Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4012/2022 07.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh "xxxx" ASC-nin vəkili və nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqının və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin e-2(004)-1239/2022 saylı, 31 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "Xalq Bank” ASC-yə qarşı iddia ərizəsi və iddia tələblərinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçının əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2021-ci il tarixli, XB-K1/105 saylı əmrin ləğv edilməsi, iddiaçının cavabdeh “Mingəçevir” filialının böyük kassiri vəzifəsinə işə bərpa edilməsi, xx.xx.2021-ci il tarixdən işə bərpa edildiyi günədək olan müddətə əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi, mənəvi zərərin əvəzi olaraq 10000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2012-ci ildən "xxxx" Bankı ASC-də işləyir. Əmək müqaviləsi və qanunvericilik üzrə heç bir pozuntu törətməmişdir. 2021-ci ilin sentyabrında rəhbərlikdən ona bildirmişlər ki, onun bankda olan hesabı üzrə iş vaxtı mərc oyunları üçün pul köçürülməsi həyata keçirilib və bununla əlaqədar izahat vermişdir. İzahat verərək bildirmişdir ki, qohumu ödənişlər etmək üçün ondan hesab kartını istəmiş, iddiaçı da vermişdir. Baxmayaraq, o, hər hansı pozuntu törətməmişdir, işəgötürənin kartın məlumatlarının başqa şəxsə verilməsini və onun da mərc oyunu üzrə ödəniş etməsini irad kimi bildirməsini qəbul edib, bunu təkrarlamayacağını bildirmişdir. Sentyabrın ayının 28 iş gününün sonunda ondan əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam vermək haqqında ərizə yazmağını tələb etmişlər. Əks halda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsinin səbəblərini anlaya bilməmişdir. Sentyabr ayının 29-da vaxtında işə gəlmiş, lakin filialdan baş idarədən ona bildirilmişdir ki, işdən çıxmaq ərizəsi yazılmayınca o, içəri buraxılmayacaq. İddiaçı qeyd etmişdir ki, əgər bank hesab edirsə ki, əsas var, iddiaçı ilə əmək müqaviləsinə özü xitam versin. Həmin gün ona əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi qeyd edilən imzasız əmr göstərmişlər və təkrar bildirmişlər ki, ərizə yazmasa bu qaydada xitam veriləcək. İddiaçı ərizə yazmaqdan imtina etmişdir. 30 sentyabrda ona bildirilmişdir ki, qeyd edilən əmrlə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. İddiaçının əmrin əsası barədə sənəd tələb etməsi nəticəsiz qalmışdır. Əmrin verilməsi və əmək müqaviləsinə bu əsasla xitam verilməsi qanunsuz olmaqla yanaşı, obyektiv həqiqət aşağıdakılardan ibarətdir: 1) İddiaçının mərc oyunları oynamağı qanunsuz olsa idi, o, bunu başqa bankda hesab açıb, o hesabla həyata keçirərdi. 2) Hesabını işlədiyi bankda açması məhz elə öz bankına etimad və onun maraqlarını güdməkdən irəli gəlmişdir. 3) İlk öncə mərc oyununda iştirakı qanunsuz deyil, ikincisi mərc oyunlarını o, yox, qohumu oynamışdır və sadəcə olaraq iddiaçının kartı olduğuna görə, ödənişlər üçün iddiaçıdan kömək xahiş etmişdir. 4) Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Əmək Məcəlləsinin 72-ci maddəsində göstərilmişdir. İddiaçı qanunla və əmək müqaviləsi ilə nəzərdə tutulmuş heç bir pozuntu etməmişdir. Əmək funksiyası və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmək halı baş verməmişdir. 5) Ümumiyyətlə əmək müqaviləsinə xitam verilməsi səbəbləri ona rəsmi qaydada bildirilməmiş, heç əmrdə də qeyd edilməmişdir. Sadəcə şifahi bildirilən məlumata görə ehtimal edir ki, guya iş vaxtı mərc oyunları oynamışdır. Əmrdə əsas kimi göstərilən xidməti məktubun surəti də ona təqdim edilməmişdir. Əlavə olaraq işəgötürənin qanunsuz əmr verməsi və əmək müqaviləsinə qanunsuz xitam verilməsi ilə ona mənəvi zərər vurulmuşdur. Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin e-2(004)-1239/2022 saylı, 31 mart 2022ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsasaslandırmaqla yanaşı göstərmişdir ki, kartla iş vaxtı ödəniş edilməsi iş vaxtı işçinin mərc oyunu oynaması nəticəsinə gəlməyə əsas deyildir. İşəgötürən əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsası ilə ləğv etməsinin zəruriliyini əsaslandırmamışdır. İşçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması halı baş verməmişdir. İşçi kassirdir və bütün iş vaxtı işəgötürənin müşahidə kamerası onu izləyir. Əgər o iş vaxtı mərc oyunu oynasa idi, bu kamera vasitəsilə qeydə alınardı. Bundan başqa işçi mərc oyunu oynamamaq öhdəliyi götürməmişdir. Bunu müəyyən edən daxili Məcəllə 2019-cu ildə təsdiq edilmiş və iddiaçı bu daxili Məcəllə ilə tanış etdirilməmişdir. Bank iddiaçının işçi kimi deyil, fiziki şəxs kimi mülki – hüquqi müqavilə bağlayaraq, bankda açdığı bank hesabı üzrə əməliyyat məlumatlarını qanunsuz olaraq çıxartmışdır və istifadə etmişdir (həyata keçirilən ödənişlərin vaxtı, miqdarı, istiqaməti və sair). Halbuki, o məlumatlar bank sirridir və ancaq qanunla müəyyən edilmiş rejimə əməl edilməklə əldə edilə və istifadə edilə bilinər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin eyni zamanda apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə yanaşı qeyd etdi ki, iş vaxtı mərc oyunları oynamamış, kartından edilmiş ödənişlər isə qohumu tərəfindən edilmişdir. Bu barədə ona irad bildirilmiş və bu halın bir daha təkrarlanmayacağını bildirmişdir. Bundan sonra onun barəsində əsassız olaraq əmr verilmişdir. Həmçinin cavabdeh tərəfin onun kartından çıxarış edilməsi qanunsuz olmuşdur. Eyni zamanda tərəfindən xəta törədilmişdirsə belə həmin tarixdən 6 ay ərzində əmr verilə bilərdi ki, cavabdeh qanunun bu tələbinə də əməl etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbinin eyni zamanda apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin vəkili və nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, iddiaçı iş vaxtı mərc oyunları oynamış, bu zaman bank tərəfindən verilən və ona məxsus plastik karta xüsusi müştəri kodlu hesabdan pul mədaxillərinin olması müşahidə olunmuşdur. Bununla bağlı iddiaçıya xəbədarlıq edilmiş, lakin iddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyərək işindən mütəmadi olaraq yayınmış və bununla da müvafiq əməli ilə işin normal gedişinə mane olmuşdur. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin qanuniliyini tam yoxlayır. Bununla yanaşı kollegiya qeyd edir ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası izahatları bu kontekstdə dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək aşağıdaki nəticəyə gəlir. İş materiallarında olan ASC "xxxx" X1 İdarəsinin rəisi X3 ASC "xxxx" X5 sədri K.N.Məcidova ünvanladığı xx.xx.2021-ci il tarixli, 356 saylı xidməti məktubuna əsasən ... rəhbərlik etdiyi idarənin funksiya və öhdəliklərindən irəli gələrək 2020-ci ilin noyabr ayından etibarən iş vaxtı ərzində mütəmadi olaraq İddiaçı məxsus olan plastik karta xüsusi müştəri kodlu hesabdan pul mədaxillərinin olması müşahidə olunmuşdur ki, bu da idarənin rəhbərliyində şübhə yaratmışdır. Məsələyə aydınlıq gətirilməsi ilə bağlı İddiaçı izahat alınmış və izahatda işçi ona məxsus olan plastik karta mədaxil olunan pulların mərc oyunlarından daxil olduğunu etiraf etmişdir. İzahatda işçi yuxarıda adıçəkilən əməliyyatların aparılmasının yaxın qohumuna aid olmasını iddia etmişdir... İddiaçı isə Əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyərək Filialın kassiri kimi məsuliyyətli işindən mütəmadi olaraq yayınmış və bununla da müvafiq əməli ilə işin normal gedişinə mane olmuşdur. Misal olaraq qeyd edilməlidir ki, İddiaçı xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankına qablaşdırıb təhvil verdiyi bağlamada yararsız əskinaz aşkar edilmişdir”. Göstərilənlərə əsasən İddiaçı fəaliyyətinə münasibət bildirilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankının pul nişanının səthini təyin etmək üçün 2286/21 nömrəli xx.xx.2021-ci il tarixli ekspertiza aktına əsasən B04425597-B04425597 seriya nömrəli, 10 manat nominal, ölçüsü – 135mm*70mm, kredit təşkilatı ASC "xxxx" Bankı, Kredit Təşkilatının filialı – Mingəçevir, Xəzinədar İddiaçı, Vasitəçi mənbə - MB Emal şöbəsi-1 N, CMS Barkod – XBUA**********100001: Rəyə əsasən “Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları”nın 4.4cü bəndinə əsasən pul nişanı tədavülə yararsızdır və nominal dəyəri ödənilmir. İş materiallarında olan Bankın “Mingəçevir” filialının müştəri xidməti şöbəsinin böyük kassiri İddiaçı tərəfindən ASC "xxxx" X5 sədrinin müavini N.F.Şahverdiyeva ünvanladığı xx.xx.2021-ci il tarixli izahatından görünür ki, xx.xx.2021-ci il tarixdə qablaşdırılmış bağlamada 1 ədəd 10 (on) manat tədavülə yararsız dəyəri ödənilməyən əskinaz aşkar edilmişdir. Yol verilmiş nöqsanın üzrlü hesab edilməsi xahiş edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən bankın idarə heyətinin sədrinə ünvanlanmış xx.xx.2021-ci il tarixli izahatında qeyd olunur: “Yaxın bir il ərzində mənə məxsus olan “**********576239” nömrəli debet kartı vasitəsi ilə mənim razılığımla 1999-cu il təvəllüdlü bacım oğlu X4 internet oyunları (mərc oyunları) səhifəsindən qeydiyyatdan keçmiş, müəyyən vaxtlarda “Milliön” terminalı vasitəsi ilə və ya məndən xahiş edərək həmin karta vəsait mədaxil etmişdir. Mən ona bir müddət sonra öz adına kart alıb bu oyunu başqa kartla oynamağı bildirsəm də, o, mənə bir profil ilə yalnız bir kartla əməliyyat etmək mümkün olduğunu bildirmişdir. Müəyyən vaxtlarda mənim kartımdan istifadə etməyə davam etmişdir. Mən Yevlax rayonunda yaşadığım üçün işlə əlaqədar Mingəçevir şəhərində yaşayan bacımın ailəsi ilə həftənin 5 günü bir ailə üzvü kimi gediş-gəlişim olmuşdur. Mənim kartım vasitəsi ilə olunan əməliyyatlardan məlumatım olmuşdur. Müəyyən vaxtlarda həmin karta oyunlardan pul vəsaiti daxil olmuşdur. Mənim tərəfimdən ATM-dən çıxarılaraq bacım oğluna verilmişdir. Debet kartım hər zaman mənim üzərimdə olmuşdur. Türkiyədən online alışverişdə də istifadə etmişəm. İlkin olaraq kartımdan internet oyunlarında istifadə etməyə şərait yaradan zaman bu səhifələrin rəsmi səhifələr olduğu üçün bu halın nüfuzuma, işimə mənfi bir hal yaradacağını düşünmədim. Ancaq indi anlayıram ki, bu hallar mənim üçün bankdakı nüfuzum üçün mənfi bir haldır. Qeyd etmək istərdim ki, 14 illik bank fəaliyyətimdə və 10 ildir ki, çalışdığım ASC "xxxx" Bank ailəsinə daxil olduğum gündən bu günə kimi mənə göstərilən etimad və etibardan heç vaxt sui-istifadə etməmişəm. Hər zaman mənə tapşırılan işi, vəzifə öhdəliklərini dəqiq məsuliyyətlə həyata keçirməyə çalışmışam. Yaxın bir il ərzində debet kartım vasitəsi ilə internet mərc oyunlarına mədaxil və məxaric olunan vəsaitin mənim məlumatım ilə baş verməsinə baxmayaraq mənim maddi durumuma heç bir mənfi və ya müsbət təsiri olmamışdır. Mənim iş fəaliyyətimə heç bir neqativ təsirini göstərməmişdir. Lakin bu gün anlayıram ki, mənim kartımla edilən bu əməliyyatlar, mənə məxsus olan kartın 2-ci bir şəxs tərəfindən oyunlarda istifadə etməsinə icazə verməyim mənim məsuliyyətsizliyimdir. Bu mənim haqqında ASC "xxxx" Bankında mənfi düşüncə formalaşmasına gətirib çıxardı. Baş vermiş bu hal mənim tərəfimdən bir daha heç vaxt təkrarlanmayacaq.” İş materiallarında olan xx.xx.2021-ci il tarixli ASC "xxxx" Bankı üzrə XB-K1/105 nömrəli əmrdən görünür ki, Bankın “Mingəçevir” filialının Müştəri xidməti şöbəsinin böyük kassirinin əmək müqaviləsinə xx.xx.2021-ci il (son iş günü) tarixindən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xitam verilmişdir. Əsas: İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini əks etdirən X2 İdarəsi, İdarə Heyətinin üzvü K.A.Quliyevin xidməti məktubu. İş materiallarında olan tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli 48 nömrəli əmək müqaviləsinin 3.3-cü bəndinə əsasən işçi bu əmək müqaviləsinin 3.1 bəndində göstərilən əmək funksiyasını vaxtında və keyfiyyətlə yerinə yetirməyə, habelə işgötürənlə əmək münasibətlərində olduğu dövrdə: ...işə götürən tərəfindən təsdiq olunmuş Bankın işçiləri üçün davranış qaydalarına riayət etməyə borcludur. İş materiallarında olan ASC "xxxx" X6 Məcəlləsinin 10.1.5.-ci bəndinə əsasən vaxtından (iş və qeyri-iş vaxtı) və məkanından (bankın daxilində və xaricində, o cümlədən, sosial şəbəkələrdə) asılı olmayaraq bankın işgüzar nüfuzuna, maddi və ya qeyri-maddi maraqlarına xələl gətirə biləcək istənilən fəaliyyətdən çəkinməli, həmçinin iş vaxtı mərc oyunları, qumar və aludəçilik yarada biləcək digər bu kimi hal və hərəkətlərə yol verməməlidir. İş materiallarında olan cari hesabdan çıxarışdan görünür ki, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərini əhatə edən dövr ərzində İddiaçı məxsus kart hesabına mərc oyunları və müxtəlif saytlardan çoxlu sayda mədaxillər olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edildiyi və onun əmək və icra intizamını pozaraq Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallara yol verdiyi qənaətinə gəlməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, işçinin, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması belə halların sırasında göstərilmişdir. Həmin Məcəllənin 186-cı və 187-ci maddələrinə görə isə, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehi verə bilər. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ona məxsus bank kartının qohumuna verməsi və özünün mərc oyunları oynamaması bildirsə də, bu mərc oyunlarının məhz qohumu tərəfindən oynanılmasına dair hər hansı sübut təqdim edə bilməmişdir, eləcə də ASC "xxxx" X6 Məcəlləsinin 10.1.5.-ci bəndinə əsasən vaxtından (iş və qeyri-iş vaxtı) və məkanından (bankın daxilində və xaricində, o cümlədən, sosial şəbəkələrdə) asılı olmayaraq bankın işgüzar nüfuzuna, maddi və ya qeyri-maddi maraqlarına xələl gətirə biləcək istənilən fəaliyyətdən çəkinməli, həmçinin iş vaxtı mərc oyunları, qumar və aludəçilik yarada biləcək digər bu kimi hal və hərəkətlərə yol verməməlidir. Digər tərəfdən təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, İddiaçı ona məxsus 548762** ****6239 nömrəli bank kartı ilə qumar oyunlarda iştirakla bağlı beynəlxalq ödəniş sistemlərinin təyin etdiyi 7995 və 7994 saylı təyinat kodları ilə ödəniş əməliyyatları aparmışdır. 7995 nömrəli beynəlxalq xidmətlər kateqoriyası kodu ilə aşağıdakı əməliyyatlar təsvir edilir: ATM vasitəsilə əməliyyat istisna olmaqla, mərclərin yerləşdirilməsini, lotereya biletinin alınmasını, mərclərin paylanmasını, uçuş zamanı kommersiya oyunlarını və ya kazino, hipodromlar, kart salonları kimi mərc qoymaq üçün nəzərdə tutulmuş təşkilatlardan qumar oyunları üçün istifadə edilən fişkaların (oyun daşların) və ya digər dəyərlilərin satın alınmasını əhatə edən hər hansı əməliyyat. 7994 nömrəli beynəlxalq xidmətlər kateqoriyası kodu işə aşağıdakı əməliyyatlar təsvir edilir: veb səhifə və/və ya mobil telefonuna yüklənən oyunlar üzrə hər – hansı ödəniş əməliyyatı. Həmin əməliyyatlar həmçinin 22 iyul 2021-ci il tarixədək dövrü əhatə etmişdir. İddiaçının barəsində əmr isə xx.xx.2021-ci il tarixdə verilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən ona məxsus kartdan etdiyi ödənişlər məhz mərc oyunlarının yüklənməsi eləcə də həmin oyunlarda istifadə edilən fişkaların (oyun daşların) və ya digər dəyərlilərin satın alınmasını əhatə etmişdir. Həmçinin yol verilmiş pozuntular müəyyən edildikdən 6 ay ərzində onun barəsində əmr verilmişdir. Bundan başqa iddiaçı kart hesabına qanunsuz müdaxilə edilməsini qeyd etsə də bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Beləlilklə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı cavabdeh ASC "xxxx" Bankında işlədiyi bir ilə yaxın müddətdə öz əmək vəzifələrini kobud şəkildə pozmuş, iş vaxtı öz əmək funksiyasını yerinə yetirmək əvəzinə mərc oyunları oynamış və iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl edilmişdir. Beləliklə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin e-2(004)-1239/2022 saylı, 31 mart 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4012/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4012/2022
07.07.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver