Məhkəmə qərarları › İş №2(103)-3992/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3992/2022

25.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3992/2022 25.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Ərizəçi, eyni zamanda digər ərizəçi Ərizəçi1 nümayəndəsi Ərizəçi2 iştirakı ilə, Bakı şəhərində Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3668/2021 saylı iş üzrə 25 avqust 2021-ci il tarixli qətnaməsindən maraqlı şəxs Çopurova İlhamə Cəfər qızının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “mirasın qəbul olunması faktının müəyyən olunması və s.” barədə ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyət hüququ ilə mərhum Əliyev Əsgər Əli oğluna məxsus olan və Bakı şəhəri, Xətai rayonu, Əlişir Nəvai küçəsində yerləşən 25 nömrəli fərdi yaşayış evinə münasibətdə onların mirası qəbul etmələri faktının və mirasın açılması yerinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan ərizəçi, Ərizəçi1 nümayəndəsi Ərizəçi2 dəqiqləşmə barədə ərizə təqdim edərək, mülkiyyət hüququ ilə mərhum Əliyev Əsgər Əli oğluna məxsus olan və Bakı şəhəri, Xətai rayonu, Əlişir Nəvai (indiki Aşıq Qurban) küçəsində yerləşən 25 nömrəli fərdi yaşayış evinə münasibətdə onların mirası qəbul etmələri faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3668/2021 nömrəli iş üzrə qəbul etdiyi 25 avqust 2021-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilərək, mərhum Əliyev Əsgər Əli oğlundan miras qalmış Bakı şəhəri, Xətai rayonu, Əlişir Nəvai (indiki Aşıq Qurban) küçəsində yerləşən 25 nömrəli fərdi yaşayış evinin ərizəçilər Əliyeva Rəna Əsgər qızı və Ərizəçi2 tərəfindən miras kimi qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3668/2021 nömrəli iş üzrə qəbul etdiyi 25 avqust 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3668/2021 nömrəli iş üzrə qəbul etdiyi 25 avqust 2021-ci il tarixli qətnaməsində yol verilmiş yalnışlıq düzəldilərək, qətnamənin “qət etdi” hissəsindəki “Əliyeva Rəna Əsgər qızı” sözləri “Ərizəçi1” kimi oxunması qərara alınmışdır. Qətnamədən maraqlı şəxs Çopurova İlhamə Cəfər qızının vəkili və nümayəndəsi Vəkil qətnamədən apellyasiya şikayəti vermişdir.. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilk növbədə nəzərə alınmalıdır ki, Bakı şəhəri Xətai rayonu, Əlişir Nəvai (indiki Aşıq Qurban) küçəsində yerləşən 25 nömrəli fərdi yaşayış evi ilə bağlı Çopuraov İlhamə Cəfər qızı ilə hazırki iş üzrə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 arasında Xətai rayon Məhkəməsində daha öncəbaşlanmış məhkəmə mübahisəsi var, əgər mübahisə varsa hazırki işə xüsusi icraat qaydasında baxıla bilməz, işə iddia icraatı qaydasında baxılmalı idi. Bundan başqa, mübahusəli əmlak miras əmlak deyil, mərhum Əliyev Əsgər Əli oğlundan miras qalmayıb, əgər əmlak miras qalmışdırsa nə üçün vərəsələr mərhumun vəfat etdiyi tarixdən 22.02.2011-ci ildən hal-hazıradək 10 ildən çoxdur ki, mirası qəbul etmirlər, yaxud da hazırki ərizə ilə daha öncə müraciət etməyiblər. Ərizəçilər, qeyd olunan mübashisəli əmlakı miras kimi nə notariat qaydasında, nə faktiki, nə də əmlakı idarə etməklə qəbul etməyiblər, həmin fərdi yaşayış evində ərizəçilər 1997-ci ildən yaşamırlar. Ev 1997-ci ildən Əliyev Əsgər Əli oğlu tərəfindən Çopurova İlhamə Cəfər qızına satılıb. Ərizəçilər 2019-cu ildə bu faktı bir daha özləri təsdiq ediblər. Məhkəmə kollegiyasının iclasında ərizəçi, eyni zamanda digər ərizəçi Ərizəçi1 nümayəndəsi Ərizəçi2 maraqlı şəxs tərəfndən verilmiş apellyasiya şikayətinin əsassız olmaqla təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3668/2021 nömrəli iş üzrə qəbul etdiyi 25 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)- 4657/2021 saylı 24 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Çopurova İlhamə Cəfər qızının cavabdehlər Ərizəçi2 və qeyrilərinə qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1809/2022 saylı 11 aprel 2022-ci il tarixli qətnaməsi ilə isə Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-4657/2021 saylı 24 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, məhkəmədə Çopurova İlhamə Cəfər qızı tərəfindən mübahisəli fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair iddia tələbinə baxıldığından, yəni məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edildiyindən ərizəçilər Ərizəçi1 və Ərizəçi2 mirasın qəbul olunması faktının müəyyən olunması və s hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunan halların məcmusunu nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3668/2021 saylı iş üzrə 25 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 mirasın qəbul olunması faktının müəyyən olunması və s. tələbinə dair ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306, 385, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Maraqlı şəxs Çopurova İlhamə Cəfər qızının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3668/2021 saylı iş üzrə 25 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 mirasın qəbul olunması faktının müəyyən olunması və s. tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar