Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4007/2023 13.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, hazırki mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 yanvar 2023-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı ASC-nin buna səlahiyyətli olan nümayəndəsi cavabdehə qarşı kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1.715,87 manat məbləğində borcun, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən tutularaq ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 10603457 saylı müqaviləyə əsasən ASC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, 10-cu Xrebtovi küçəsində yerləşən 195 saylı evdə yaşayan cavabdehə (abonent kodu: **********000) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilmişdir. Bununla bağlı olaraq cavabdehin yaşadığı ünvana xx.xx.2022-ci il tarixdə İSS-20M-2 markalı, 21777957 nömrəli sayğac quraşdırılmışdır. Cavabdeh, ASC tərəfindən ona göstərilmiş xidmətə görə hesablanmış borcun bir hissəsini ödəmiş, lakin qalan məbləği ödəməmişdir. xx.xx.2022-ci il tarixinə cavabdehin iddiaçı ASC-yə 1.715,87 manat borcu yaranmış və ASC tərəfindən cavabdehə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq ödənilməmiş qalmışdır. Bu səbəbdən də, ASC hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə sadələşdirilmiş icraat qaydasında baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, su təchizatı və kanalizasiya xidmətlərinə üzrə yaranmış borcun ödənilməsi məqsədi ilə 1.707,80 manat məbləğində borc və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı ASC-yə ödənilməsini, iddianın qalan hissəsinin isə təmin edilməməsini qət etmişdir.
4. Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsini 385.1, 442, 448.1, 550, 551.1, 551.2.1; “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1, 4.3, 5.2, 30, 59.3, 61, 62; “Sudan istifadə” qaydalarının 2.1.5, 3.5, 4.1.3, 5.1.5, 7.2; Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının xx.xx.2011-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1, 284-5.3, 284-6.1-ci maddələrinin tələblərinə istinad edərək qeyd etmişdir ki, ASC tərəfindən cavabdehə su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilmişdir. Cavabdehin əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə 2014-cü ildən xx.xx.2022-ci il tarixinə kimi borcu yaranmışdır. ASC tərəfindən 1.715,87 manat məbləğində borcun ödənilməsi ilə cavabdehin ünvanına xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh ASC-yə olan borcunu ödəməmişdir. ASC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli “Abonent saldosundan” görünür ki, cavabdehin borcu 1.715,87 manat təşkil edir. Lakin cavabdeh, onunla iddiaçı ASC arasında bağlanmış müqaviləyə əsasən ASC qarşısında öhdəliklərin icrası üçün məsuliyyət daşısa da, ASC, Mülki Məcəllənin 551.2.1-ci maddəsindən irəli gələn öhdəliyin icrasına xitam vermə üçün nəzərdə tutulmuş 5 illik müddət qaydalarını pozaraq məhkəməyə borcun ödənilməsinə dair iddia ərizəsi ilə yalnız xx.xx.2022-ci il tarixində müraciət etmişdir. Buna görə də, cavabdehin, ASC tərəfindən ona göstərilmiş xidmətə görə ASC-yə ödəməli olan bor məbləği 2018-ci ildən etibarən hesablanmalı və (2018-ci il üzrə abonentin borcu yoxdur, hətta 100 manat artıq ödənişi olmuşdur, 2019-cu il üzrə 23 manat, 2020-ci il üzrə 273 manat, 2021-ci il üzrə 26,8 manat, 2022-ci il üzrə 1485 manat olmaqla, cəmi) 1.707,80 manat müəyyən edilməlidir. c) apellyasiya şikayəti barədə məlumat
5. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi qətnamədə hansı əsasa istinad edib cavabdehə bu qədər cərimə hesablandığına toxunmamışdır. Rayon Məhkəməsi yalnız “Abonent saldosuna” istinad etməmişdir. İddia tələbi üzrə sübut etmə vəzifəsi iddiaçı ASC-nin üzərinə düşsə də, ASC tələbini sübuta yetirə bilməmişdir. İşə baxmış Rayon Məhkəməsi isə buna əhəmiyyət verməmişdir. Buna görə də, ASC-nin təqdim etdiyi sübutlar apellyasiya qaydasında araşdırılmalı və onlara hüquqi qiymət verilməlidir. d) apellyasiya baxışının həddi barədə məlumat
7. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilsə də, iş üzrə iddiaçı ASC iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir. Cavabdehin apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh, iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmir. O, iddia tələbinin bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır.
8. Bunları nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
9. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. e) Mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
10. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
11. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan işin mübahisəsiz halı kimi müəyyən edilir ki, iddiaçı ASC ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən ASC tərəfindən cavabdehə (abonent kodu: **********000) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilmişdir. Bununla bağlı olaraq cavabdehin yaşadığı ünvana xx.xx.2022-ci il tarixdə İSS-20M-2 markalı, 21777957 nömrəli sayğac quraşdırılmışdır. Cavabdeh, ASC tərəfindən ona göstərilmiş xidmətə görə hesablanmış borcun bir hissəsini ödəmiş, lakin qalan məbləği ödəməmişdir. Cavabdehin iddiaçı ASC-nin ona göstərdiyi xidmətlərə görə 2014-cü ildən xx.xx.2022-ci il tarixə kimi 1.715,87 manat borcu yaranmışdır. ASC tərəfindən cavabdehə edilmiş xəbərdarlıqlara baxmayaraq ödənilməmiş qalmışdır.
12. İddiaçı ASC bildirir ki, cavabdeh ona olan borcu ödəmədiyi üçün o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
13. Apellyasiya şikayətində isə cavabdeh bildirir ki, Rayon Məhkəməsi onun iddiaçıya olan borcunun hansı əsasla yaranmasını araşdırmamışdır.
14. Bununla bağlı Məhkəmə bildirir ki, işin qeyd olunan hallarından göründüyü kimi ASC tərəfindən cavabdehə (abonent kodu **********000) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilmişdir.
15. Cavabdehin adına olan “Abonent saldosundan” da göründüyü kimi cavabdeh müəyyən vaxtlarda ödənişlər etsə də 2014-cü ildən xx.xx.2022-ci il tarixinə kimi 1.715,87 manat borcu ödəməmişdir.
16. Məhkəmə bildirir ki, qeyd edilən borc cavabdehin ünvanında quraşdırılmış sayğac vasitəsi ilə və Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qəbul etdiyi Qərarlarına əsasən hesablandığından qeyd edilən borcun məbləğinin əsassız, şişirdilmiş olmasını sübut etmək yükü MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən artıq cavabdehin üzərinə düşür. Lakin, cavabdeh, ASC-yə borcunun olmamasını və ya borcun yuxarıda qeyd edilən məbləğdən daha az olmasını təsdiq edə biləcək sübutları (məsələn: müvafiq ödəniş qəbzini (qəbzlərini)) məhkəmələrə təqdim etməmişdir.
17. Belə olan halda hesab edilməlidir ki, apellyasiya şikayətində göstərilmiş cavabdehin dəlili formal mülahizə xarakteri daşımaqla əsassızdır.
18. İşin müəyyən edilmiş hallarını nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2.). Tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər (maddə 550.). Əgər Mülki Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir (maddə 551.1.). Kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir (maddə 551.2.1.).
19. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır (maddə 61.; bənd 1.). Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır (maddə 62.).
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” tələblərinə görə, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir (bənd 4.1.3.). Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır (bənd 7.4.).
21. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının xx.xx.2011-ci il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 kub metr suyun qiyməti 0,30 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,06 manatdır.
22. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının xx.xx.2016-cı il tarixli Qərarına əsasən isə, əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 kub metr suyun qiyməti 0,35 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,15 manatdır.
23. Qeyd olunan maddi hüquq normalarının mənasından göründüyü kimi fərdi istehlakçı olan cavabdeh iddiaçı ASC tərəfindən verilən sudan istifadənin əvəzini ödəmək vəzifəsini daşıyır. f) apellyasiya baxışının nəticəsi
24. Belə olan halda apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırki apellyasiya baxışının predmetini təşkil etdiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
25. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
26. Şərh edilənləri nəzərə alan Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
27. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
28. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.
29. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 402 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 yanvar 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.