Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4008/2024 17.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə (Açar sözlər: “əmrin ləğv edilməsi və işə bərpa edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" QSC-nin nümayəndəsi Rəhimova Ofeliya Oqtay qızının iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-202/2024 saylı 23 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2011-ci il tarixdən başlayaraq "xxxx" QSC-nin 2 nömrəli Müəssisənin Bakı Elektrik Təchizatı sahəsinin X1 mühəndis vəzifəsinə çalışmağa başlamışdır. O, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə İnfrastruktur Departamentinin Diaqnostika və Monitorinq mərkəzinin X3 mühəndis vəzifəsinə qəbul edilmiş, onunla bir illik (xx.xx.2024cü il tarixədək) müddətli əmək müqaviləsi bağlanılmışdır. İnfrastruktur Departamentində aparılmış struktur dəyişikliklərinin nəticəsi olaraq həmin departamentin Diaqnostika və Monitorinq mərkəzinin X4 mühəndisi ştat vahidləri ixtisar edilmişdir. Bununla da İddiaçı tərəf olduğu əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iş yerinə bərpa olunması, mümkün olmadıqda Nadir Ağayevin mühəndis vəzifəsinin ona verilməsi və s. barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2011-ci ildən ADY QSC İnfrastruktur Departamentinin X3 mühəndis vəzifəsinə işə qəbul olunmuşdur. On iki ildən artıq mühəndis vəzifəsində işləmiş, işlədiyi 12 il ərzində bir dəfə də olsun töhmət yaxud töhmətə bərabər xəbərdarlığı olmamışdır. Problemləri 2022-ci il dekabr ayında başlamışdır. Dekabr ayının əvvəllərində ona bir illik əmək müqaviləsinin bağlaması tələb şəklində qoyulmuşdur. O isə bir illik əmək müqaviləsi bağlamaqdan imtina etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndini əsas gətirir ki, işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, əmək müqaviləsi müddəti müəyyən edilməklə bağlanmalıdır. Ancaq ona bildirmişlər ki, “təzə gələn rəhbərliyin göstərişidir. Hamı ilə illik əmək müqaviləsi bağlanıb, bağlamalısan.” O isə yazılı ADY QSC-nin rəhbəri Rövşən müəllimə bildirmişdir ki, əmək müqaviləsinin 45-ci maddəsinin 4-cü bəndinə görə onlar böyük ölçüdə işçilərin hüquqlarını pozurlar. Birdə bu ərizədə göstərir ki, İnfrastruktur Departamentinin rəisi yeri boşdur. Öz namizədliyini departament rəisi vəzifəsinə irəli sürür. Əgər onu Departamentin rəisi edərlərsə bir ilə qədər ADY idarəsində qatarların sabit cərəyandan dəyişən cərəyana keçməsini təmin edə bilməz. İşlədiyi bir il ərzində Departamentin rəisinə hər verdiyi 10 (on min) manat paketlə verdiyi puldan imtina edir. Bu sabit cərəyandan dəyişən cərəyana keçməklə qatarların orta sürətini 130-140-a çatdırır. Əgər bu dediklərini həyata keçirə bilməsə öz ərizə ilə işdən çıxar, hansı ki, bu günə qədər qatarların orta sürəti 100-dür. Sabit cərəyandan da dəyişən cərəyana keçə bilməyiblər. Bu sədrə yazdığı ərizəsindən sonra ona qarşı haqsızlıq daha da güclənir. xx.xx.2022-ci ildə QSC-nin müavini Zaman müəllim tərəfindən məktub alır. O məktubda xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixində bütün iş günləri ərzində iş yerində olmadığı göstərilir. İşə gəlməməyi ilə bağlı iş yerinə heç bir məlumat vermədiyi, məktubun sonunda əgər işə gəlməməyi ilə bağlı əsaslı səbəblər olmasa Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işdə çıxarılacağı bildirilmişdir. O isə həmin günlər işdə olmağı barədə kifayət qədər faktlar göstərmişdir. Bundan sonra ondan heç bir izahat almadan ona atılan bu qurma oyunlarından əl çəkməyə məcbur olmuşlar. Ərizələrində göstərildiyi kimi xx.xx.2022-ci il tarixindən 19 tarixinə deyil xx.xx.2022-il tarixinə qədər iş günlərini tabeldə yazmamışlar. Sədrə ünvanlanmış 18 ərizəsi var. Ərizələrində “12 günüm niyə yazılmır? Nədən məni işdə olmamağa görə qovmadınız? Sizdən xahişim 12 gün tabeldə iş günümü işdə ola-ola nədən yazmırlar?” O suala cavab verilməlidir. Kadrların rəisi Cavid müəllim ona bildirmişdir ki, əgər 1 illik əmək müqaviləsinə qol çəkməsə onun iş günləri istənilən vaxt yazılmayacaq, məhz bundan sonra 2023-cü il 5 yanvarda məcbur qalaraq bir illik əmək müqaviləsinə qol çəkmişdir. Onlar da ona söz vermişlər ki, bu bir illik əmək müqaviləsi ona tətbiq olunmayacaq. Departamentin rəisi Elçin müəllim onu işdə olmamağa görə işdə atmaq planı baş tutmamışdır. Ona qarşı ikinci plan işin öhdəsindən gələ bilməməsi planı idi. Onun şöbə rəisi Teymur müəllim bildirimişdir ki, onunla ezamiyyətə bu yaxınlarda getmələrinə qərar veriləcək. Ona göstəriş verilib ki, orda iddiaçı barəsində təqdimat yazsın. Təzə alınan priborlardan bir neçəsini ora aparacaqlar. O da bu priborların iş mexanizmini haqlı olaraq bilmir. Bunu bilmək üçün ona bu aparatları gətirən təşkilat iki ay dərs keçməlidir. O, biləndə ki, həmin aparatların texpasportları rus dilinə tərcümə olunub, o, idarəni qabaqlayaraq şöbə rəisinin dediklərini QSC-nin sədri Rövşən müəllimə yazılı bildirmişdir. O ərizəsində göstərmişdir ki, şöbə rəisinin bildirdiyi kimi texpasportlar Azərbaycan dilinə tərcümə olunmalıdır. Dövlət dili Azərbaycan dili olduğuna görə rus dilində hər hansı sənədlərin texpasportların olmağı qanunsuzluqdur. Azərbaycan dilinə hörmətsizlikdir, həmin avadanlıqları gətirən şirkətlərin burada kurs keçməyini təmin etməlidirlər. Bundan sonra bu priborlara icazə verən sertifikat təqdim olunmalıdır, məhz bunları təmin etdikdən sonra o ezamiyyətə gedə bilər. O, priborların icazə sertifikatlarını almadığına görə ezamiyyətə getməkdən imtina etmişdir. Çox təəssüf ki, ezamiyyətə getməkdən imtina etmək ərizəsinin olmağına baxmayaraq ərizədən bir həftə sonra onun ezamiyyə vərəqəsi yazılır. Təbii ki, ezamiyyətə getməmişdir, səhər işə getmişdir. Ondan izahat alınmışdır. İzahatında bildirmişdir ki, getməməyinin səbəbini bir həftə qabaq sədrə yazılı bildirmişdir. Bu dəfə də ona qarşı qurduqları oyunu pozmuşdur. Şöbə rəisinin bildirdiyi kimi onun haqqında orada təqdimat yazıİmalı idi. Bu göstərişi şöbə rəisinə vermişdilər. Bu dəfə ona qarşı qurduqları planı rəisi Teymur müəllimlə birlikdə poza bilmişlər. Departamentin rəisi Elçin müəllimin ikinci dəfə olduğu kimi bu dəfə də göstəriş verib 5 (beş) iş gününü yazmamışlar. Hətta yazılmayan iş gününün bir günü izahat aldıqları günə düşür. Departament rəisi Elçin müəllim iki dəfə də planının baş tutmadığını görüb üçüncü plana keçir. Onun üçüncü planı onun mühəndis ştatını ləğv etməkdir. Onların işlədiyi Laboratoriya şöbəsində 4 eyni hüquqlu mühəndis ştatı bir də şöbə rəisləri Teymur müəllimdir. Bu 4 mühəndisdən laboratoriyada 2011-ci ildən işləyən odur. Qalan 3 mühəndis 2017-ci şöbəyə gəliblər. Şöbə rəisi Teymur müəllim 2016-cı ildən gəlib. 2011 -ci ildən 2016-cı ilə qədər 3 laboratoriya rəisi 6 mühəndis gəlib-gedib. Hal-hazırda qalan 3 mühəndisdən birinin Rasim müəllimin 68 yaşı, o biri mühəndis Namiq müəllimin 63 var. 3cü mühəndis isə xanımdır. Sevinc xanım hal-hazırda analıq məzuniyyətindədir. 2024-cü iliin yanvar ayından işə çıxmalıdır. İxtisara o, müharibə veteranı, bir də 50 il Dəmir Yollarında iş stajı olan şöbə rəisi Teymur müəllim tərəfindən salınıb. O, Rasim müəllimdən, Namiq müəllimdən üstündür. X6 müharibəsi veteranı olmağı, hər iki eyni hüquqlu mühəndisdən Namiq müəllimdən 12 yaş cavan olmağı, hansı ki, 2 il pensiya yaşına qalıb. O biri mühəndis Rasim müəllimdən 17 yaş cavan olmağı, 3 ildir pensiyadadır, Namiq müəllim, Rasim müəllimdən də daha bir üstün cəhəti o, həmin şöbədə 2011-ci ildən mühəndis işlədiyi halda onların hər ikisi 2017-ci ildən gəliblər şöbəyə. Nədən o ixtisara düşür onlardan hər hansı biri yox? Baxmayaraq açıq şəkildə üstünlük onun tərəfindədir. Qoyduğu suala idarə Dəmir Yollarından cavab istəyir. Bu gün Dəmir Yolları İdarəsində vakansiyada 30-dan artıq mühəndis vəzifəsi təklif edilir. Bu o deməkdir ki, vakansiyada 30dan artıq boş mühəndis yerləri var. Onun ştatı ixtisara düşdükdən sonra Dəmir Yolları İdarəsinə kənardan mühəndis götürülür. Baxmayaraq o, analıq məzuniyyətində olan şöbələrindəki Sevinc xanımın yerinin müvəqqəti ona verilməsini istəmişdir. O, xx.xx.2023cü ildə sədrin müşaviri Aysel xanımın adına ərizə ilə müraciət edərək bildirirmişdir ki, 2024-cü ilin yanvarında analıq məzuniyyətindən qayıdana qədər müvəqqəti olaraq onu o ştata keçirsinlər. Aysel xanım özünü əziyyətə salıb onun məktubuna cavab verməmiş, əvəzinə ona elektromantyor vəzifəsi təklif edilmişdir. Bunu ona görə edirlər ki, onu dəmir yollarından uzaqlaşdırsınlar. Çünki o, işlədiyi vaxt Dəmir Yollarında etdikləri qanunsuzluqların qarşısının almağına cəhd göstərmişdir. O qanunsuzluqları sadalayır: 1. dəmir Yollarında o da daxil olmaqla işçilərə məcbur edilib ki, bir illik müqavilə bağlamaq. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndini pozmaq. 2. Yerli Həmkarlar təşkilatının sədrlərinin işçilərə qol çəkdirməklə işdən çıxartmaq. İnfrastruktur Departamentin Həmkarlar Təşkilatının sədri vicdanlı, dürüst insan Müşfiq müəllim belələrindəndir. O, bu cür işçini çıxartmaq üçün o biri işçiyə məcbur edilib qol çəkdirməyin qəti əleyhinə olub, mübarizə aparanlardan olmuşdur. 3. YAP təşkilatının adına edilən hörmətsizlik. Onun edilməsinin əleyhinə çıxmışdır. Bildirir ki, dəfələrlə Azərbaycan Dəmir Yolları QSC rəhbərliyinə onun qanunsuz işdən çıxarılmağı barədə müraciət etsə də heç bir nəticəsi olmamışdır. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-202/2024 saylı, 23 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının digər işçilərə nisbətdə işdə saxlanması üçün üstünlükləri vardır: müharibə veteranı olması, iş stajı və s. Məhkəmə qeyd edilən üstünlükləri qanuna zidd hesab etmir. Lakin iş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş digər dəlillər iddiaçının qeyd etdiyi qədər də “qüsursuz” işçi olmadığını sübut edir. Həmçinin İddiaçı işdən çıxarılma proseduru lazımınca yerinə yetirilmişdir. Belə ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətində işçilərin sayının işin həcminə uyğunlaşdırılması və kadr potensialının buna mütənasib optimallaşdırılmasının təmin edilməsi zərurəti ilə əlaqədar İnfrastruktur departamentinin Diaqnostika və monitorinq mərkəzinin xx.xx.2023-cü il tarixli 13-1/3-34-10226/2023 nömrəli ştat cədvəlinə əsasən dəyişikliklər edilərək bir sıra ştat vahidləri, o cümlədən X4 mühəndisi ştat vahidi ixtisar edilmişdir. Bununla əlaqədar X4 mühəndisi İddiaçı tutduğu ştat vahidinin ixtisar edilərək, onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəyi barədə xəbərdarlıq bildirişi təqdim edilmiş, İddiaçı əmək müqaviləsinin ləğv edilməsini Həmkarlar İttifaqı Komitəsi tərəfindən razılıq verilmişdir. xx.xx.2023-cü il tarixdən İddiaçı ilə bağlanmış əmək müqaviləsi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilmiş və ona ödənilməli olan müvafiq ödənişlər edilmişdir (xx.xx.2023-cü il tarixli əmr).
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyanın 25 və 35-ci maddələri; Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10, 70, 72, 77, 78-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-202/2024 saylı, 23 aprel 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi, onun öz yerinə bərpa olunması, işdən çıxarıldığı tarixdən işə bərpa ediləcək tarixədək işdə olmadığı günlərinin əmək haqqının verilməsi, işdən çıxarıldığı dövrdə hər ay almadığı mükafat pulların, 950 manat məbləğində ona vurulmuş maddi zərərin, cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində sağlamlığına vurulmuş 5.000 manat məbləğində zərərin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi və onunla bərabər 10.000-dən artıq işçi ilə bağlanmış müddətli əmək müqaviləsinin ləğv edilməsi və onlarla müddətsiz əmək müqavilələrinin bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı apellyasiya şikayətini iddia ərizəsində istinad etdiyi eyni məzmunlu dəlillər ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, o, qarşı tərəfin nümayəndəsi özü bildirmişdir ki, 538 nəfəri ixtisar ediblər. Həmin 538 nəfərdən biri odur. 538 nəfərin tən yarısının yerinə 1 ay keçməmiş adam götürdülər. Onun yerinə də X8 götürülmüşdür. Onlar 4 də eyni hüquqlu mühəndis olmuşlar. Onlardan biri analıq məzuniyyətində idi, digər ikisi isə artıq təqaüdə çıxdı. Ona montyor işi təklif etdilər. Halbuki o, departament rəisliyinə iddialı adam olmuşdur. Onun 2 azyaşlı övladı var, müharibə veteranıdır. Analıq məzuniyyətində olan işçi iyun ayında ərizəsini yazaraq çıxıb. Qarşı tərəf bunu “kadrların optimallaşdırılması” adlandırır. Bu necə təkmilləşdirmədir ki, 1 ay sonra yerinə adam götürürlər? “Rövşən” adlı şəxslə bağlı hər hansı iddiası yoxdur. Əmrin ləğv edilməsini, öz iş yerinə bərpa olunmağını, məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsini, mükafat pulları və maddi ziyanla bağlı vurulmuş zərərin ödənilməsini, sağlamlığına vurulmuş 5 min manat məbləğində vurulmuş zərərin əvəzinin ödənilməsini, 10 min işçi ilə bağlanmış müddətli əmək müqavilələrinin ləğv edilməsini, həmin müqavilələrin müddətsiz əmək müqavilələri bağlanması ilə bağlı qətnamə qəbul edilməsini xahiş edir. Ona təklif olunan vəzifə montyorluqdur. O, həmin işdə işləyə bilməz. Bir fərq var, əvvəllər o, işləyəndə oranın adı “X7” idi. İndi adını dəyişiblər, “yol” sözünü çıxardıblar. Ona vurulmuş zərərlə bağlı bildirir ki, o əməliyyat olunmalıdır. Vəkilə müraciət etmişdir, dərman içmişdir. 950 manat çoxdursa 350 manat etsinlər. Ona verilən mükafatın məbləği əvvəl 100 manat idi, sonradan 200 manat verməyə başladılar. Hərənin öz mükafatı var. Əgər 4 mühəndisin 4-ü də ixtisar edilsə idi, o, məhkəməyə müraciət eləməzdi. 52 yaşı var, heç yerdə işə götürmürlər. Dərmanlarına 2000 manat xərc çıxdı. O da fikirləşdi ki, 600 manat da tapıb təyyarə bileti alar, Türkiyədə əməliyyat olunar.
11. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X9 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Dəmir Yolları tərəfindən heç bir pozuntuya yol verilməmişdir. Bu apellyasiya məhkəməsinə gələn birinci iş deyil. ADY-də 500-dən artıq ştat ixtisar edilmişdir. İddiaçının işlədyi laboratoriya da ləğv edilib. İddiaçı iddia edir ki, həmin laboratoriyanın yerində başqa laboratoriya təsis olunub, lakin bu doğru deyil. Çox vaxt işçilər ştat ixtisarı ilə işçi sayının ixtisarını səhv salırlar. Onlar ştat ixtisarı etmişdilər. Bununla bağlı lazımi sənədlər təqdim olunub. Yeni ştat cədvəlində həmin laboratoriya yoxdur. Həmin laboratoriya ləğv olunub. Başqa iş də təklif olunub. Həmin laboratoriya ümumiyyətlə artıq yoxdur. Həmin işçilər də başqa vəzifədə işləyirlər. Bu ştat ixtisarıdır. Zəkəriyev Şöhrət yerinə götürülməyib. Ştatı ləğv olunduğundan, yerinə he çkim götürülə bilməzdi. Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində optimallaşma gedir. İndi sırf rəqəmsallaşma, texnika ilə, İT ilə işlənmə gedir, xüsusi avadanlıqlarla iş gedir. İddiaçı israrla deyir ki, 2 nəfər işçi hələ də işləyir. Bəli, həqiqətən də həmin işçilər hələ də işləyir. Onlara başqa vəzifə təklif olunmuşdu, lakin iddiaçı bunu qəbul etmədi. Həmin laboratoriyada 5 mühəndis olub. Laboratoriya tamamilə ləğv edilib.
Apellyasiya baxışının hədləri
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
13. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
15. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin olunması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin
16.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 17.11-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin hüququdur. 18.70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. 19.71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 20.77.1-77.3-cü maddələrinin tələblərinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 21.77-ci maddəsinin 4-cü hissəsinə əsasən işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. 22.78-ci maddəsinin 1-ci hissəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. 23.79-cu maddəsinin birinci və ikinci hissələrinə görə işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin «a» bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. 24.300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73,74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin
25.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 26.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
27.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 28.Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarını müqayisəli şəkildə təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan əmək münasibətlərinə xitam verilə bilməz. 29.Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdən başlayaraq “Azərbaycan Dəmir Yolları” QSC-nin 2 nömrəli Müəssisənin Bakı Elektrik Təchizatı sahəsinin Yol Elektrotexniki Laboratoriyasında mühəndis vəzifəsinə qəbul edilərək, xx.xx.2016-cı il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmiş, xx.xx.2016-cı il tarixdə QSC-nin 1 nömrəli Bakı Elektrik Təchizatı sahəsinin X1 mühəndis vəzifəsinə qəbul edilərək, xx.xx.2021-ci il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmiş, daha sonra isə xx.xx.2021-ci il tarixdə QSC-nin Elektrik Təchizatı xidmətinin 1 nömrəli Bakı Elektrik Təchizatı sahəsinin X1 mühəndis vəzifəsinə qəbul edilərək, xx.xx.2022-ci il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmişdir. 30.Sonuncu dəfə iddiaçı xx.xx.2023-cü il tarixdə İnfrastruktur Departamentinin Diaqnostika və Monitorinq mərkəzinin X3 mühəndis vəzifəsinə qəbul edilmiş, onunla bir illik (xx.xx.2024-cü il tarixədək) müddətli əmək müqaviləsi bağlanılmışdır. İnfrastruktur Departamentində aparılmış struktur dəyişikliklərinin nəticəsi olaraq həmin departamentin Diaqnostika və Monitorinq mərkəzinin X4 mühəndisi ştatı ixtisar edilmişdir. Bununla əlaqədar xx.xx.2023-cü il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən İddiaçı tərəf olduğu əmək müqaviləsinə xitam verilmişdir. İnfrastruktur departamentinin X2 xx.xx.2023-cü il tarixli qərarına əsasən, tərəflərin əmək münasibətlərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə Həmkarlar İttifaqının etiraz etmədiyi müəyyən edilmişdir. 31.Beləliklə işin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə ştatın ixtisarı əsası ilə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, işçi-iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, ixtisarın məqsədəuyğunluğu məsələsi müzakirə edilmiş və gəlinən nəticə əsaslandırılmış, iddiaçı cavabdeh tərəfindən ştatın ixtisarı səbəbi ilə əmək münasibətlərinə xitam veriləcəyi barədə əmək stajına uyğun şəkildə vaxtında (doqquz təqvim həftəsindən əvvəl) xəbərdar edilmiş, həftənin bir iş günü əmək funksiyasının icrasından azad edilməklə yeni iş yeri axtarmaq üçün ona şərait yaradılmış, həmkarlar ittifaqı təşkilatına təqdimatla müraciət edilmiş və iddiaçının işdən azad edilməsinə qabaqcadan razılığı alınmışdır. Bundan başqa QSC tərəfindən xx.xx.2023-cü il tarixli əmrin çıxarılması barədə iddiaçıya məlumat verilməklə onunla son haqq-hesab aparılmış, o cümlədən orta aylıq əmək haqqının azı 2 misli miqdarında işdənçıxarma müavinəti ödənilmiş, əmək kitabçasının təqdim edilməsi təmin edilmişdir. Qeyd edilməlidir ki, iddiaçıya ixtisas səviyyəsinə uyğun başqa vəzifədə işləməklə əmək münasibətlərinin davam etdirilməsi təklif edilmiş, o, təklif edilmiş vəzifədən imtina etdiyindən əmək münasibətlərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. 32.Eyni zamanda, kollegiya qeyd etməyi zəruri sayır ki, iddiaçının İnfrastruktur Departamentinin Diaqnostika və Monitorinq mərkəzinin X4 mühəndisi ştatı ləğv olunmuşdur. Belə olan halda hazırda iddiaçının də işdə qalmaq üçün üstünlük hüququnu qiymətləndirməyə ehtiyac yoxdur. Bu qayda vəzifə bir və ya bir neçə ştat vahidini nəzərdə tutduğu təqdirdə tətbiq edilir. 33.Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, işçilərin sayının işin həcminə uyğunlaşdırılması və kadr potensialının buna mütənasib optimallaşdırılmasının təmin edilməsinə dair məsələnin həlli cavabdeh-hüquqi şəxsin diskresion səlahiyyətlərinə aiddir. Belə ki, müəssisə istehsalın və idarəçiliyinin təşkilini təkmilləşdirmək, təsərrüfat fəaliyyətini yaxşılaşdırmaq, artıq xərclərin qarşısını almaq məqsədilə öz strukturunu və ştat tərkibini müstəqil surətdə müəyyən etmək hüququna malikdir. İşçi ilə əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən ləğv olunduqda və bununla bağlı məhkəmə mübahisəsi yarandıqda işə baxan məhkəmə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunub-olunmaması, işəgötürənin özünün diskresion səlahiyyətlərindən qərəzli şəkildə istifadə edib-etməməsinə dair məsələləri nəzərdən keçirməlidir. 34.Belə ki, Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən bu Məcəllənin və digər normativ-hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüququ işəgötürənin əsas hüquqlarından biridir. 35.İş materiallarından göründüyü kimi iddiaçının tərəf olduğu əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi, o cümlədən işəgötürənin iddiaçıya qarşı qərəzli münasibətdə olması halları aşkar edilməmişdir. 36.İddiaçının cavabdeh tərəfindən işçilərin sayı azaldılmadığına, tutduğu vəzifənin ixtisar edilmədiyinə və s. dair irəli sürdüyü dəlilləri məhkəmə heç bir sübut növü ilə təsdiq edilməməklə əsassız və mülahizə xarakterli sayır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. 37.Beləliklə yuxarıda şərh edilənlərə əsasən məhkəmə iddiada göstərilənlərin mübahisələndirilən əmrin ləğv edilməsi üçün əsas olmadığı qənaətinə gəlir. Həmçinin məhkəmənin bu qənaətinə görə, iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni işə bərpa edilmə və s. məsələlərə hüquqi qiymət verilməsinə zərurət yoxdur. 38.Bundan başqa iddiaçı onunla və həmin QSC-də işləyən 10.000-dən artıq işçi ilə bağlanmış müddətli əmək müqavilələrinin ləğv edilməsi və onlarla müddətsiz əmək müqavilələrinin bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 39.Hazırkı halda tələbin iddiaçıya aid hissəsinə dair qeyd edilməlidir ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə ştatın ixtisarı əsası ilə xitam verilmişdir. Məhkəmə araşdırması nəticəsində işəgötürən tərəfindən əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunduğu müəyyən edilmiş, bununla da tərəflər arasında mövcud olmuş əmək münasibətlərinin bərpa edilməsi üçün əsaslar yaranmamışdır. Yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlinir ki, hazırki vəziyyətdə iddiaçının onunla işəgötürən arasında bağlanmış müddətli əmək müqaviləsi mövcud deyildir, bu səbəbdən də sözügedən müqavilənin müddətsiz əmək müqaviləsi ilə əzəzləşdirilməsi də qeyri-mümkündür. 40.İddiaçı QSC-də işləyən 10.000-dən artıq işçi ilə bağlanmış müddətli əmək müqavilələrinin ləğv edilməsini və onlarla müddətsiz əmək müqavilələrinin bağlanmasını tələb etmək üzrə subyektiv hüquqa, müqavilə tərəfi olmadığı üçün, malik deyildir. Belə ki, məhkəmə müdafiəsindən istifadə etmək istəyən iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu, yəni mübahisə yaradan məsələ ilə maraqlarına toxunduğu halı öz təsdiqini tapdığı təqdirdə, bu hüququn cavabdeh tərəfindən pozulması halı araşdırılmalıdır. 41.Kollegiya iddiaçının apelyasiya şikayətində “işdən çıxarıldığı dövrdə hər ay almadığı mükafat pulların, 950 manat məbləğində ona vurulmuş maddi zərərin, cavabdehin qeyriqanuni hərəkətləri nəticəsində sağlamlığına vurulmuş 5.000 manat məbləğində zərərin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi”nə dair qətnamə çıxarılmasını tələb etməsi ilə əlaqədar qeyd edir ki, həmin tələblərə, iddia ərizəsində irəli sürülmədiyindən və birinci instansiya məhkəməsinin baxış predmeti olmadığından, münasibət bildirilməməli və iddiaçıya mübahisəli məsələ ilə bağlı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malik olması izah edilməlidir. 42.Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti ümumilikdə düzgündür və mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 43.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 44.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-202/2024 saylı, 23 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova