Məhkəmə qərarları › İş №2(103)-3999/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3999/2024

29.08.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3999/2024 29.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqının, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, cavabdeh – Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqının, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2022ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Şt-10 nömrəli 27 fevral 2013-cü il tarixli əmri ilə Respublika X3 Kompleksinin direktoru vəzifəsinə işə qəbul edilmişdir.

2. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində olan Respublika Stend Atıcılığı üzrə İdman Kompleksinin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması 10-12 fevral 2020-ci il tarixdə başlanılmış, 13-18 fevral 2020-ci il tarixdə başa çatmış, aparılmış yoxlama zamanı çoxsaylı pozuntu halları aşkar edilmişdir. Belə ki, işçilərin təhsil və iş təcrübəsi normalarına riayət edilməyərək rəhbərlik tərəfindən işə götürülməsi halları aşkar edilmişdir. Yoxlama zamanı Kompleksin istifadəsində benzin yanacağı ilə işləyən avtomobillər olmadığı halda, benzin yanacağından istifadə ilə bağlı kassa çekləri təqdim olunmuşdur. Kompleksdə son 15 gün ərzində xronometraj aparılması üçün müşahidə kameralarına baxış keçirilməsinə Kompleksin müdiriyyəti və nəzarət xidməti şöbəsinin rəisi tərəfindən 18 fevral 2020-ci il tarixə kimi icazə verilməmişdir. Kompleksdə əsas vəsaitlərin və mal materialların dövriyyəsi barədə heç bir sənəd təqdim edilməmiş və kompleksdə alınan və kompleksə əvəzsiz verilən əsas vəsaitlər və mal materialların mədaxil və məxaric dövriyyəsini yoxlamaq mümkün olmamışdır. Gənclər və İdman Nazirliyi tərəfindən Respublika Stend Atıcılığı üzrə İdman Kompleksinə 2019-cu il üzrə təsdiq olunmuş xərclər smetasının gəlirlər hissəsində 440 000 manat nəzərdə tutulmuş və tam ödənmişdir. Lakin smetanın gəlirlər hissəsində Kompleksin üzərinə düşən öhdəliklər cəmi 17 447 manat vəsait icra edilmişdir və sair.

3. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə İddiaçı əmək vəzifələrini kobud şəkildə pozduğuna görə işəgötürənin Şt-05 nömrəli 18 fevral 2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı (iddiaçı) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin ŞT 05 nömrəli 18 fevral 2020-ci il tarixli əmrinin ləğv olunması, X3 Kompleksinin direktoru vəzifəsinə işə bərpa edilməsi, işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqının, tərəfindən Kompleksin hesabına yatırdığı vəsait qismində 130 000 manatın, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği qismində 1500 manatın, eləcə də mənəvi ziyana görə 15 000 manatın cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, cavabdehin Şt-10 nömrəli 27 fevral 2013-cü il tarixli əmri ilə Respublika X3 Kompleksinin direktoru vəzifəsinə işə qəbul edilmiş, Şt-05 nömrəli 18 fevral 2020-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmuşdur. Əmək müqaviləsinə qanunsuz xitam verilməsi ilə bağlı cavabdehi 2020-ci ilin fevral ayında məhkəməyə vermiş və cavabdehin Şt-05 nömrəli 18 fevral 2020-ci il tarixli əmrinin ləğv edilməsini tələb etmiş, birinci instansiya məhkəməsində araşdırma zamanı cavabdehin təmsilçiləri ilə görüş keçirilmiş, həmin görüşdə əldə edilən razılığa əsasən, iddiasını geri götürməsi müqabilində barəsində verilən əmrin dəyişdirilərək əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsi ilə deyil, 69-cu maddəsi ilə (öz təşəbbüsü ilə) xitam verilməsi barədə razılıq əldə olunmuşdur. Razılığa uyğun olaraq iddia ərizəsini geri götürsə də, cavabdeh öz öhdəliyini yerinə yetirməmiş və əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə dəyişiklik etməmişdir. Əmrin dəyişməsi üçün dəfələrlə cavabdehin yüksək rütbəli məmurlarına müraciətlər etsə də, keçmiş Nazirin səhhətində olan problemlərlə əlaqədar işə çıxmadığını və bu səbəbdən əmrdə dəyişiklik etmək imkanlarının olmadığını ona bildirmişlər. Nəhayət, yenidən məhkəməyə müraciət etmək üçün ilk növbədə mediasiya keçirilməsi üçün təkliflə cavabdehə yazılı müraciət etmiş, cavabdeh onun müraciətinə cavab vermədiyi üçün Mediasiya Şurasına mediasiyanın təşkili üçün müraciət etmişdir. Mediasiya Şurasının təyin etdiyi mediator tərəfindən tərəflərə bildiriş göndərilmiş və cavabdeh bu görüşə də gəlməmişdir. Əmək fəaliyyətinə 2013-cü ildən başlasa da, Respublika X3 Kompleksinin təmiri 2016-cı ildə yekunlaşdıqdan sonra faktiki fəaliyyətə başlamışdır. Kompleksdə təmir işləri cavabdeh tərəfindən təhkim edilmiş podratçı təşkilat tərəfindən aparılmış və podratın nəticəsi cavabdehə təqdim edilmişdir. Podratın nəticəsi onun tərəfindən qəbul edilməmişdir. 2017-ci ildən etibarən Kompleksdə olan çatışmazlıqlar barədə və çatışmazlıqların aradan qaldırılması üçün köməklik edilməsi üçün dəfələrlə cavabdehə və müxtəlif səlahiyyətli dövlət orqanlarına müraciətlər etmişdir.

6. Cavabdehin nümayəndəsi iddia tələblərinin əsassız olduğunu bildirərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, eyni zamanda iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək bildirmişdir ki, iddia ərizəsində iddia müddətinin bərpası ilə bağlı Mülki Məcəllənin 382-ci maddəsinə istinad olunması əsassızdır. Belə ki iddiaçının şəxsiyyəti ilə bağlı halların (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və s.) heç biri onda müşahidə edilməmiş, bu barədə heç bir sübut təqdim olunmamışdır. Mülki hüquqda iddia və kəsici müddətlər fərqləndirilir. Bu mülki hüquqların həyata keçirilməsi müddətidir ki, qanunverici yalnız bu müddət ərzində şəxsə öz pozulmuş hüquqlarının bərpa olunması üçün imkan tanıyır. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddiaçının əmək fəaliyyətinə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin 18 fevral 2020-ci il tarixli Şt-05 saylı əmri ilə xitam verilmiş və o, tutduğu vəzifədən azad edilmişdir. 17 mart 2020-ci il tarixdə iddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərkən artıq əmri, əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətlərini iddia ərizəsinə əlavə etmişdir. Bu onun artıq hüququnun pozulmasının aşkar edildiyi gündən xəbərdar olmasını sübut etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Mülki Məcəllənin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.

7. Birinci instansiya məhkəməsinin 14 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürənin 19 fevral 2020-ci il tarixli 17 saylı əmri ilə xitam verilmiş, iddiaçı isə 17 mart 2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia ərizəsinə işdən çıxma haqqında əmrin surətini də əlavə etmişdir. Bu da sübut edir ki, iddiaçı ilk dəfə məhkəməyə müraciət edərkən hüquqlarının pozulması barədə məlumatlı olmuşdur. Qeyd edilən iddia 27 avqust 2020-ci il tarixli qərardadla baxılmamış saxlanılmış, hazırkı iddia ərizəsi ilə isə məhkəməyə 28 oktyabr 2021-ci il tarixdə müraciət edilmiş, bununla da Əmək Məcəlləsinin 296.2-ci maddəsinin tələbləri pozulmuşdur.

9. Məhkəmə həmçinin qeyd etmişdir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Bununla da iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini keçirməklə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddia müddətinin ötürülməsinə görə iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək mövcud iddia tələbləri rədd edilməlidir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 3, 42.1, 45, 47, 56.2, 287, 288, 288-ci maddənin “ğ” bəndinə, 292, 296-cı maddəsinin 5-ci bəndinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddia ərizəsinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə bütün faktiki halları nəzərə almamış və obyektiv araşdırma aparmamış, iş üçün əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normalarını səhv tətbiq etmişdir. Belə ki o, əmək müqaviləsinə xitam verilməsi barədə iddia ərizəsini məhkəməyə vaxtında təqdim etmiş və birinci instansiya məhkəməsində tərəflər arasında olan razılığa əsasən o, iddia ərizəsini geri götürdükdən sonra cavabdeh onun əmək müqaviləsinə xitam vermənin əsası olmuş əmri dəyişməyi öhdəsinə götürmüşdür. Bu hal mülki işin mübahisəsiz halıdır. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinin tələblərinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Göründüyü kimi o, hüquqlarının müdafiəsi üçün məhkəməyə vaxtında müraciət etmiş, cavabdeh onun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrinə dəyişiklik etmək barədə öhdəlik götürdüyü üçün iddiasını geri götürmüşdür. Lakin dövlət orqanının vəzifəli şəxsinə etibar edərək iddiasını geri götürdüyü halda onu aldadaraq əmrinə dəyişiklik etməmək, əksinə iddia müddəti tətbiq etməklə iddianın təmin edilməməsi barədə qətnamə qəbul etmək nəinki Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Respublikasının adından qətnamə qəbul edən birinci instansiya məhkəməsi tərəfindən dövlətin nüfuzuna ləkə gətirən kobud qanun pozuntusu hesab edilməlidir. Cavabdehin onu aldatması, tərəfindən iddia müddətinin ötürülməsi kimi qiymətləndirilməməlidir. Belə ki, Mülki Məcəllənin 382-ci maddəsində və Əmək Məcəlləsinin 296-cı maddəsində qeyd edildiyi kimi obyektiv hal hesab edilərək mahiyyəti üzrə işə baxılmalıdır. Məhkəməyə iddia ərizəsi vaxtında irəli sürülmüş, cavabdeh tərəfindən onu təmin edən tələbin yerinə yetiriləcəyi barədə öhdəlik götürülmüşdür. Belə olan halda iddia müddətinin axımı kəsilməlidir. Həmçinin cavabdehin təqdim etdiyi arayışda ona olan borcun bir qismi etiraf olunmuşdur. Belə olan halda iddia müddəti tətbiq edilə bilməz. Birincisi, bu məbləğin geri tələb edilməsi işəgötürənin işçiyə vurduğu maddi ziyan kimi qiymətləndirilməməlidir. Belə ki, onun tərəfindən verilən borc işəgötürənin vurduğu maddi ziyan kimi qiymətləndirilə bilməz və o, 2020-ci ilin dekabr ayında və 2021-ci ilin yanvar ayında cavabdehə müraciət edərək Kompleksə yatırdığı pul vəsaitlərini geri tələb etmişdir. Cavabdeh onun müraciətlərinə 20 may 2021-ci il tarixli məktubla cavab verərək bildirmişdir ki, Kompleksin onun qarşısında hər hansı bir borcunu müəyyən etmək mümkün olmamışdır. Belə olan halda, pulunu geri tələb etmək üçün müddət 20 may 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa cavabdeh təqdim etdiyi arayışda ona 39 020 manat borcunun olduğunu etiraf etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 14 fevral 2022-ci il tarixli qətnaməsi iddiaçının “kompleksin hesabına yatırdığı vəsait qismində 130 000 manatın və məhkəmə xərclərinin tutulması” tələbinin təmin edilməməsi hissəsində ləğv olunaraq həmin hissədə yeni qətnamə çıxarılmış, iddia tələbi həmin hissələrdə qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə 39 020 manatın və ödənilmiş dövlət rüsumuna görə 98 manatın, yəni cəmi 39 118 manatın tutulması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə kollegiyası gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

14.1. İddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndində, habelə həmin Məcəllənin 72-ci maddəsinin "c” bəndində nəzərdə tutulan kobud əmək pozuntusuna yol verməsi mülki iş materialları ilə istisna olunmamışdır. Belə ki, işin bu halları aparılmış araşdırmalar nəticəsində öz təsdiqini tapmışdır. Buna görə də əmrin verilməsi qanuni olmuşdur. 14.2. Məhkəmə iddia müddətinin ötürülməsi ilə əlaqədar mübahisələndirilən əmrin ləğv edilməsi və iddiaçının əvvəlki vəzifəsinə işə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqı ödənilməsi ilə bağlı hissədə iddia müddətini tətbiq etməklə iddia tələbini rədd edərkən düzgün hüquqi nəticəyə gəlsə də, qeyd olunan əsasla iddia tələbini Kompleksin hesabına yatırdığı vəsait qismində 130 000 manatın və məhkəmə xərclərinin iddiaçının xeyrinə tutulması ilə bağlı hissələrdə rədd etməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, əmək qanunvericiliyi əmək hüquqlarının müdafiəsi üçün müddətlər müəyyən etmişdir və həmin müddətlər ərzində səlahiyyətli şəxslər öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilərlər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. 14.3. İddiaçı tərəfindən 06 aprel 2020-ci ildə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edilmiş və iddia ərizəsinə işdən çıxma haqqında əmrin surəti əlavə edilmişdir. Bu da sübut etmişdir ki, iddiaçı ilk dəfə məhkəməyə müraciət edərkən hüquqlarının pozulması barədə məlumatlı olmuşdur. Qeyd edilən iddia birinci instansiya məhkəməsinin 27 avqust 2020-ci il tarixli qərardadı ilə baxılmamış saxlanılmışdır. Hazırkı iddia ərizəsi ilə isə məhkəməyə 28 oktyabr 2021-ci il tarixdə, 1 ildən artıq müddət keçdikdən sonra müraciət etmiş və bununla da iddiaçı əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilərək onun yenidən əvvəlki vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbləri üzrə bir aylıq iddia müddətini ötürmüş, mübahisə tərəfi olan cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Mülki Məcəllənin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Hazırkı halda iddia birinci instansiya məhkəməsinin 27 avqust 2020-ci il tarixli qərardadı ilə baxılmamış saxlanıldığı üçün iddia müddətinin axımı iddiaçının 2(005)-1893/2020 saylı mülki iş üzrə birinci instansiya məhkəməsinin müraciət etdiyi vaxtdan davam etmişdir. İddiaçı iddianın baxılmamış saxlanılmasına görə cavabdeh tərəfindən aldadıldığını qeyd etsə də, bu hal birinci instansiya məhkəməsinin sözügedən qərardadı və iş materialları ilə öz təsdiqini tapmamış, bununla bağlı mötəbər sübutlar təqdim olunmamışdır. 14.4. İddiaçı bir neçə dəfə cavabdehə yazılı müraciətlər edərək X1 direktor işlədiyi dövrdə Kompleksin fəaliyyətsizliyini təmin etmək üçün yatırdığı şəxsi vəsaitini geri ödəməyi tələb etmiş, lakin iddiaçı işdən çıxarkən təhvil-təslimdə iştirak etməməsi səbəbindən vəsaitin geri qaytarılmasından imtina olunmuşdur. Həmçinin iddiaçının gördüyü işlərin cavabdeh tərəfindən bəyənilməməsi və ya iddiaçı tərəfindən görülmüş işlərin lazimi qaydada aparılmaması ilə bağlı cavabdeh tərəfindən hər hansı bir etiraz olmamışdır. Əksinə, cavabdeh iddiaçının müraciətlərinə "təhvil-təslimdə iştirak etməmiş olduğuna” görə vəsaiti qaytarmaqdan imtina edirsə, bir növ "iştirak etsə idi qaytarılardı” deməklə iddiaçı tərəfindən görülmüş işlərin bəyənildiyi məzmunda iradə ifadəsi ortaya qoymuşdur. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Stend Atıcılığı üzrə İdman Kompleksinin birinci instansiya məhkəməsinə ünvanladığı 31 yanvar 2022-ci il tarixli, 05/22 saylı məktuba əsasən İddiaçı Stend Atıcılığı üzrə İdman Kompleksinin direktoru vəzifəsində çalışdığı 27 noyabr 2012 - 18 fevral 2020-ci il tarixlərdə kassa hesabına kassa mədaxil orderlərinə əsasən öz adından bir neçə dəfə vəsait qoymuşdur, həmçinin kassa məxaric orderlərinə əsasən bir neçə dəfə vəsait götürmüşdür. Mədaxil və məxaric olunan vəsait aşağıda göstərildiyi formada kassa sənədlərində öz əksini tapmışdır. Belə ki, mart 2013-cü ildə 38 750,0 manat, fevral 2016-cı ildə 1145,0 manat, iyun 2016-cı ildə 300 manat, oktyabr 2016-cı ildə 4670,0 manat məbləğlərində pul vəsaitləri qoyulmuş, iyul 2015-ci ildə 1500 manat, iyul 2016-cı ildə 1145,0 manat, fevral 2018-ci ildə 3200 manat götürülmüşdür. Qeyd olunan məktublarla da müəyyən olunmuşdur ki, qalıq, yəni iddiaçı tərəfindən götürülməmiş vəsait 39 020 manat təşkil etmişdir. 14.5. Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Özgə işlərini tapşırıqsız aparma qanundan irəli gələn tələb olmaqla həmin tələblər üzrə ümumi iddia müddəti 10 il təşkil edir. İddiaçının Kompleksin hesabına yatırdığı vəsait qismində 130 000 manat pul tələb edilməsi ilə bağlı iddia tələbi qanundan irəli gəlməklə qeyd olunan tələb üzrə iddia müddəti on il olduğundan iddia müddətinin keçməsi ilə əlaqədar birinci instansiya məhkəməsi iddianı qeyd olunan hissədə rədd edərkən maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır və məhkəmənin qətnamədə göstərilmiş nəticəsi işin hallarına uyğun gəlməmişdir. Buna görə də, cavabdehdən iddiaçının xeyrinə Stend Atıcılığı üzrə İdman Kompleksinin birinci instansiya məhkəməsinə ünvanladığı 31 yanvar 2022-ci il tarixli 05/22 saylı məktubda qalıq vəsait kimi qeyd olunmuş 39 020 manat vəsait tutulmalıdır.

15. İddianın mənəvi zərərlə bağlı hissəsinə qiymət verən məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericinin mövqeyinə görə mənəvi zərərin vurulmasını iddia edən tərəf, fiziki və mənəvi sarsıntı keçirmələrini və bunların cavabdehin hansı hərəkəti (hərəkətsizliyi) nəticəsində baş verməsini, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulmuş zərər arasında səbəbli əlaqənin olduğunu sübuta yetirməlidir. İddiaçı isə bununla bağlı sübutları təqdim etməmişdir, həmçinin mənəvi zərərin təmin edilməsi üçün xüsusi norma olaraq Əmək Məcəlləsinin 290-cı maddəsinin qeyd hissəsində göstərilən əsaslar da müəyyən olunmamışdır.

16. Dövlət rüsumu ilə bağlı isə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 437 manat dövlət rüsumunun 98 manatı iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddiaçının vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği qismində 1500 manatın cavabdehdən tutulması ilə bağlı isə qeyd edilməlidir ki, iddiaçının iddia etdiyi məbləğdə xərc çəkməsi ilə əlaqədar hər hansı bir mötəbər sübut təqdim edilmədiyindən iddia həmin hissədə təmin olunmamalıdır.

17. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 324.2, 324.4. 337.1. 337.2-ci maddələrinə, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” və “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 05 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarlarına istinadla əsaslandırmışdır.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 may 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 oktyabr 2023-cü il tarixli qətnaməsinin qismən - cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən İddiaçı xeyrinə 39 020 manat, ödənilmiş dövlət rüsumuna görə 98 manat, cəmi 39 118 manat pulun tutulması hissəsində ləğv edilərək işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması, qalan mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən, iddiaçının kassasiya şikayətinin təmin edilmədən saxlanılması qərara alınmışdır.

19. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “...Kassasiya instansiyası məhkəməsi iddianın təmin olunan hissəsi istisna olmaqla apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, iddianın rədd olunan hissələrində birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla, apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırkı əmək mübahisəsində düzgün tətbiq edib. Ona görə də kassasiya instansiyası məhkəməsi iddianın rədd olunan hissələrində əlavə araşdırma aparmağa lüzum görmür və belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin hissələrdə dəyişdirilmədən, iddiaçının kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. İddianın təmin olunan hissəsinə, habelə cavabdehin kassasiya şikayətinin dəlillərinə gəlincə isə kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi bu hissədə iddianı təmin etməklə maddi və prosessual hüquq normalarının tələblərini pozub və maddi hüquq normalarının təfsirində səhvə yol verib. Belə ki, cavabdehin 31 yanvar 2022-ci il tarixli məktubundan görünür ki, iddiaçı cavabdehin Stend Atıcılığı üzrə İdman Kompleksinin direktoru vəzifəsində çalışdığı 27 noyabr 2012-ci ildən 18 fevral 2020-ci il tarixədək olan dövrdə kassa mədaxil orderlərinə əsasən öz adından Kompleksə 2013-cü ilin mart ayında 38 750 manat; 2016-cı ilin fevral ayında 1145 manat; 2016-cı ilin iyun ayında 300 manat; 2016-cı ilin oktyabr ayında 4670 manat məbləğində vəsait qoyub; Kompleksdən isə 2015-ci ilin iyul ayında 1500 manat; 2016-cı ilin iyul ayında 1145 manat; 2018-ci ilin fevral ayında 3200 manat məbləğində vəsait götürüb. Əvvəla, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1087.1-ci və 1090.1-ci maddələrinin tələblərini hazırkı əmək mübahisəsinə tətbiq edərkən Əmək Məcəlləsinin 1-ci, 2-ci, 3-cü maddələrinin, habelə Mülki Məcəllənin 2.3-cü maddəsinin tələblərini nəzərə almayıb. Belə ki, sözügedən normaların mənasına görə, mülki qanunvericilik əmək münasibətlərində yalnız subsidiar olaraq tətbiq oluna bilər. Yəni ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənə bilir. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1087.1, 1090.1-ci maddələrinin təfsirində də səhvə yol verib və iddiaçının tapşırıqsız cavabdehin işlərini apardığı nəticəsinə gəlsə də, tapşırıqsız aparılmış işlərin nədən ibarət olması ilə bağlı heç bir araşdırma aparmayıb. Halbuki sözügedən normaların mənasına görə tapşırıqsız özgə işlərinin aparılması dedikdə - sahibkarın işlərinin ondan heç bir tapşırıq almadan və ya digər əsas olmadan kənar şəxs tərəfindən aparılması anlaşılır. Başqa sözlə özgə işlərini tapşırıqsız aparma sahibkarın xəbəri və razılığı olmadan ona aid olan işin başqa şəxs tərəfindən aparılmasından ibarətdir. Bundan başqa Mülki Məcəllənin 1090-cı maddəsinin mənasına görə özgə işlərinin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun olmalıdır. Özgə işləri bu tələblərə uyğun həyata keçirildikdə icraçı çəkmiş olduğu xərclərin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. Şübhəsizdir ki, aparılmış işlərin sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə müvafiq aparılması onun özü tərəfindən də təsdiqlənməlidir. Belə ki, yuxarıda şərh olunan maddələrdə nəzərdə tutulduğu kimi işlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmədikdə bir qayda olaraq icraçı xərclərin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilməz. Bu ümumi qaydadan belə bir istisna nəzərdə tutulmuşdur ki, işlərin aparılmağa qəbul edilməsi sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmədikdə belə işlərin aparılması prosesində o, varlanmış olarsa, icraçı xərclərin ödənilməsini və öhdəliklərdən azad edilməsini tələb edə bilər. Özgə işlərinin aparılmasında icraçının əsas vəzifəsi Mülki Məcəllənin 1087.1-ci maddəsinə əsasən onun vicdanla aparmaqdır. İcraçı tapşırıqsız olaraq sahibkarın işini onun mənafeyinə və ehtimal olunan istəyinə uyğun olaraq apararkən lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, işin gözlənilən nəticə ilə qurtarmaması icraçını xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb etmək hüququndan məhrum etmir. Belə halda işin gözlənilən nəticə ilə qurtarmaması vicdanla hərəkət etmiş icraçıdan asılı olmayan səbəblərdən baş verir. Şərh olunan maddələrdə nəzərdə tutulduğu kimi bu halda tapşırıqsız aparılmış iş sahibkarın şəxsi mənafeyinə və ehtimal olunan istəyinə deyil, ictimai marağa uyğun olmalıdır. Qeyd olunan maddələrin bu müddəası sahibkarın şəxsi mənafeyi və ehtimal olunan istəyi ilə onun icra etməli olduğu ictimai vəzifəsi arasında hansısa uyğunsuzluq olduqda tətbiq edilir. İşdən görünür ki, tərəflər arasında əmək münasibətləri olub və iddiaçı 27 noyabr 2012-ci ildən 18 fevral 2020-ci il tarixədək cavabdehin X3 Kompleksinin direktoru vəzifəsində işləyib və işəgötürənin 18 fevral 2020ci il tarixli, Şt-05 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən xitam verilib. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən İdman Kompleksinə sözügedən pul vəsaitinin hansı məqsəd üçün, hansı müddətə qoyulduğunu, ümumiyyətlə həmin vəsaitin təyinatını, orada həmin vəsait hesabına iddiaçı tərəfindən hansı işlərin görüldüyünü, görülmüş işlərin cavabdehin mənafeyinə və ehtimal olunan istəyinə uyğun olub-olmadığını araşdırmadan, zərurət yarandığı halda xüsusi bilik tələb edən sözügedən sualları aydınlaşdırmaq üçün müvafiq ekspertizalar keçirib əsaslandırılmış rəylər almadan, yalnız iddiaçının irəli sürdüyü arqumentlərə əsaslanaraq iddianı qeyd olunan hissədə təmin edib və nəzərə almayıb ki, sözügedən normaların mənasına görə, özgə işlərinin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun olmalıdır. Özgə işləri yalnız bu tələblərə uyğun həyata keçirildikdə icraçı çəkmiş olduğu xərclərin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. Ona görə də kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə hüquqi əsaslandırması ilə razılaşmır və hesab edir ki, ehtimal olunan işlərin aparılmağa qəbul edilməsi cavabdehin mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmədikdə belə işlərin aparılması prosesində və nəticəsində cavabdeh həqiqətən varlanmış olarsa, iddiaçı həmin xərclərin ödənilməsini "Özgə işlərin tapşırıqsız aparılmasını” tənzimləyən Mülki Məcəllənin 1087.1, 1090.1-ci maddələrinin tələblərinə əsasən deyil, "Əsassız varlanmanı” tənzimləyən Mülki Məcəllənin 1091.1, 1091.2, 1092.1-ci maddələrinin tələblərinə uyğun olaraq geri tələb etməlidir. Belə ki sözügedən normaların mənasına görə tərəflər arasında etibarlı müqavilə münasibətləri olmadığından hazırkı iddia tələbinin hüquqi dəyərləndirilməsi Mülki Məcəllənin 1091 və 1092.1-ci maddələri ilə bağlı müddəaların tələbləri baxımından araşdırıla bilər. Əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün işə baxan məhkəmə tərəfindən iş üzrə aşağıdakı üç şərt müəyyən edilməlidir: birincisi, cavabdehin əmlak əldə etməsi; ikincisi, həmin əmlakın iddiaçının əmlakı hesabına əldə olunması; üçüncüsü, bu əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması. Qeyd olunan şərtlərin hər üçü eyni zamanda mövcud olmalıdır. Onlardan hər hansı birinin aşkar edilməməsi tələbin rədd edilməsi üçün əsas hesab olunur. Eyni zamanda iddiaçının sözügedən pul vəsaitini İdman Kompleksinə hansı müddətə qoymasını mülki iş materialları ilə müəyyən etmək mümkün deyil və iddiaçı sonuncu dəfə İdman Kompleksinin kassasından 2018-ci ilin fevral ayında 3200 manat pul götürmüşdür. Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Göründüyü kimi əsassız varlanma münasibətlərində əsassız varlanma obyektini qaytarmaq üçün iki il müddət müəyyən edilib. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 373.1-ci maddəsində nəzərdə tutulan on illik iddia müddətinə istinad edərək özgə işlərini tapşırıqsız aparma münasibətlərindən irəli gələn tələblərə on illik iddia müddətini tətbiq edib, iddianı qeyd olunan hissədə təmin edərkən, gəldiyi nəticəni yuxarıda sadalanan normaların tələbləri baxımından lazımi şəkildə araşdırmayıb və Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun pozulduğu məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşməsini nəzərə almayıb. Ona görə də işə yenidən apellyasiya qaydasında baxılarkən ilk növbədə iddia olunan pul vəsaitinə aid hissədə tərəflər arasında əmələ gəlmiş münasibətlərə aydınlıq gətirilməli və yalnız bundan sonra iddiaçının öz hüququnun pozulduğunu nə vaxtdan bildiyi və ya bilməli olduğu gün müəyyən olunmalı və iddiaçının iddia müddətini ötürüb-ötürməməsi məsələsinə düzgün hüquqi qiymət verilməlidir. Həmçinin ödənilmiş dövlət rüsumu cavabdehdən iddianın təmin olunan hissəsində tutulduğundan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bu hissədə də ləğv edilməlidir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.

Təkrar apellyasiya baxışı, izahatlar

20. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə etmiş, cavabdehin nümayəndəsi isə kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunanlara istinadla şikayətin əsassız olduğunu bildirmişdir.

21. Cavabdehin nümayəndəsi həmçinin bildirmişdir ki, İddiaçı Stend Atıcılığı üzrə İdman Kompleksinin direktoru vəzifəsində çalışdığı xx.xx.2012-xx.xx.2020-ci il tarixlərdə Kompleksin hesabına mədaxil etdiyi 44 865 manat həcmində pul vəsaitlərinin və kassadan götürdüyü 5845 manat pul vəsaitinin dövriyyəsi araşdırılarkən, onun öz qulluq mənafeyinə qəsdən zidd olaraq səlahiyyətlərindən sui-istifadə etməklə "xxxx" MMC-nin hesabına mədaxil etdiyi vəsaitlər hesabına gəlir əldə etmək məqsədilə müxtəlif ölkələrdən silah, patron, ovçu ləvazimatları və digər bu kimi vastələri gətirərək ayrı-ayrı fiziki və hüquqi şəxslərə satışını həyata keçirdiyi müəyyən edilmişdir, buna görə İddiaçı barəsində xüsusi qərardad çıxarılıb prokurorluğa göndərilməlidir.

22. Təkrar apellyasiya baxışı zamanı kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunan göstərişlərin icra olunması məqsədilə X3 Kompleksinin xx.xx.2012xx.xx.2022-ci, xx.xx.2013-xx.xx.2013-cü, xx.xx.2014-xx.xx.2014-cü, xx.xx.2015xx.xx.2015-cü, xx.xx.2016-xx.xx.2016-cü, xx.xx.2017-xx.xx.2017-cü, xx.xx.2018xx.xx.2018-ci, xx.xx.2019-xx.xx.2019-cu, xx.xx.2020-xx.xx.2020-ci illəri əhatə edən dövr üçün bank hesablarından çıxarışların (hər dövr üçün sənədlər ayrı-ayrılıqda təqdim olunmaqla) "xxxx" ASC-dən (ləğvetmə prosesindədir), İddiaçı Stend Atıcılığı üzrə İdman Kompleksinin direktoru vəzifəsində çalışdığı xx.xx.2012-xx.xx.2020-ci il tarixlərdə cavabdehin hesabına mədaxil etdiyi cəmi 44 865 manat həcmində pul vəsaitlərinin və kassadan götürdüyü 5845 manat pul vəsaitinin dövriyyəsini (balans - 39 020 manat) əks etdirən sənədlərin əsillərinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən götürülməsi barədə qərardad qəbul olunmuş, müvafiq sənədlər məhkəməyə təqdim edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

23. Maddə 1. Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi: bu Məcəllədən; Azərbaycan Respublikasının müvafiq qanunlarından; müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyəti çərçivəsində qəbul etdiyi normativ hüquqi aktlardan; əmək, sosial-iqtisadi məsələlərlə əlaqədar Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

24. Maddə 2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.

25. Maddə 296 (4-cü hissə). Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 2.3. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir.

27. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

28. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

29. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.

30. Maddə 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.

31. Maddə 1087.1. Özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur.

32. Maddə 1087.2. İşlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur.

33. Maddə 1090.1. Əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur.

34. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

35. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

36. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

37. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

38. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

42. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

43. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

45. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

48. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının yalnız iddiaçının “kompleksin hesabına yatırdığı vəsait qismində 39 020 manatın xeyrinə tutulması” tələbinin təmin edilməməsi hissəsində yoxlanılması təşkil edir. Belə ki, əvvəlki apellyasiya baxışı zamanı iddiaçının iddia tələbi məhz həmin hissədə təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi qalan hissələrdə dəyişdirilmədən saxlanılmış, qətnamədən həm iddiaçı, həm də cavabdeh kassasiya şikayəti versələr də, iddiaçının kassasiya şikayəti təmin olunmamış, qətnamə cavabdehin kassasiya şikayəti əsasında sözügedən hissədə ləğv olunmuşdur. Başqa sözlə, iddiaçının “əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin ŞT 05 nömrəli 18 fevral 2020-ci il tarixli əmrinin ləğv olunması, X3 Kompleksinin direktoru vəzifəsinə işə bərpa edilməsi, işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqının, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği qismində 1500 manatın, eləcə də mənəvi ziyana görə 15 000 manatın cavabdehdən tutulub ona ödənilməsi” tələbləri üzrə gəlinən nəticə kassasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılaraq həmin nəticənin düzgün olduğu qənaətinə gəlinmiş, iş yalnız iddiaçının “kompleksin hesabına yatırdığı vəsait qismində 39 020 manatın xeyrinə tutulması” tələbi ilə bağlı hissədə yeni apellyasiya baxışına qaytarılmışdır.

49. Həmçinin nəzərə alınmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

50. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqelərlə razılaşan məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddiaçının hazırkı apellyasiya baxışının predmeti olan iddia tələbinə münasibətdə müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlmişdir; nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi hüquq normalarını ətraflı təfsir etməklə əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.

51. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

52. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

53. İddiaçının iddia tələbinin hazırkı apellyasiya baxışının predmeti olan hissəsi üzrə müəyyən olunan odur ki, o, Stend Atıcılığı üzrə İdman Kompleksinin direktoru vəzifəsində çalışdığı 27 noyabr 2012-ci il tarixindən 18 fevral 2020-ci il tarixinədək olan dövrdə kassa mədaxil orderlərinə əsasən öz adından Kompleksə 2013-cü ilin mart ayında 38 750 manat; 2016-cı ilin fevral ayında 1145 manat; 2016-cı ilin iyun ayında 300 manat; 2016-cı ilin oktyabr ayında 4670 manat məbləğində vəsait qoymuş, Kompleksdən isə 2015-ci ilin iyul ayında 1500 manat; 2016-cı ilin iyul ayında 1145 manat; 2018-ci ilin fevral ayında 3200 manat məbləğində vəsait götürmüşdür.

54. Yuxarıda qeyd olunduğu kimi, kassasiya instansiyası məhkəməsi müvafiq iddia tələbinin qanuni əsası kimi “Özgə işlərinin tapşırıqsız aparılması”nı tənzimləyən mülki qanunvericilik normalarına istinadı əsasız hesab edib və eyni zamanda vurğulayıb ki, özgə işlərinin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun olduğu təqdirdə, icraçı çəkmiş olduğu xərclərin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər.

55. Sözügedən pul vəsaitinin İdman Kompleksinə iddiaçı tərəfindən hansı məqsəd üçün qoyulduğu və həmin vəsaitin təyinatı, orada həmin vəsait hesabına iddiaçı tərəfindən hansı işlərin görüldüyü və görülmüş işlərin cavabdehin mənafeyinə və ehtimal olunan istəyinə uyğun olub-olmadığı barədə sübutlar təqdim etmək təkrar apellyasiya baxışı zamanı iddiaçı tərəfə təklif olunsa da, belə sübutlar təqdim edilməmiş, məhkəmə tərəfindən bankdan və cavabdeh qurumdan götürülən sənədlərlə də həmin hallar müəyyən olunmamışdır.

56. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin də vurğuladığı kimi, özgə işlərinin aparılması yalnız sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun olduğu təqdirdə, icraçı çəkmiş olduğu xərclərin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər.

57. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının müvafiq iddia tələbinə uyğun gələn qanuni əsas kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; bununla yanaşı, bu halda da iddiaçının iddia müddətini ötürüb-ötürmədiyi aydınlaşdırılmalıdır.

58. İddiaçının sözügedən pul vəsaitini İdman Kompleksinə hansı müddətə qoymasını mülki işin materialları ilə müəyyən etmək mümkün deyil - iddiaçı isə sonuncu dəfə İdman Kompleksinin kassasından 2018-ci ilin fevral ayında 3200 manat pul götürmüşdür.

59. Əsassız varlanma münasibətlərində əsassız varlanma obyektini qaytarmaq üçün iki il müddət müəyyənləşdirilib – hansı ki, mülki qanunvericilik başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddətin şamil olunduğunu təsbit edir.

60. İddiaçının, sonuncu dəfə İdman Kompleksinin kassasından 2018-ci ilin fevral ayında 3200 manat götürdüyünün müəyyən olunduğunu nəzərə alan kollegiya hesab edir ki, o, hazırda araşdırılan tələblə 2021-ci ilin oktyabr ayında məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür.

61. Bu kontekstdə kollegiyanın qənaətinə görə, hər nə qədər birinci instansiya məhkəməsi araşdırılan tələbə Əmək Məcəlləsində təsbit olunan 1 illik iddia müddətini tətbiq etsə də, gəldiyi nəticə faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olduğundan həmin çatışmazlıq qətnamənin ləğvinə səbəb olmamalıdır.

62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-373/2022 saylı iş üzrə 14 fevral 2022-ci il tarixli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə, yəni “kompleksin hesabına yatırdığı vəsait qismində 39 020 manatın xeyrinə tutulması” tələbinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar