Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4005/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, ddiaçı Məlikova Ziba Qafar qızının, cavabdeh Abbasov Mahmudağa Nəsib oğlunun nümayəndəsi və vəkili Tixomirov Aleksandr Nikolayeviçin iştirakları ilə, İddiaçı Məlikova Ziba Qafar qızının cavabdeh Abbasov Mahmudağa Nəsib oğluna qarşı “cavabdehin mənzildən çıxarılması, mənzilin özünün sahibliyinə və istifadəsinə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 2645/2019 saylı, 02 aprel 2019-cu il tarixli qətnaməsindən cavabdeh Abbasov Mahmudağa Nəsib oğlu tərəfindən il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Məlikova Ziba Qafar qızı cavabdeh Abbasov Mahmudağa Nəsib oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 “A” saylı evin 2-ci blok, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 57,47 kvadrat metr olan 1 otaqlı mənzilindən çıxarılması, mənzilin özünün sahibliyinə və istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC ilə aralarında olan 18.06.2006cı il tarixli, 105 saylı müqaviləyə əsasən MMC-nin ünvan 1 ünvanda inşa etdiyi iki bloklu yaşayış binasının ikinci blok 3-cü və 4-cü mərtəbələrində sahələri 57, 47 kv.metr olan 2 ədəd 1 otaqlı mənzil almışdır, müqavilənin ümumi dəyəri 26.895,96 manat olmuş, mənzillərin dəyəri tərəfindən tam ödənilmişdir. “xxxx” MMC-nin direktoru K.Kazımzadə dələduzluq cinayəti törətməsi səbəbindən həbs edildiyindən yaşayış binasının tikintisinin tamamlanması Bakı şəhər İcra Hakimiyyəti tərəfindən “xxxx” MMC-yə həvalə edilmişdir. Binanın tikintisi başa çatdıqdan sonra şəxsi vəsaiti hesabına ona məxsus olan 3-cü mərtəbədə olan 1 otağa və onun üzərində 4-cü mərtəbədə yerləşən digər 1 otağa dəmir qapılar qoymuşdur. “xxxx” MMC ilə Cəfərov İqbal Cəfərağa oğlu arasında bağlanmış “28.04.2013-cü il tarixli “xxxx” MMC ilə onun arasında olan 105 saylı, 18.06.2006-cı il tarixdə bağlanmış müqavilədən İqbal Cəfərova oğluna keçid müqaviləsi” adlanan saxta müqavilə əsasındə ona məxsus mənzillərdən biri ünvan 2 ünvanda yerləşən yaşayış evinin 2-ci blok, 4-cü mərtəbəsində yerləşən, sahəsi 57, 47 kvadrat metr olan bir otağı İ.Cəfərova satılmışdır. Bundan xəbər tutandan sonra həmin keçid müqaviləsinin etibarsız hesab edilməsi, mənzillərin ona təhvil verilməsi və həmin mənzillərə istifadə hüququnun tanınması barədə iddia ərizəsi ilə Xətai rayon məhkəməsinə müraciət etmiş, məhkəmənin 02.04.2014-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Maddi imkanı olmadığından mənzillərdə təmir işləri aparıb köçə bilməsə də, mütəmadi olaraq mənzillərinə baş çəkmişdir. 2018-ci ilin fevral ayında onun mənzillərdə yaşamamasından istifadə edən cavabdeh Mahmudağa Abbasov ona məxsus mənzillərdən birinin, 3-cü mərtəbədə yerləşən 1 otaqlı mənzilin dəmir seyf qapısının qıfılını sındıraraq mənzilə daxil olmuş, zəbt edərək mənzilin qapısına yeni qıfıl qoymuşdur. Cavabdehin bu özbaşına, qanunsuz hərəkətlərindən xəbər tutandan sonra dəfələrlə mənzili boşaltmasını və özünə qaytarılmasını tələb etsə də, cavabdeh onun tələblərinə məhəl qoymur, mənzili qaytarmır. Xətai Rayon Məhkəməsinin 02 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh Abbasov Mahmudağa Nəsib oğlunun iddiaçı Məlikova Ziba olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 “A” saylı evin 2-ci blok, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 57,47 kvadrat metr olan 1 otaqlı mənzilindən çıxarılması və həmin mənzil iddiaçının sahibliyinə və istifadəsinə qaytarılması qət edilmişdir. Cavabdeh Abbasov Mahmudağa Nəsib oğlu həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, Məlikovanın ona məxsus mənzilə heç bir aidiyyatı yoxdur. Onun mənzili binanın 2-ci yaşayış mərtəbəsində yerləşir, onun nömrəsi 94-dür. Binanın birinci iki mərtəbəsi qeyri-yaşayış mərtəbələridir, binanın ümumi 3-cü mərtəbəsi birinci yaşayış mərtəbəsidir. Beləliklə, yaşayış mərtəbələri binanın ümumi 3-cü mərtəbəsindən başlanır. Onun mənzili binanın ümumi 4-cü mərtəbəsində, yəni 2-ci yaşayış mərtəbəsindədir. Məlikovanın mənzili isə onun mənzilindən bir mərtəbə yuxarı, yəni binanın ümumi 5-ci mərtəbəsində yerləşir və həmin mənzilin nömrəsi 101-dir. Onunla bağlanmış müqavilədən də görünür ki, onun mənzili binanın 2-ci mərtəbəsindədir. Məlikova ilə bağlanmış müqaviləyə əsasən ona məxsus mənzil binanın 3-cü mərtəbəsindədir. Beləliklə, onun 94 saylı mənzili və Məlikovanın 101 saylı mənzili eyni mənzil deyil, bu, ayrı-ayn mənzillərdir. Onu da məlumat üçün bildirir ki, Məlikova ona binanın 4-cü yaşayış mərtəbəsində (faktiki olaraq binanın ümumi 6-cı mərtəbəsində) məxsus olmuş mənzili başqa fiziki şəxsə satmışdır. Birinci instansiya məhkəməsi heç bir hüquqi əsas olmadan nəzərə almamışdır ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 24 oktyabr 2013-cü il tarixli, 2(011)-4102/2013 saylı qətnaməsi ilə Məlikovanın “xxxx” Şirkətinə qarşı onların binalarında 101 saylı mənzilə və onun üzərindəki mənzilə mülkiyyət hüququnun tanınması barəsində iddiası təmin edilməmişdir. Hakim bu qətnamənin surətini işə əlavə etmək üçün iddiaçıdan tələb etməmişdir. Məhkəmə həmçinin onu da nəzərə almamışdır ki, 27 dekabr 2012-ci il tarixdə Məlikova ilə “xxxx” Şirkəti arasında barışıq sazişi bağlanmışdır. Həmin sazişin şərtlərinə əsasən şirkət Məlikovaya 34000 manat ödəməni yerinə yetirdiyi halda, iddiaçı (Məlikova) şirkətə (cavabdehə) qarşı 2 mənzilə sahiblik hüququ barədə iddiadan imtina edir. Qeyd olunan sazişin mətnində əlavə olaraq qeyd olunmuşdur ki, göstərilən məbləğdən əlavə 4000 manat Məlikovaya ödənilmişdir. Birinci instansiya məhkəməsi həmin sazişlə bağlı Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3966/2012 saylı iş üzrə məhkəmə aktlarını də əsassız olaraq tələb etməmişdir. Xüsusən bildirir ki, o, özünə məxsus 94 saylı mənzil üzrə mülkiyyət hüququnu əldə etmişdir Bakı Apellyasiya Məhkəməsinin 2(103)-323/2020 saylı, 17 iyun 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-363/21 saylı, 26 yanvar 2021-ci il tarixli qərarı ilə Abbasov Mahmudağa Nəsib oğlunun kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qətnaməsi ləğv olunmuş və mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə təkrar apellyasiya qaydasında baxıldığı zaman kollegiyanın iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə etdiyini bildirərək həmçinin göstərmişdir ki, hazırki mübahisə üzrə çıxarılmış və hazırda qüvvədə olan məhkəmə aktları ilə onun müdafiə etdiyi şəxsə məxsus mənzilin binanın 2-ci mərtəbəsinə düşdüyü müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək və iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddianın təmin olunmamasına dair yeni qətnamə çıxarılmalıdır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin göstərişləri və hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi ondan ibarət olmuşdur ki, “...Yuxarıda qeyd olunan qanuni qüvvəsini almış Xətai Rayon Məhkəməsinin 02 aprel 2014-cü il tarixli qətnaməsi ilə isə Bakı şəhəri, Gəncə prospekti 2935 “A” ünvanında yerləşən yaşayış evinin 2-ci blok üçüncü mərtəbəsində ümumi sahəsi 57,47 kv.metr olan 1 otaqlı 101 saylı mənzili və Bakı şəhəri, Gəncə prospekti 2935 “A” ünvanında yerləşən yaşayış evinin 2-ci blok 4-cü mərtəbəsində, ümumi sahəsi 57,47 kv.metr olan 1 otaqlı mənzilinin Məlikova Ziba Qafar qızına təhvil verilməsi qət olunmuşdur. Yəni qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə 101 saylı mənzilin Bakı şəhəri, Gəncə prospekti 2935 “A” ünvanında yerləşən yaşayış evinin 2-ci blokunun 3-cü mərtəbəsində yerləşdiyi qeyd olunsa da, apelyasiya instansiyası məhkəməsi həmin qətnamə ilə artıq müəyyən olunmuş və hal-hazırda iddiaçının sahibliyində olan 101 saylı mənzilin qeyd olunan binanın 3-cü mərtəbəsində, digər mənzilin isə 4-cü mərtəbəsində yerləşməsinə qiymət vermədən düzgün hüquqi nəticəyə gəlməmişdir. Bundan əlavə, apelyasiya instansiyası məhkəməsi qanuni qüvvəyə minmiş analoji işlər üzrə qeyd olunan binanın yaşayış sahələri üzrə mərtəbələrinin necə müəyyən olunmasına dair cavabdehin apelyasiya şikayətinin əsaslı dəlillərinə hüquqi qiymət verməmiş, yalnız formal mülahizələrə əsaslanmaqla yuxarıda qeyd olunan ekspert rəyinə istinad etmişdir. Buna görə apelyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 103.1-ci maddəsinin tələbləri pozulmuşdur. Həmin maddəyə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Bundan əlavə iş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyul 2013-cü il tarixli hökmünün surətindən görünür ki, binanın 2-ci blok 4-cü mərtəbəsindəki eyni bir otaqlı, ümumi sahəsi 57,47 kv.m. olan nömrəsiz mənzil həm İsmayılov Rəşad Məhəmməd oğluna, həm də Məlikova Ziba Qafar qızına qanunsuz satıldığına görə onların hər ikisi zərərçəkən şəxs kimi qeyd olunmuşdur (2-ci cild, i/v 41;49). Lakin apelyasiya instansiyası işin bu halına və bununla əlaqədar qanuni qüvvəsini almış Xətai Rayon Məhkəməsinin 02 aprel 2014-cü il tarixli qətnaməsinin həmin qətnamədə qeyd olunan 4-cü mərtəbədəki bir otaqlı mənzilə aid hissədə nəyə görə icra olunmamasının səbəblərini araşdırmamışdır”. İş materiallarında olan “xxxx” MMC ilə Məlikova Ziba Qafar qızı arasında bağlanmış 18.06.2006-cı il tarixli, 105 saylı müqavilənin surətindən görünür ki, satıcı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanda tikiləcək yeni hündürmərtəbəli binanın 2-ci blok, 3-cü və 4-cü mərtəbələrində sahələri 57, 47 kv.metr olan 2 ədəd 1 otaqlı mənzilləri alıcıya təhvil verməyi, alıcı həmin mənzilləri qəbul edərək qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mənzillərin dəyəri 26895,96 manat təşkil edir. Müqavilənin çərtlərinə əsasən alıcı 14690,79 manat ilkin ödəniş etməli, qalan məbləği isə ilk 9 ayda 342,90 manat, sonrakı 31 ayda ərzində hər ay 294,16 manat olmaqla alıcıya ödəməlidir. İş materiallarında olan Xətai rayon Məhkəməsinin 02.04.2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Ziba Məlikovanın cavabdehlər “xxxx” Şirkətinə (MMC-yə) və İqbal Cəfərova qarşı möqavilənin etibarsız hesab edilməsi, müqavilə üzrə əldə edilmiş daşınmaz əmlakların təhvil verilməsi və mənzillərə istifadə hüquqlarının tanınması tələbinə dair iddiası təmin edilərək cavabdehlər arasında bağlanmış 28.04.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Gəncə prospekti, 2935 “A” ünvanında yerləşən yaşayış binasının 2-ci blok 3-cü və 4-cü mərtəbələrində yerləşən ümümi sahəsi 57,47 kvjnetr olan 2 ədəd 1 otaqlı mənzillərin iddiaçıya təhvil verilməsi və həmin mənzillərə dair istifadə hüquqlarının tanınması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 26.08.2014-cü il tarixli, 2(103)-4307/2014 saylı qətnaməsinin surətindən görünür ki, Xətai Rayon Məhkəməsinin 02.04.2014-cü il tarixli qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan “xxxx” MMC ilə Abbasov Mahmudağa Nəsib oğlu arasında bağlanmış 14.11,2006-cı il tarixli, 179 saylı müqavilənin surətindən görünür ki, satıcı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanda tikiləcək yaşayış binasının 2-ci blok, 2-ci mərtəbəsində sahəsi 57, 47 kv.metr olan 1 otaqlı mənzili alıcıya təhvil verməyi, alıcı həmin mənzili qəbul edərək qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 08.05.2013-cü il tarixli maliyyə arayışının surətindən günür ki, Abbasov Mahmudağa Nəsib oğlu tərəfindən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanda tikilən hündürmərtəbəli binanın 2-ci blok, 2-ci mərtəbəsində sahəsi 57,47 kv.metr olan 1 otaqlı mənzilin dəyəri tam ödənilmişdir. İş materiallarına əlavə edilmiş 16.08.2016-cı il tarixli, 11413 saylı ekspert rəyinin surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 10.03.2016-cı il tarixli, 2(103)- 1342/2016 saylı qərarı ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 “A" ünvanında inşa ediimiş yaşayış binasının layihəsinə görə yaşayış sahəsi kimi nəzərdə tutulmuş mənzilərin binanın faktiki neçənci mərtəbəsindən başlaması və sair sualların müyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, tədqiqat nəticəsində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında inşa olunan yaşayış binasında binanın layihəsinə və mövcud vəziyyətinə əsasən yaşayış sahəsi kimi nəzərdə tutulmuş mənzillərin binanın 2 qeyri-yaşayış mərtəbəsinin üzərindən başladığı müəyyən edilmişdir. Kassasiya instansiyasının qərarında şərh olunanlarla əlaqədar kollegiya ilk növbədə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Kassasiya instansiyası məhkəməsinin müzakirə olunmasına göstəriş verdiyi məhkəmə aktlarından aydın olur ki, binanın 1-ci mərtəbəsi kürsü mərtəbənin üzərində yerləşir, yəni binanın mərtəbələri aşağıdan yuxarıya sayanda zirzəmi+kürsü+1-ci mərtəbə kimi inşa edilmiş, binanın zirzəmi mərtəbəsi 1-ci mərtəbə kimi sayla bilməz, binanın layihəsində mərtəbələr arasında 1A və 12B adlandırılan mərtəbələr layihələndirilməyib, binanın eskiz layihəsinə əsasən binanın ilk 3 mərtəbəsi qeyri-yaşayış sahəsidir. Lahiyədə iki qeyri-yaşayış sahəsi və 12 yaşayış mərtəbəsi nəzərdə tutulduğundan binanı tikən şirkət 3-cü qeyri-yaşayış mərtəbəsinin bir hissəsini yaşayış mərtəbəsi edərək mənzillərə bölmüş və həmin mərtəbə 1A mərtəbəsi adlandırılmışdır. Yuxarıda əlavə tikilmiş 2 yaşayış mərtəbəsi isə 12A və 12B mərtəbələri adlandırılmışdır. Binanın yaşayış sahələri faktiki olaraq 4-cü mərtəbədən başlayır. Belə ki, 3-cü mərtəbə qeyri-yaşayış sahəsi kimi tikilsə də, onun bir hissəsi yaşayış sahəsi kimi mənzillərə bölünərək satılmışdır. Qeyri-yaşayış sahəsinin 3-cü mərtəbəsinin bir hissəsi mənzillərə bölündüyündən və 1-ci mərtəbədən 12-ci mərtəbəyə kimi mənzillər artıq satılıdığından həmin mərtəbə 1A mərtəbəsi adlandırılaraq satılmışdır. Qanuni qüvvəsini almış Xətai Rayon Məhkəməsinin 02 aprel 2014-cü il tarixli qətnaməsi ilə isə Bakı şəhəri, Gəncə prospekti 2935 “A” ünvanında yerləşən yaşayış evinin 2-ci blok üçüncü mərtəbəsində ümumi sahəsi 57,47 kv.metr olan 1 otaqlı 101 saylı mənzili və Bakı şəhəri, Gəncə prospekti 2935 “A” ünvanında yerləşən yaşayış evinin 2-ci blok 4-cü mərtəbəsində, ümumi sahəsi 57,47 kv.metr olan 1 otaqlı mənzilinin Məlikova Ziba Qafar qızına təhvil verilməsi qət olunmuşdur. Yəni qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə 101 saylı mənzilin Bakı şəhəri, Gəncə prospekti 2935 “A” ünvanında yerləşən yaşayış evinin 2-ci blokunun 3-cü mərtəbəsində yerləşdiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissələrində göstərilir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Yuxarıda qeyd olunanlar əsasən, mübahisəli mənzilin maraqlarına toxunulan şəxsin mülkiyyətində və sahibliyində olunması müəyyən edilmişdir; bu isə o deməkdir ki, mülkiyyətçi sahib olduğu əmlaka dair sərbəst şəkildə sərəncam verə bilər və həmin əmlakdan istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası nəzərə alır ki, hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Təkrar apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəsini almış 2(103)-7818/2017 saylı 24 avqust 2017-cu il tarixli qətnaməsinə əsasən analoji işdə məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı Binanın 1A mərtəbəsindəki mənzillərin yerləşməsinə görə yuxarı mərtəbədəki mənzillərdən tamamilə fərqləndiyi və 1A mərtəbəsinə aid sahələrin məhz qeyri-yaşayış sahələrinə aid olduğu, sonradan onların bir qisminin mənzil kimi istifadəyə verildiyi müəyyən edilmişdir. Kollegiya yuxarıda qeyd olunan məhkəmə aktlarını nəzərə alaraq qeyd edir ki, mübahisəli mənzilin yerləşdiyi binanın birinci üç mərtəbəsi qeyriyaşayış mərtəbələridir, Binanın ümumi 4-cü mərtəbəsi 1-ci yaşayış mərtəbəsidir. Binanın yaşayış mərtəbələri Binanın ümumi 4-cü mərtəbəsindən başlanır. M. Abasova məxsus mənzil Binanın ümumi 5-ci mərtəbəsində, yəni binanın 2-ci yaşayış mərtəbəsindədir və onun mənzili 94 nömrəli8 mənzildir. Z. Məlikovaya məxsus mənzil isə M. Abasova məxsus mənzildən bir mərtəbə yuxarıda, yəni evin ümumi 6-cı mərtəbəsində yerləşir və həmin mənzilin, yəni Z. Məlikovaya məxsus mənzilin nömrəsi 101-dir. İş materiallarında olan M. Abasovla bağlanmış müqavilədən də görünür ki, onun mənzili Binanın 2-ci mərtəbəsindədir. Z. Məlikova ilə bağlanmış müqaviləyə əsasən ona məxsus mənzil Binanın 3-cü mərtəbəsindədir. Göründüyü kimi işi halları ilə müəyyən edilir ki, M. Abasova məxsus 94 saylı mənzil və Z. Məlikovaya məxsus 101 saylı mənzil mənzillər ayrı-ayrı mənzillərdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin həlli üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş maddi hüquq normalarına düzgün olaraq istinad etsə də, tərəflərin qarşılıqlı münasibətlərini səhv təvsir etmiş, formal mülahizələrə əsaslanmaqla yuxarıda qeyd olunan ekspert rəyinə istinad etmiş, işin faktiki hallarını tam araşdırmamışdır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Yuxarıda qeyd olunduğu kimi, Ziba Məlikovayla cavabdeh Mahmudağa Abbasova satılmış mənzillər ayrı-ayrı mənzillərdir; bu isə o deməkdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır. Kollegiya həmçinin hesab edir ki, apellyasiya baxışı zamanı iddiaçının iddia etdiyi mənzilin xüsusi mülkiyyət hüquqi əsasında cavabdeh Mahmudağa Abbasova məxsus edildiyi müəyyən edildiyindən, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüququ da olmamışdır. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Odur ki, MPM-nin 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan Məhkəmə hesab edir ki, qətnamə ləğv edilməli və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 384, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq, Məhkəmə Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2645/2019 saylı, 02 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Məlikova Ziba Qafar qızının cavabdeh Abbasov Mahmudağa Nəsib oğluna qarşı “cavabdehin mənzildən çıxarılması, mənzilin özünün sahibliyinə və istifadəsinə qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin, həmçinin apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4005/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4005/2021
05.05.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver