Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3999/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçı və onun vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zərərin əvəinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Bakı şəhəri, Yasamal rayonu Dadaş Bünyatsazdə küçəsində yerləşən 128 saylı evin Cavabdeh mülkiyyətində olan 1/12 hissəsinin hazırkı bazar dəyəri ilə 12 avqust 2015-ci ildə qətnamə qəbul edilərkən evin bazar dəyəri (60.000 manat) arasındakı fərqin cavabdehdən tutularaq ona ödənlməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia rədd olunmuşdur. İddiaçı, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, Bakı Apellyasiya Məhkəməsinin 12.08.2015-ci il tarixli qətnaməsi bu iş üzrə preyudisial xarakter daşısa da, məhkəmə tərəfindən nəzə alınmamışdır. Belə ki, həmin qətnamə ilə iddiaçının ailə üzvləri ilə birlikdə mübahisə prdemeti olan evdən çıxarılması və cavabdehdən isə evin bazar dəyəri kimi 60.000 manat alınaraq, ona ödənilməsi qət edilmişdir. Qətnamə icraya yönəldilsə də, cavabdeh qətnaməni qəsdən icra etməmişdir. Belə ki, qətnamə icraya yönəldiləndən bu günədək manatın devalvasiyası nəticəsində evlərin qiymətləri qalxmış, cavabdeh də qiymətlərin qalxmasından istifadə edərək, gəlir əldə etmək məqsədilə evin iddiaçıya satılmasını ləngidir. Cavabdehin bu hərəkətləri nəticəsində isə iddiaçıya ziyan dəyir. Bakı Apellyasiya Məhkəməsinin 12 iyun 2020-ci il tarixli qərardadı ilə Yasamal Rayon Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, mülki iş üzrə icraata xitam verilmiş və iddiaçıya izah olunmuşdur ki, MPM-in 232-ci maddəsinə uyğun olaraq ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 fevral 2021-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 12 iyun 2020-ci il tarixli qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdilər. Cavabdeh isə, şikayətə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya, tərəfləri dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sənədlərdən görünür ki, Bakı Apellyasiya Məhkəməsi 12.08.2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı və başqalarına qarşı “evdən çıxarılma və sair tələbi barədə” ilk iddiasının qismən, İddiaçı Cavabdeh qarşı “evin dəyərinin bazar qiymətinə uyğun ödənilməsi tələbi barədə” qarşılıqlı iddiasının isə tam təmin edilməsi, İddiaçı, A.Məmmədova, O.Məmmədov və T.Məmmədovun evə istifadə hüququnun olmadığının müəyyən edilməsi və həmin şəxslərin evdən çıxarılmaları, evin dəyəri kimi 60.000 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı verilməsi, pulun ödənilməsi və evdən çıxarılma barədə göstərişlərin eyni vaxtda icra edilməsi və s. qət edilmiş və qətnamə qanuni qüvvəsini alaraq icraya yönədilmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən məhkəmə sorğusuna cavab olaraq, 26.05.2021-ci il tarixli məktubla bildirilmişdir ki, borclu Cavabdeh icra sənədində göstərilən borc məbləğini ödəmədiyi üçün barəsində protokol tərtib olunaraq Yasamal Rayon Məhkəməsinə göndərilmiş, lakin məhkəmə tərəfindən icra sənədindəki tələblərin eyni vaxtda icra olunması səbəbindən protokol geri qaytarılmışdır. Hazırda iddiaçı, bildirir ki, sözügedən qətnamə ilə ona ödənilməsi müəyyən edilən 60.000 manat pul hazırkı vaxtda öz alıcılıq dəyərini itirərək kəskin şəkildə inflyasiya uğrayıb və evin dəyəri artaraq 100.000 manat olub. Ona görə də ona dəyən zərər cavabdeh tərəfindən kompensasiya edilməlidir. Cavabdeh isə, iddiaya etiraz edərək, qətnamənin icra edilməməsinin səbəbkarının iddiaçı olduğunu və evi satmağa ona imkan vermədiyni bildirir. Ali Məhkəmə, əvvəlki apellyasiya icraatının qərardadını ləğv edərkən 09.02.2021-ci il traixli qərarında vurğulamışdır ki, apellyasiya instansiyası məhkəməsi hazırkı iddia üzrə iş üzrə icraata xitam verməklə mülki prosessual normaların tələblərini pozub. Belə ki, əvvəla, MPM-in 261.0.2-ci maddəsində nəzərdə tutulan əsasla məhkəmə iş üzrə icraata o, vaxt xitam verə bilər ki, işə məhkəmədə baxılmalı olmasın. Digər tərəfdən, iddia ərizəsindən görünür ki, iddiaçının cavabdehə qarşı hazırkı tələbi Bakı Apelyasiya Məhkəməsinin 12.08.2015-ci il tarixli qətnaməsinin icrası zamanı sözügedən evin dəyəri kimi 60.000 manat pulun cavabdehdən tutulub iddiaçıya ödənilməli olan həmin məbləğin indeksasiyası ilə bağlı deyil, sözügedən evin cavabdehin mülkiyyətində olan 1/12 hissəsinin hazırkı bazar dəyəri ilə 12.08.2015-ci ildə qətnamə qəbul edilənədək bazar dəyəri arasındakı fərqin tutulması ilə bağlıdır. Bunlar isə fərqli tələblərdir və prosessual qanunvericilik hazırki tələbə məhkəmədə baxılmasını istisna etmir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası, kasassasiya instansiya məhkəməsinin yuxarıdakı mövqeyini də nəzərə almaqla tələbin hüquqi əsaslarını nəzərdən keçirərək, bildirir ki, iddiaçı mübahisə predmeti olan mənzildən çıxması müqabilində mənzilin bazar dəyəri kimi ona ödənilməsi qət olunmuş məbləğin cavabdeh tərəfindən ödənilməməsi nəticəsində mənzilin həmin vaxtkı dəyəri ilə hazırkı bazar dəyəri arasındakı fərqi üçün əldən çıxmış fayda kimi əsassız varlanma qaydaları çərçivəsində tələb etməkdə haqlı deyil. Belə ki, Mülki Məcəllənin 1091.1-ci və 1091.2-ci maddələrinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Göründüyü kimi, əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün iş üzrə aşağıdakı üç şərt müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi, həmin əmlakı iddiaçının əmlakı hesabına əldə edilməsi və bu əldəetmə üçün heç bir hüquqi əsas olmaması. Baxılan işdən görünür ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə iddiaçının digər şəxslərlə birlikdə cavabdehə məxsus evdən çıxarılması, cavabdeh tərəfindən ona həmin evin dəyəri kimi 60.000 manat ödənilməsi və tələblərin eyni vaxtda icra edilməsi qət edilmişdir. Qətnamə icraya yönəldilsə də, hazıradək icra olunmamış qalmışdır. Yəni hazırda iddiaçı ailə üzrvləri ilə birlikdə cavabdehə məxsus evdə yaşamaqda davam edir, həmçinin, cavabdeh də qət olunmuş məbləği iddiaçıya ödəməmişdir. İddiaçı evdən çıxmamasının səbəbi kimi, cavabdeh tərəfindən ona qeyd olunan məbləğin ödənilmədiyini, cavabdeh isə iddiaçı evdən çıxmadığından və evi satmağa imkan vermədiyindən, həmin məbləği ödəyə bilmədiyini bildirir. Belə olan halda, yəni cavabdehə məxsus evdə yaşamaqda davam etdiyi və oradan yararlandığı halda, iddiaçının qanuni qüvvəyə minmiş qətnamə ilə ona ödənilməli olan məbləğin evin hazırkı bazar qiyməti ilə fərqinin ödənilməsini istəməsinin hüquqi əsası yoxdur və bu ziyan kimi qiymətləndirilərək cavabdehdən tutula biməz. Beləliklə, Kollegiya qeyd olunanlara əsasən, bu qənatə gəlir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6074/2019 saylı iş üzrə 20 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3999/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3999/2021
26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver