Məhkəmə qərarları › İş №2(103)-4008/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4008/2021

25.05.2021 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4008/2021 25.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdehin nümayəndəsi Elçin İsmayılovun iştirakı ilə, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «razılaşdırılmış şərtlər daxilində müqavilənin bağlanmış hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 noyabr 2018-ci il tarixli, 2(006)-5665/2018 saylı qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «razılaşdırılmış şərtlər daxilində müqavilənin bağlanmış hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-5665/2018 nömrəli iş üzrə 27 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Ləğv prosesində olan Cavabdeh ASC tərəfindən qəbul edilmiş 09.06.2017-ci il tarixli qərarda nəzərdə tutulmuş şərtlər daxilində İddiaçı ilə müqavilə bağlanmış hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3646/2019 nömrəli iş üzrə 30 may 2019-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5665/2018 saylı mülki iş üzrə qəbul etdiyi 27 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, İddiaçı Cavabdeh ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı qərarda nəzərdə tutulmuş şərtlərlə müqavilənin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 28.01.2021-ci il tarixli, 2(102)-31/2021 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3646/2019 nömrəli iş üzrə 30 may 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Yeni apellyasiya baxışı zamanı iddiaçının yazılı ərizəsi məhkəməyə daxil olmuşdur. Həmin ərizəyə əsasən, iddiaçı iddiasından imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirdi ki, iddiaçının iddiasından imtina etməsindən xəbərləri var və iddiadan imtinanın qəbul edilməsinə, iş üzrə icraata xitam verilməsinə etirazları yoxdur. Məhkəmə kollegiyası işdə işitrak edən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiadan imtina qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur (maddə 370). Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir (maddə 191.2, 261.0.4). İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir (maddə 262.4). Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir (maddə 391). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən imzalanaraq məhkəməyə təqdim edilmiş yazılı ərizədə iddiadan imtina etməsi qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, iddiadan imtina qəbul edilməli və mülki işin icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 261, 391, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı hazırkı iddia tələbindən imtinası qəbul edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli, 2(006)- 5665/2018 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «razılaşdırılmış şərtlər daxilində müqavilənin bağlanmış hesab edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar