Məhkəmə qərarları › İş №2(103)-4010/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4010/2023

16.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4010/2023 16.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı (X8 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilin təhvil verilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Açar sözlər: (mənzilin təhvil verilməsi və.s ) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X10 və X3 ibarət tərkibdə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh MTK-nın nümayəndəsi və vəkili X11, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 oktyabr 2023-cü il tarixli, 2(004)-4096/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Cavabdeh MTK ilə ayrı-ayrılıqda həm İddiaçı və həm də maraqlı şəxs X8 arasında eyni mənzilə dair təxminən eyni məzmunlu müqavilələr imzalanmış və onlar tərəfindən mənzilin dəyəri ayrıayrılıqda tam ödənilmişdir. Adı çəkilən MTK ilə İddiaçı arasında imzalanan müqavilə tarix etibari ilə daha əvvəl tərtib edilmiş olsa da, MTK mənzili onun (iddiaçının) sahiblik və istifadəsinə deyil, maraqlı şəxs X1 və istifadəsinə vermiş, mənzil sonuncu tərəfindən təmir etdirilmiş və ailə üzvləri ilə birlikdə orada yaşamağa başlamışdır 2.Hazırda İddiaçı müqavilənin onunla daha əvvəl bağlandığını bildirərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh MTK-ya qarşı (X8 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilin təhvil verilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-nın müqaviləsi əsasında iddiaçıya məxsus olan ünvan 1 ünvanda yerləşən yaşayış binasının 2-ci blok, 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152.8 kv.m, 3 otaqdan ibarət, olan 165 saylı mənzilin maneələrin aradan qaldırılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 21 yanvar 2009-cu il tarixdə “Yeni Yasamal" MTK ilə müqavilə əsasında dəyəri olan 84040 manat pulu tam ödəyərək Bakı şəhəri, Yasamal rayonu, M. Xiyabani küçəsində yerləşən yaşayış binasının 2-ci blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 152.8 kv.m, 3 otaqdan ibarət olan 165 saylı mənzili tam dəyərini ödəyərək almışdır. Həmin mənzilə dair müqavilə bağlayarkən “Yeni Yasamal" MTK-nın direktoru X5 onlara bildirmişdir ki, iki il ərzində binanı tikib mənzili təhvil verəcək. Bina tam hazır olmasa da bir çox vətandaşlar onlara, müqavilə əsasında məxsus olan mənzillərində, bəzi təmir tikinti işləri aparırlar. Buna görə də o, cavabdehə müraciət edərək mənzilinin və giriş qapılarının açarlanın verilməsini xahiş etsə də, cavabdeh cürbəcür bəhanələr gətirərək mənzil sahəsini təhvil verməkdən imtina etmişdir. 5.İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, Cavabdeh MTK ilə ayrı-ayrılıqda İddiaçı və X8 ilə bağlanmış müqavilələrdə göstərilə qiymətlərdən də görünür ki, üçüncü şəxs MTK tərəfindən aldadılmışdır. Çünki həmin dövrdə mənzilin müqavilədə göstərilən qiymətə olması mümkün deyil. Çünki bina hazır olmamışdan əvvək iddiaçıya hər kvadrat metri 550 manata, bina hazır olduqdan sonra isə X6 265 manata satılmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından da görünür ki, Cavabdeh MTK-nın nümayəndəsi kassasiya şikayətində qeyd etmişdir ki, X13 Cavabdeh MTK tərəfindən tikintiyə ayrılmış 2-ci giriş, 7-ci mərtəbə, 3 otaqlı 152.8 kv.m sahəsi olan 165 nömrəli mənzili xx.xx.2009-cu il tarixli müqavilə əsasında İddiaçı adlı şəxsə satmışdır. İddiaçı tərəfindən ona ödənilmiş 81 400 manat pul vəsaiti, yəni mənzilin dəyəri isə Cavabdeh Mənzil-Tikinti Kooperativinə ödənilməmişdir. Bu fakt istər X13 barəsində aparılan cinayət işi, istərsə də mülki icraat qaydasında Cavabdeh MTK tərəfindən verilmiş iddia tələbi üzrə çıxarılmış məhkəmə aktında öz təsdiqini tapır. Bundan başqa həmin fakt X13 tərəfindən yazılmış və Cavabdeh MTK-nın sədri Cahangir Alışova ünvanlanmış ərizə ilə də təsdiq edilir. Bu səbəbdən hesab edir ki, qeyd edilən mənzilə dair ilkin müqavilə X8 ilə bağlanmışdır. Odur ki, iddianın təmin edilməməsini xahiş edir. 7.Cavabdeh MTK-nın sədri Cahangir Alışov iddia tələbinə dair mülahizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, ünvan 3 ünvanda Cavabdeh tərəfindən inşa edilmiş yüksəkmərtəbəli yaşayış binasının 2-ci giriş, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 152.8 kv.m, 3 otaqdan ibarət, olan 165 nömrəli mənzil 29 mart 2012-ci il tarixli müqavilə və maliyyə arayışı ilə X6 40500 manata razılaşdıraraq satılmışdır. Alıcı həmin sahənin dəyərini tam olaraq MTK-ya ödəmiş və sahə alıcıya təhvil verilmişdir. 2012-2014-cü illərdə həmin mənzil X8 tərəfindən təmir olunmuş və həmin vaxtlardan mənzildə oğlu X9 ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçı MTK-a tərəfindən verilmiş mənzilə dair müqavilə və maliyyə arayışı binada podrat işləri ilə məşğul olan X13 tərəfindən Cavabdeh MTK-nın təqdim etdiyi sənədlərə əsasən, tikintinin tam başa çatdırılması üçün podratçıya verilməsi nəzərdə tutulan yaşayış sahəsindən 8667 kv.metr yaşayış sahəsi Məsud Əhmədov tərəfindən ilkin olaraq satılsa da, onun yerinə yetirdiyi faktiki işin tikinti sahəsi ilə dəyəri isə nəzarət-ölçü nəticəsində faktiki olaraq 3161 kv.metr təşkil etdiyi məlum olmuşdur. Binanın tikintisində məsul olan podratçı M.Əhmədov "xxxx" MTK-nın binasının tikintisini təməl işlər istisna olmaqla 1-9-cu mərtəbənin döşəməsinə qədər monolit dəmir-beton, kərpiç hörgü PVC plastik qapıpəncərə işlərini görmüş, öhdəliyi olduğu halda binanı tam başa çatdırmaq əvəzinə yarımçıq qoyub qaçmış, Kooperativdə mənzilləri və qeyri-yaşayış sahələrini yazdırmaqla vətəndaşlardan aldığı ******* manatdan cəmi ******* manat tikintiyə xərcləməklə qalan ******* manatı mənimsəmişdir. Podratçı M.Əhmədov "xxxx" MTK-nın binasından yaşayış və qeyri-yaşayış sahələrini müxtəlif şəxslərin adlarına yazdıraraq pullarını mənimsəmişdir. X13 165 saylı mənzillə bağlı MTK-a sədri olaraq onun adına ərizə ilə müraciət edərək, İddiaçı verilmiş müqaviləni ləğv etməyi və hər hansı bir problem yaranarsa məsuliyyəti özü daşıyacağını bildirmişdir. İddiaçı Cavabdeh MTK-nın rəhbər şəxsləri ilə bağlı Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılmış cinayət işi ilə bağlı 2014-2019-cu illərdə həm məlumatlı olmuş, həm də istintaqda dindirilmişdir. Bundan əlavə İddiaçı əvəz olaraq 102 kv.metr qeyri-yaşayış sahəsi də verilmiş və ərizə ilə müraciət edərək həmin sahəni X7 adına rəsmiləşdirmişdir. Lakin sonradan məhkəmə mübahisəsi olmuş və X7 iddiası birinci, apelyasiya və kassasiya instansiya məhkəmələri tərəfindən rədd olunmuş, Cavabdeh MTK-nın xeyrinə qətnamə qəbul olunmuşdur. 8.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 14 oktyabr 2022-ci il tarixli, 2(004)-4096/2022 saylı qətnaməsi ilə (sədrlik edən-Kərim Xudayev) iddia təmin edilməmiş, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmə işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd etmişdir: 9.İş materiallarından aydın olur ki, Cavabdeh MTK ilə İddiaçı (alıcı) arasında xx.xx.2009-cu il tarixdə “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilə bağlanmış, həmin müqaviləyə görə adı çəkilən MTK-nın Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa etdiyi yaşayış binasının 2-ci giriş, 7-ci mərtəbəsində yerləşən 152,8 kv.m sahəsi olan 3 otaqdan ibarət 165 saylı mənzilin alıcıya təhvil verilməsi və mənzilin ümumi dəyərinin 84040 manat məbləğində müəyyən olunaraq ödənilməsi razılaşdırılmışdır. Cavabdeh MTK-nın xx.xx.2009-cu il tarixli maliyyə arayışına görə sözügedən mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. 10.İş materiallarından həmçinin aydın olur ki, Cavabdeh MTK ilə X8 (alıcı) arasında xx.xx.2012-ci il tarixdə “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən MTK, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində tikilməkdə olan binasında 165 nömrəli mənzili alıcı Elçin Abdullayevə təhvil verməyi, alıcı isə həmin mənzili qəbul edərək mənzilin qabaqcadan müəyyənləşdirilmiş haqqını – yəni 40500 manat məbləğini ödəməyi öhdələrinə götürmüşdür. Cavabdeh MTK-nın həmin 29 mart 2012-ci il tarixli maliyyə arayışına görə sözügedən mənzilin dəyəri Elçin Abdullayev tərəfindən tam ödənilmişdir. 11.Məhkəmə araşdırması zamanı mübahisə predmeti olan ünvan 3 ünvanda yerləşən yaşayış binasının 2-ci blok, 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152.8 kv.m, 3 otaqdan ibarət olan 165 saylı mənzilə yerli baxış keçirilmiş və məhkəmə tərəfindən müəyyən edilmişdir ki, qeyd edilən mənzil tam təmirli olmaqla mənzildə Abdullayev Elçin ailə üzvləri ilə birlikdə yaşayır. Mənzildə yaşayan X2 Orxan mənzilin atasına məxsus olduğunu, atasının mənzili 2012-ci il tarixli müqavilə əsasında əldə etdiyini və 2015-ci ildən qeyd edilən mənzildə yaşadıqlarını bildirmişdir. 12.Beləliklə, işin müəyyən olunmuş hallarına görə Cavabdeh MTK ilə ayrı-ayrılıqda həm İddiaçı və həm də maraqlı şəxs X8 arasında eyni mənzilə dair təxminən eyni məzmunlu müqavilələr imzalanmış və onlar tərəfindən mənzilin dəyəri ayrı-ayrılıqda tam ödənilmişdir. Adı çəkilən MTK ilə İddiaçı arasında imzalanan müqavilə tarix etibari ilə daha əvvəl tərtib edilmiş olsa da, MTK mənzili onun (iddiaçının) sahiblik və istifadəsinə deyil, maraqlı şəxs X1 və istifadəsinə vermiş, mənzil sonuncu tərəfindən təmir etdirilmiş və ailə üzvləri ilə birlikdə orada yaşamağa başlamışdır. İşin hallarından aydın olur ki, iddiaçı, mənzil maraqlı şəxsin sahiblik və istifadəsinə verilənədək, həm də bundan sonra keçən müddət ərzində mənzilin özünə verilməsini tələb etməmiş və buna dair hər hansı iddia irəli sürməmişdir. 13.Məhkəmə qeyd etmişdir ki, mübahisəli mənzilin yerləşdiyi bina Cavabdeh MTK tərəfindən inşa edilmiş, MTK inşa etdiyi həmin binanın eyni mənzilinə dair həm iddiaçı və həm də maraqlı şəxs ilə eyni məzmunlu müqavilələr bağlamış və onlar tərəfindən mənzilin dəyəri ayrı-ayrılıqda tam ödənilmiş, MTK isə sözügedən ünvanda inşa etdiyi həmin binanın 1-ci giriş, 6-cı mərtəbəsində yerləşən 155.6 kv.m sahəsi olan 3 otaqdan ibarət 37 saylı mənzilini həmin şəxslərlə ayrı-ayrılıqda bağlanmış eyni məzmunlu müqavilələrə əsasən onlara təhvil verməyi öhdəsinə götürmüşdür. Bununla belə, MTK sözügedən müqavilələrlə fərdən müəyyən edilmiş həmin mənzili iddiaçıya deyil, maraqlı şəxs Elçin Abdullayevə təhvil vermiş və sonuncu mənzili təmir etdirilməklə ailə üzvləri ilə birlikdə orada yaşamağa başlamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, X13 Cavabdeh MTK-nın sədri Cahangir Alışova ərizə ilə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa etdiyi yaşayış binasının 2-ci giriş, 7-ci mərtəbəsində yerləşən 152,8 kv.m sahəsi olan 3 otaqdan ibarət 165 saylı mənzil onun tərəfindən İddiaçı satıldığını, lakin İddiaçı tərəfindən ödənilmiş 81400 manat onun tərəfindən MTK-ya ödənilmədiyini qeyd etsə də, iş materiallarında olan xx.xx.2009-cu il tarixdə “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilədən və eyni tarixli maliyyə arayışından görünür ki, müqavilə "xxxx" MTK ilə bağlanmış, maliyyə arayışı da Cavabdeh MTK-nın sədri tərəfindən verilmişdir. Qeyd edilən müqavilə qüvvədədir. Bununla da, MTK maraqlı şəxs Elçin Abdullayevlə bağladığı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş sayılsa da, iddiaçıya münasibətdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və fərdən müəyyən edilmiş həmin mənzili başqa birinə verdiyindən iddiaçı ilə bağlamış olduğu xx.xx.2009-cu il tarixli müqavilənin icrası onun təqsirindən mümkünsüz hala gəlmişdir. 14.Məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə müqavilədən irəli gələn öhdəliklər mövcud olduğundan, əşyanın (mənzilin) alınmasına müəyyən vəsait sərf etmiş şəxslər (iddiaçı və maraqlı şəxs) kreditor, öhdəliyin icrasını təmin etməyi üzərinə götürən MTK isə borclu hesab olunur. Bu mənada məhkəmənin qənaətinə görə, hazırkı mübahisəyə Mülki Məcəllənin 452.1-ci maddəsi tətbiq olunmalıdır. 15.Məhkəmə həmçinin qeyd etmişdir ki, tərəflər arasında ayrı-ayrılıqda yaşayış binasında mənzil tikintisi ilə əlaqədar bağlanmış müqavilələr podrat müqaviləsi olduğundan mübahisə üzrə həmin münasibətləri tənzimləyən Mülki Məcəllənin XXXİX fəslinin müddəalarının tətbiq olunması istisna edilmir. Mülki Məcəllənin həmin fəsildə yer alan 752.2-ci maddəsinin tələblərinə görə, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 16.İş materiallarından aydın olur ki, MTK öz materialları əsasında inşa etdiyi (hazırladığı) yaşayış binasındakı mübahisəli mənzili məhz maraqlı şəxs Elçin Abdullayevin mülkiyyətinə keçirmək niyyəti ilə ona təhvil vermişdir. 17.Bu qənaətə gələrkən məhkəmə nəzərə almışdır ki, ödədiyi muzd əsasında mənzilin podratçı tərəfindən sifarişçiyə verilməsi, hazırlanmış əmlaka mülkiyyət hüququnun verilməsi hesab olunur; bu isə Mülki Məcəllənin 452.1-ci maddəsində nəzərdə tutulmuş şərtin (söhbət, əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verilməsindən gedir) reallaşdığını göstərir. 18.Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının analoji işlər üzrə qəbul edilmiş qərarlarında formalaşdırdığı hüquqi yanaşmaya görə, mübahisəli mənzil üzrə pay haqqı tam şəkildə ödənilməklə mənzilin verildiyi şəxs həmin mənzilə sahiblik və istifadə hüququ əldə edir və gələcəkdə zəruri sənədləri təqdim etməklə hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək imkanını əldə edir. (2(102)- 88/2019 saylı iş üzrə 07 yanvar 2019-ci il tarixli Qərar). 19.Maraqlı şəxs Elçin Abdullayev lazımi qaydada ödənilmiş muzd əsasında mənzili əldə etməklə orada ailəsi ilə birlikdə yaşadığından, onun mülkiyyət hüququnun qeydiyyatdan keçməməsi sözügedən şərtin baş verməsini şübhə altına almır. Nəzərə alınmalıdır ki, mübahisəli mənzil üzrə pay haqqı tam şəkildə ödənilməklə mənzil maraqlı şəxs Elçin Abdullayevə verildiyi üçün sonuncu həmin mənzilə sahiblik və istifadə hüququ əldə etmiş və gələcəkdə zəruri sənədləri təqdim etməklə hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək imkanını əldə etmişdir. 20.Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab etmişdir ki, mübahisəli mənzil iş üzrə maraqlı şəxs Elçin Abdullayevə təhvil verildiyindən Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən digər şəxslərin tələbləri əsaslı hesab oluna bilməz və bu baxımdan İddiaçı Cavabdeh MTK-ya qarşı (X8 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilin təhvil verilməsi və maneələrin aradan qaldırılması” tələbinı dair iddiası təmin edilə bilməz. 21.Həmçinin, iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. 22.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 386.1,324.1, 324.2, 324.4, 324.5, 452.1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1-cu maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri. a) Apellyasiya şikayətinin dəlilləri 23.Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 24.Apellyasiya şikayətində qeyd olunmuşdur ki, məhkəməyə təqdim etdiyi müqavilədən və maliyyə arayışından da göründüyü kimi, mübahisəli mənzil üzərində sahiblik və sərəncam hüququ ilk öncə iddiaçıda yaranmışdır. Lakin birinci instansiya məhkəməsi öz qətnaməsində istifadə və sahiblik hüququnun yaranma əsaslarını yanlış təfsir edərək, mübahisəli mənzilin mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Elçin Abdullayevə təhvil verilməsini əsas hal kimi qəbul etmiş və mənzillə bağlı müqavilənin ilk öncə iddiaçı ilə bağlandığını və cavabdeh MTK tərəfindən onun aldadıldığını nəzərə almamışdır. Məhkəmə qeyd edilən maddi hüquq normalarına (MM 452.1 və 752.2-ci maddələr) istinad etsə də, həmin maddi hüquq normalarının tətbiqi nəticəsində hansı səbəblərə görə Elçin Abdullayevin mübahisəli mənzil üzərində üstünlük hüququnun ölduğunu qətnaməsində əsaslandırmamışdır. Halbuki, mənzilin iddiaçıya təhvil verilməsinin cavabdeh tərəfindən qəsdlə və bilə-bilə gecikdirilməsi, mənzilə daxil olmağına cavabdeh tərəfindən daim maneələrin yaradılması, eləcə də, cavabdehlə Elçin Abdullayev arasında bağlanmış müqavilənin formal xarakter daşıdığı məhkəmə araşdırması ilə tam müəyyən edilmişdir. İndiki halda, mübahisəli mənzilin ona təhvil verilməməsi məqsədi ilə Cavabdeh MTK və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Elçin Abdullayev öz aralarında formal müqavilə imzalamışlar. Bu isə, onun mülkiyyət hüquqlarının pozulması ilə nəticələnməkdədir. Təəssüflər olsun ki, işə baxan birinci instansiya məhkəməsi cavabdehlə müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında əldə olunmuş formal razılığın mahiyyətinə qiymət verməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 25.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 26.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsi və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, qətnamənin ləğv olunaraq, iddianın təmin edilməsini xahiş etdi. 27.Cavabdeh MTK-nın nümayəndəsi və vəkili X16 apellyasiya şikayətini qəbul etmədi, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında bildirdi ki, mənzil MTK tərəfindən Elçin Abdullayevə təhvil verilmişdir. 28.Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8, onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etmədilər, onun təmin edilməməsini qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. İzahatlarında əlavə olaraq bildirdilər ki, cinayət işində Elçin Abdullayev zərərçəkən kimi tanınmışdır. Cinayət işində iddiaçının adı keçmir, mənzilin Elçin Abdullayevə satılması müəyyən olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 29.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 30.Maddə 324.1.Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradəifadəsidir. 31.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 32.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 33.Maddə 389.1.Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 34.Maddə 390.1.Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 35.Maddə 452.1.Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. 36.Maddə 752.2.Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 37.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 38.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 39.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 40.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 41.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 42.Məhkəmə kollegiyası tərəflərin və üçünçü şəxsin, onların nümayəndələrinin izahatlarını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 43.Belə ki, məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, mübahisəli mənzilin yerləşdiyi bina Cavabdeh MTK tərəfindən inşa edilmişdir. MTK inşa etdiyi həmin binanın eyni mənzilinə dair həm iddiaçı, həm də 3-cü şəxs ilə eyni məzmunlu müqavilələr bağlamışdır. 44.Kollegiya ilk olaraq qeyd edir ki, müqavilə mülki hüquq və vəzifələrin yaranmasının hüquqi əsaslarından biridir. Əqd-mülki hüquq subyektinin mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönələn iradə ifadəsidir. Müqavilə əqdin əsas forması kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Göründüyü kimi, mülki hüquqların və vəzifələrin yaranmasında aparıcı rol oynayan müqavilələr və əqdlər mülki hüququn subyektlərinin iradəsinə əsaslanır. Yəni müqavilə mülki hüquq subyektlərinin iradəsinə əsaslanan hərəkətlərdən əmələ gəlir ki, bu hərəkətlər hüquqa uyğun olmalı və hüquqa zidd olmamalıdır. 45.İddiaçı və 3-cü şəxs tərəfindən mənzilin dəyəri ayrı-ayrılıqda tam ödənilmişdir. MTK isə sözügedən ünvanda inşa etdiyi həmin binanın 1-ci giriş, 6-cı mərtəbəsində yerləşən 155,6 kv.m sahəsi olan 3 otaqdan ibarət, 37 saylı mənzilini həmin şəxslərlə ayrı-ayrılıqda bağlanmış eyni məzmunlu müqavilələrə əsasən onlara təhvil verməyi öhdəsinə götürmüşdür. 46.MTK sözügedən müqavilələrlə fərdən müəyyən edilmiş həmin mənzili iddiaçıya deyil, 3-cü şəxs Elçin Abdullayevə təhvil vermiş və sonuncu mənzili təmir etdirməklə ailə üzvləri ilə birlikdə orada yaşamağa başlamışdır. 47.Birinci instansiya məhkəməsi tərəfindən tərəflərin iştirakları ilə mübahisəli mənzilə baxış keçirilmiş, mənzil tam təmirli olmaqla, orada 3-cü şəxsin ailəsi ilə birlikdə yaşadığı müəyyən olunmuşdur. Bu halı apellyasiya mərhələsində iddiaçı tərəf də mübahisələndirməmişdir. 48.Kollegiya hesab edir ki, hazırkı iş üzrə müqavilədən irəli gələn öhdəliklər mövcud olduğundan, əşyanın (mənzilin) alınmasına müəyyən vəsait sərf etmiş şəxslər (iddiaçı və maraqlı şəxs) kreditor, öhdəliyin icrasını təmin etməyi üzərinə götürən MTK isə borclu hesab edilməklə hazırkı mübahisəyə Mülki Məcəllənin 452.1-ci maddəsinin tətbiq olunması ilə bağlı məhkəmə düzgün qənaətə gəlmişdir. 49.Kollegiya məhkəmənin mövqeyi ilə razılaşaraq qeyd edir ki, tərəflər arasında ayrı-ayrılıqda yaşayış binasında mənzil tikintisi ilə əlaqədar bağlanmış müqavilələr podrat müqaviləsi olduğundan mübahisə üzrə həmin münasibətləri tənzimləyən Mülki Məcəllənin XXXİX fəslinin müddəalarının tətbiq olunması istisna edilmir. Mülki Məcəllənin həmin fəsildə yer alan 752.2-ci maddəsinin tələblərinə görə, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 50.Göründüyü kimi, MTK öz materialları əsasında inşa etdiyi (hazırladığı) yaşayış binasındakı mübahisəli mənzili məhz maraqlı şəxs Elçin Abdullayevin mülkiyyətinə keçirmək niyyəti ilə ona təhvil vermişdir. 51.Bu qənaətə gələrkən məhkəmə nəzərə almışdır ki, ödədiyi muzd əsasında mənzilin podratçı tərəfindən sifarişçiyə verilməsi, hazırlanmış əmlaka mülkiyyət hüququnun verilməsi hesab olunur; bu isə Mülki Məcəllənin 452.1-ci maddəsində nəzərdə tutulmuş şərtin (söhbət, əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verilməsindən gedir) reallaşdığını göstərir. 52.Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki hüquq münasibətlərində mülkiyyətçinin eyni əşyanın alğı-satqısı barədə bir neçə alıcı ilə razılığa gəlməsi istisna edilmir və bu cür vəziyyət özü-özlüyündə həmin müqavilələrin birinin və ya bir neçəsinin etibarsızlığı üçün əsas deyil. 53.Belə bir yanaşma Mülki Məcəllənin 452.1-ci maddəsinin məzmunundan da irəli gəlir. Həmin maddəyə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. 54.Normadan göründüyü kimi fərdi müəyyən əşyanın digər şəxsin mülkiyyətinə və ya əvəzli istifadəsinə verilməsi barədə bir neçə etibarlı müqavilənin olması istisna deyil və qanunverici belə halda əşyanın hansı kreditora verilməsi qaydasını da tənzimləyir. 55.Etibarlı müqavilə isə hüquqi nəticə, yəni hüquq və öhdəliklər yaradır. Başqa sözlə, ikitərəfli əqd üzrə borclunun kreditorun xeyrinə müəyyən hərəkəti etmək (əmlak vermək, pul ödəmək və s.) öhdəliyi, kreditorun isə həmin ödəliyin icrasını tələb etmək hüququ əmələ gəlir. Müqavilədə razılaşdırılmış öhdəliyin icrası mümkünsüz olduqda kreditorun təklif olunan ayrı icranı qəbul etmək (Mülki Məcələ, maddə 435) və ya öhdəliyin pozulması nəticəsində düşdüyü zərərin əvəzinin ödənilməsini tələb etmək (Mülki Məcəllə maddə 443.1 və 452.2) hüquqları vardır. 56.Göründüyü kimi, mübahisəli mənzil 3-cü şəxsə təhvil verilmiş, sonuncu həmin mənzili təmir etdirərək, ailəsi ilə birlikdə orada yaşayır. 57.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçının hazırki tələbi düzgün olaraq təmin edilməmişdir. 58.Kollegiya qeyd edir ki, iddiaçı tərəf bağladığı müqavilə üzrə ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 59.Kollegiya apellyatorun MTK ilə X8 arsında bağlanmış müqavilənin mənzilin ona verilməməsi üçün formal olaraq bağlanması ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, qeyd olunan hal işdə olan sübutlarla öz təsdiqini tapmır. Həmçinin “AZEMİS” Elektron Məhkəmə İnformasiya sisteminə daxil edilmiş cinayət işi ilə bağlı hökmdən görünür ki, mübahisəli mənzillə bağlı 3-cü şəxs Elçin Abdullayev zərərçəkmiş şəxs qismində tanınmış, həmin mənzillə bağlı müqavilənin MTK ilə Elçin Abdullayev arasında bağlanması öz təsdiqini tapmışdır. 60.Məhkəmə kollegiyası iddiaçının mənzilin ona təhvil verilməsinin cavabdeh tərəfindən qəsdlə və bilə-bilə gecikdirilməsi, mənzilə daxil olmağına cavabdeh tərəfindən daim maneələrin yaradılması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, iddiaçının qeyd etdiyi halla bağlı hər hansı mötəbər sübut təqdim edilməmiş, həmçinin iş materiallarının araşdırılması zamanı bu hal öz təsdiqini tapmamışdır. 61.Kollegiya hesab edir ki, Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə uyğun olaraq iddia tələbi təmin edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu düzgün olaraq iddiaçıya aid edilmişdir. 62.Qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə kollegiyası hesab eidir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 oktyabr 2023-cü il tarixli, 2(004)-4096/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 63.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 64.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 65.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsifaktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsininapellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 66.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 67.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 oktyabr 2023-cü il tarixli, 2(004)-4096/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar