Məhkəmə qərarları › İş №2(103)-4005/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4005/2024

12.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4005/2024 12.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və X5 Cavabdeh qarşı (Bakı şəhəri 52 saylı Notariat Ofisi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) iş üzrə (Açar sözlər: əqdin etibarsız hesab edilməsi, vərəsəlik və mülkiyyət hüququnun tanınması) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X7, İddiaçı X5, onun və digər İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və X5 Cavabdeh qarşı (Bakı şəhəri 52 saylı Notariat Ofisi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) “əqdin etibarsız hesab edilməsi, vərəsəlik və mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-2989/2024 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və X14 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçılar İddiaçı1 və X5 oğlu X17 (bundan sonra iddiaçılar) Azətbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş lokal antiterror tədbirləri zamanı xx.xx.2023-cü il tarixdə Füzuli şəhəri, Govşadlı kəndində şəhid olmuş (ölüm səbəbi baş-beynin diffuz travması), bu barədə Füzuli rayon Qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə qeyd aparılmışdır. Onun ölümündən sonra Bakı şəhəri 52 saylı notaiat ofisində vərəsəlik işi açılmışdır. xx.xx.2023cü il tarixdə iddiaçılar Bakı şəhəri 52 saylı Notariat Ofisinə ərizə ilə müraciət edərək, şəhid oğullarından miras qalmış əmlaklardan gəlinləri olan Cavabdeh (bundan sonra cavabdeh) xeyrinə imtina etmişdirlər. Bundan sonra Cavabdeh, X8, X10 hər birinin miras qalmış Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 78, mənzil 43, korpus 8, giriş 1 (Yeni qaydalarla: AZ 1123, ünvan 1 ünvanında yerləşən mənzilin 1/3 hissəsinə mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin, X11 şəhid olması ilə bağlı ümumilikdə ödənilmiş 182.000 manat məbləğində pul vəsaiti də (X28 tərəfindən 11.000 manat, AR DİN X29 tərəfindən 81.000 manat, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 90.000 manat) cavabdeh tərəfindən alınmışdır. Həm iddiaçılar, həm cavabdeh, həm də şəhidin uşaqları xx.xx.2012-ci il təvəllüdlü X15 və xx.xx.2014-cü il təvəllüdlü X18 şəhid ailəsi statusunu almış ailə üzvləridir. Bundan sonra tərəflər arasında miras qalmış əmlakla bağlı mübahisə yaranmış, tərəflər arasında münasibətlər pisləşmiş və iddiaçılar həmin ərizələrin etibarsız hesab edilməsi barədə notariat ofisinə müraciət etmişlər. Bakı şəhəri 52 saylı notariat ofisinin “Notariat hərəkətlərinin aparılmasından imtina barədə” xx.xx.2024-cü il tarixli qərarına əsasən iddiaçıların xx.xx.2023-cü il tarixdə şəhid olmuş oğlundan miras qalmış əmlakdan gəlini Cavabdeh xeyrinə imtina etməyi ilə bağlı 8İ-11404 və 8İ-11405 reyestr nömrəli imtina ərizələrinin ləğv edilməsindən imtina edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (Bakı şəhəri 52 saylı Notariat Ofisi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etməklə) iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, onların xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 52 saylı Notasiat ofisininn xüsusi notariusu Elçin Zeynalov tərəfindən 8İ-11404 və 8İ-11405 reyestr nömrələri ilə qeydə alınmış miras əmlakdan imtina ərizələrinin etibarsız hesab edilməsi, övladları şəhid X9 miras qalmış əmlaklara dair onların vərəsəlik və mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdilər.

3. İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, onların oğularrının şəhid olmasından sonra gəlini və övladları şəhid ailə üzvü kimi tanınmışlar. X11 mülkiyyətində atası tərəfindən bağışlanmış yaşayış evi olmuşdur. Bundan başqa dövlət tərəfindən şəhid ailəsi statusuna görə də müvafiq müavinətlər ödənilmişdir. Bu zaman şəhidin miras əmlakı və digər müavinətlər şəhid ailəsinin üzvlərinə vərəsəlik qaydasında keçir. Bakı şəhər 52 saylı Notariat ofisinin xüsusi notariusu X4 iştirakı ilə tərəflər şəhidin miras əmlakının və digər müavinətlərin vərəsələrin arasında bərabər payda bölünməsi barədə razılığa gəliblər. Həmçinin tərəflər razılığa gəliblər ki, əmlak və digər müavinətlər vaxt itkisinin qarşısının alınması və məsələnin tez həll edilməsi üçün vərəsələrdən birinin adına keçirilsin, sonra vərəsələr arasında faktiki bölünsün. Həmin vaxt ailənin gəlini cavabdeh ağlayaraq mənzilin ona və uşaqlarına verilməsini xahiş etmiş, qalan digər müavinətləri isə digər vərəsələrə yəni onlara verəcəyini bildirmişdir. Miras əmlakın və digər müavinətlərin cavabdehin adına keçirilməsi və sonradan müavinətlərin onlara verilməsi məqsədi ilə onlar elə həmin notariat ofisində miras əmlakdan və digər müavinətlərdən gəlinləricavabdehin xeyrinə imtina edilməsi barədə ərizə yazmışdırlar. Daha sonra isə onlar sosial müvainətlərin köçürülməsindən xəbərdar olmaqları məqsədi ilə notariat ofisində razılaşdıqları kimi gəlinləri cavabdehdən İddiaçı2 adına etibarnamə verməsini istəyəndə, məlum olmuşdur ki, cavabdeh artıq müavinətləri alıb və bu barədə onlara heç bir məlumat verməyibdir. Həmin vaxtdan etibarən onlara aydın olmuşdur ki, gəlinləri-cavabdeh ona olan etibardan sui-istifadə edərək, onları aldadılaraq mirasdan imtina barədə ərizə yazıb notariat qaydasında təsdiqlətdirməyə nail olmuşdur. Onlar cavabdehin onları aldatdıqlarını bildikdən sonra mirasdan imtina barədə ərizələrin ləğv edilməsi barədə üçüncü şəxsə ərizə ilə müraciət etmişlər. Üçüncü şəxs tərəfindən xx.xx.2024-cü il tarixli məktubla mirasdan imtina barədə ərizələrin ləğv edilməsindən imtina edilmişdir.

4. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, hazırda iddiaçılar tərəfindən mübahisələndirilən ərizələr qeydə alınan zaman onlara mirasın qəbulu, imtinası və imtinanın geri götürülməsi barədə xəbərdar edilmələrinə baxmayaraq, ərizəni imzalamaları və bu nəticələri qəbul etmələri, onların iradə ifadələrinin real təzahürüdür. Lakin miras əmlakı və alınacaq müavinənatlar əldə etdikdən sonra iddiaçılar müəyyən yalan vədlərlə ondan pay istəməyə başladılar. Belə ki, iddiaçılar onun güya mirası onlardan istədiyini, mirası əldə etdikdən sonra onlarla böləcəyini bildirirlər. Halbuki, o şəhid yoldaşı olaraq həmin vaxt əmlak bölgüsü dərdində ola bilməzdi. İddia ərizəsində miras payın əldə edilməsinin gecikməsinin qarşısının alınması üçün imtina etdiklərini bilməmələri ilə də əslində özlərini təkzib edirlər. Belə ki, qanuni vərəsələr arasında miras payın mütənasib bölgüsü heç bir gecikməyə səbəb ola bilməzdi. Əslində onun xeyrinə imtina ərizəsi yazmaqla iddiaçılar həmin vaxt real iradə ifadələrini bildirmişlər. Onlar əldə edilən mirasın ona və ən əsası onların oğlunun övladlarına çatacağını və onların həyat rifahına müsbət təsir edəcəyini əvvəlcədən bilirdilər. Həmçinin, Mülki Məcəllənin 1268-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Bundan başqa, o, iddia üzrə əsl tərəf deyil. Belə ki, o, iddia tələbləri ilə bağlı hər hansı öhdəlik daşıya bilməz. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)- 2989/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim X16).

6. Məhkəmə iddia tələbini rədd edərkən qeyd etmişdir ki, hazırda iddiaçıların iddia tələblərini istinad etdiyi hal onların cavabdeh tərəfindən onlara müavinətlərin verilməsi ilə bağlı aldadılaraq mirasdan imtina barədə ərizə yazmaları ilə bağlı olmuşdur. Belə ki, iddiaçılar övladlarının şəhid olması ilə bağlı oğlunun ailə üzvlərinə müavinət verilməsindən məlumatlı olmuşdur. Məhkəmə şəhid X11 ölümü ilə bağlı verilməli olan müavinətlərə münasibət olaraq qeyd etmişdir ki, miras əmlak anlayışı vəfat hadisəsi baş verdiyi anadək mövcud olan və ölən şəxsə mənsub olan əmlakı ifadə edir. Çünki ölmüş şəxsin vərəsələrinə yalnız o mülki hüquq və vəzifələr keçə bilər ki, onlar əmlak xarakterli olmaqla, miras qoyanın öldüyü məqamda mövcud olsun. Öz məzmununa görə mülki (əmlak) xarakterə malik olmayan hüquq və vəzifələr - o cümlədən əmək, sosial təminat və s. hüquq münasibətlərindən irəli gələn hüquq və vəzifələr vərəsəlik əsasında keçməsi mümkünsüzdür. Bu baxımdan, şəhid ailələrinə maddi-mənəvi dəstək məqsədilə çıxarılan qanunvericilik aktlarının adlarından da bariz şəkildə məlum olur ki, bunların hamısının məqsədi ailə üzvünün itkisi səbəbilə şəhid ailələrinin məruz qaldıqları maddi-mənəvi zərəri mümkün qədər azaltmaqdır. Başqa sözlə, şəhid ailələrinə olan birdəfəlik ödəniş, müavinət və s. kimi imtiyaz və yardımlarla bağlı qanunvericilik aktlarının adlarından da göründüyü kimi, bu qanunvericilik aktlarının məqsədi şəhidin ailə üzvlərinə maddi-mənəvi dəstəyi təmin etməkdir. Şəhid ailələri üçün nəzərdə tutulan müavinət, imtiyaz və birdəfəlik ödənişlər öz mahiyyət və hüquqi təyinatları etibarı ilə bir tərəfdən vərəsələri deyil, şəhidin ailəsinə şəhidin ölməzdən əvvəlki maddi dəstəyindən və ya gələcəkdə ailəsi baxımından gözlənilən dəstəyindən məhrum qalmalarının qismən aradan qaldırılması üçün dövlət tərəfindən verilir. Şəhidin ailə üzvlərindən hər hansı birinin miras əmlakdan imtina etməsi, imtina edən şəxsin şəhid ailəsi üzvlüyündən imtina etməsi və ya onun şəhid ailəsi üzvü hesab olunmaması üçün bir əsas ola bilməz. Məhkəmə iddianın X9 qalmış miras əmlaklara dair iddiaçıların vərəsəlik və mülkiyyət hüququnun tanınması barədə hissəsinə münasibət olaraq bildirmişdir ki, iddiaçılar tərəfindən mirasdan imtina barədə ərizənin cavabdeh tərəfindən onları aldatma nəticəsində imzalanması öz təsdiqini tapmadığından, eyni zamanda iddiaçılar oğullarından qalan mənzilin cavabdeh tərəfindən qəbul edilməsini mübahisələndirmədiyindən və şəhidlik statusu ilə bağlı verilmiş müavinətlər isə miras əmlaka (miras kütləsinə) aid edilmədiyindən iddia təmin edilə bilməz. Məhkəmə şahid ifadələrinə münasibət olaraq bildirmişdir ki, şahidlər iddiaçılar ilə qohumluq münasibətində olduğundan onların ifadələri məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilə bilməz.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci, 339.2-ci, 1133.1-ci, 1243.1-cü, 1151.1-ci, 1256-cı, 1159-cu, 1267-ci, 1268.1-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 2-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 73 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavəyə, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçılar İddiaçı1 və X14 həmin qətnamədən birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdilər.

9. İddiaçılar apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdilər ki, onlar Bakı şəhəri 52 saylı Notariat ofisininə mirasın qəbulu ilə bağlı çağrılmamışlar, sadəcə onlar mirasdan imtina barədə ərizənin təsdiq olunması üçün həmin notariat ofisinə getmişlər. Mübahisə edilən imtina ərizələrdən görünür ki, onlar ümumiyyətlə mirasdan deyil, sadəcə gəlinləri cavabdehin xeyrinə imtina edilmişdir. Bu ona dəlalət edir ki, cavabdehlə aralarında bir razılaşma olmuşdur. İddianın əsasını isə bu razılaşma əsasında onların aldadılması durur. Məhkəmənin mövqeyinə görə hadisənin şahidləri onlarla qohumluq münasibətində olduğundan onların ifadələri məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilməmişdir. Halbuki ailə içində olan münasibətləri yad insanlar hardan və niyə bilməlidir ki, onlarda şahidlik etsinlər. Mübahisənin predmeti şəhidlik statusu ilə bağlı verilmiş müavinətlərin miras əmlaka (miras kütləsinə) aid edilməsi deyil, sadəcə olaraq qeyd olunan müavinətlər şəhidin vərəsələrinə verilməsi nəzərdə tutulduğundan yuxarıda qeyd edilən razılıq əsasında mirasdan imtina barədə ərizələr verilmişdir. Qeyd edilən razılaşma mövcud olmasaydı, mirasdan imtina barədə ərizələr verilməzdi.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iddiaçı X14 apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş, həmçinin əlavə olaraq bildirmişdir ki, tərəfindən miras əmlakdan imtina barədə ərizə verilən zaman oğlunun şəhid olmasına görə ödənilməli olan pul vəsaitinin məbləği barədə məlumatlı olmuş, cavabdehə bu barədə məlumat da məhz onun tərəfindən verilmişdir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

12. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və X5 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə etmiş və iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

13. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir; 1267-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir; 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2019-cu il tarixli Qərarına əsasən aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: - Aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; - Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; - Müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı.”

17. Konstitusiya Məhkəməsinin Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair” 08 dekabr 2022-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması çərçivəsində görülən əlavə tədbirlərin, xüsusilə birdəfəlik ödəmənin vərəsəlik hüquq münasibətləri ilə əlaqələndirilməsi vərəsəlik institutunun mahiyyətinə ziddir.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Hazırda apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apеllyаsiyа şikаyətiinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, daxili işlər orqanının əməkdaşı olmuş X2 Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş lokal antiterror tədbirləri zamanı xx.xx.2023-cü il tarixdə Füzuli şəhəri, Govşadlı kəndində şəhid olmuşdur. Hazırki mülki iş üzrə iddiaçılar şəhidin valideynləri (ata-anası), cavabdeh isə şəhidin arvadıdır. Həm iddiaçılar, həm cavabdeh, həm də şəhidin (X17) uşaqları xx.xx.2012-ci il təvəllüdlü X15 və xx.xx.2014-cü il təvəllüdlü X18 şəhid ailəsi statusunu almış ailə üzvləridir. Eyni zamanda, onların hər biri X11 birinci növbədə bərabər pay hüquqlu vərəsələridir. X11 ölümündən sonra Bakı şəhəri 52 saylı notaiat ofisində vərəsəlik işi açılmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçılar Bakı şəhəri 52 saylı Notariat Ofisinə ərizə ilə müraciət edərək, şəhid oğullarından miras qalmış əmlaklardan cavabdehin xeyrinə imtina etmişdirlər. Bundan sonra cavabdehin və onun uşaqlarının hər birinin miras qalmış Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 78, mənzil 43, korpus 8, giriş 1 (Yeni qaydalarla: AZ 1123, ünvan 1 ünvanında yerləşən mənzilin 1/3 hissəsinə mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin, X11 şəhid olması ilə bağlı ümumilikdə ödənilmiş 182.000 manat məbləğində pul vəsaiti də cavabdeh tərəfindən alınmışdır.

23. Bundan sonra iddiaçılar həmin ərizələrin etibarsız hesab edilməsi barədə notariat ofisinə müraciət etmişlər. Bakı şəhəri 52 saylı notariat ofisinin “Notariat hərəkətlərinin aparılmasından imtina barədə” xx.xx.2024-cü il tarixli qərarına əsasən iddiaçıların xx.xx.2023-cü il tarixdə şəhid olmuş oğlundan miras qalmış əmlakdan gəlini Cavabdeh xeyrinə imtina etməyi ilə bağlı 8İ-11404 və 8İ-11405 reyestr nömrəli imtina ərizələrinin ləğv edilməsindən imtina edilmişdir.

24. Hazırki mübahisənin əsasında da iddiaçılar tərəfindən şəhidə məxsus mənzildəki paylarından cavabdehin xeyrinə imtina etmələrinin müqabilində şəhidə ödənilən pul vəsaitindən də cavabdehin imtina etməsi təşkil edir. İddiaçılar cavabdehin aralarındakı razılığa əməl etməyərək, şəhid ailəsi statusuna görə ödənilən pul vəsaitini də aldığını, nəticədə aldadılaraq oğullarına məxsus miras əmlakdan imtina barədə ərizə yazdıqlarını bildirir və miras əmlakdan imtina edilməsi barədə ərizələrin etibarsız hesab edilməsini və miras əmlak üzərində onların vərəsə kimi paylarının tanınmasını tələb edirlər.

25. İddia ərizəsindən də göründüyü kimi tələb iki hissədən, yəni miras əmlakdan imtina barədə ərizənin etibarsız hesab edilməsindən və miras əmlak üzərində onların da vərəsə kimi pay hüququnun tanınmasından ibarətdir.

26. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda istinad edilən və bu sahəni tənzimləyən digər aidiyyəti müddəalarına istinadən iddia tələbinin ilk hissəsinə münasibətdə qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkət vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Mirasın qəbulu kimi, mirasdan imtina da qanunverilikdə müəyyən edilmiş elə bir hüquqi hərəkətdir ki, bu hərəkətin realizəsi ilə vərəsə miras əmlakdan birdəfəlik və mütləq formada imtina etdiyini nümayiş etdirir və bunun nəticəsi olaraq onun həmin miras üzrə vərəsəlik hüququ həmişəlik olaraq xitam edilir. Mirasdan imtina dönməz xarakterə malikdir, yəni vərəsə mirasdan qəti və həmişəlik olaraq imtina edir və bununla da mirası qəbul etmək hüququnu itirir.

27. Hazırda iddiaçılar cavabdeh tərəfindən aldadıldıqlarını bildirsələr də, bu halı sübuta yetirə bilmirlər. Cavabdehin də bu istiqamətdə hər hansı hərəkətə yol verdiyi müəyyən edilmir. Digər tərəfdən iddiaçıların istinad etdiyi hallar ərizənin aldadılma faktı əsasında yazıldığını və əqdin etibarsızlığını şərtləndirilən əsaslar hesab edilə bilməz. Belə ki, iddiaçılar həm iddia ərizəsində, həm də izahatlarında daşınmaz əmlakın cavabdehin mülkiyyətinə keçməsi ilə bağlı öz paylarından imtinanın doğuracağı hüquqi nəticələr barədə məlumatlı olduqlarını bildirirlər. İddiaçı X14 isə mübahisəli ərizələr verilənədək, şəhid olmuş oğluna ödənilməli olan müavinətin tam məbləği barədə məlumatlı olduğunu, cavabdehə də bu barədə məlumatın məhz onun tərəfindən verildiyini qeyd edir.

28. Məhkəmə kollegiyası xüsusilə o halı da vurğulayır ki, miras əmlakdan imtina barədə ərizədən imtina edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmçinin, yazılı qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, yazılı qaydada olan əqd orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər. Odur ki, yazılı hər hansı əqdin etibarsız hesab edilməsi nəticəsinə gələ bilmək üçün iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır. İddiaçıların isə bununla bağlı hər hansı mötəbər sübutu yoxdur.

29. Məhkəmə kollegiyası iddia ərizəsinin məzmununa istinadən qeyd edir ki, iddiaçıların əmlak və digər müavinətlərin vaxt itkisinin qarşısının alınması və məsələnin tez həll edilməsi üçün vərəsələrdən birinin adına keçirilməsi və sonra vərəsələr arasında faktiki bölünməsi barədə razılığa gəlmələri ilə bağlı mövqeyi ümumiyyətlə anlaşılmazdır. Belə ki, mirasdan məhz cavabdehin xeyrinə imtinanın səbəbləri məlum deyil. İddiaçılar bununla bağlı hər hansı fikir ümumiyyətlə söyləmir. Digər tərəfdən razılıq var idisə, hansı səbəbdən mirasdan iddiaçıların, xüsusilə də X5 xeyrinə imtina edilməmişdir. Bundan əlavə, miras əmlakın cavabdehin adına rəsmiləşdirildikdən sonra faktiki bölünməsi ilə müqayisədə notariat kontorunda hər bir vərəsənin payının müəyyən edilməsi bu məsələnin daha tez həll edilməsi ilə nəticələnmiş olardı.

30. Nəzərə alınmalıdır ki, iddiaçılar apellyasiya instansiya məhkəməsindəki icraat zamanı bağlanmasını təklif etdikləri barışıq sazişində də miras qalmış mənzildən pay tələb etmirlər. Həmin sazişə əsasən mənzilin şəhid olmuş oğullarının uşaqlarının (nəvələrinin) adına rəsmiləşdirilməsini və 24 yaşına çatana kimi onun özgəninkiləşdirilməsinin qarşılıqlı razılıq əsasında həyata keçirilməsini təklif edirlər. Halbuki, mənzil artıq cavabdehin və onun uşaqların (nəvələrin) paylı (hər birinin 1/3 hissədə) mülkiyyətindədir. Qeyd edilənlər nəticə etibarı ilə iddiaçıların bu məsələ ilə bağlı apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu təsdiq edir.

31. Məhkəmə kollegiyası iddia tələbinin digər hissəsinə münasibətdə qeyd edir ki, vərəsəlik institutu hər bir şəxsin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Yəni, miras əmlak miras qoyanın öldüyü anadək mövcud olan və ona mənsub olan əmlakı ifadə edir. Hər hansı iqtisadi dəyərin miras əmlaka daxil olması üçün həmin iqtisadi dəyərin miras qoyanın sağlığında ikən onun əmlakında olması mütləqdir. Şəhid statusuna malik şəhid ailələrinə birdəfəlik ödəmə şəhidin ölümü ilə əlaqədar onların ailə üzvlərinə verilməklə sağlığında əldə etdiyi əmlak və digər maddi nemət, yəni miras qoyana məxsus əmlak dəyəri olmadığından miras əmlak sayıla bilməz. Başqa sözlə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması çərçivəsində görülən əlavə tədbirlərin, xüsusilə birdəfəlik ödəmənin vərəsəlik hüquq münasibətləri ilə əlaqələndirilməsi vərəsəlik institutunun mahiyyətinə ziddir.

32. Bu baxımdan iddiaçıların X9 miras qalmış əmlakdan cavabdehin xeyrinə imtina etməsi, onların şəhid ailəsi statusundan imtina etməsi anlamına gəlmir və X11 ölümü (şəhid olması) ilə bağlı ödənilmiş müavinətdən paylarına uyğun hissəni cavabdehdən tələb etmək hüququnu istisna etmir. Başqa sözlə, mübahisələndirilən ərizələrlə iddiaçıların bu hüququna xitam verilməmiş, həmin hüquq qeyd edilən ərizələrin etibarsız hesab edilibedilməməsindən asılı olmayaraq mövcuddur və real olaraq tədbiq edilə bilər. Bu da iddiaçıların bu məsələ ilə bağlı apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu göstərir və iddianın bu hissədə rədd edilməsini şərtləndirir.

33. Məhkəmə kollegiyası “əqdin etibarsız hesab edilməsi” tələbinin əsas, “vərəsəlik və mülkiyyət hüququnun tanınması” tələbinin isə törəmə tələb olduğunu, törəmə tələbin təmin edilib-edilməməsinin əsas tələbin təmin edilib-edilməməsindən asılı olduğunu, nəticə etibarı ilə əsas tələbin də təmin edilməməsi qənaətinə gəlindiyini nəzərə alıb, hesab edir ki, “vərəsəlik və mülkiyyət hüququnun tanınması” tələbi də əsassızdır və təmin edilə bilməz.

34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən iddiaçıların apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıların apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçılar İddiaçı1 və X5 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-2989/2024 nömrəli qətnaməsi iddiaçılar İddiaçı1 və X5 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumü iddiaçılar İddiaçı1 və X12 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar