Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3991/2020 22.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş xx xxxxxx 2019cu il tarixli qətnamədən cavabdeh Birliyin verdiyi apellyasiya şikayətinə əsasən işə iddiaçının iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdeh Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktın ləğv edilməsi, habelə həmin akta əsasən cavabdeh Birlik tərəfindən ona əlavə sərfiyyat kimi əsassız olaraq hesablanmış 1.944 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı özünə məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X.Vəliyev küçəsində yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Ev cavabdeh Birlik tərəfindən təbii qazla təmin olunur və bununla bağlı həmin ünvanda qaz sayğacı quraşdırılmışdır. 2018-ci ilin sentyabr ayında Birliyin əməkdaşları əvvəlki sayğacı yenisi ilə əvəz etmiş və sayğacı müvafiq laboratoriyaya göndərmişlər. Bir müddət sonra isə cavabdeh Birliyin əməkdaşları iddiaçıya bildirmişlər ki, əvvəlki sayğaca müdaxilə olunduğu üçün ona əlavə sərfiyyata görə 1.944 manat məbləğində borc hesablanmışdır. Eyni zamanda iddiaçıya bəlli olmuşdur ki, bu borc xx.xx.2018-ci il tarixdə tərtib edilmiş ******* nömrəli akt əsasında hesablanmışdır. İddiaçı hesab edir ki, Birliyin ondan qeyd edilən borcun ödənilməsini tələb etməsi və ümumiyyətlə qeyd edilən akt əsassızdır. Çünki sayğac küçədə yerləşir və sayğaca kim tərəfindən müdaxilə olunması və müdaxilənin hansı formada baş verməsi iddiaçıya bəlli deyildir. İddiaçının özü və digər ailə üzvləri qaz sayğacına heç bir müdaxilə etməmişlər. Bu baxımdan Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş həmin akt və akta əsasən əlavə sərfiyyat kimi hesablanmış borc ləğv edilməlidir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə qanunsuz və əsassızdır. Belə ki, iddiaçıya məxsus evdə quraşdırılmış qaz sayğacı yeni sayğacla əvəz edilmiş və onda problemlər aşkar olduğuna görə dövlət yoxlamasından keçirilməsi üçün İnformasiya Texnologiyaları və X1 göndərilmişdir. Həmin Laboratoriya tərəfindən verilmiş rəydən görünür ki, qaz sayğacına edilmiş müdaxilə nəticəsində sayğac istifadəyə yararsız hesab edilmişdir. Belə olan halda qaz sayğacına istehlakçı tərəfindən bilərəkdən müdaxilə olunduğu öz təsdiqini tapmışdır. Bu növ müdaxilə nəticəsində istehlakçı tərəfindən dəyəri ödənilmədən təbii qazdan istifadə olunur. Bu səbəbdən də akt tərtib olunaraq itirilmiş qazın dəyəri müəyyən olunmuş və istehlakçının qaz hesabına yüklənmişdir. Cavabdeh Birlik hazırki iş üzrə apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq apellyasiya baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, bu halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə Birliyin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən və hallarından müəyyən edilir və tərəflər arasında mübahisə doğurmur ki, iddiaçıya məxsus ev cavabdeh Birlik tərəfindən təbii qaz ilə təchiz edilir. İstifadə olunmuş təbii qazın həcmi Birlik tərəfindən evdə quraşdırılmış qaz sayğacı vasitəsi ilə hesablanır. Sayğac evin divarında, divarın küçəyə baxan tərəfində yerləşir. Cavabdeh Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, ******* №-li “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan” görünür ki, həmin tarixdə Birliyin əməkdaşları tərəfindən sayğaca baxış keçirilmiş, sayğaca müdaxilə edilməsi ehtimal olunduğundan sayğac çıxarılmış və yoxlanılması üçün laboratoriyaya göndərilmişdir. “Qaz sayğaclarına nəzarət” Komissiyasının QSN-29/1710-01472/2-16 №-li, xx.xx.2018-ci il tarixli aktından görünür ki, iddiaçının yaşadığı ünvanda quraşdırılmış sayğacın çıxış plastmas borusu deşilmişdir. Birliyin (etibarlılığı iddiaçı tərəfindən mübahisələndirlən) ******* nömrəli, xx.xx.2018ci il tarixli aktından görünür ki, iddiaçının yaşadığı ünvanda quraşdırılmış sayğacın çıxış plastmas borusu deşilmişdir. Birlik tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli qərardan və digər sənədlərdən görünür ki, aşkar edilmiş və yuxarıda qeyd edilmiş aktda əks olunmuş fakta görə iddiaçıya əlavə sərfiyyat olaraq 1.944 manat məbləğində borc hesablanmışdır. Göstərilənləri nəzərə alan mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (bənd 8.). Fıziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir (bənd 9.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” 4.2-ci bəndinə görə, qaz sayğacı ilə təsdiq edilmə, onun quraşdırılması və dəyişdirilməsi fıziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə görə, qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə görə, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafıq örtüklə örtülməli (fıziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə görə, fıziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə görə, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucusu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qeyd olunan maddi hüquq normalarının tələblərindən mövcud mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, fiziki şəxs olan istehlakçıların (hazırki halda əvvəlcə iddiaçının ərinin, onun ölümündən sonra isə iddiaçının) qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni cavabdeh Birlik daşıyır. Buna görə də Məhkəmə hesab edir ki, qaz sayğacında olan hər hansı qüsura görə iddiaçı tərəf məsuliyyət daşımır. Yuxarıda qeyd edilən Aktlarda göstərilən müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edən cavabdeh Birlik tərəfindən hər hansı sübutun məhkəmələrə təqdim edilməməsi Aktlarda əks olunan halın həqiqətə uyğun olan kimi qiymətləndirilməsini qeyri-mümkün edir. Belə ki, MPM-nin 77.2-ci maddəsinin mənasına görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. MPM-nin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Birlik tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə cavabdehin özünə aid edilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş xx xxxxxx 2019-cu il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Rəşad Həsənov “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-3991/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3991/2020
22.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver