Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-401/2022 05.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2896/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı cavabdehin Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 3A, mənzil 81-dən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 3A, mənzil 81-i keçmiş mülkiyyətçisi olan bacısı X2 xx.xx.2021-ci il tarixdə bağlanmış müqaviləyə əsasən hədiyyə almışdır. Lakin, bacısının əri, iş üzrə Cavabdeh həmin mənzildə qeydiyyatda qalmışdır.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2896/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən 3A nömrəli evin 81 nömrəli mənzilindən Cavabdeh istifadə hüququna xitam verilməsi qət edilmişdir (hakim: Əminə Abbasova).
4. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti erərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının bacısı X8 ilə 2004-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. ünvan 1 ünvanında yerləşən mənzil 2012-cu il tarixdə birgə nikah dövründə cavabdehin vəsaiti hesabına alınmışdır. Cavabdeh Göyçay şəhərində yerləşən ata mülkünü satdıqdan sonra 2018-ci il tarixdə həmin ünvana qeydiyyata düşmüşdür. Həyat yoldaşı X8 cavabdehə bildirdi ki, bacısı Fərqanə iş qurur və viza almaq istəyir, ona gorə onun köməyə ehtiyacı var və həm də cavabdehin iş yerində olan problemi ilə əlaqədar keçmiş həyat yoldaşı Gülərin tələbi əsasında xx.xx.2021ci il tarixdə formal olaraq Bakı şəhəri Xətai ray, Zığ yolu küçəsi, ev 3a, mənzil 81-i iddiaçının adına keçirilməsinə razılıq vermişdir. Daha sonra cavabdehə məlum oldu ki, o həyat yoldaşı X8 və İddiaçı tərəfindən aldadılmışdır. Belə ki, cavabdeh bağışlanmaya razılıq verdikdən sonra həyat yoldaşı X8 Bakı şəhəri Xətai Rayon Məhkəməsində nikahın pozulması tələbi ilə iddia qaldırmış, daha sonra bacısı Cəbiyeva -Fəqanə Şərif qızı cavabdehin mənzilə istifadə hüququnun itirilməsinə dair iddia qaldırmışdır. Bakı şəhəri, Xətai ray, Zığ yolu küçəsi, ev 3 a, mənzil 81 birgə nikah dövründə cavabdehin vəsaiti hesabına alınmışdır, həmin əmlakda cavabdehin pay və istifadə hüququ vardır. Cavabdeh notariat qaydada ərizə verərkən aldadılmışdır. Cavabdeh 2012-2013-cü illərdə həmin mənzili təmir etmiş və 2018-ci ildə ata evini satdıqdan sonra həmin ev üçün mebel və digər avadanlıqlar almışdır. Həmin mənzildən başqa cavabdehin yaşayış yeri yoxdur. İddiaçının isə həmin binada 10-cu mərtəbədə özünə məxsus evi vardır və iddiaçı öz mənzilində yaşayır. Cavabdeh bilməmişdir ki, X4 və X8 onu aldadaraq bilə-bilə yalan məlumat verməklə və vicdanhlıq nümayiş etdirməyərək əsl həqiqəti deməməklə cavabdehdən razılıq ərizəsi almaqda məqsədli olmuşlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin muba isə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339-cu maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Şəxs əqd bağlamnası məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mubahisələndırmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış mə umat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədim güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma lalında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Əgər 339.1, 339.2 və 339.4cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən suiistifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. Bu Məcəllənin 339.1- 339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Tərəflərin izahatları:
6. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etdi.
7. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
9. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməlidir. Sübutların tədqiqi:
10. Belə ki, iş materiallarında olan AN-İ ******* nömrəli xx.xx.2012-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X6 Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 3A saylı evin 81 saylı mənzilini alıcı X3 mülkiyyətinə vermiş, alıcı isə mənzili 50.000 manat ödəməklə almışdır.
11. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin notarial təsdiq edilmiş surətindən görünür ki, hədiyyə verən X8, mülkiyyətində olan, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 3A saylı evin 81 saylı mənzilini tam hissəsini hədiyyə alan İddiaçı bağışlamışdır.
12. Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 3A saylı evin 81 saylı mənzilin bağışlanmasına dair xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin notarial təsdiqi üzrə aparılmış notariat işinə əlavə edilmiş Cavabdeh ərizəsindən görünür ki, sonuncu ərizəsində birgə nikahları dövründə əldə edilmiş arvadı X5 məxsus Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 3A saylı evin 81 saylı mənzilini bağışlamasına etiraz etmir, həmçinin bəyan edir ki, mənzilə dair hüquqi rejimi müəyyən edən nikah müqaviləsi bağlanmamışdır.
13. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron Çıxarışın notarial təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 3A saylı evin 81 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir.
14. AR DİN-in Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli arayışına əsasən Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 3A saylı evin 81 saylı mənzilində qeydiyyatdadır. Hüquqi dəyərləndirmə:
15. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ev 3A, mənzil 81 Cavabdeh ilə iddiaçının bacısı olan X8 ilə birgə nikah dövründə X3 adına satın alınsa da, o, həmin mənzilin bağışlanma müqaviləsi rəsmiləşdirildiyi zaman mənzilin sahibi kimi əmlakın özgəninkiləşdirilməsinə etiraz etməmişdir. Belə olan halda xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin bağlanması və bu müqavilənin notariat kontorunda təsdiq edilməsi ilə, həmin mənzilə dair iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində mənzilin keçmiş mülkiyyətçilərinin mülkiyyət hüququ və mülkiyyət hüquqları ilə bağlı bütün hüquqları itirilmiş, iddiaçının isə bu mənzil üzərində mülkiyyət hüququ yaranmışdır.
16. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qənaətini onunla əsaslandır ki, iş materiallarında olan **********354 saylı ərizədən görünür ki, Cavabdeh mübahisələndirilən Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 3A, mənzil 81də yerləşən mənzilin bağışlanmasına etiraz etmir. Eyni zamanda, iş materiallarından görünür ki, cavabdeh həmin mənzil cavabdehin iddiaçının bacısı ilə rəsmi nikahda olduğu dövrdə alınmışdır.
17. Kollegiya qeyd edir ki, həmin ərizənin məzmununda Cavabdeh mənzildən istifadə hüququna xitam verilməsi, yəni qeydiyyatdan çıxmağı öhdəsinə götürməsi nəzərdə tutulmamışdır. Qeyd edilən hal onu deməyə əsas verir ki, cavabdehin mənzilin bağışlanmasına etiraz etməməsi onun istifadə hüququndan deyil, payından imtina etməsi kimi qiymətləndirilməlidir.
18. Qeyd edilən halın hüquqi əsası kimi kollegiya Mülki Məcəllənin 158.3-cü maddəsinə istinad edilməsini zəruri sayır.
19. Həmin maddəyə görə, əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur...
20. Həmin Məcəllənin 158.1-ci maddəsinə görə, mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar.
21. Kollegiya həmçinin qeyd edir ki, iş materiallarında olan **********354 saylı ərizədən görünür ki, mübahsiələndiirlən evin satılmasına etiraz etmədiyini bildirən digər bir şəxs X1 eyni zamanda sözügedən mənzili tərk etməyi və pasport qeydiyyatından çıxmağı öz öhdəsinə götürmüşdür. Lakin, cavabdehin ərizəsində, həmçinin, pasport qeydiyyatından çıxması halı öz əksini tapmamışdır.
22. Cavabdehin sözügedən mənzildən pasport qeydiyyatından çıxması öhdəliyi nəzərdə tutulmadığından cavabdehin həmin mənzildən istifadə hüququna xitam verilməsi yalnız ona kompensasiya ödənilməsi yolu ilə mümkündür.
23. Mülki Məcəllənin 152.3-cü maddəsinə görə isə istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-cı maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
25. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.
26. Belə ki, R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.”
27. Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil. Eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin.
28. Kollegiya iş matereiallarını, apellyasiya şikayətinin dəlillərini, qeyd edilən hüquq normalarını və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyini əsas görürərək vurğulayır ki, mənzil cavabdehlə iddiaçının bacısının birgə nikah dövründə alındığından, cavabdehin yalnız öz payından notarial qaydada imtina etməsini onun istifadə hüququna da xitam verilməsi kimi qiymətləndirmədiyindən, eyni zamanda cavabdehin notariusda verdiyi ərizədə mübahisəli mənzildən qeydiyyatdan çıxmasını öhdəsinə götürmədiyindən iddia tələbi rədd edilməlidir.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
30. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
31. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
32. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.
33. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə:
34. Sadalanan xüsusatlara, qeyd edilən hüquq normalarının tələblərinə əsasən kollegiya hesab edir ki, cavabdeh tərəfindən notariat qaydasında verilmiş ərizədə mübahisəli mənzildən istifadə hüququndan deyil, pay hüququndan imtina edildiyindən, mənzilə istifadə hüququna yalnız cavabdehə kompensasiya verilməsi yolu ilə mümkün olduğundan, cavabdehin apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilərək, iddia tələbi rədd edilməlidir.
35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2896/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev