Məhkəmə qərarları › İş №2(103)-4002/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4002/2023

04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4002/2023 04.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı iş üzrə (Açar sözlər: mənzil üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün lazimı sənədlərin verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzil üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün lazimı sənədlərin verilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1866/2023 saylı 26 aprel 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 04 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh MMM ilə İddiaçı arasında bağlanmış 218 saylı, xx.xx.2009-cu il tarixli çoxmənzilli yaşayış binasının tikintisi haqqında müqavilənin 1-ci bəndinə əsasən sifarişçi bu müqaviləni əsas tutaraq sifariş edir, “Podratçı” Bakı şəhəri Yasamal rayonu Zərdabi 88 küçəsi 3166-cı məhəllədə tikilməkdə olan yaşayış binasının 8 blokunda 10 mərtəbədə, 1 otaqlı 2 nömrəli mənzilin tikintisini öz öhdəsinə götürür.

2. Müqavilənin 2-ci bəndinə əsasən müqavilənin qiyməti 42704 manat olmaqla dəyişməz qalır, 3.1-ci bəndinə əsasən müqavilə imzalanarkən sifarişçi müqavilənin ümumi dəyərinin 100%-ni ödəməyi öhdəsinə götürür, yəni 42704 manat ödəyir (bu məbləğin 24420 manatı xx.xx.2008-ci ildə + 18284 manatı xx.xx.2009-cu ildə ödənilib).

3. Cavabdeh MMM tərəfindən təqdim olunmuş xx.xx.2009-cu il tarixli arayışda göstərilmişdir ki, Bakı şəhəri Yasamal rayonu Zərdabi 88 küçəsi 3166-cı məhəllədə tikilməkdə olan yaşayış binasının 8 blokunda 12 mərtəbədəki, 8 nömrəli mənzili həmin binanın 8 blok 10-cu mərtəbədəki 2 saylı mənzil ilə dəyişdirilmiş, dəyəri 100% ödənilmiş, həmin mənzil o şəxsə məxsusdur və qalıq borc yoxdur.

4. 11 dekabr 2010-cu il tarixli kassa mədaxil orderinə əsasən İddiaçı sayğac puluna görə 200 manat ödəniş etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospekti 3166-cı məhəllə, 18 mərtəbəli yaşayış binasının 8-ci blok, 10-cu mərtəbəsində yerləşən 1 otaqlı 2 (766) nömrəli mənzilinin üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün tələb olunan zəruri sənədlərin – ümumi yığıncağın qərarı, mənzil üçün pay haqqının tam ödənilməsini təsdiq edən maliyyə arayışı və mənzilin plan cizgisinin ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 28 mart 2008-ci il tarixdə MTK ilə bağlanmış 218 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 3166-cı məhəllədə yerləşən 18 mərtəbəli yaşayış binasının 8-ci blok 10-cu mərtəbəsindəki (bir otaqlı) 2 (766) nömrəli mənzili almış və mənzilin ümumi dəyəri tərəfindən tam ödənilmişdir. Həmin vaxtdan MTK-nın rəhbərliyi mənzilin çıxarışını və texniki pasportunun alınması üçün zəruri sənədlərin verəcəyini vəd etsə də, bu günə kimi sənədlərin verilməsini təmin etməmiş və müxtəlif bəhanələrlə sənədlərin verilməsindən imtina edir. MTK-nin Yasamal rayonu N.Zərdabi prospekti 3166-cı məhəllədə inşa etdiyi yaşayış kompleksi istimara təhvil verilmiş və dövlət qeydiyyatından keçirilmişdir. Yaşayış kompleksində yaşayan kooperativin bir qrup üzvü DƏDRX-dən mənzilin çıxarışını və texniki pasportunu almışlar. xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə MTK-nin sədrinə yazılı müraciətlər edilmiş, lakin bu günə kimi müraciətinə cavab verilməmişdir. 2010-cu ilin dekabr ayında MTK-nin sabiq direktoru Alim Əsədullayevə yaxınlaşaraq mənzildə təmir işləri görmək üçün icazə istəyərkən, mənzilə quraşdırılmış qaz, işıq və su sayğacları üçün 500 manat pul ödəməsi tələb olunmuş, sayğacların pulsuz quraşdırılmasını, su sayğacının 20 manat, qaz sayğacının 60 manat, işıq sayğacının isə 40 manat olduğunu və sayğaclar üçün əvvəlcədən aralarında olan söhbətə əsasən pul ödəməyəcəyini bildirmişdir. A.Əsədullayev isə təkid edərək pul ödəməyini tələb etmiş və əks halda mənzilin təmirinə buraxmayacağını bildirmişdir. Sayğaclar üçün 200 azn pul ödəmək barədə razılığa gəlmiş və həmin pulu xx.xx.2010-cu il tarixdə xəzinəyə ödəmişdir. 01 fevral 2023-cu il tarixdə MTK-nın nümayəndəsi Arzuman ilə iş otağında görüşmüş, mənzilin çıxarışını almaq üçün zəruri sənədlərin verilməsini xahiş etmişdir. Arzuman bildirmişdir ki, mənzilə quraşdırılmış sayğaclar üçün 300 manat ödəməlidir. O, MTKnın sabiq direktoru A.Əsədullayev ilə bu barədə razılaşdığını demiş, Arzuman isə bildirmişdir ki, hər bir mənzil sahibindən sayğac üçün 500 azn alınmışdır. Təxminən 2023-cü ilin fevral ayının ortalarında yenə mənzilin çıxarışının alınması üçün zəruri sənədlərin (maliyyə arayışı, protokoldan çıxarış və mənzilin sxemi) verilməsi barədə MTK-nin rəhbərliyinin nümayəndəsi Arzuman adlı şəxsə müraciət etmiş, lakin imtina cavabı almışdır. Göründüyü kimi, qanunda mənzil-tikinti kooperatinin üzvünə verilmiş mənzil sahəsinin dövlət reyestrində mülkiyyət hüququnun qeydə alınması üçün sayğac pulu və ya digər xidmət haqqları nəzərdə tutulmur və bununla bağlı bütün tələblər qanunsuzdur. Həmçinin, yeni binanın sayğaclarla təchizatı və onların quraşdırılmasına görə xərclər lahiyə-smeta sənədlərində bina tikintisinə çəkilən umumi xərclərinin tərkibinə daxil edilməklə, mənzilin satış qiymətinə və ya pay haqqına daxil edilir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 26 aprel 2023-cü il tarixli 2(004)-1866/2023 saylı qətnaməsi ilə (hakim Gülnar Babazadə) iddia təmin edilmiş, İddiaçı məxsus olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospekti 3166-cı məhəllə, 18 mərtəbəli yaşayış binasının 8-ci blok, 10-cu mərtəbəsində yerləşən 1 otaqlı 2 (766) nömrəli mənzilinin üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması üçün tələb olunan zəruri sənədlərin – ümumi yığıncağın qərarı, mənzil üçün pay haqqının tam ödənilməsini təsdiq edən maliyyə arayışı və mənzilin plan cizgisinin İddiaçı verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması qət edilmişdir.

8. Məhkəmə hesab etmişdir ki, İddiaçı məxsus olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospekti 3166-cı məhəllə, 18 mərtəbəli yaşayış binasının 8-ci blok, 10-cu mərtəbəsində yerləşən 1 otaqlı 2 (766) nömrəli mənzilinin üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması üçün tələb olunan zəruri sənədlərin – ümumi yığıncağın qərarı, mənzil üçün pay haqqının tam ödənilməsini təsdiq edən maliyyə arayışı və mənzilin plan cizgisinin İddiaçı verilməsi öhdəliyi Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulmalıdır.

9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 157.8, 178.8, 399.1, 752.1, 752.2, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarına, Mənzil Məcəlləsinin 135.2.4, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə bildirişi onlara göndərilməmiş və məhkəmə prosesində iştirak edə bilməmişdir. İddiaçının 300 manat sayğaca görə və 103,51 manat kommunal xidmətə görə borcu vardır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. İddiaçı tərəfdən apellyasiya şikayətinə etiraz ünvanlanaraq, apelyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. Maddə 139-1.1.6. Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

16. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

17. Maddə 324.5. iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

20. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.6-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Cavabdeh tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

29. Müəyyən edilmişdir ki, tərəflər arasında 2009-cu ildə bağlanmış müqavilə üzrə mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilsə də, artıq uzun müddət keçməsinə baxmayaraq, cavabdeh tərəfindən lazımı sənədlər verilmədiyi üçün iddiaçı mənzilini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirə bilmir.

30. İddiaçı cavabdehlə aralarında bağlanmış müqavilə əsasında aldığı mənzilin dəyərini cavabdehə tam ödədiyindən, həmçinin müqavilə üzrə icra edilməmiş öhdəliklər qalmadığından, hazırda iddiaçıya sözügedən mənzilin daşınmaz əmlakın rəsmi reyestrində qeydiyyatdan keçirmək üçün müvafiq sənədlər lazım olduğundan, həm də belə sənədlərin verilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, iddiaçının tələbi haqlı tələbdir.

31. Məhkəmə Kollegiyası, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşıraq hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır, məhkəmə iş üçün əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, düzgün nəticəyə gəlmişdir.

32. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri odur ki, məhkəmə iclası barədə bildiriş göndərilməmişdir, lakin bu dəlil əsassız olmaqla iş materialları ilə təkzib olunur. Göründüyü kimi məhkəmə baxışı barədə bildiriş cavabdeh MTK-nın elektron kabinetinə yerləşdirilmişdir (iş v.59).

33. Apellyasiya şikayətinin digər dəlili isə odur ki, iddiaçının 300 manat sayğaca və 103,51 manat kommunal xidmətlərə görə borcu vardır.

34. Kollegiya qeyd edir ki, iddiaçının kommunal xidmətlərə və sayğaca görə borcunun olması hazırki əsaslı və qanuni olan tələbin rədd edilməsinə əsas verən hal deyildir, qeyd edilən hal mənzilin üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün tələb olunan zəruri sənədlərin verilməsinə mane olmur.

35. Kollegiya hesab edir ki, məhkəmə yaşayış sahənin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün qanunvericilikdə nəzərdə tutulan sənədlərin iddiaçıya təqdim olunmasının təmin edilməsi barədə haqlı nəticəyə gəlmişdir.

36. Apelyasiya şikayəti əsassızdır.

37. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, işin hallarına uyğun qətnamə qəbul etmişdir; apelyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsini qanunsuz və ya əsassız hesab etmək, habelə onu ləğv etmək üçün əsas deyil.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1866/2023 saylı iş üzrə 26 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar