhadətnaməsində qeyd olunan 250,00 manat azadolma məbləği çııxlmaqla 6050,00 manat məbləğində yekun sığorta ödənişi müəyyən edilmişdir. Cavabdeh "xxxx" ASC-nin 04.03.2021-ci il tarixli məktubundan görünür ki, 17.11.2020-ci il tarixdə baş vermiş hadisə nəticəsində zərər dəymiş evə baxış keçirilmiş və hesablanmış 2060,00 manat zərər məbləğindən sığorta şəhadətnaməsində qeyd olunan 250,00 manat azadolma məbləği çıxılmaqla 1810,00 manat məbləğində yekun sığorta ödənişi müəyyən edilmişdir. Cavabdeh "xxxx" ASC-nin 02.02.2021-ci il tarixli məktubundan görünür ki, 22.07.2020-ci il tarixdə baş vermiş hadisə nəticəsində zərər dəymiş evə baxış keçirilmiş və hesablama aktı tərtib olunmaqla ünvan 1 saylı fərdi yaşayış evinə dəymiş ziyanın məbləği 940,50 manat məbləğində müəyyən edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 yanvar 2022-ci il 10/6162- 9/8430 saylı ekspert rəyindən görünür ki, 25.06.2020-ci il tarixində baş vermiş güclü külək nəticəsində, 22.07.2020-ci il tarixinde baş vermiş güclü külək nəticəsində, 22.07.2020-ci il tarixində, o cümlədən dam örtüyündə açıq çatlar əmələ gəlməsi və həmin çatların tədricən böyüməsi nəticəsində eləcə də 17.11.2020-ci il tarixində leysan xarakterli yağış yağdığı zaman evi su basması nəticəsində ünvan 3 ünvanında yerləşən maddi zərər dəymiş fərdi yaşayış evinin əsaslı təmiri və bərpası üçün çəkiləcək xərcin ümumi dəyəri 25.500 (170,0m² x 150 manat) manat məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir Həmin Qanunun 36.1.8-ci maddəsinə əsasən, daşınmaz əmlakın təbii fəlakətlər zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Həmin Qanunun 40.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın icbari sığortası üzrə sığorta haqqının məbləği əmlakın təyinatından və xüsusiyyətindən asılı olaraq faiz dərəcəsi ilə ifadə olunan tariflərin sığorta məbləğinə tətbiq edilməsi ilə müəyyənləşdirilir. Bundan başqa, Mülki Məcəllənin 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır Məhkəmə kollegiyası apellyasiya şikayətinin külək əsməsi nəticəsində evə ziyan dəyməsinin sığorta hadisəsi olmaması, həmin hadisə nəticəsində evə dəymiş maddi ziyanın tələb edilməsinin qanunsuz olması barədə dəlilə qiymət verərək hesab edir ki, həmin dəlill iş materiallarında olan sübutlarla təkzib olunur. Belə ki, iş materiallarında olan yuxarıda qeyd edilən ekspert rəyinin tədqiqat hissəsində qeyd olunmuşdur ki, fərdi yaşayış evinə baxış keçirilən zaman fərdi yaşayış evinin dam örtüyü İddiaçı tərəfindən təmin edildiyi müəyyən edilmişdir. Ekspert rəyindən görünür ki, tikilinin tikintisinə sərf edilə biləcək pul vəsaəitinin (xidmət haqqı və tikinti materialları nəzərə alınmaqla) məbləği, tikilinin faktiki vəziyyəti, təmirlilik dərəcəsi, aparılmalı təmir işləri nəzərə alınmaqla müəyyən edilimişdir. Ekspert rəyindən də göründüyü kimi ekspert tərəfindən baxış keçirilərkən külək əsməsi nəticəsində uçmuş evin damı iddiaçı tərəfindən artıq təmir olunmuşdur. Ekspert rəyində müəyyən olunmuş təmir xərci də evin faktiki vəziyyəti, görüləcək işlər nəzərə alımaaqla müəyyən olunduğundan, dam örtüyünə çəkilmiş xərc nəzərə alınmamışdır. Kollegiya hesab edir ki, apellyatorun şikayətdə göstərdiyi kimi fərdi yaşayış evinə külək əsməsi nəticəsində maddi ziyan dəyməsi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən sığorta müqaviləsi üzrə təminat verilmiş sığorta risklərinə daxil olmaması nəzərə alınsa belə, ekspertiza rəyində həmin dəymiş ziyanın məbləği nəzərə alınmadan 25.500 manat təmir xərci hesablanmışdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhz özünün təyin etdiyi ekspertizanın rəyini əsas götürərək sığortalanmış mənzilə dəydiyini müəyyənləşdirdiyi ziyan məbləğini cavabdeh şirkətdən tutmaqla, həmçinin məhkəmə xərclərini ona aid etməklə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin həmin hissələrdə ləğvi üçün əsas təşkil etmir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçının məhkəməyə təqdim etdiyi müqavilədən görünür ki, o, apellyasiya instansiya məhkəməsində hüquqlarını müdafiə etməsi üçün vəkil Nümayəndə ilə müqavilə bağlamışdır. Bundan başqa təqdim edilmiş qəbzdən görünür ki, xidmət haqqı olaraq iddiaçı tərəfindən vəkil Nümayəndə 100 (yüz) manat ödənilmişdir. Kollegiya hesab edir ki, iddiaçının apellyasiya instansiya məhkəməsində hüquqlarını müdafiə etməsi üçün vəkil Nümayəndə ödədiyi hüquqi yardım haqqının əvəzi olan 100 manat pul "xxxx" ASC-dən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(004)-207/2015 saylı iş üzrə 24 fevral 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. İddiaçının apellyasiya instansiya məhkəməsində hüquqlarını müdafiə etməsi üçün vəkilə ödədiyi hüquqi yardım haqqının əvəzi olan 100 (yüz) manat pul "xxxx" ASC-dən tutularaq İddiaçı xeyrinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-3987/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3987/2022
25.05.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver