Məhkəmə qərarları › İş №2(103)-4002/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4002/2025

16.09.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4002/2025 16.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən əsassız istifadəyə son verilməsi, mənzildən çıxarılma və mülkiyyətçinin mənzilə köçürülməsi tələbi barədə” barədə ilk iddiasına, Cavabdeh İddiaçı qarşı “pul tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 aprel 2025-ci il tarixli qətnamədən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun vəkili (nümayəndəsi) Vəkil, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı vəkili (nümayəndəsi) Nümayəndə iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbləri və etiraz barədə məlumat

1. İddiaçı cavabdehə qarşı ilk iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan və ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 56 kv.m olan 1 otaqlı, 78 saylı mənzildən cavabdehin çıxarılması və onun həmin mənzilə köçürülməsi, həmin mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İlk iddia tələbini onunla əsaslandırmışdır ki, həmin mənzil xx.xx.2013-cü il tarixdən etibarən mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. İddiaçının oğlu İlkin Qaffarov cavabdehlə xx.xx.2014-cü il tarixində nikaha daxil olaraq ailə qurduqdan sonra iddiaçı mənzili oğlunun və cavabdehin müvəqqəti istifadəsinə vermişdir ki, yeni ailə qurmuş cavanlar rahat yaşasınlar. Lakin cavabdeh lütfünün qarşılığında öz ərini, iddiaçını və iddiaçının arvadını mənzilə buraxmır, mənzilin giriş qapısının kilidini dəyişmişdir. Hazırda, cavabdeh, ərinə qarşı “nikahın pozulması tələbi barədə” iddia ərizəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh ilə iddiaçı arasında etibarlı ailə münasibəti yoxdur. Buna görə də, cavabdeh həmin mənzildən çıxarılmalı, mənzil boşaldılaraq iddiaçıya təhvil verilməli və iddiaçı həmin mənzilə köçürülməlidir.

3. Cavabdeh öz növbəsində iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi haqqında” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, əsassız varlanmaya görə 22.000 manat, maddi zərərə görə 7.929 manat, qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmək üçün aldığı hüquqi xidmətə gərə çəkdiyi xərcin əvəzi olaraq 120 manat, qarşılıqlı iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 180 manat məbləğində pulun ilk iddia üzrə iddiaçıdan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının oğlu İlkin Qaffarov ilə xx.xx.2014-cü il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2015ci il təvəllüdlü Mətin və xx.xx.2017-ci il təvəllüdlü Rümeysa adlı övladları var. Nikahdan övladlarının olmasına baxmayaraq İlkin Qaffarov ilə cavabdehin münasibətlər pozulmuş və Binəqədi Rayon Məhkəməsinin 2(001)-381/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə onların nikahına xitam verilmişdir. Cavabdeh ailə qurduqdan sonra mübahisəli evə gəlin gəlmiş və hazırda da uşaqları ilə birlikdə mənzildə yaşayır. Mənzil də, cavabdehin qayınatası olan iddiaçı tərəfindən 2013-cü ildə İlkin Qaffarov üçün, dolayısı ilə onun ailəsi üçün “Kredit-ipoteka müqaviləsi” əsasında alınmışdır. İddiaçı özü də bunu dəfələrlə bildirmişdir. İddiaçı, mənzilə görə borcu banka uzun müddət hissə-hissə ödəmiş, 2018-ci ildə isə iddiaçının vəzifəsi aşağı salınmış, bununla bağlı maaşı da azalmışdır. Bundan sonra iddiaçı ödənişləri etməkdə çətinlik çəkməyə başlamışdır. Cavabdeh işlədiyi üçün əmək haqqı alırdı və mənzilin aylıq ödənişlərinin bir qismini cavabdeh edirdi. Belə ki, cavabdeh hər ay mənzilin ödənişləri üçün Banka təxminən cəmi 2.000 manat ödəmişdir. Artıq 2019-cu ilin oktyabr ayında mənzilə görə cəmi 20.000 manat borc qalmışdır. Cavabdeh də qayınatasının ödənişlər etməkdə çətinlik çəkdiyini, mənzilin də onların olduğunu nəzərə alaraq qərara gəlmişdir ki, "xxxx" ASC-dən 20.000 manat kredit götürüb, qayınatasına versin ki, qayınatası mənzilə görə banka olan krediti tam bağlasın. Beləliklə, cavabdeh, xx.xx.2019-cu il tarixdə "xxxx" ASC ilə "xxxx" bağlayaraq 20.000 manat məbləğində kredit götürmüş, pulu iddiaçıya vermiş, iddiaçı isə mənzilə görə "xxxx" X1 Səhmdar Cəmiyyətinə olan borcu xx.xx.2019-cu il tarixdə tam ödəyərək, borcu bağlamışdır. Aldığı kreditə görə "xxxx" ASC tərəfindən cavabdehin əmək haqqı kartından hər ay 498,75 manat olmaqla, ümumilikdə 27.929 manat vəsait tutulmuşdur. Cavabdeh, mənzilin kredit borcunu ödədikdən sonra iddiaçı mənzilin onlara məxsus olduğunu bildirmiş və mənzilin sənədlərini, mənzilə görə banka edilmiş son ödənişin qəbzini cavabdehə vermişdir. Buna baxmayaraq cavabdeh ilə İlkin Qaffarovun sonradan münasibətləri pisləşmiş, nikahları xx.xx.2025-ci il tarixində məhkəmə qaydasında pozulmuşdur. Münasibətlər pozulduqdan sonra isə iddiaçı cavabdehin həmin mənzildən çıxarılmasını tələb etməyə başlamışdır. Belə olan halda müəyyən edilir ki, iddiaçı cavabdehin hesabına (2.000 + 20.000=) 22.000 manat məbləğində əsassız olaraq varlanmışdır. Cavabdeh hesab edir ki, iddiaçı həmin məbləği ona qaytarmalıdır. Bundan başqa, cavabdeh, "xxxx" ASC-dən aldığı 20.000 manat kreditə görə 7.929 manat məbləğində faiz ödəmişdir. Belə olan halda müəyyən edilir ki, cavabdehə 7.929 manat məbləğində maddi zərər dəymişdir ki, həmin zərərin əvəzi iddiaçı tərəfindən ona ödənilməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmək üçün cavabdeh vəkil ilə müqavilə bağlayaraq hüquqi xidmət almış və buna görə 120 manat, qarşılıqlı iddianın məhkəməyə verilməsi üçün isə 180 manat məbləğində dövlət rüsumu ödəmişdir. Buna görə də, cavabdeh hesab edir ki, çəkilmiş həmin xərclərin əvəzi də iddiaçı tərəfindən ona ödənilməlidir.

5. İlk iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) vəkili (nümayəndəsi) Nümayəndə Rayon Məhkəməsinə “qarşılıqlı iddiaya qarşı yazılı etiraz” verərək, bildirmişdir ki, qarşılıqlı iddiada qeyd edilənlər həqiqətə uyğun deyil. Belə ki, ilk iddia üzrə iddiaçı həmin mənzili oğlu İlkin Qaffarov üçün deyil, özü üçün almışdır. Mənzil ipoteka ilə yüklü edilməyib, ipotekada olmayıb. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə ilk iddia tələbinin təmin edilməsini, cavabdeh iddiaçının mülkiyyətində olan mübahisəli mənzildən çıxarılmasını, iddiaçının həmin mənzilə köçürülməsini, mənzil iddiaçıya təhvil verilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini qət etmişdir.

7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin mübahisəsiz hallarından müəyyən edilir ki, mübahisəli mənzil ilk iddia üzrə iddiaçının mülkiyyətindədir. İlk iddia üzrə cavabdeh iddiaçının gəlinidir və cavabdeh həmin mənzilə xx.xx.2013-cü il tarixdə gəlin köçüb. İddiaçı ilə cavabdehin arasında etibarlı ailə münasibətləri mövcud deyil. İşin bu halına Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun “X.Məmmədovu şikayəti üzrə” qəbul etdiyi xx.xx.2014-cü il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi xx.xx.2014-cü il tarixli qərarlarda təsbit edilmiş hüququ mövqedən, habelə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin tələblərindən yanaşdıqda müəyyən edilir ki, cavabdehin həmin mənzildə yaşamasının hüquqi əsası yoxdur. Buna görə də, ilk iddia təmin edilməlidir. Bundan başqa qarşılıqlı iddiada cavabdeh, mənzilin kreditinin ödənilməsi məqsədi ilə iddiaçıya ayrı-ayrı vaxtlarda 2.000 manat və 20.000 manat verdiyini bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdehin sübut kimi təqdim etdiyi flaşkarta olan səs yazısına gəldikdə isə qeyd edilməlidir ki, həmin səs yazısı iddiaçının öz nəvəsi (cavabdeh ilə iddiaçının oğlu İlkin Qaffarov nikahından doğulmuş uşaq) ilə olan telefon danışığıdır. Səs yazısında uşağın səsi aydın eşidilsə də, iddiaçının səsi aydın eşidilmir. Digər tərəfdən isə qeyd edilməlidir ki, həmin səsə yazısı iş üzrə tərəflər arasında olan söhbəti əks etdirmir. Buna görə də, həmin səs yazısı sübut kimi qəbul edilə bilməz. Göstərilənlərə əsasən müəyyən edilir ki, qarşılıqlı iddianın “əsassız varlanmaya görə (2.000+20.000=) 22.000 manatın iddiaçıdan tutularaq cavabdehə ödənilməsi barədə” hissəsi əsaslı deyil. Həmin tələb əsassız olduğundan müəyyən edilir ki, həmin tələblə bir başa bağlı olan “bakdan götürülmüş 20.000 manat kredit məbləğinə hesablanmış faizlərin ödənilməsi nəticəsində cavabdehə dəymiş maddi zərərin əvəzi olaraq 7.929 manat məbləğində pulun tutulması barədə” tələb də əsaslı hesab edilə bilməz. Qarşılıqlı iddia tələbi əsassız olduğundan həmin iddia ilə bağlı cavabdehin çəkdiyi xərclər də iddiaçıya deyil, cavabdehin özünə aid edilməlidir. c) apellyasiya şikayəti və apellyasiya şikayətinə etiraz barədə məlumat

8. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir.

9. Əsasları qarşılıqlı iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. d) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və iş üzrə verdikləri izahatlar barədə məlumat

10. Apellyatorun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdi və şikayətin, həmçinin qarşılıqlı iddianın məzmununa uyğun izahat verdi.

11. İlk iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, tərəflərindən qarşılıqlı iddiaya qarşı verilmiş yazılı etirazda mübahisəli mənzil ipoteka ilə alınmaması, ipoteka ilə yüklü edilməməsi göstərilsə də, bu məlumat yanlış olmuşdur. Əslində, mənzil, ipoteka ilə alınmış və ipoteka ilə yüklü edilmişdir. Lakin iddiaya qarşı verilmiş yazılı etirazda göstərilən digər məlumatlar, yəni mənzilin iddiaçının oğlu İlkin Qaffarov üçün deyil, iddiaçının özü üçün alınması, İlkin Qaffarov cavabdeh ilə nikaha daxil olduqdan sonra mənzilin iddiaçı tərəfindən onların müvəqqəti istifadəsinə verilməsi barədə məlumatlar etirazda düzgün əks olunmuşdur. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

12. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın həll edilməsi hissəsində qismən ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, qarşılıqlı iddia qismən təmin edilməlidir.

13. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin verdikləri məlumatlardan müəyyən edilir və tərəflər arasında mübahisə doğurmur ki, mübahisəli mənzil “Kredit, alğısatqı və ipoteka müqaviləsi” əsasında iddiaçı tərəfindən alınmış və iddiaçı tərəfindən ipoteka ilə yüklü edilmişdir. Mənzil xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi “Daşınmaz əmlakın dövlət reyestrində” xx.xx.2013-cü il tarixdə iddiaçının adına qeydiyyata alınmışdır. İddiaçının övladı İlkin Qaffarov ilə cavabdeh xx.xx.2014-cü il tarixdə nikaha daxil olaraq ailə qurmuş, bundan sonra mənzil onların istifadəsinə verilmişdir. xx.xx.2010-cu il tarixli, 303/255 saylı “Kredit, alğı-satqı və ipoteka müqaviləsi” əsasında iddiaçı tərəfindən alınmış mənzilə görə "xxxx" İKB ASC-yə olan kredit borcu xx.xx.2019-cu il tarixdə tam ödənilmiş və borc bağlanmışdır. İlkin Qaffarov ilə cavabdehin nikahından 2 övladları olsa da, onların münasibətlər pozulmuş və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-381/2025 saylı iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə onların nikahına xitam verilmişdir. Hazırda mənzildə cavabdeh, uşaqları ilə birlikdə yaşayır və o, keçmiş ərini, ərinin atasını (iddiaçını) və ərinin anasını mənzilə buraxmır.

14. İşin mübahisə doğuran halları işə aşağıdakılardan ibarətdir: - cavabdehin həmin mənzildə yaşamasının hüquqi əsası var ya yox; - iddiaçının mənzilə görə banka olan kredit borcunun ödənilməsi məqsədi ilə cavabdehin iddiaçıya hər hansı bir məbləğdə pul verib-verməməsi, bununla da iddiaçının cavabdehə münasibətdə əsassız varlanıb-varlanmaması və maddi zərər vurubvurmaması.

15. İşin mübahisəsiz və mübahisəli hallarını nəzərə alan Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər (maddə 30.1.). Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar (maddə 30.2.). Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar (maddə 30.3.). Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər (maddə 30.4.). Mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır (maddə 30.7.).

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (maddə 152.1.). Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər (maddə 152.5.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.).

17. Qeyd edilən maddi hüquq normalarının tələblərindən işin hallarına yanaşdıqda müəyyən edilir ki, mübahisəli mənzil ilk iddia üzrə iddiaçının mülkiyyətindədir. İlk iddia üzrə cavabdeh iddiaçının keçmiş gəlinidir və cavabdeh həmin mənzilə xx.xx.2013-cü il tarixdə gəlin köçüb. İddiaçı ilə cavabdehin arasında etibarlı ailə münasibətləri mövcud deyil. Cavabdehin həmin mənzildə yaşamasının hüquqi əsası yoxdur. Buna görə də, ilk iddia əsaslıdır. Rayon Məhkəməsi ilk iddianı təmin etməkdə haqlı olmuşdur. Rayon Məhkəməsinin bu nəticəsinə dair cavabdehin verdiyi apellyasiya şikayətinin dəlili əsassızdır.

18. Bununla yanaşı Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsinin qarşılıqlı iddianın həll edilməsi ilə bağlı nəticəsi səhvdir.

19. Belə ki, yuxarıda artıq qeyd edildiyi kimi mübahisəli mənzil iddiaçı, tərəfindən "xxxx" İKB ASC-dən alınmış kredit vəsaiti hesabına alınmışdır.

20. Cavabdeh qarşılıqlı iddia ərizəsində bildirir ki, iddiaçı, mənzilə görə borcu banka uzun müddət hissə-hissə ödəmiş, 2018-ci ildə isə iddiaçının vəzifəsi aşağı salınmış, bununla bağlı maaşı da azalmışdır. Bundan sonra iddiaçı ödənişləri etməkdə çətinlik çəkməyə başlamışdır. Artıq 2019-cu ilin oktyabr ayında mənzilə görə cəmi 20.000 manat borc qalmışdır. O da, qayınatasının ödənişlər etməkdə çətinlik çəkdiyini, mənzilin də onların olduğunu nəzərə alaraq qərara gəlmişdir ki, "xxxx" ASC-dən 20.000 manat kredit götürərək, qayınatasına versin ki, sonuncu, mənzilə görə banka olan krediti tam bağlasın.

21. İddiaçı isə qarşılıqlı iddiaya etiraz edərək, bildirir ki, o, mübahisəli mənzilə görə "xxxx" İKB ASC-yə olan borcunu təkbaşına ödəmişdir. Sonuncu ödəniş xx.xx.2019-cu il tarixdə olmuş və o, “Ödəniş qrafikindən” artıq ödəniş etməklə Banka olan borcu bağlamışdır. Cavabdeh həmin ödənişdə birbaşa və ya dolayı yolla iştirak etməmişdir.

22. Bununla bağlı Məhkəmə qeyd edir ki, "xxxx" ASC-nin verdiyi sənədlərdən, o cümlədən apellyasiya icraatı zamanı verdiyi xx.xx.2025-ci il tarixli, BP-466 sayı arayışdan görünür ki, hazırkı iş üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) xx.xx.2019-cu il tarixdə ASC ilə bağladığı "xxxx" üzrə ASC-dən 20.000 manat məbləğində kredit almışdır.

23. "xxxx" İKB ASC-nin xx.xx.2019-cü il tarixli “Ödəniş qəbzindən” görünür ki, iş üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) mənzilə görə Banka olan borcu üzrə həmin tarixdə 20.330 manat məbləğində ödəniş etmişdir.

24. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, iddiaçı, mübahisəli mənzilə görə "xxxx" İKB ASC-yə olan borcunu təkbaşına ödədiyini, sonuncu (xx.xx.2019-cu il tarixdə edilmiş) ödənişin “Ödəniş qrafikindən” artıq – 20.330 manat məbləğdə edilməklə Banka olan borcu bağladığını bildirsə də, işdə olan sənədlərdən görünür ki, bu ödəniş cavabdehin "xxxx" ASC-dən 4 gün əvvəl 20.000 manat məbləğində kredit aldıqdan sonra edilmişdir. İddiaçı, bu tarixdən əvvəl mübahisəli mənzilə görə "xxxx" İKB ASC-yə olan borcunu “Ödəniş qrafikində” nəzərdə tutulmuş məbləğdən xeyli artıq məbləğdə etməsini təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etmədiyindən qəbul edilməlidir ki, cavabdehin mövqeyi (bax: bənd 20) əsaslı, iddiaçının mövqeyi (bax: bənd 21) isə əsassızdır. Başqa sözlə, iddiaçı cavabdehə məxsus 20.000 manat vəsaitinə pul heç bir hüquqi əsas olmadan sahib olmaqla, cavabdehə münasibətdə əsassız olaraq varlanmışdır.

25. Mülki Məcəllənin tələblərinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2.). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1.).

26. Qeyd edilən maddi hüquq normalarının tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsində ifadə edilmiş “əsassız varlanmaya görə 20.000 manat məbləğində pulun iddiaçıdan tutularaq cavabdehə ödənilməsi haqqında” hissəsi əsaslıdır. Rayon Məhkəməsi bu tələbi təmin etməməkdə iş üzrə səhv nəticəyə gəlmişdir. Rayon Məhkəməsinin bu nəticəsinə dair cavabdehin verdiyi apellyasiya şikayətinin dəlili əsaslıdır.

27. Qarşılıqlı iddia ərizəsində ifadə edilmiş digər tələb ondan ibarətdir ki, "xxxx" ASC-dən 20.000 manat məbləğində kredit almış cavabdeh həmin kredit məbləğinə görə Banka 7.929 manat faiz borcu ödəmişdir. Hazırda cavabdeh mübahisəli mənzildən çıxarılırsa, onda həmin 7.929 manat cavabdehə dəymiş maddi zərər kimi qiymətləndirilməli və cavabdehə dəymiş maddi zərərin əvəzi olaraq iddiaçıdan həmin məbləğdə pul tutularaq cavabdehə ödənilməlidir.

28. İddiaçının bu tələbə qarşı etirazı yuxarıda (bax: bənd 21) qeyd edildiyindən Məhkəmə iddiaçının mövqeyini bir daha təsvir etməyə ehtiyac görmür.

29. Bu tələbin əsaslılığının müzakirəsi ilə bağlı Məhkəmə qeyd edir ki, "xxxx" ASCnin xx.xx.2025-ci il tarixli, BP-466 sayı arayışdan görünür ki, hazırkı iş üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) xx.xx.2019-cu il tarixdə ASC ilə bağladığı "xxxx" üzrə ASCdən aldığı kredit məbləği – 20.000 manat ilə yanaşı, ASC-yə 7.929,84 manat faiz borcu ödəmişdir.

30. İşin hallarından müəyyən edilir ki, cavabdeh, "xxxx" ASC-dən aldığı kredit məbləğini iddiaçıya vermişdir ki, iddiaçı həmin məbləği mənzilə görə "xxxx" İKB ASC-yə ödəsin.

31. Məhkəmənin iş üzrə gəldiyi və yuxarıda qeyd edilən mövqeyi ondan ibarətdir ki, cavabdehin mübahisəli mənzildə yaşamasının hüquqi əsası yoxdur və buna gərə də, cavabdeh mübahisəli mənzildən çıxarılmalıdır.

32. Belə olan halda qəbul edilməlidir ki, əgər cavabdeh mübahisəli mənzildən çıxarılırsa, onda həmin 7.929 manat cavabdehə dəymiş maddi zərər kimi qiymətləndirilməlidir.

33. Mülki Məcəllənin tələlərinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2.). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (maddə 1097.1.).

34. Odur ki, qeyd edilən maddi hüquq normalarının tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsində ifadə edilmiş “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə iddiaçıdan cavabdehin xeyrinə 7.929 manat məbləğində pulun tutulması haqqında” hissəsi əsaslıdır. Rayon Məhkəməsi bu tələbi təmin etməməkdə iş üzrə səhv nəticəyə gəlmişdir. Rayon Məhkəməsinin bu nəticəsinə dair cavabdehin verdiyi apellyasiya şikayətinin dəlili əsaslıdır.

35. Qarşılıqlı iddia ərizəsində ifadə edilmiş daha bir tələb ondan ibarətdir ki, mübahisəli mənzilə görə iddiaçının "xxxx" İKB ASC-yə olan borcunun ödənilməsi üçün cavabdeh tərəfindən iddiaçıya hissə-hissə, cəmi 2.000 manat məbləğində pul verilmişdir. Buna görə də, həmin məbləğ iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir.

36. Bu tələbin əsaslılığının müzakirəsi ilə bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Bu prosessual hüquq normalarının tələblərinə baxmayaraq cavabdeh iddiaçıya qarşı irəli sürdüyü bu tələbin əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Belə olan halda qəbul edilməlidir ki, Rayon Məhkəməsi müzakirə olan bu tələbi təmin etməməkdə haqlı olmuşdur. Rayon Məhkəməsinin bu nəticəsinə dair cavabdehin verdiyi apellyasiya şikayətinin dəlili əsassızdır. f) apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

38. Beləliklə, apellyasiya baxışının nəticəsi ilə müəyyən edilir ki, Rayon Məhkəməsi ilk iddianı təmin etməklə, qarşılıqlı iddiada ifadə edilmiş “2.000 manat məbləğində pulun iddiaçıdan tutularaq cavabdehə ödənilməsi haqqında” tələbi təmin etməməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlsə də, qarşılıqlı iddianın qalan hissələrini təmin etməməklə iş üzrə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Cavabdehin qətnamədən verdiyi apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır.

39. Buna görə də Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın həll edilməsi hissəsində qismən ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, qarşılıqlı iddia qismən, yəni “20.000 manat və 7.929 manat məbləğində pulun iddiaçıdan tutularaq cavabdehə ödənilməsi haqqında” tələblər təmin edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

40. Bundan başqa yuxarıda qeyd edilən nəticəyə gələn Məhkəmə hesab edir ki, qarşılıqlı iddianın məhkəməyə verilməsi üçün cavabdehin aldığı hüquqi xidmətə gərə çəkdiyi xərcin əvəzi olaraq 120 manat, qarşılıqlı iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 180 manat ilk iddia üzrə iddiaçıdan tutularaq ilk iddia üzrə cavabdehə ödənilməlidir.

41. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏT ETDİ:

İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 aprel 2025-ci il tarixli qətnamə qarşılıqlı iddianın həll edilməsi hissəsində qismən ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilərək, qarşılıqlı iddia qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh (ilk iddia üzrə iddiaçı) İddiaçı 27.929 (iyirmi doqquz min doqquz yüz iyirmi doqquz) manat, qarşılıqlı iddianın məhkəməyə verilməsi üçün cavabdehin aldığı hüquqi xidmətə gərə çəkdiyi xərcin əvəzi olaraq 120 (bir yüz iyirmi) manat, qarşılıqlı iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 180 (bir yüz səksən) manat tutularaq qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh ödənilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 30 aprel 2025-ci il tarixli qətnamə qalan hissədə, yəni ilk iddianın təmin edilməsi, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 56 kv.m olan 1 otaqlı, 78 saylı mənzildən çıxarılması, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı həmin mənzilə köçürülməsi, həmin mənzilin sonuncuya təhvil verilməsi, qarşılıqlı iddiada ifadə edilmiş “2.000 manat məbləğində pulun iddiaçıdan tutularaq cavabdehə ödənilməsi haqqında” tələbin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılsın. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı hazırkı qətnamənin birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanılması hissəsindən kassasiya şikayəti verə bilməz. O, hazırkı qətnamənin birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğv edilməsi hissəsindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh hazırkı qətnamənin birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğv edilməsi, habelə onun iddiasının “2.000 manat məbləğində pulun iddiaçıdan tutularaq ona ödənilməsi haqqında” tələbin təmin edilməməsi hissəsindən kassasiya şikayəti verə bilməz. O, hazırkı qətnamənin birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ilk iddianın təmin edilməsi hissəsinin dəyişdirilmədən saxlanılması hissəsindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar